Beşinci Azərbaycan-Rusiya regionlararası forumunun iştirakçılarına

Əziz dostlar!

Sizi - Beşinci Azərbaycan-Rusiya regionlararası  forumunun iştirakçılarını səmimi qəlbdən salamlayıram. Ənənəvi olaraq təşkil edilən forumlar iki dost ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi yolunda təsirli vasitəyə çevrilmişdir. Şübhə yoxdur ki, bu gün işə başlayan toplantı da qazanılmış uğurların təhlili və qarşıya çıxan aktual məsələlərin müzakirəsi, birgə fəaliyyətin prioritet sahələrinin və yeni formalarının müəyyənləşdirilməsi baxımından faydalı olacaqdır.

Forumun Azərbaycan dövlətçiliyinin qədim tarixini özündə yaşadan Qəbələ şəhərində keçirilməsi əlamətdar hadisədir. Füsunkar təbiəti, etnik və dini rəngarəngliyi ilə seçilən bu diyar respublikamızın mədəniyyət və turizm mərkəzlərindən biri kimi tanınır. Son illər aparılmış genişmiqyaslı quruculuq işləri Qəbələdə yerli və beynəlxalq əhəmiyyətli mötəbər tədbirlər təşkil etməyə, o cümlədən növbəti Azərbaycan-Rusiya regionlararası forumunu yüksək səviyyədə və işgüzar şəraitdə keçirməyə imkan verir.

Hazırda Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının subyektləri arasında ticari-iqtisadi  və humanitar  əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensial vardır. Ölkələrimiz arasındakı etibarlı tərəfdaşlıq münasibətləri və mövcud əlverişli investisiya mühiti özəl biznesin regionlararası iqtisadi əlaqələrə daha yaxından cəlb edilməsinə münbit şərait yaradır.  Biz energetika, kənd təsərrüfatı, bank, turizm və nəqliyyat sektorlarında qazanılmış müsbət  təcrübədən çıxış edərək, yaxın gələcək üçün yeni hədəflər müəyyənləşdirə bilərik. Həmçinin, əməkdaşlığımızın vacib komponentlərindən olan humanitar inkişaf və informasiya mübadiləsi sahələrinə də diqqət artırılmalı, bu məqsədlə aydın perspektivləri olan layihələr və işlək mexanizmlər hazırlanmalıdır. 

Ümid edirəm ki, forum iştirakçıları yaranmış fürsəti lazımınca dəyərləndirərək, gündəlikdə duran bütün məsələlər ətrafında konstruktiv müzakirələr aparacaq, Azərbaycan-Rusiya münasibətlərinin inkişafına sanballı töhfə verən, xalqlarımız arasında tarixən bərqərar olmuş dostluq əlaqələrinin daha da dərinləşməsinə yönələn qərarlar qəbul edəcəklər.

Forumun  işinə uğurlar,  hər birinizə cansağlığı və yeni nailiyyətlər arzulayıram.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2014-cü il

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında