Azərbaycan Prezidenti İlham Əliyev Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silva ilə görüşmüşdür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyaya rəsmi səfəri çərçivəsində iyulun 15-də Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qratsiano da Silva ilə görüşmüşdür. 

Prezident İlham Əliyevi Joze Qratsiano da Silva qarşıladı.

Görüşdə Azərbaycan ilə FAO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi, ölkəmizdə iqtisadi sahədə qazanılan nailiyyətlərdən danışıldı. Son illərdə Azərbaycanda kənd təsərrüfatının inkişaf etdiyi və bu sahədə aparılan islahatların yaxşı nəticələr verdiyi, fermerlərə dövlət dəstəyinin ildən-ilə artdığı qeyd olundu. Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi işində qazanılan uğurlar və bu istiqamətdə gələcəkdə görüləcək tədbirlərdən danışıldı.

Görüşdə Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev FAO-nun fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Daha sonra dövlətimizin başçısı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının muzeyində oldu.

FAO-nun baş direktoru Jose Qratsiano da Silva Prezident İlham Əliyevə məlumat verdi ki, təşkilatın yerləşdiyi binada zəngin kitabxana da vardır. Bundan əlavə, burada FAO-nun media mərkəzi də yerləşir.

Sonra Prezident İlham Əliyev FAO-nun televiziyasına müsahibə verdi.

Prezident İlham ƏLİYEV dedi:

– BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında olmaqdan məmnunluq hissi keçirirəm. Bizim mükəmməl əməkdaşlığımız vardır. İki il bundan əvvəl Bakı şəhərində təşkilatın baş direktoru ilə olan görüşümü xatırlayıram. O zaman Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa konfransı keçirildi və bizim çox yaxşı müzakirələrimiz oldu.

Biz BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına kənd təsərrüfatı sahəsində apardığımız islahatlara davamlı dəstək göstərdiyinə görə minnətdarıq. Çünki biz islahatları davam etdiririk, özümüzü istehsal etdiyimiz əsas kənd təsərrüfatı məhsulları ilə 100 faiz təmin etməyə çalışırıq və buna nail olmağa yaxınıq. Buna görə də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının metodoloji tövsiyələri, məsləhətləri və ekspert biliyi bizim üçün çox önəmlidir.

Biz əməkdaşlığımızı çox yüksək dəyərləndiririk və cənab baş direktoru bütün dünyanı, demək olar ki, 200 ölkəni əhatə edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nailiyyətlərinə görə təbrik etmək istəyirəm. Mən əminəm ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının fəaliyyətinin praktiki təsiri dünyanın bir çox yerlərində nəzərə çarpır. Bizim əməkdaşlığımız uğurla davam edir. Bu gün əməkdaşlığın yeni formalarını müzakirə etdik və ümidvaram ki, çox tezliklə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycanda ofisi açılacaq. Həmçinin Azərbaycan artıq digər ölkələrə də yardım etmək iqtidarındadır. Biz bu yardımı göstəririk və bunu əməkdaşlığımızın formatı çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birlikdə etmək istəyirik. Biz artıq bir neçə sahədə donor ölkəsinə çevrilirik və həmçinin kənd təsərrüfatı islahatlarına da öz dəstəyimizi göstərmək istəyirik. Çünki ərzaq təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ən əsas elementlərindən biridir.

Bir daha cənab baş direktora göstərdiyi qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istəyirəm və onu onun üçün münasib olan vaxtda yenidən Azərbaycana dəvət edirəm.

AzərTAc

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında