Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında iştirak edən xarici ölkələrin nümayəndə heyətlərinin başçılarını qəbul etmişdir
Şriftin ölçüsü:
07.02.2013 09:54 | Oxunma sayı: 3449
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında iştirak edən xarici ölkələrin nümayəndə heyətlərinin başçılarını qəbul etmişdir.
Nümayəndə heyətlərinin başçılarını salamlayan dövlətimizin başçısı xarici ölkələrin Həmkarlar İttifaqları nümayəndələrinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında iştirakını ölkələrimizin müvafiq strukturları arasında mövcud olan yaxşı əməkdaşlığın göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycan ilə qonaqların təmsil etdikləri ölkələr arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğuladı. Dövlətçiliyin möhkəmləndirilməsində, zəhmətkeşlərin hüquqlarının müdafiə olunmasında həmkarlar hərəkatının rolunu yüksək qiymətləndirən dövlətimizin başçısı milyonlarla insanı özündə birləşdirən həmkarlar ittifaqları arasında sıx əlaqələrin yaradılmasının önəmini qeyd etdi.
Azərbaycandakı iqtisadi inkişafa toxunan Prezident İlham Əliyev son illər yeni iş yerlərinin açılması, işsizliyin aradan qaldırılması istiqamətində mühüm addımların atıldığını dedi və həmkarlar təşkilatlarının fəaliyyətinin daha da genişləndiyini vurğuladı.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultayının yüksək səviyyədə təşkil olunduğunu vurğulayan Rusiya Federasiyası Ümumhəmkarlar İttifaqları Konfederasiyasının baş katibinin müavini Valeri Yuriyev ölkəmizdə həmkarlar hərəkatına göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Belarus Həmkarlar İttifaqları Federasiyasının sədri Leonid Kozik Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını və belarus xalqının ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, Aleksandr Lukaşenkonun ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərini çox yüksək qiymətləndirdiyini dedi. Leonid Kozik Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşlərini ehtiramla xatırladı. Son illər ölkəmizdə gedən sürətli iqtisadi inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyən qonaq həmkarlar hərəkatına verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.
Dövlətimizin başçısı Prezident Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Belarus dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Aleksandr Lukaşenkonun Azərbaycana və özünün Belarusa rəsmi səfərlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev ölkələrimiz arasında dostluq əlaqələrinin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi.
Moldova Milli Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Oleq Budza Moldova Respublikasının Prezidenti Nikolaye Timoftinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbəti qurultayının yüksək səviyyədə təşkil olunduğunu vurğuladı. Azərbaycanda həyata keçirilən quruculuq işlərinin onlarda böyük təəssürat yaratdığını deyən Oleq Budza ölkəsində Heydər Əliyev adına idman kompleksinin inşası ilə bağlı həyata keçirilən layihəyə görə minnətdarlığını ifadə etdi.
Dövlətimizin başçısı Prezident Nikolaye Timoftinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Moldova dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Tənzilə Narbayeva Prezident İslam Kərimovun salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycan və Özbəkistan prezidentlərinin xidmətləri nəticəsində ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini vurğuladı. Dövlət başçılarının rəhbərliyi ilə ölkələrimiz arasında indiyə qədər əlaqələrimizin genişləndirilməsinə dair 100-dən çox sənədin qəbul olunmasının önəmini qeyd edən qonaq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə rəhbərlik etdiyi qurum arasında əməkdaşlığa dair imzalanan memorandum əhəmiyyətini vurğuladı.
Dövlətimizin başçısı Prezident İslam Kərimovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Özbəkistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana, özünün isə Özbəkistana rəsmi səfərlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində bu səfərlərin əhəmiyyətini qeyd etdi.
Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 20 illik yubiley döş nişanını Prezident İlham Əliyevə təqdim etdi.