Prezident İlham Əliyev Gədəbəydə “Halal Qida” süd emalı zavodu və tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı kompleksi ilə tanış olmuşdur

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Gədəbəydə “Halal Qida” süd emalı zavodu və tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı kompleksi ilə tanış olmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, kompleksin ümumi dəyəri 4,1 milyon manatdır və bu layihəyə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2,8 milyon manat güzəştli kredit verilmişdir. Tutumu 10 min ton olan soyuducu anbar kompleksi xaricdə istehsal olunan avadanlıqla təchiz edilmişdir. Soyuducu anbar kompleksi Gədəbəy və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların yetişdirdiyi tərəvəz məhsullarının uzun müddət itkisiz saxlanmasına və digər mövsümlərdə daxili bazarın təmin olunmasına imkan yaradacaqdır. Gündəlik istehsal gücü 5 ton olan kartof emalı sahəsi Hollandiya texnologiyası əsasında qurulmuşdur. Burada Gədəbəy və ətraf rayonlardan tədarük olunacaq kartofun yuyulması, çeşidlənməsi və son zamanlarda istehlakçıların yarımfabrikat məhsullara tələbatını nəzərə alaraq kartofun qabıqdan çıxarılaraq doğranmış formalarda vakuum qablaşdırılması həyata keçiriləcəkdir.

Bildirildi ki, istehsal olunacaq süd və kartof məhsulları daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac ediləcəkdir. Müəssisənin xammal bazası yerli fermerlərdən tədarük olunacaq məhsullar hesabına təmin ediləcəkdir. Bu layihələrin icrası nəticəsində 74 nəfər yeni iş yeri ilə təmin olunmuşdur.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Prezident İlham Əliyevə kompleksin tərkibində fəaliyyət göstərən və regionun digər rayonlarında olan istehsal və emal müəssisələri barədə məlumat verdi. Bildirildi ki, Gəncədə “Elba” və “Halal Qida” brendi ilə 5 növdə, 30-a yaxın çeşiddə kolbasa və sosiska, 2 çeşiddə yarımfabrikat - çiy və bişməmiş dönər istehsal edən, illik istehsal gücü 5 min ton olan ət emalı fabriki, Daşkəsəndə illik istehsal gücü min ton olan ət kəsimi fabriki və min tonluq soyuducu anbar, Samuxda illik istehsal gücü 1,6 min ton olan broyler fabriki fəaliyyət göstərir.

Hazırda Gəncədə illik 12 min ton ət kəsimi və 3,2 min ton ət emalı gücünə malik olan, Almaniya və Türkiyə texnologiyası əsasında müasir ət kəsimi və emalı fabriki də inşa olunur. İstehsal olunan ət məhsullarının Gəncə-Qazax iqtisadi rayonu ilə yanaşı, respublikanın digər şəhər və rayonlarında da satışı həyata keçirilir. Bu layihələrin həyata keçirilməsində İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılmış dövlət güzəştli kredit vəsaitləri mühüm rol oynayır.

Dövlətimizin başçısı gündəlik istehsal gücü 10 ton olan süd emalı zavodunda yaradılan şəraitlə də tanış oldu. Bildirildi ki, müasir texnologiyalar əsasında qurulan süd emalı müəssisəsində ilkin olaraq pendir, qatıq, xama və digər süd məhsullarının istehsalı nəzərdə tutulur. Gələcəkdə İsveçrənin “Tetra Pak” şirkətinin müasir avadanlığı ilə təchiz edilməklə süd məhsullarının ekoloji təmiz qablaşdırılması və daha uzunmüddətli saxlanılması məqsədilə istehsal sahəsinin genişləndirilməsi planlaşdırılır. Burada istehsal olunan məhsullar “Gədəbəy” brendi adı altında buraxılacaqdır.

Prezident İlham Əliyev yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında