Azərbaycanın yeni reallıqları ondan ibarətdir ki, hər bir bölgədə inkişaf var, sosial-iqtisadi proqramlar uğurla icra olunur

{nl}

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir

{nl}

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi
İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir.
Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.
-2010-cu ilin altı ayı arxada qalır və biz ənənəvi olaraq ilin birinci altı ayının yekunlarını müzakirə edəcəyik. Deyə bilərəm ki, Azərbaycanda bütövlükdə bu il də keçən ildəki kimi uğurlu iqtisadi inkişaf davam etmişdir. Baxmayaraq ki, keçən il maliyyə və iqtisadi böhran dünyada gedən proseslərə çox güclü təsir göstərmişdir. Azərbaycanda 2009-cu ildə iqtisadi inkişaf baxımından çox yüksək göstəricilər əldə olunmuşdur. 2010-cu ildə də bu müsbət meyillər davam etmişdir və iqtisadiyyatımızın bütün sahələrində inkişaf var, tərəqqi var. Bu rəqəmlər bir daha onu göstərir ki, Azərbaycanda iqtisadi islahatlar düzgün istiqamətdə aparılır. Altı ayda iqtisadi inkişaf 3,7 faiz təşkil etmişdir. Nəzərə alsaq ki, keçən ilin iqtisadi inkişafının bazası çox yüksək idi, bu, çox yüksək göstəricidir. Ümumiyyətlə, bu gün Azərbaycanda iqtisadi inkişafın istiqamətləri çoxşaxəlidir və bildiyiniz kimi, biz bu gün qeyri-neft sektorunun inkişafına üstünlük veririk. Bu, bizim prioritet məsələmizdir. O ki qaldı neft-qaz sektoruna, orada əldə edilmiş uğurlar bizim üçün kifayətdir və yəqin ki, biz hasilatın hazırkı templərini saxlamalıyıq.
Sənaye potensialının inkişafında müsbət meyillər davam etmişdir. Biz sənaye potensialını iki yerə bölsək görərik ki, neft sektorunda artım 2,4 faiz, qeyri-neft sektorunda isə 15,3 faiz olmuşdur. Yəni bu, gördüyümüz işlərin bariz nümunəsidir. Çünki bu günə qədər Azərbaycanda aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar bax, bugünkü reallıqları təmin edir. Bundan sonra da qeyri-neft sektoruna xüsusi diqqət göstəriləcək və qeyri-neft sektorunun 15 faizdən çox artması Azərbaycan iqtisadiyyatının çoxşaxəli iqtisadiyyat olduğunu göstərir. Bizim məqsədimiz neft amilindən uğurla istifadə edib Azərbaycanın bütün sahələrini inkişaf etdirməkdən ibarət olmuşdur və biz bu məqsədə çatmışıq. Biz növbəti illərdə bu meyilləri gücləndirməliyik. Elə etməliyik ki, uzun illər, onilliklər bundan sonra Azərbaycan iqtisadiyyatı neft amilindən öz asılılığını maksimum dərəcədə azaltsın.
Digər iqtisadi göstəricilər də ümumiyyətlə, müsbət mənzərədən xəbər verir. İnflyasiya 4,9 faiz təşkil etmişdir. Bu, normal rəqəmdir. Əhalinin pul gəlirləri isə 9 faiz artmışdır. Bu, onu göstərir ki, 2009-2010-cu illərin tarixdə böhranlı illər kimi qalacağına baxmayaraq, Azərbaycan vətəndaşlarının gəlirləri artır və inflyasiyanın templərini də qabaqlayır.
Ölkədə böyük maliyyə resursları yaradılmışdır. Bizim uğurlu neft siyasətimiz nəticəsində bu gün Azərbaycan öz maliyyə imkanlarını genişləndirir. İlin əvvəlindən Azərbaycanın valyuta ehtiyatları artmış - 20 milyard dollardan 24,7 milyard dollara çatmışdır və bu, bizim strateji ehtiyatlarımızdır. Bu ehtiyatlar imkan verir ki, biz iqtisadi sahədə istənilən məsələni, istənilən infrastruktur layihəsini özümüz öz gücümüzə arxalanaraq icra edə bilək. Bu, bir daha onu göstərir ki, Azərbaycanda neft-qaz sektorunda islahatların aparılması, şəffaflığın təmin olunması və şəffaflıqla bağlı bütün mütərəqqi təşəbbüslərə qoşulmağımız, bax, bu böyük ehtiyatın yaranmasına gətirib çıxarmışdır. Bu, Azərbaycan xalqının sərvətidir. Bildiyiniz kimi, Neft Fondunun gəlirləri və xərcləri haqqında mütəmadi qaydada ictimaiyyətə məlumat verilir. Bu, çox şəffaf qurumdur, neft gəlirlərinin uğurla idarə edilməsində və ədalətli bölünməsində Azərbaycan dünya miqyasında nümunə kimi göstərilir. Əlbəttə ki, əldə edilmiş təcrübə və bu sahədə görülən işlər artıq bizə deməyə imkan verir ki, Azərbaycanın strateji valyuta ehtiyatları gələcəkdə də artacaqdır. Əlbəttə, bu valyuta ehtiyatları Azərbaycanın uğurlu inkişafını və müstəqil siyasətini təmin edəcəkdir. Çünki iqtisadi müstəqillik siyasi müstəqilliyin əsas amilidir.
Azərbaycan 2010-cu ildə investisiyaların cəlb edilməsi sahəsində öz uğurlu siyasətini davam etdirmişdir. Baxmayaraq ki, demək olar, bütün maliyyə qurumları, beynəlxalq səviyyəli şirkətlər və ölkələr öz xərclərini kəskin şəkildə azaldırlar, Azərbaycana xaricdən gələn investisiyaların həcmi, prosesi davam edir və bu il də biz bunu müşahidə etmişik. Bütövlükdə, ölkə iqtisadiyyatına altı ayda 3,8 milyard dollar sərmayə qoyulmuşdur və bunun müəyyən hissəsi xarici sərmayələrdir. Biz əvvəlki illərdə daha çox xarici investisiyalardan asılı idik. Azərbaycanda yaradılmış gözəl investisiya iqlimi ölkəmizə investisiyaların gətirilməsinə kömək göstərmişdir. Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayənin həcminə görə bütün dövrlərdə bu bölgədə ən qabaqcıl yerlərdə idi.
Bu gün isə maliyyə imkanlarımız, məhz xarici sərmayənin nəticəsində yaradılmış milli gəlir və valyuta ehtiyatlarımız, güclənmiş iqtisadiyyat imkan verir ki, biz daxili investisiyaların həcmini ildən-ilə artıraq. 3,8 milyard dollardan 3 milyard dolları daxili sərmayələrdir, həm dövlət proqramları çərçivəsində, eyni zamanda, Azərbaycan şirkətlərinin fəaliyyəti nəticəsində qoyulmuş vəsaitdir. Bu da çox sevindirici haldır.
Azərbaycanda bu gün özəl sektorda fəaliyyət göstərən şirkətlər güclənir. Azərbaycan dövləti onlara öz dəstəyini göstərir. Dövlət şirkətləri müasir sistemə keçirlər. Azərbaycan dövlət şirkətlərində müasir mühasibat, audit və idarəetmə sistemi tətbiq olunur. Biz bu prosesləri dəstəkləyirik və strateji xəttimiz ondan ibarətdir ki, dövlət nəzarətində olan bütün şirkətlər beynəlxalq səviyyəli şirkətlər kimi fəaliyyət göstərsinlər. Onların dövlətə məxsus olduğu o demək deyil ki, onlar dövlət tərəfindən idarə olunmalıdır, yaxud da hansısa başqa yolla idarə olunmalıdır. Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri geniş tətbiq olunub və dövlət mülkiyyətində strateji əhəmiyyət daşıyan şirkətlər kommersiya şirkətləri kimi fəaliyyət göstərməlidirlər, beynəlxalq bazarlara çıxmalıdırlar və beynəlxalq bazarlarda investisiya layihələrini davam etdirməlidirlər.
Bir sözlə, iqtisadi inkişafı göstərən və müəyyən edən əsas göstəricilər müsbətdir, inkişaf təmin olunur və əminəm ki, Azərbaycanın uğurlu inkişafı bundan sonra da uzun illər ərzində davam edəcəkdir.
Biz həmişə olduğu kimi sosial məsələlərə xüsusi diqqət veririk və bu sahədə də nəzərdə tutulmuş bütün proqramlar vaxtlı-vaxtında icra olunur. Heç bir proqramda yubanma yoxdur və biz bu işləri proqram üzrə, cədvəl üzrə görürük. Deyə bilərəm ki, bugünkü məlumata görə, Azərbaycanda orta əməkhaqqı təxminən 400 dollar təşkil edir, ildən-ilə artır və ilin birinci yarısında da artım müşahidə olunubdur. Orta pensiyaların həcmi təxminən 130 dollardır. Burada da artım var. Amma əlbəttə ki, biz çalışmalıyıq ki, pensiyaların məbləğini bundan sonra da artıraq və bu barədə bu gün danışacağıq. Bütün sosial infrastrukturun yaradılması layihəsi ilə bağlı - xəstəxanalar, məktəblər, idman qurğuları, mədəniyyət ocaqları - hər bir sahədə konkret işlər görülür. Bakıda və bölgələrdə ilin birinci yarısında açılan gözəl, müasir sosial infrastruktur obyektləri bunun bariz nümunəsidir.
Azərbaycanda regionların inkişafı proqramı uğurla davam edir və regionlarda gedən quruculuq, abadlıq işləri artıq reallıqdır. Azərbaycanın yeni reallıqları ondan ibarətdir ki, hər bir bölgədə inkişaf var, hər bir bölgədə sosial-iqtisadi proqramlar icra olunur, investisiyalar qoyulur və beləliklə, Azərbaycanın bölgələri yaradılmış vəziyyətdən uğurla istifadə edirlər.
Ancaq o da həqiqətdir ki, bizim bütün bölgələrimiz dövlətdən verilmiş dotasiyalar hesabına yaşayırlar. Elə bir bölgə yoxdur ki, öz daxili resursları hesabına yaşaya bilsin. Yəqin ki, bu təbiidir. Ancaq biz çalışmalıyıq ki, hər bir bölgə özünə xas olan xüsusiyyətlərdən, spesifik coğrafi və ərazi imkanlarından istifadə edərək, özünü maksimum dərəcədə yerli istehsalın artırılması hesabına təmin edə bilsin.
Dövlət, əlbəttə ki, bu subsidiyaları, dotasiyaları verməyə davam edəcək. İnfrastruktur layihələrinin keçirilməsi, kənd təsərrüfatına subsidiyaların verilməsi bu məqsədi güdür. Özəl sektora verilən kreditlər artıq gözəl nəticələrini verir və hər bir bölgənin öz proqramı var və proqram da çox müfəssəldir. Elə etməliyik ki, növbəti illərdə bölgələrin milli gəliri, ümumi daxili məhsul (ÜDM) daha da artsın. Baxmayaraq ki, son illər ərzində bəzi bölgələrdə ÜDM 3 dəfə, 4 dəfə artmışdır, yenə də hələ ki, ehtiyatlar böyükdür. Biz bu ehtiyatlardan maksimum dərəcədə səmərəli şəkildə istifadə etməliyik.
Bu il Azərbaycanda altı ayda 36 min yeni iş yerləri açılmışdır. Bütövlükdə isə 2004-cü ildə bəyan etdiyimiz proqram - regionların inkişafı və iş yerlərinin açılması proqramı uğurla icra edilir. Azərbaycanda son altı ildə təxminən 900 min yeni iş yerləri açılmışdır ki, onlardan 600 mindən çoxu daimi iş yerləridir. Düzdür, bəzi iş yerləri bağlanır, ancaq, bu, əlbəttə ki, təbii prosesdir. Hansısa şirkət fəaliyyət göstərir, sonra fəaliyyətini dayandırır. Bütövlükdə, Azərbaycanda işsizliklə bağlı olan məsələlər çox uğurla həll olunur. İşsizliyin aradan qaldırılması istiqamətində çox önəmli addımlar atılır.
Bu gün biz idxalı əvəzləyən məhsulların istehsalına çox böyük diqqət veririk. Bu gün biz ərzaq məhsulları ilə bağlı demək olar ki, əsas vacib məsələləri həll etmişik. Həll olunmamış məsələlər də öz həllini tapacaq və beləliklə, bir daha demək istəyirəm ki, ölkəmizin hərtərəfli inkişafı təmin ediləcəkdir.
Neft-qaz sektorunda bütün işlər plan üzrə gedir. Nəzərdə tutulmuş hasilat səviyyəsi təmin ediləcəkdir. Altı ayda 25 milyon ton neft, 13 milyard kubmetr qaz hasil edilibdir. Bilirsiniz ki, bu hasilatın böyük əksəriyyəti ixrac edilir, Azərbaycana valyuta axını gəlməyə davam edir. Hesab edirəm ki, bu sahədə hasilatla bağlı işlər lazımi səviyyədə qurulub. Biz əlbəttə ki, hər bir sahədə olduğu kimi bu sahədəki siyasətimizə vaxtaşırı düzəlişlər edirik. Mən hesab edirəm ki, hazırkı hasilatın səviyyəsi bizi qane edir. Ancaq gələcəkdə əlbəttə ki, müxtəlif amilləri nəzərə alaraq, biz hasilatı artıra da bilərik, azalda da bilərik. Elə etməliyik ki, biz öz təbii ehtiyatlarımızdan maksimum səmərə ilə istifadə edək. Nəzərə alsaq ki, bizim təbii resurslarımıza dünyada və Avropada böyük ehtiyac var, ola bilər, hansısa əlavə tədbirin görülməsi nəticəsində biz qısa müddət ərzində hasilatı artıra da bilərik. Yəni ki, bu işlər bizim əlimizdədir, bizdən asılıdır və biz hasilatı istədiyimiz formada tənzimləyə bilərik.
Digər sahələrdə inkişaf müsbət təəssürat yaradır. Azərbaycanın iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. 2009-cu ildə böhran ilinə baxmayaraq, beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini artırıblar. Bu onu göstərir ki, bizim apardığımız islahatlar çox uğurludur. Bizim iqtisadi inkişafımız təkcə bir sektorun inkişafına bağlı deyil.
Bizim siyasətimiz ondan ibarətdir ki, ölkəmizi modernləşdirək, ölkəyə ən qabaqcıl texnologiyaları gətirək. Azərbaycanda bütün iqtisadi və sənaye sahələrində ən qabaqcıl təcrübə tətbiq olunmalıdır, peşəkar kadrlar hazırlanmalıdır. Ölkəmiz uğurla inkişaf etməyə davam edəcəkdir. Bizim təbii resurslarımız var, iqtisadi siyasətimiz var və bu, uğurlu siyasətdir. Beynəlxalq maliyyə qurumları Azərbaycanda bu sahədə aparılan işlərə çox yüksək qiymət verirlər. Yəni, bu, həqiqəti əks etdirən qiymətdir və beləliklə, biz ölkəmizin uzunmüddətli inkişaf strategiyasını təmin edəcəyik.
Biz öz müdafiə potensialımızı gücləndiririk. Bildiyiniz kimi, bu yaxınlarda büdcəyə dəyişiklik edilmişdir və bütövlükdə, bizim dövlət büdcəmiz hazırda 15 milyard dollar səviyyəsindədir. O cümlədən, 500 milyon dollar vəsait hərbi məsələlərin həllinə əlavə olaraq ayrılmışdır. Bu, bizim məqsədyönlü siyasətimizin bir hissəsidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Belə olan halda, biz diqqətimizi, ilk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsinə verməliyik və bunu edirik. Bu gün Azərbaycanın bütün hərbi xərcləri 2 milyard 150 milyon dollardır ki, bu da Ermənistanın bütün dövlət büdcəsindən çoxdur. Biz vaxtilə, bir neçə il bundan əvvəl qoyulmuş məqsədə çatdıq. Bu, bizə imkan verir ki, ordumuzu daha da müasirləşdirək, ən müasir silah-sursatı, texnikanı Azərbaycana gətirək. Eyni zamanda, ölkə daxilində güclü müdafiə sənayesini yaradaq. Biz qısa müddət ərzində buna nail ola bilmişik.
Hərbi gücümüz ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində həlledici rol oynaya bilər. Biz istəmirik ki, bu, həlledici rol oynasın. Biz istəyirik ki, məsələ danışıqlar yolu ilə, diplomatiya yolu ilə öz həllini tapsın. Ancaq hərbi güc olan zaman əlbəttə ki, bizim mövqeyimiz daha da möhkəmlənəcəkdir.
Bu yaxınlarda mən Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz fikirlərimi bildirdim. İctimaiyyətə geniş məlumat verdim. Bir daha vurğulamaq istəyirəm ki, bizim bu sahədəki bütün fəaliyyətimiz çox şəffafdır, açıqdır və birmənalıdır. Azərbaycan xalqı mütəmadi qaydada məsələ ilə bağlı aparılan danışıqlar haqqında məlumatlandırılır. Bu, bizim ümumxalq işimizdir. Azərbaycan xalqı öz iradəsini ortaya qoyubdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının iradəsi əsasında öz həllini tapacaqdır. Yenə də deyirəm, bu, bizim ümumxalq işimizdir və son sözü Azərbaycan xalqı deyəcəkdir.
Bu gün bir məsələyə toxunmaq istəyirəm. Bir daha demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb, olmayacaqdır! Vasitəçilərin təklifi də ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, işğal edilmiş bütün bölgələrdən Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır, azərbaycanlılar - məcburi köçkünlər öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar və qayıdacaqlar.
O ki qaldı, Dağlıq Qarabağın gələcək statusuna, Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa heç bir status verilə bilməz. Bu, danışıqların ayrılmaz parçasıdır. Yəni, birtərəfli qaydada Ermənistan, yaxud da ki, qondarma Dağlıq Qarabağ separatçıları, yaxud da ki, hansısa üçüncü qüvvə Azərbaycanın iştirakı və razılığı olmadan Dağlıq Qarabağa heç bir status verə bilməz. Bax, deyə bilərəm ki, bu, danışıqların əsas məsələlərindən biridir, demək olar ki, onun mahiyyətidir. Ona görə Ermənistan tərəfi deyəndə ki, Dağlıq Qarabağ nə vaxtsa müstəqil olacaq, bu, onların xülyasıdır, onların istəyidir, onların arzusudur. Ondan başqa heç nə deyildir. Danışıqlar masasında olan sənəddə Dağlıq Qarabağın statusu, statusunun müəyyən edilməsi haqqında hər şey açıq-aydın göstərilibdir. Bir daha demək istəyirəm ki, Azərbaycan dövləti öz sözünü deyəcək və bu söz həlledici söz olacaqdır.
Azərbaycan dövləti və Azərbaycan xalqı isə heç vaxt Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək heç bir status verməyəcəkdir. Danışıqlarda müzakirə edilən məsələlərdə Dağlıq Qarabağın Azərbaycandan nə vaxtsa ayrılması ilə bağlı heç bir mexanizm yoxdur, ola da bilməz.
Ona görə mən bunu xüsusilə bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və olmayacaqdır. Azərbaycan ancaq bu prinsiplər əsasında danışıqlarda iştirak edir. Bu prinsiplər demokratik prinsiplərdir. Bu prinsiplərdə həm ölkələrin ərazi bütövlüyünə hörmət göstərilir, eyni zamanda, xalqların öz müqəddəratının təyin edilməsi məsələlərinə də münasibət bildirilir. Ancaq bu iki amil bir-biri ilə ziddiyyət təşkil etməməlidir və etmir. Xalqların öz müqəddəratını təyin etməsi məsələləri ölkələrin ərazi bütövlüyü çərçivəsində uğurla həll oluna bilər. Dünyada, o cümlədən Avropada belə nümunələr çoxdur. Biz isə istəyirik ki, ən qabaqcıl təcrübə hər sahədə tətbiq olunsun, o cümlədən bu münaqişə ilə bağlı heç bir ayrı-seçkiliyə yol verilə bilməz. Azərbaycan dövləti məhz bu prinsiplər üzərində durubdur. Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur və olmayacaqdır.
Paralel olaraq bir daha demək istəyirəm ki, biz hərbi gücümüzü də gücləndiririk və bunu edəcəyik. Azərbaycanda hərbi məsələlərin həlli üçün ayrılan vəsait, bildiyiniz kimi, çox böyük vəsaitdir. Biz bu vəsaiti nə üçün xərcləyirik? Yəqin ki, hamıya bəllidir. Biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçılardan azad edək. Tam əminəm ki, bu gün Azərbaycanın belə imkanları var. Biz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, bundan sonra da artıracağıq. Bizim maliyyə imkanlarımız buna şərait yaradır və bu maliyyə imkanlarını biz yaratmışıq, Azərbaycan xalqı yaradıb, siyasətimiz yaradıb. Əgər 1994-cü ildə "Əsrin kontraktı" imzalanmasaydı, bu gün ümumiyyətlə Azərbaycanın uğurlu inkişafından söhbət gedə bilməzdi. Biz çox uğurla, məharətlə və ağılla bu amildən istifadə etdik, ölkəmizi gücləndirdik.
Ermənistanda bəziləri hesab edirlər ki, onlar müharibənin birinci mərhələsində qalib gəldilər. Mən hesab edirəm ki, onlar məğlub olublar. Azərbaycan isə atəşkəs müddəti ərzində böyük və uğurlu yol keçmişdir. Biz bu gün böyük zirvələrə çatmışıq. Dünya miqyasında Azərbaycan böyük hörmətə malik olan ölkədir, bölgədə həlledici rol oynayır. Bizim iştirakımız olmadan heç bir məsələ öz həllini tapa bilməz. Bölgədə irəli sürülən siyasi təşəbbüslər və onların baş tutmaması bir daha onu göstərir ki, bizim razılığımız olmadan heç bir məsələ öz həllini tapa bilməz.
İqtisadi cəhətdən Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil edilməlidir, qarşıya bu məqsədi qoymuşuq. Biz müasir ölkəyik. Ona görə, müharibənin birinci mərhələsi heç nəyi sübut etmir. Bir şeyi sübut edir ki, Azərbaycan xalqı və Azərbaycan dövləti heç vaxt bu vəziyyətlə barışmayacaq və istənilən yolla öz ərazi bütövlüyünü bərpa edəcəkdir.
Maliyyə naziri Samir Şərifovun çıxışı
- Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!
Ulu öndər Heydər Əliyevin siyasi irsinə əsaslanmış və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilən sosial-iqtisadi inkişaf kursu 2010-cu ilin birinci yarımilliyində ölkə iqtisadiyyatının, onun aparıcı sahələrinin davamlı inkişafını təmin edərək müsbət sosial-iqtisadi nəticələrin əldə edilməsini şərtləndirmişdir.
Dünya iqtisadiyyatının qlobal maliyyə-iqtisadi böhranından çıxmasına baxmayaraq, onun residivləri özünü büruzə verərək yeni çağırışlar yaradır. Belə bir xarici iqtisadi mühitdə ölkənin makroiqtisadi və sosial sabitliyinin qorunub saxlanılması, əhalinin rifah halının, maddi təminatının yaxşılaşdırılması, onun aztəminatlı qruplarına dövlət qayğısının artırılması ümdə vəzifə kimi qəbul olunaraq hesabat dövründə təmin edilmişdir.
Belə ki, ümumi daxili məhsulun artımı davam etmiş (3,7 faiz), ötən ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə orta aylıq əmək haqqı 5,0 faiz artmış, əhalinin adambaşına düşən gəlirləri 8,4 faiz artaraq 1290 manata, adambaşına düşən ümumi daxili məhsul isə 2,5 faiz artaraq 2211 manata çatmışdır.
Vergi və digər icbari ödənişlər çıxıldıqdan sonra əhalinin sərəncamında qalan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz çox olmuş, başqa sözlə əhalinin pul gəlirlərinin artım sürəti mövcud inflyasiyanı iki dəfə üstələmişdir.
Əhalinin maliyyə imkanlarının göstəricisi hesab olunan pullu xidmətlərin həcmi artaraq ötən ilin müvafiq dövrünün göstəricisini 10,5 faiz üstələmiş, pərakəndə əmtəə dövriyyəsi 8,4 faiz, əhalinin banklardakı əmanətləri 29,0 faiz artmışdır.
Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı, onun davamlı artımı, maliyyə ehtiyatlarımızın artımı, mühafizəkar borclanma siyasəti, habelə, onun böhrana qarşı nümayiş etdirdiyi dayanıqlığı beynəlxalq kredit reytinq agentliklərinin də nəzərindən qaçmamışdır. 2010-cu ilin may ayının 20-də ölkəmizə tarixində ilk dəfə olaraq "Fitch" beynəlxalq reytinq agentliyi tərəfindən investisiya səviyyəli reytinq verilmişdir.
Möhtərəm Prezident, cari ilin altı ayında dövlət büdcəsinin mədaxili 4 milyard 922 milyon manat və ya 102,6 faiz yerinə yetirilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 60,8 milyon manat və ya 1,3 faiz çoxdur.
Vergilər Nazirliyi mədaxil proqnozunu 106,1 faiz icra etməklə dövlət büdcəsinə 2 milyard 4 milyon manat vəsaitin daxil olmasını təmin etmişdir ki, həmin vəsaitin də 56,8 faizi və ya 1 milyard 139 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
Dövlət Gömrük Komitəsi büdcə proqnozuna 100,1 faiz əməl edərək, büdcəyə 451,0 milyon manat vəsait təmin etmişdir.
Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş məbləğdə, yəni 2 milyard 455 milyon manat məbləğində vəsait daxil olmuşdur.
Sair daxilolmalar üzrə dövlət büdcəsinə 13,3 milyon manat vəsait daxil olmuşdur.
Cari ilin altı ayı ərzində dövlət büdcəsinin xərcləri 4 milyard 277 milyon manat və ya 87,5 faiz səviyyəsində icra olunmuşdur.
2009-cu ilin müvafiq dövrünə nisbətən bu ilin altı ayında dövlət büdcəsindən sosial müdafiə və sosial təminat xərclərinə 14,8 faiz, kənd təsərrüfatı xərclərinə 9,2 faiz, mənzil-kommunal təsərrüfatı xərclərinə 8,8 faiz, müdafiə xərclərinə 4,5 faiz, mədəniyyət xərclərinə 8,8 faiz, iqtisadi fəaliyyətlə bağlı xərclərə 2,3 faiz, səhiyyə xərclərinə 0,4 faiz çox vəsait yönəldilmişdir.
Hesabat dövründə icra olunmuş dövlət büdcəsi xərclərinin 1 milyard 363 milyon manatı və ya 27,7 faizi sosialyönümlü tədbirlərin (elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət xərcləri) maliyyə təminatına yönəldilmişdir ki, bu da 2009-cu ilin eyni dövrü ilə müqayisədə 83,0 milyon manat və ya 6,5 faiz çoxdur.
Cari ilin 6 ayı ərzində dövlət büdcəsi hesabına nəzərdə tutulan bütün sosial proqram və tədbirlərin, əmək haqlarının, pensiyaların, təqaüdlərin stabil maliyyələşməsi təmin edilmişdir.
2010-cu ilin altı ayında icmal büdcənin gəlirləri 8 milyard 907 milyon manat, xərcləri 4 milyard 694 milyon manat icra olunmuş, icmal büdcədə 4 milyard 213 milyon manat profisit yaranmışdır.
Hesabat dövründə bütün əsas investisiya layihələrinin və proqramların həyata keçirilməsi davam etdirilmiş, bu məqsədə məcmu olaraq 1 milyard 740 milyon manat, o cümlədən dövlət büdcəsindən 1 milyard 349 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 163,3 milyon manat, Naxçıvan Muxtar Respublikasının büdcəsindən 29,3 milyon manat, dövlət zəmanəti ilə beynəlxalq maliyyə institutlarından daxil olmuş vəsait hesabına 198,0 milyon manat vəsait yönəldilmişdir.
Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 164,2 milyon manat, o cümlədən təhsil müəssisələrinə 42,6 milyon manat, səhiyyə müəssisələrinə 24,8 milyon manat, mədəniyyət müəssisələrinə 57,6 milyon manat, idman müəssisələrinə 25,5 milyon manat, sosial müdafiə və sosial təminat təyinatlı müəssisələrə 13,7 milyon manat vəsait sərf edilmişdir.
Əsas kommunal və nəqliyyat infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 1 milyard 84 milyon manat, o cümlədən elektrik enerjisi infrastrukturlarının tikintisi üçün 59,7 milyon manat, regionların içməli su və suvarma-drenaj infrastrukturlarının bərpası və yenidən qurulması üçün 99,8 milyon manat, respublika əhəmiyyətli avtomobil yollarının və yol infrastrukturlarının tikintisi və yenidən qurulmasına 660,0 milyon manat, Bakı Metropoliteninin yeraltı nəqliyyat obyektlərinin tikintisi və metro üçün avadanlığın alınmasına 53,8 milyon manat vəsait yönəldilmişdir.
Cari ilin ötən dövrü ərzində icmal büdcənin tərkib hissəsi olan Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün yaşayış qəsəbələrinin tikintisi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Oğuz-Qəbələ-Bakı su kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi layihələrinin həyata keçirilməsi üçün əvvəldə qeyd olunduğu kimi, 163,3 milyon manat vəsait sərf edilmişdir.
Naxçıvan Muxtar Respublikasının büdcəsindən sosial-mədəni, inzibati və məişət təyinatlı obyektlərin tikintisinə 29,3 milyon manat vəsait istifadə olunmuşdur.
Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 71 milyon manat, dövlət büdcəsinin Ehtiyat Fondundan əvvəlcədən büdcədə nəzərdə tutulmayan bir sıra tədbirlərin maliyyələşdirilməsinə 53,2 milyon manat vəsait ayrılmışdır.
Cari ilin altı ayında qeyri-neft sektorunun inkişafına dövlət qayğısının daha da artırılması, sahibkarlığın dəstəklənməsi və inkişafı, onun rəqabət qabiliyyətinin qorunması siyasəti davam etdirilmiş və bu istiqamətdə hökumət tərəfindən təsirli tədbirlər görülmüşdür.
Cari ilin altı ayında Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 560 sahibkarlıq subyektinə 48,4 milyon manat, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına 35 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 74 faizi aqrar infrastruktur sahələrinin (soyuducu və taxıl anbarları kompleksləri) inkişafına, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 21 faizi sənaye məhsullarının istehsalı və emalına, 5 faizi turizm infrastrukturunun inkişafına yönəldilmişdir.
Hesabat dövründə dövlət büdcəsindən əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üzrə dövlət proqramının maliyyələşdirilməsi üçün 35,4 milyon manat, kənd təsərrüfatı texnikasının və aqrokimyəvi maddələrin alınması üçün "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 23,5 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 10 milyon manat həcmində vəsait ayrılmışdır.
Möhtərəm cənab Prezident, hesabat dövründə ölkə ərazisində cərəyan edən dəyişkən iqlim şəraiti nəticəsində yağan aramsız və güclü leysan yağışları bir çox rayonlarda torpaq sürüşmələri və subasma halları yaratmış, iqtisadiyyatımıza, əsasən də aqrar sahəyə ciddi ziyan vurmuşdur.
Kür və Araz çaylarında son illərdə görünməyən daşqınlar 11 rayonda xüsusilə ciddi subasmaları törətmişdir. Min hektarlarla yararlı əkin sahələri və orada becərilən kənd təsərrüfatı məhsulları məhv olaraq iqtisadi dövriyyədən çıxmış, təbii biçənək və otlaq sahələri, nəqliyyat, rabitə, enerji və digər infrastrukturlar dağılmışdır. Subasma və qrunt sularının səviyyəsinin qalxması nəticəsində minlərlə təsərrüfatlar və əhalinin evləri yararsız vəziyyətə düşmüşdür.
Cənab Prezident, baş vermiş irimiqyaslı təbii fəlakətin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün təcili və təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı müvafiq sərəncamınızla hökumətin, rayon, şəhər icra hakimiyyəti orqanlarının qarşısında qoyduğunuz vəzifələrə uyğun olaraq qısa vaxt kəsiyində əhalinin təhlükəli zonalardan uzaqlaşdırılmasına, subasmanın digər yaşayış məntəqələrinə və əkin sahələrinə sirayət etməməsinə nail olunmuş, bu məqsədlə operativ olaraq dövlət büdcəsinin Ehtiyat Fondundan 20,5 milyon manat vəsait ayrılmışdır.
Ziyan çəkmiş əhaliyə göstərdiyiniz qayğının davamı olaraq cari ilin iyun ayında təqdimatınız əsasında Milli Məclis tərəfindən "2010-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklər hesabına bu məqsədlə dövlət büdcəsindən 300 milyon manat əlavə vəsait ayrılmışdır.
Eyni zamanda, qanuna edilmiş dəyişikliklərlə ölkəmizin müdafiə potensialının və onun təhlükəsizliyinin daha da gücləndirilməsinə, silahlı qüvvələrin texniki təchizatının yaxşılaşdırılmasına, əsgər və zabit heyətinin maddi təminatının və döyüş məharətinin artırılmasına və bu istiqamətdə digər zəruri məsələlərin həllinə 400 milyon manat vəsait ayrılmışdır.
Dəyişikliklərlə, həmçinin elm, təhsil, səhiyyə, mədəniyyət, sosial təminat sahələri və yol infrastrukturları üzrə bir sıra investisiya layihələrinin başa çatdırılmasının maliyyələşdirilməsinə 299,0 milyon manat həcmində vəsaitin yönəldilməsi nəzərdə tutulur.
Möhtərəm Prezident, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, cari ilin yanvar ayından 2011-ci il üçün dövlət və icmal büdcə layihələrinin tərtibinə başlanılmışdır.
Büdcə layihələri hazırlanarkən Azərbaycan dövlətinin inkişafı üçün müəyyən etdiyiniz strateji xəttə və ölkədə yaranmış makroiqtisadi mühitə uyğun olaraq dövlət büdcəsi gəlirlərinin stabilləşdirilməsinə, qeyri-neft sektorundan və digər real mənbələrdən büdcəyə əlavə daxilolmaların müəyyən edilməsinə, Sizin ən ümdə vəzifə hesab etdiyiniz əhalinin sosial rifahının yaxşılaşdırılmasına, ələlxüsus aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsinə, onların gəlirlərinin və məşğulluq səviyyəsinin yüksəldilməsinə, qeyri-neft sektorunun, sahibkarlığın inkişaf etdirilməsinə, dövlətin müdafiə potensialının artırılmasına, iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunmasına, təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı hazırlanmaqda olan kompleks tədbirlər proqramı üçün maliyyə təminatının yaradılmasına xüsusi diqqət yetirilir.
Dünya iqtisadiyyatında və maliyyə bazarlarında yarana biləcək yeni risklərin Azərbaycan iqtisadiyyatına təsirinin neytrallaşdırılması imkanları da nəzərə alınmaqla, daxili resursların payının artırılması hesabına iqtisadiyyata daha çox sərmayə qoyulması, dövlət xərclərinin tənzimləyici rolunun və sosial səmərəsinin daha da artırılması, maliyyə intizamının gücləndirilməsi qarşıda duran mühüm vəzifələrdəndir.
Çıxışımın sonunda icazə verin, Sizi əmin edim ki, bugünkü müşavirədə verəcəyiniz tapşırıqlar da nəzərə alınmaqla, 2010-cu büdcə ilinin layiqincə başa çatdırılması və müəyyən etdiyiniz inkişaf hədəflərinə nail olmaq üçün Maliyyə Nazirliyinin kollektivi öz töhfəsini verəcək və səylərini əsirgəməyəcəkdir.
Diqqətinizə görə təşəkkür edirəm.
* * *
Kənd təsərrüfatı naziri İsmət Abasovun çıxışı
- Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!
Şərəfli ömrünü Azərbaycan dövlətinin qurulmasına, inkişafına, müstəqilliyinin möhkəmləndirilməsinə və suverenliyinin qorunmasına sərf etmiş ulu öndər Heydər Əliyevin müdrik siyasəti və yorulmaz fəaliyyəti nəticəsində ölkəmizin aqrar-sənaye kompleksi davamlı surətdə inkişaf edir və bu gün çoxminli kəndli sahibkarlar fəxr edirlər ki, bu inkişaf missiyası, cənab Prezident, məhz Sizin rəhbərliyiniz altında uğurla davam etdirilir. Beynəlxalq iqtisadi münasibətlərə, hüquqi normalara cavab verən, xalqın milli maraqlarına əsaslanan irimiqyaslı, məqsədyönlü islahatların ardıcıllıq və peşəkarlıqla həyata keçirilməsi ölkəmizin qüdrətini və imicini daha da artırmış, perspektiv inkişafa, xalqın rifahının durmadan yaxşılaşdırılmasına münbit şərait yaratmışdır. İqtisadiyyatın modernləşdirilməsi, bütün sahələrlə yanaşı, aqrar sahə üzrə də konkret inkişaf proqramlarının həyata keçirilməsi nəticəsində ölkəmiz dinamik və hərtərəfli inkişaf edir, öz sosial-iqtisadi qüdrətini artırır, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirir.
Möhtərəm cənab Prezident, regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncamınıza uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına edilən güzəştlər nəticəsində kənd təsərrüfatının ümumi məhsulunun sabit qiymətlərlə dəyəri 2010-cu ilin 6 ayı ərzində 1306,6 milyon manat təşkil etmişdir.
Cari ilin məhsulu üçün keçən ilin payızında və bu ilin yazında 950 min hektar sahədə dənli və dənli-paxlalı bitkilər əkilmişdir ki, ondan da 674,6 min hektarını buğda təşkil etmişdir. İyulun 12-nə olan vəziyyətə 802,7 min hektarda və ya ümumi sahənin 84 faizində biçin aparılmış və 1594,8 min ton məhsul istehsal edilmişdir. Taxıl yığımı kampaniyasının mütəşəkkil keçirilməsi üçün nazirlik tərəfindən "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət qərargah və "qaynar telefon" xətti yaradılmışdır. Taxılbiçən kombaynların boş dayanmalarının qarşısını almaq üçün səyyar texniki xidmət və səyyar yanacaq doldurma avtomaşınları səfərbər edilmişdir. Taxıl biçini mövsümündə "Aqrolizinq" ASC tərəfindən gətirilən 990 və digər mənbələrdən daxil olan 240 müasir tipli kombayn olmaqla, ümumilikdə 3 min 110 taxılyığan kombayndan istifadə edilir. Bu isə keçən ilin taxıl biçinində istifadə edilən yeni kombaynların sayından 236 ədəd çoxdur. Bu da cari ildə taxılın vaxtında və itkisiz yığılmasına şərait yaradacaqdır.
Hava şəraitinin kəskin dəyişməsi, aramsız yağışların yağması ayrı-ayrı sahələrin hava axını ilə daxil olan sarı və qonur pas xəstəlikləri ilə sirayətlənməsinə səbəb olmuşdur. Bu xəstəliklərin məhsul itkisinə vurduğu ziyanı minimuma endirmək məqsədilə müvafiq aqrotexniki tədbirlər kompleksləri həyata keçirilir.
Qeyri-sabit iqlim şəraitinə baxmayaraq, bu il 99 min hektar bar verən meyvə-giləmeyvə bağlarından 680 min ton məhsul alınması gözlənilir. Aparılan araşdırmalara görə, bir sıra bölgələrin meyvə bağlarına, xüsusən çəyirdəklilərə xeyli ziyan dəymişdir. Bununla yanaşı, çəyirdəkli meyvələrdən fərqli olaraq tumlu, sitrus və subtropik meyvə və üzüm bağlarında vəziyyət qənaətbəxşdir.
2010-cu ildə 375,7 min hektar sahədə yazlıq bitkilər əkilmişdir ki, bu da keçən ildəkindən 18,6 min hektar çoxdur. O cümlədən, təxminən keçənilki səviyyədə - 66 min hektar sahədə kartof, 32,5 min hektar və ya keçən ildəkindən 1,3 min hektar çox bostan və 81,1 min hektar sahədə və ya keçən ildəkindən 1,2 min hektar çox tərəvəz bitkiləri əkilmişdir. Yaşıl çay plantasiyalarında əvvəlki illərə nisbətən qulluq işləri yaxşılaşdırılmış və 450 ton yaşıl çay yarpağı istehsalı gözlənilir.
Heyvandarlığın yem bazasını möhkəmləndirmək məqsədilə 78,2 min hektar sahədə çoxillik otlar əkilmişdir ki, bu da keçən ildəkindən 6,5 min hektar çoxdur. Məlumdur ki, toxumçuluq və tingçilik məhsuldarlığın artırılmasında, keyfiyyətli məhsulların alınmasında və ərzaq təminatının yaxşılaşdırılmasında xüsusi əhəmiyyətə malikdir. Ölkədə dənli və dənli-paxlalıların toxumçuluğunda və tingçilikdə xeyli irəliləyiş olsa da, bu işlər gələcəkdə də davam etdiriləcəkdir. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi üçün əkinəyararlı torpaq sahələrinin məhdudluğu nəzərə alınmaqla, hər hektar sahədən yüksək məhsuldarlıq əldə edilməsi məqsədi ilə toxumçuluq və tingçilik sahəsinin daha da inkişaf etdirilməsi nazirliyin qarşısında duran ən prioritet vəzifələrdən biridir. Bu məqsədlə dövlət və özəl toxumçuluq təsərrüfatlarının inkişafı ön plana çəkilmiş və indiyədək 660 özəl toxumçuluq və tingçilik təsərrüfatı yaradılmışdır.
Reproduksiyalı toxum satışına görə hər kiloqram üçün satış dəyərinin müvafiq olaraq 30-40 faizi və ting satışına görə 30 faiz əlavə maliyyə vəsaiti ödənilmişdir. Bu, kəndli sahibkarlarda yüksək keyfiyyətli toxum və ting istehsalını artırmağa marağı yüksəltmişdir.
Möhtərəm cənab Prezident, 2010-cu ilin mart-aprel aylarında və mayın birinci ongünlüyündə aramsız yağışların yağması, xüsusilə aprelin 28-dən etibarən yağışların daha da intensivləşməsi, dağlarda qar örtüyünün əriməsi güclü su daşqınlarına səbəb olmuşdur. Nəticədə Kür və Araz çaylarının mənsəbinə yaxın rayonlarda təxminən 60 min 107 hektar əkin və örüş sahələrini su basmışdır ki, bunun da 26 min 255 hektarını payızlıq taxıl, 2 min 667 hektarını kartof, 2 min 400 hektarını tərəvəz, 710 hektarını bostan, 80 hektarını şəkər çuğunduru, 22 min 838 hektarını yonca və 3 min 735 hektarını örüş sahələri təşkil edir.
Regionda su basmış ərazilərin ətrafında əkilmiş kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri mütəmadi olaraq həyata keçirilir. Daşqına məruz qalmış Sabirabad rayonunun kəndlərində suyun içərisindən 307 baş iri və xırda buynuzlu heyvan və 24 min 153 başa qədər quşun cəsədləri çıxarılaraq baytarlıq-sanitariya tədbirlərinə uyğun zərərsizləşdirilmişdir. Hazırda təbii fəlakət zonasında saxlanılan heyvanlar arasında təhlükəli infeksion xəstəliklərə görə epizootik durum daim nəzarətdə saxlanılır.
Kənd təsərrüfatının mühüm sahəsi olan heyvandarlıq da dinamik inkişafını intensiv yolla davam etdirir. Heyvandarlığın intensiv inkişaf etdirilməsində mühüm rol oynayan süni mayalama tədbirləri ildən-ilə genişlənir. Cənubi Qafqaz regionunda ilk dəfə olaraq ölkəmizdə süni mayalanma mərkəzi fəaliyyət göstərir. İndiyədək 500 nəfər süni mayalanma texniki hazırlanmış və onlar lazımi avadanlıqla təmin olunmuşlar. Keçən il süni mayalanma yolu ilə 23 min baş, cari ilin 6 ayında isə 17 min sağlam bala alınmışdır. Bu üsulla alınmış inəklərin hər birindən orta hesabla 3000-3500 kiloqram süd sağılır.
Bununla yanaşı, cənab Prezident, Sizin imzaladığınız sərəncamlarla "Aqrolizinq" ASC tərəfindən Almaniyadan keçən il 770 baş cins damazlıq mal gətirilərək lizinq qaydasında satılmışdır. Bu işin davam etdirilməsi üçün cari ilə ayrılmış 3 milyon manat vəsait hesabına 902 baş cins damazlıq düyə gətirilməsi üçün müqavilə bağlanmış, indiyədək 287 baş heyvan gətirilmiş və lizinq qaydasında satılmışdır. Qalan heyvanların gətirilməsi payız aylarına planlaşdırılır.
Kənd təsərrüfatında istehsalın davamlı və dinamik inkişafı, torpağın münbitliyinin qorunub saxlanılması məqsədi ilə mineral gübrələrdən istifadədə son vaxtlar canlanma yaranmışdır. Respublika Prezidentinin 2007-ci il tarixli 1907 nömrəli sərəncamına müvafiq Nazirlər Kabinetinin sərəncamı ilə mineral gübrənin dəyərinin 70 faizinin dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəşt edilməsi azot gübrəsinin satılmasına öz müsbət təsirini göstərmişdir. Qısa müddət ərzində 19,9 milyon manat dəyərində 58 min ton mineral gübrənin satılması təmin olunmuşdur.
"Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 avqust tarixli sərəncamına müvafiq mineral gübrələrin, "Aqrolizinq" ASC tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına alınan kənd təsərrüfatı texnikasının və texnoloji avadanlığın saxlanılması üçün xüsusi anbarların tikilməsi və alınan mineral gübrələrin paylanması üçün ayrı-ayrı bölgələri əhatə edən regional loqistik bazaların yaradılması istiqamətində görülən işlər davam etdirilir.
Şəki və Sabirabad rayonlarında regional loqistik bazalar istifadəyə verilmiş, Xaçmaz və Şəmkir rayon bazaları istismara verilməyə hazırdır, Cəlilabad və Bərdə rayonlarında isə bazaların tikintisinə başlanılmışdır.
Qeyd olunanlarla yanaşı, rayon aqroservislərinin maddi-texniki bazasının möhkəmləndirilməsinə ehtiyac vardır.
Möhtərəm cənab Prezident, ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsində hərtərəfli kömək və qayğınıza görə respublikanın aqrar sahəsində çalışan fermer və sahibkarlar adından Sizə öz dərin minnətdarlığımızı bildirir və əmin edirəm ki, əhalini keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edəcəyik.
Diqqətinizə görə təşəkkür edirəm.
* * *
Müdafiə sənayesi naziri Yavər Camalovun çıxışı
- Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!
Respublikanın iqtisadi və sosial həyatında son illər müşahidə olunan dinamik inkişaf 2010-cu ilin birinci yarısında da davam etmiş, makroiqtisadi göstəricilər nəzərəçarpacaq dərəcədə artmışdır. İqtisadiyyatın bütün sahələrində olduğu kimi, müdafiə sənayesində də möhtərəm Prezident, Sizin rəhbərliyiniz altında mühüm uğurlar əldə edilmişdir.
Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və Sizin sərəncamınızla yaranan Müdafiə Sənayesi Nazirliyinin strukturu formalaşdırıldı. Müəssisələrin fəaliyyətini bərpa etmək üçün proqramlar hazırlandı, nazirlik üzrə prioritet sahələr müəyyən edildi. Güc strukturlarının müdafiə təyinatlı məhsullara, o cümlədən atıcı silahlara, xüsusi təyinatlı məmulatlara, hərbi texnikanın ehtiyat hissələrinin hazırlanmasına və təmirinə olan tələbatı öyrənildi. Keçmiş SSRİ dövründə olan əlaqələrin bərpa edilməsi və dünyanın müxtəlif dövlətləri ilə işgüzar əməkdaşlığın yaradılması üçün tədbirlər görüldü. Nazirliyin fəaliyyətində maliyyə sabitliyi yaratmaq üçün sağlamlaşdırma tədbirləri və qanunvericilik bazasının yaradılması məqsədilə normativ-hüquqi sənədlər hazırlandı.
Cənab Prezident, fəaliyyətə başladığı gündən dövlət müdafiə sifarişi proqramında nəzərdə tutulan tədbirlərin icrası istiqamətində yeni texnologiyalar, avadanlıq və istehsal sahələrinin yaradılması üçün tikinti və yenidənqurma işlərinin aparılmasına, habelə müdafiə təyinatlı məmulatların yaradılmasına Sizin göstərişinizlə 2006-2009-cu illərdə Müdafiə Sənayesi Nazirliyinə dövlət büdcəsindən 414,4 milyon manat məbləğində vəsait ayrılmışdır. Ayrılmış vəsait hesabına onlarla texnoloji xətlər, müəssisələrin avadanlıq parkının təzələnməsi məqsədilə dünyanın inkişaf etmiş ölkələrindən müxtəlif mürəkkəb əməliyyatları həyata keçirən 423 adda dəzgah və avadanlıq alınmışdır. Nazirliyin müəssisələrində müxtəlif növ atıcı silahların, döyüş sursatlarının və onların ehtiyat hissələrinin istehsalı məqsədilə 141,7 min kvadratmetr sahəyə malik olan 21 obyektdə tikinti və yenidənqurma işləri aparılmış və nəticədə, cənab Prezident, Sizin iştirakınızla nazirliyin "İqlim", "Dalğa", "Peyk", "Telemexanika", "Alov", Elektron Hesablama Maşınları, Radioquraşdırma, "Araz" zavodu, Elmi Tədqiqat İnstitutu və "Təcrübə-sınaq" zavodunun əsaslı yenidənqurmadan sonra açılış mərasimləri keçirilmişdir. Bu müəssisələrdə onlarla yeni istehsal sahələri yaradılaraq, müdafiə təyinatlı məmulatların istehsalına başlanmışdır.
Ötən dövr ərzində aparılan elmi-tədqiqat və təcrübi-konstruktor işləri nəticəsində çoxsaylı müdafiə təyinatlı məmulatlar yaradılmış və seriya istehsalı mənimsənilmişdir. Eyni zamanda, yüzlərlə ehtiyat hissələri hazırlanıb istehsal edilərək Müdafiə Nazirliyinə və digər güc strukturlarına təhvil verilmişdir.
Bu gün Müdafiə Sənayesi Nazirliyi dünyanın 60-dan çox ölkəsi ilə əməkdaşlıq edir. Məhz bu tədbirlər nəticəsində qısa müddət ərzində nazirliyin müəssisələrində müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatların seriyalı istehsalı həyata keçirilir. Yaradılmış yeni istehsal sahələri, quraşdırılmış texnologiya və avadanlıqlar hesabına istehsal olunan müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 413-ə çatdırılmışdır. İstehsal həcmi ümumilikdə 2006-cı illə müqayisədə 2009-cu ildə 2,8 dəfə, müdafiə təyinatlı məmulatların istehsalı isə 46 dəfə artırılmışdır. Artıq əminliklə deyə bilərik ki, müstəqil Azərbaycanın qısa müddət ərzində yaradılmış hərbi sənaye kompleksi ölkəmizin Silahlı Qüvvələrini silah-sursat, hərbi texnika və digər vasitələrlə təmin etməklə yanaşı, xarici bazarlara məhsul ixrac etməyə qadirdir.
Bu gün dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, nazirliyin müəssisələrində yaradılmış istehsal bazası müdafiə təyinatlı məmulatların istehsalı ilə yanaşı, respublikanın xalq təsərrüfatının bütün sahələri üçün müxtəlif mülki məhsulların istehsalını həyata keçirməyə imkan verir. Cənab Prezident, bütün bunlara və sahənin inkişafına göstərdiyiniz daimi diqqət və qayğıya görə kollektivimiz adından Sizə öz minnətdarlığımızı bildiririk.
Möhtərəm cənab Prezident, 2010-cu ilin altı ayında müdafiə təyinatlı məmulatlara dair bağlanmış müqavilələrin həcmi 61,1 milyon manat təşkil edir. İlin sonunadək yaradılacaq müdafiə təyinatlı məmulatların seriyalı istehsalını təmin etməklə əlavə olaraq, 42 milyon manat məbləğində müqavilələrin bağlanması gözlənilir. Bununla da müdafiə təyinatlı məmulatların 2010-cu il üçün istehsal həcmi 103 milyon manata çatdırılacaqdır. Onu da qeyd edim ki, 2010-cu il üçün bağlanmış müqavilələrin həcmi 2006-cı illə müqayisədə 120 dəfə, 2007-ci illə müqayisədə 9,6 dəfə, 2008-ci illə müqayisədə 6 dəfə artmışdır.
Cari ilin ötən dövründə müəssisələrdə 2010-cu ilin dövlət müdafiə sifarişi proqramında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi istiqamətində işlər davam etdirilmişdir. Bu il proqrama uyğun olaraq, 98 mövzu üzrə 108 məmulatın yaradılması nəzərdə tutulmuşdur ki, bu da 241 mərhələni əhatə edəcəkdir. Hesabat dövründə həmin mərhələlərdən 15-i yerinə yetirilmiş, 19-u başa çatmaq üzrədir. Digərləri üzərində işlər davam etdirilir. Eyni zamanda, mövzular üzrə taktiki-texniki tapşırıqlar işlənilir, atıcı və artilleriya silahlarının, döyüş sursatlarının, optik cihazların sınaqlarının keçirilməsi üçün hazırlıq işləri aparılır.
2010-cu ildə 413 adda müdafiə təyinatlı məmulatların və onların ehtiyat hissələrinin istehsalı nəzərdə tutulmuşdur ki, bu da 2009-cu ildə istehsal olunan məmulatların sayından 1,2 dəfə çoxdur. Hazırda bağlanmış müqavilələrin tam həcmdə yerinə yetirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. 2010-cu ildə əsasən müxtəlif tipli minaatanların, qumbaraatanların, snayper tüfənginin, optik nişangahların, kollimatorların, minaların, atəş yığımlarının, aviasiya bombalarının, müxtəlif növ atıcı silahlar üçün trenajorların, tank və piyadaların döyüş maşınları üçün tırtıl dəstlərinin, müxtəlif növ patronların, əl qumbaralarının və s. məmulatların seriyalı istehsalı nəzərdə tutulmuşdur.
Hesabat dövründə dövlət müdafiə sifarişi proqramının icrası ilə bağlı nazirliyin tabeliyində olan müəssisələrdə müdafiə təyinatlı məmulatların istehsal sahələrinin yaradılması məqsədilə "Sənayecihaz" elmi müəssisəsində, "Telemexanika" zavodunda və "Araz" zavodunda 2009-cu ildə başlanmış işlər davam etdirilmişdir. Yeni layihələrin, layihə-smeta sənədlərinin hazırlanması və maliyyələşdirilməsi istiqamətində işlər davam etdirilir. Bütünlükdə, 2010-cu ildə 10 obyektdə tikinti və yenidənqurma işləri aparılır ki, onlardan da 8-i bu il istifadəyə veriləcəkdir.
Aparılan marketinq işləri nəticəsində 535 ədəd dəzgah və avadanlığın alınması üçün kontraktların bağlanması istiqamətində işlər yekunlaşdırılmış, qrafik üzrə avadanlığın alınıb gətirilməsinə başlanmışdır. 2010-cu ilin dövlət müdafiə sifarişi proqramında güc strukturlarının sifarişi əsasında Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 5200 ədəd atıcı silah, zirehli texnika və digər müdafiə təyinatlı məmulatların təmiri, 321 min ədəd müxtəlif növ əmlakın isə utilizasiyası nəzərdə tutulmuşdur ki, bu istiqamətdə də işlər davam etdirilir.
Cənab Prezident, nazirliyin kollektivi qarşısında Sizin qoyduğunuz əsas vəzifələrdən biri də müdafiə təyinatlı məmulatların istehsalının genişləndirilməsi ilə yanaşı, yeni növ mülki məhsulların istehsalının mənimsənilməsidir. Bu istiqamətdə ölkənin müxtəlif qurumları ilə sıx əməkdaşlıq edilir. Belə ki, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinin 2008-2011-ci illərdə mülki məhsulların istehsalı üzrə proqramına uyğun olaraq, 2010-cu ilin altı ayında onlarla yeni növ mülki məmulatlara dair müqavilə bağlanaraq, istehsalına başlanılmışdır.
İstehsalı mənimsənilmiş yeni məhsul növlərindən neft-qaz sənayesində istifadə olunan fontan armaturları, fontan siyirtmələri, terminalda qazın qəbulu sistemi, tənzimlənmə və ölçü qovşaqlarının avtomatlaşdırılmış məlumat-nəzarət sistemləri, neft quyularının, dağ-mədən işlərinin perforasiyası üçün müxtəlif ölçülü perforatorlar, traktorlar üçün tırtıllar, biryaruslu və ikiyaruslu çarpayılar, səyyar yemək termosları, smart-kartla işləyən qaz sayğacları, rəqəmsal işıqforlar, müxtəlif güclü akkumlyator batareyaları və s. göstərmək olar.
Müdafiə Sənayesi Nazirliyinin qarşısında duran əsas prioritet məsələlərdən biri də bu sahənin ixtisaslı kadrlarla təmin edilməsidir. Bu məqsədlə ölkənin ali məktəblərində ixtisaslı mütəxəssislərin hazırlanması üçün imkanlar araşdırılmış və müvafiq fakültələrin yaradılması təklifləri verilmişdir.
Hesabat dövründə nazirliyin əməkdaşları tərəfindən inkişaf etmiş xarici ölkələrə işgüzar səfərlər edilmiş, bir sıra dövlətlərin müvafiq şirkət və qurumları ilə görüşlər keçirilmiş, hərbi-texniki əməkdaşlıq sahəsində razılaşma əldə olunmuşdur.
Möhtərəm cənab Prezident, Sizin sərəncamınızla təsdiq edilmiş "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" Yerin kosmosdan tədqiqi sahəsində perspektiv istiqamətləri müəyyənləşdirməyə, ölkədə bilavasitə kosmik texnika və texnologiyanın yaradılması və aerokosmik məlumatlardan istifadə etməklə müxtəlif tədqiqi məsələlərin həlli ilə məşğul olan nazirliyin Milli Aerokosmik Agentliyinin texniki tərəqqisi üçün yeni imkanlar yaratmışdır.
Nazirliyin tabeliyində fəaliyyət göstərən Elmi-Tədqiqat İnstitutu tərəfindən ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin aparılması yeni növ müdafiə təyinatlı məmulatların istehsalının mənimsənilməsi ilə yanaşı, dünyada tətbiq olunan yeni texnologiyaların, elmin hərbi-texniki sahəsində olan yeniliklərin əldə edilərək müəssisələrdə tətbiqinə geniş imkan yaratmışdır.
Möhtərəm Prezident, Sizin tapşırığınızla artıq ikinci ildir ki, müəssisələrimizdə istehsal olunan məhsullar xarici ölkələrdə keçirilən beynəlxalq müdafiə sənayesi sərgilərində nümayiş etdirilir. Ötənilki İstanbul sərgisində 27 adda məmulatla iştirak etdiyimiz halda, bu ilin mayında İordaniyanın Əmman şəhərində keçirilən sərgidə nazirlik tərəfindən 55 adda məmulat nümayiş etdirilmişdir. Cari ilin sonunadək Polşada və Cənubi Afrika Respublikasında keçiriləcək beynəlxalq sərgilərdə iştirak etmək planlaşdırılır. Onu da qeyd edim ki, Sizin tapşırığınıza əsasən, müdafiə sənayesi sahəsində keçirilən sərgilərdə daimi iştirakçı olmağı qarşımıza məqsəd qoymuşuq. Biz bununla Azərbaycan Respublikasının hərbi qüdrətini nümayiş etdirməklə yanaşı, güclü müdafiə sənayesinin mövcudluğunu göstəririk. Cənab Prezident, bu gün Azərbaycan müdafiə sənayesinin beynəlxalq sərgilərdə təmsil olunmasına məhz Sizin bu sahəyə göstərdiyiniz xüsusi diqqətin nəticəsində nail olunmuşdur.
Onu da qeyd etmək istərdim ki, Müdafiə Sənayesi Nazirliyi respublikanın güc strukturları ilə daim sıx əməkdaşlıq edir. Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Dövlət Sərhəd Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti ilə aparılan geniş müzakirələr atıcı silahlar, döyüş sursatları və zirehli texnikanın istehsalı və modernləşdirilməsi sahəsində müsbət nəticələrin əldə olunmasına imkan vermişdir.
