Azərbaycan Yazıçılar Birliyinə

Sizi - bütün Azərbaycan yazıçı, şair və ədəbiyyatşünaslarını Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik və yaradıcılığınızda uğurlar arzulayıram.

Tarix boyu Azərbaycan xalqı əcdadlarımızdan qalmış ənənəyə sadiq olaraq qələm əhlinə böyük ehtiram bəsləmiş, şeiri, sənəti yüksək qiymətləndirmişdir. Yazıçı və şairlərimiz ictimai fikrin formalaşdırılmasında daim həlledici rol oynayan söz sahibi kimi cəmiyyətimizdə böyük nüfuza malikdirlər. Müstəqilliyimizin əldə olunmasında və möhkəmləndirilməsində onların xidmətləri danılmazdır. Xalqın şüurunda azadlıq hisslərinin yaşadılmasında, daha da dirçəldilməsində yazıçı və şairlərimizin yaradıcılığının gücü ölçüyəgəlməzdir. Onlar heç kəsin dilinə belə gətirməyə cürət etmədiyi bir vaxtda müstəqillik və azadlıq ideyalarının carçısı olmaqla dərin məhəbbət və rəğbət qazanmışlar.

Tariximizin bütün dövrlərində, hətta repressiyaların tüğyan etdiyi zamanda yazıçılarımız öz əsərləri, mətbu orqanları, ictimai fəaliyyətləri və şəxsiyyətləri ilə azərbaycançılıq məfkurəsinin bərqərar olmasında, milli ruhun qorunmasında heç nədən çəkinmədən, əsl vətəndaşlıq mövqeyi tutaraq ən yüksək ideallara sadiq qalmışlar. Azərbaycan dilinin saflığının saxlanılması və inkişafında da yazıçıların rolu təqdirə layiqdir.

Qloballaşma şəraitində Azərbaycan ədəbiyyatı qarşısında duran problemlər olduqca mürəkkəb və genişmiqyaslıdır. Əminəm ki, onların öhdəsindən siz layiqincə gələcəksiniz. İlk növbədə ona görə ki, sizin başlıca amalınız ölkəmizin çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir dövlətə çevrilməsidir. Ümidvaram ki, müstəqilliyimizi göz bəbəyi kimi qoruyan, özünü Vətənin azadlığı və ərazi bütövlüyü naminə fəda etməyə hər an hazır olan, müasir təfəkkür tərzinə malik sağlam əqidəli nəslin yetişdirilməsi daim sizin əsərlərinizin əsas qayəsi olacaqdır.

İnanıram ki, siz yeni-yeni əsərlərlə oxucularınızı sevindirəcək, Azərbaycan ədəbiyyatının inkişafı naminə səylərinizi əsirgəməyəcəksiniz.

 

 İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 iyun 2014-cü il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında