Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev mərasimdə iştirak etmişdir
İyunun 25-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin 2012-ci il buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Müdafiə naziri general-polkovnik Səfər Əbiyev və fəxri qarovul dəstəsinin rəisi Ali Baş Komandana raport verdilər.
Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.
Prezident, Ali Baş Komandan İlham Əliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində aparılmış yenidənqurma və maddi-texniki bazanın gücləndirilməsi ilə bağlı görülən işlərlə tanış oldu.
Müdafiə naziri Səfər Əbiyev dövlətimizin başçısına məlumat verdi ki, ölkəmizin bütün ali hərbi təhsil müəssisələri ən müasir tələblər səviyyəsində yenidən qurulur, onların maddi-texniki bazası möhkəmləndirilir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində də ardıcıl və məqsədyönlü tədbirlərin reallaşdırıldığı, hərbi təhsil müəssisəsində əsaslı abadlıq və yenidənqurma işlərinin görüldüyü diqqətə çatdırıldı. Ordu quruculuğunun möhkəmləndirilməsi istiqamətində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın iqtisadi imkanları artdıqca ölkəmizin Silahlı Qüvvələrinin də maddi-texniki bazasının daha da möhkəmləndirilməsi geniş vüsət alır.
Prezident İlham Əliyevə bu istiqamətdə həyata keçirilən tədbirlər barədə geniş məlumat verildi, yeni avadanlıq və silahlar nümayiş etdirildi. Qeyd olundu ki, hazırda Azərbaycan Silahlı Qüvvələri nəinki regionun, eləcə də dünyanın ən güclü ordularından biri sayılır. Azərbaycan ordusu mütəmadi qaydada ən müasir silah-sursatla təchiz olunur. Ölkənin dövlət büdcəsində hərbi xərclər ildən ilə artırılır. Azərbaycan Silahlı Qüvvələrinin silah-sursatla təchizatında artıq Müdafiə Sənayesi Nazirliyi də mühüm yer tutur. Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq bütün sahələrdə olduğu kimi, ordumuzda da yalnız ən son elmi-texniki yeniliklər tətbiq edilir. Bu baxımdan ölkəmizin ali hərbi məktəblərində də zabitlərin günün tələbləri səviyyəsində hazırlanması üçün yüksək şərait yaradılmışdır.
Dövlətimizin başçısına buraxılış mərasiminin nişanı təqdim olundu.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində aparılan yenidənqurma işləri ilə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.
Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin növbəti buraxılışı münasibətilə mərasim başlandı.
Prezident İlham Əliyev mərasimin keçirildiyi stadiona gəldi.
Mərasimə toplaşanlar dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar.
Ali Hərbi Məktəbin rəisi, polkovnik Mirzəli Yusifov Ali Baş Komandan, Prezident İlham Əliyevə raport verərək şəxsi heyətin buraxılış mərasimi münasibətilə düzüldüyünü bildirdi.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev məzunları salamladı.
Mərasimin proqramı elan edildikdən sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin və kursantların ifasında Azərbaycanın dövlət himni əzəmətlə səsləndi.
Müdafiə naziri, general-polkovnik Səfər ƏBİYEV çıxış edərək dedi:
- Möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Hörmətli generallar və zabitlər!
Məzunlar və kursantlar!
Əziz valideynlər, müharibə veteranları, xanımlar və cənablar!
Sizi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələri - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Hərbi Dənizçilik və Təyyarəçilik məktəblərinin, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzi və Hərbi Akademiyası, həmçinin Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsi məzunlarının müasir standartlara uyğun proqramla hazırlanmış XII buraxılış mərasimində salamlayır, hər birinizə cansağlığı, əmin-amanlıq və ailə xoşbəxtliyi arzulayıram.
Bu tədbir Milli Qurtuluş Gününün 19-cu ildönümünün qeyd edilməsindən sonra ölkəmizdə yaranmış yeni ruh yüksəkliyi şəraitində keçirilir. Bu şərait, eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətində döyüş hazırlığı və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar qazanmaq üçün ruh yüksəkliyi yaratmışdır.
Hörmətli mərasim iştirakçıları!
Bu tarixi həqiqəti bir daha etiraf edək ki, 1993-cü il iyunun 15-də ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan Silahlı Qüvvələri quruculuğunda da yeni mərhələnin başlanğıcı olmuşdur. Heydər Əliyev, həmçinin Azərbaycan Silahlı Qüvvələri təhsil sisteminin banisidir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələri təhsil ocaqları məzunlarının buraxılışlarında müntəzəm iştirak etməsi bu tədbirlərə xüsusi məna verir. İcazə verin, sizin adınızdan və Azərbaycan Silahlı Qüvvələri sıralarına daxil olan gənc zabitlər adından möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi bir daha salamlayım və bu təntənəli mərasimdə iştirak etdiyinə görə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti adından və şəxsən öz adımdan ona təşəkkürümü bildirim.
Mən bu təntənəli buraxılış mərasimində Silahlı Qüvvələrimizin təhsil sistemində fəaliyyət göstərən şəxsləri, o cümlədən leytenant rütbəsi ilə Silahlı Qüvvələrimizin zabit korpusunun sıralarına daxil olan məzunların valideynlərini ürəkdən təbrik edir və onlara "Gözləriniz aydın olsun!" deyirəm!
Hörmətli mərasim iştirakçıları!
Xalqımız sabah Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 94-cü ildönümünü bayram edəcəkdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil dövlətimizin mühüm uğurlarından biridir. Ordumuzun tarixi əslində müstəqilliyimizin və suverenliyimizin tarixidir. Bu tarixi xalqımız öz azadlığı və istiqlalı uğrunda çarpışan övladlarının həyatı və qanı bahasına yaratmışdır. Azərbaycan Silahlı Qüvvələrinin də bu prosesdə xüsusi xidmətləri olmuş, dövlətçiliyimizin yeni səhifələrinin yazılmasında yaxından iştirak etmişdir. Bu həqiqəti Azərbaycan Ordusunun şəxsi heyəti böyük qürur hissi ilə dərk edir və sıralarında xidmət etdiyi Silahlı Qüvvələrin nüfuzunu gündəlik fədakar əməyi, döyüş hazırlığı, mənəvi-psixoloji hazırlıq və təhsil sahəsində əldə etdiyi yeni-yeni nailiyyətlərlə artırır.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin təhsil sistemi müasir standartlara uyğun olaraq təkmilləşir. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin təhsil ocaqlarında hərb elminin əsas prinsiplərinə uyğun zabit kadrları hazırlanır. Hərbi təhsil müəssisələrinin kursantları ölkəmizdə ali məktəblər arasında keçirilən olimpiadalarda və yarışlarda, NATO üzvü olan və tərəfdaş dövlətlərlə birgə keçirilən beynəlxalq təlimlərdə iştirak edirlər. Onların bu tədbirlərdə əldə etdiyi uğurlarla xalqımız öyünə bilər.
Hörmətli gənc zabitlər! Mən böyük qürur hissi ilə sizə müraciət edirəm! Siz bu gün torpaqlarımızı erməni işğalçılarından azad etmək üçün heç zaman olmadığı kimi döyüşlərə atılmağa hazır olmalısınız. Respublikamızın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu məqamı hər zaman öz diqqətində saxlayır. O, 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbul mərasimindəki çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunarkən demişdir: "Təkcə onu demək kifayətdir ki, hazırda Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün dövlət xərclərindən 50 faiz çoxdur. Əlbəttə, həm maddi-texniki təchizatımız böyük dərəcədə yaxşılaşır, həm də ordumuzun peşəkarlığı, döyüş qabiliyyəti artır. Bu gün Azərbaycan ordusu dünya miqyasında güclü orduların sırasındadır. Bundan sonrakı illərdə ordu quruculuğuna göstərilən diqqət daha da çox olacaq və biz daha da güclü orduya malik olacağıq".
Ali Baş Komandanın bu fikirləri Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin çiyninə daha artıq məsuliyyət yükü qoyur. Bu gün Silahlı Qüvvələrimizin hər bir əsgəri, giziri, zabiti və generalı torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi uğrunda döyüşə qalxmaq üçün xalqımızın iradəsi ilə respublikamızın Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, cənab İlham Əliyevin əmrinə müntəzirdir!
Möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Sizi əmin edirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Sizin hər bir əmrinizi yerinə yetirməyə hazırdır. Onu da qeyd etməliyəm ki, Sizin qayğınız sahəsində hərbi qulluqçuların sosial müdafiəsi gündən-günə güclənir. Bütövlükdə Silahlı Qüvvələrin hərbi qulluqçularının istifadəsi üçün 312 mənzil artıq təhvil verilib və qısa müddət ərzində 600-dən çox mənzil istifadəyə tam hazır olacaqdır. Sizin 2011-ci il dekabrın 28-də "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə", konkret olaraq "İyirmi təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin etmək haqqında" imzaladığınız fərman hərbi qulluqçulara dövlət qayğısının bariz nümunəsidir. Bu qayğının əyani nümunəsi olaraq bugünkü tədbirdə isə Siz 12 zabitə yeni mənzillərin orderlərini təqdim edəcəksiniz.
Bu münasibətlə mən, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti adından, bugünkü mərasim iştirakçıları adından və şəxsən öz adımdan Sizə dərin minnətdarlığımı bildirirəm.
Əziz məzunlar! Mən çıxışımı bir daha sizə müraciətlə bitirmək istəyirəm. Siz, xalqımıza və dövlətimizə şərəf və vicdan qanunu ilə, nizamnamələrin tələblərini yüksək səviyyədə yerinə yetirməklə xidmət etməlisiniz. Unutmayın ki, xalqımız sizin hər birinizdən şəxsi fədakarlıq, mətanət, mərdlik və qəhrəmanlıq gözləyir. Azərbaycan Silahlı Qüvvələrinin xalqımız və dövlətimiz qarşısında müqəddəs bir borcu vardır. Biz erməni işğalçıları tərəfindən zəbt olunmuş Dağlıq Qarabağı, Kəlbəcəri, Laçını, Qubadlını, Zəngilanı, Ağdamı, Füzulini və Cəbrayılı azad etməliyik və mütləq azad edəcəyik!
Sizə Vətənə müqəddəs xidmətlərinizdə uğurlar arzulayıram. Sağ olun.
* * *
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı mərasimdə nitq söylədi.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.