Hörmətli cənab Prezident, çıxışımın sonunda Sizi əmin etmək istəyirəm ki, ölkənin müdafiə qüdrətinin gücləndirilməsi, eləcə də Silahlı Qüvvələrin müasir tələblərə cavab verən silah və döyüş sursatları ilə təmin edilməsi istiqamətində Müdafiə Sənayesi Nazirliyi qarşısında qoyduğunuz mühüm vəzifələrin icrası 2010-cu ildə layiqincə təmin ediləcəkdir. Diqqətinizə görə minnətdaram.

{nl}

Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi

{nl}


-İlin sonuna qədər bütün nəzərdə tutulmuş məsələlər öz həllini tapmalıdır. Yenə də demək istəyirəm ki, biz öz işimizi proqram əsasında qururuq və ilin əvvəlindən bu günə qədər proqram üzrə işləmişik. Ancaq bu yaxınlarda büdcəyə dəyişiklik edilməsi nəticəsində yeni vəzifələr meydana çıxıb. Bu vəzifələri operativ şəkildə həll etmək üçün əlbəttə ki, bütün qurumlar daha da fəal işləməlidirlər. Çünki ilin sonuna qədər Azərbaycan iqtisadiyyatına əlavə 1 milyard yarım manat vəsait qoyulmalıdır. Biz çalışmalıyıq ki, bu vəsaitdən maksimum səmərə ilə istifadə edək ki, Azərbaycanda ilin sonuna qədər daha da böyük həcmdə işlərin görülməsinə nail olaq.
Bu vəsaitin bir hissəsi qeyd etdiyim kimi hərbi potensialımızın gücləndirilməsinə xərclənəcəkdir, bir hissəsi iqtisadi infrastruktur layihələrinə, bir hissəsi isə sel və daşqınlar nəticəsində öz evlərini itirmiş insanların yaşayış səviyyəsinin qaldırılmasına yönəldiləcəkdir. Bildiyiniz kimi, bu il Azərbaycanda biz böyük təbii fəlakətlə üzləşmişdik. Sel və daşqınlar demək olar ki, böyük əraziləri məhv etmişdi, subasma halları baş vermişdi və bu barədə bu gün danışıldı. Mən hesab edirəm ki, bizim müvafiq qurumlar çox böyük məharətlə və peşəkarlıqla işlədilər. Mən bilavasitə bu məsələlərə rəhbərlik edirdim və gündəlik formatda məlumatlar gəlirdi, özüm şəxsən vəziyyətlə tanış olmuşdum. Deyə bilərəm ki, bütün qurumlar çox yaxşı işlədilər, gecə-gündüz bu təbii fəlakətin aradan qaldırılması üçün çox böyük işlər gördük. Həm dövlət qurumları, həm özəl sektor və onu da demək istəyirəm ki, özəl sektoru təmsil edən şirkətlər, onların böyük əksəriyyəti təmənnasız işlədilər. Yəni bu, həqiqətən bir həmrəylik nümunəsi idi.
Əlbəttə ki, Azərbaycan dövləti bütün bu işləri öz üzərinə götürübdür. Bizə müxtəlif ölkələrdən bu münasibətlə yardım göstərmək istəyən zənglər olmuşdur, müxtəlif ölkələrdən, dost ölkələrdən yardımlar təklif edilmişdir. Biz bütün bu təşəbbüslərdə olan insanlara, ölkələrə öz minnətdarlığımızı bildirmək istəyirik. Ancaq onu demək istəyirəm ki, bütün fəlakətin qarşısının alınması və bundan sonra o yerlərin, evlərin bərpası və bəndbərkitmə işlərinin aparılmasını Azərbaycan dövləti öz üzərinə götürür və bütün bu işləri biz özümüz edəcəyik.
Həm xilasetmə xidməti, həm səhiyyə nümayəndələri, təhsilin nümayəndələri, suyun idarə olunması ilə bilavasitə məşğul olan qurumlar, tikinti şirkətləri - biz hamımız çox səmərəli işlədik. Ən önəmli məsələ ondan ibarətdir ki, insan itkisinə yol verilmədi. İnsanlar vaxtlı-vaxtında, vaxtından əvvəl o təhlükəyə məruz qala biləcək bölgələrdən köçürüldü, onların müvəqqəti yaşayışı təmin edildi, ərzaq məsələləri, səhiyyə məsələləri, yəni biz bütün bu işlərə operativ şəkildə qoşulduq və maksimum nəticəni də əldə edə bildik.
Biz onu da bilirik ki, bu il dünyada, həm Avropada, həm Amerikada, Asiyada, bütün bölgələrdə təbii fəlakətlər mövcud idi. Böyük insan itkisi ilə müşahidə olunan bu hadisələr əlbəttə ki, bütün dünyanı sarsıtdı. Biz televiziya vasitəsilə görürdük ki, müxtəlif ölkələrdə hansı hadisələr baş verir. Onu deyə bilərəm, böyük nailiyyətimizdir ki, biz bu məsələlərlə bağlı bütün işləri itkisiz gördük. Beləliklə hesab edirəm ki, minimum itkilərlə bu vəziyyətdən çıxdıq.
Ancaq bununla bərabər bu hadisələr bizim iqtisadiyyatımıza çox böyük ziyan vurmuşdur, insanların əmlakı dağıdılmışdır, minlərlə ev, minlərlə hektar torpaq su altında qalmışdır. Bu gün biz artıq bu vəziyyətin yaxşılaşması üçün əlavə tədbirlər görürük. Konkret planlar tərtib edilibdir. Biz ilk növbədə, dağılmış evləri qısa müddət ərzində bərpa etməliyik. Azərbaycan dövləti bu işi öz üzərinə götürür. Bu da, deyə bilərəm ki, dünyada çox nadir olan bir haldır. Başqa ölkələrdə evlər sığortalanıb və dövlət demək olar ki, belə evlərin bərpası ilə məşğul olmur və vəsait də ayırmır. Yəni evlərin sahibləri sığorta şirkətlərindən vəsaiti alacaq və onun hesabına evləri bərpa edəcəklər. Azərbaycanda belə evlərin bərpası ancaq Azərbaycan dövlətinin üzərinə düşübdür və biz bunu edəcəyik. Baxmayaraq ki, o evlərin böyük əksəriyyəti keyfiyyətsiz materiallardan tikilmişdir və məhz buna görə su dəyən kimi dərhal dağıldı. Biz keyfiyyətli materiallardan istifadə edib evləri yaxın zamanlarda bərpa edəcəyik. Çalışmalıyıq ki, qış gələnə qədər işlərin tam əksəriyyəti görülsün və insanlar normal evlərə köçürülsünlər.
Bununla bərabər, bütün texniki məsələlər də həll olunmalıdır, bəndbərkitmə işləri də aparılmalıdır, bütün texniki qurğular saz vəziyyətə gətirilməlidir. Yəni, bu, böyük proqramdır və fəlakət baş verəndən sonra keçirdiyim müşavirələrdə mən bu barədə öz fikirlərimi bildirdim ki, biz kompleks tədbirlərin görülməsinə nail olmalıyıq. Kompleks tədbirlər planı hazırlanıb və biz qısa müddət ərzində bütün bu işləri görəcəyik.
Gələn aylarda, bu rübdə Azərbaycanda minimum əməkhaqqı və minimum pensiyanın qaldırılması nəzərdə tutulur. Bildiyiniz kimi, biz vaxtaşırı bu məsələlərə baxırıq və pensiyaların, əməkhaqlarının minimum məbləğini qaldırırıq. Hesab edirəm ki, növbəti aylarda biz yenə də bu məsələyə baxmalıyıq, Azərbaycanda minimum əməkhaqqı və pensiya qaldırılmalıdır. Azərbaycan dövlətinin imkanları var və biz elə etməliyik ki, insanlar ildən-ilə daha da yaxşı yaşasınlar, xüsusilə, o qədər də böyük imkanlara malik olmayan insanlar.
Azərbaycanda yoxsulluq kəskin şəkildə aşağı düşür. Son altı ildə yoxsulluq şəraitində yaşayanların sayı dörd dəfə aşağı düşmüşdür. Ancaq buna baxmayaraq, hazırda ölkə əhalisinin 11 faizi yoxsulluq şəraitində yaşayır. Bu insanlara dövlət öz qayğısını göstərməlidir və ünvanlı sosial yardım, eyni zamanda, minimum əməkhaqqı və pensiyanın qaldırılması sosial müdafiə işlərində çox mühüm addım olacaqdır.
Bütün sosial obyektlərin tikintisi davam etməlidir. İlin sonuna qədər səhiyyə, təhsil, idman, mədəniyyət sahələrində infrastruktur layihələri davam etdiriləcək, vəsait var və bu işlər sürətləndirilməlidir. Sahibkarlığa Kömək Milli Fondu hesabından kreditlərin ayrılması daha da sürətli getməlidir. Bu gün burada məlumat verildi ki, artıq ilin əvvəlindən mü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında