Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir (2)

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala ABUTALIBOV çıxış edərək dedi:
-Zati aliləri!
Möhtərəm Prezident!
Sizin 2011-ci il martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair keçirdiyiniz müşavirə və bununla əlaqədar 2011-2013-cü illər üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında imzaladığınız sərəncam respublikamızda aparılan nəhəng quruculuq işləri, eləcə də şəhərsalma mədəniyyəti baxımından son dərəcə vacib və əlamətdar bir hadisədir.
Tam əminlik hissi ilə bildirmək olar ki, sərəncamdan irəli gələn prinsipial müddəalar, məqsəd və vəzifələr, onların reallaşdırılması istiqamətində atılan addımlar müasir Azərbaycanın gələcək inkişafında mühüm rol oynayan modernləşmə siyasətinin gerçəkləşməsi işinə güclü təkan verəcəkdir. Bu istiqamətdə qarşıya qoyulan vəzifələrin məqsədyönlü, düşünülmüş şəkildə və məntiqi ardıcıllıqla həyata keçirilməsi nəticəsində Bakı şəhərinin və onun qəsəbələrinin sosial infrastrukturunda inkişafı təmin edən müsbət dinamika müşahidə edilmiş, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələri ilə əvəz olunması prosesi müşahidə edilmişdir. Başqa sözlə, möhtərəm Prezidentimiz tərəfindən imzalanmış bu Sərəncam qüvvəyə mindiyi andan əməli fəaliyyət proqramına çevrilmiş, görülmüş və görüləcək işlərin davamlı inkişafını hərtərəfli və sistemli şəkildə təmin etmişdir. Daha dəqiq desək, adı çəkilən bölgənin sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq beynəlxalq standartlara cavab verən asfalt yolların əsaslı təmiri və yenidən qurulması, küçə və məhəllədaxili ərazilərin işıqlandırma sistemi ilə təmin edilməsi, orta təhsil məktəblərinin, uşaq bağçaları-körpələr evlərinin əsaslı təmiri, tikintisi və bərpası ilə bağlı qısa zamanda, lakin böyük ərazidə insanların rahatlığına xidmət edən və sevincinə səbəb olan təqdirəlayiq işlər görülmüşdür. Bu işləri konkret faktların dili ilə göz önünə gətirməyimiz bizcə daha məqsədəuyğun olardı.
Məlumat üçün bildirirəm ki, bütövlükdə Bakı şəhəri və onun ətraf qəsəbələrində 310 orta təhsil məktəbi və 305 uşaq bağçası- körpələr evi fəaliyyət göstərir. Bunlardan 198 məktəb və 161 uşaq bağçası-körpələr evi 2011-2013-cü illər üzrə Dövlət Proqramına daxil edilmişdir.
Təsdiq olunmuş sosial-iqtisadi inkişaf Proqramına əsasən 2011-ci ildə adı çəkilən regionun 55 məktəbində tam əsaslı təmir işləri aparılmış, yeni məktəb korpuslarının və yeni sinif otaqlarının tikintisi başa çatdırılmışdır.
51 uşaq bağçası-körpələr evində də tam əsaslı təmir və bərpa işləri aparılmış, uçulub dağılmaq təhlükəsi olan bəzi obyektlər isə sökülərək yenidən inşa olunmuşdur.
2011-ci ilin Proqramında asfalt yolların əsaslı təmiri və yenidən qurulması, müasir standartlara cavab verən işıqlandırma sistemi ilə təchiz edilməsi diqqət mərkəzində olmuşdur.
Ötən il üçün nəzərdə tutulmuş Proqrama müvafiq olaraq Bakı şəhərinin 11 rayonunun 27 qəsəbəsi üzrə yollara 1 milyon 587 min kvadratmetr, başqa sözlə, 267 kilometrlik hissəyə asfalt örtüyü çəkilmişdir. Həmçinin kənd və qəsəbələrdə 5250 işıq dirəyi quraşdırılmışdır.
2012-ci il üçün 81 məktəbin əsaslı təmiri, yenidən qurulması, əlavə korpusların və yeni sinif otaqlarının inşa edilməsi prosesinə başlanılmışdır. Bu il, həmçinin 61 uşaq bağçası-körpələr evində əsaslı təmir və yenidənqurma işləri aparılır. Bu sosial obyektlərin vaxtında təhvil verilməsi məqsədi ilə sürətli iş rejiminə keçirilmişdir.
Gələn il Dövlət Proqramı çərçivəsində 63 məktəb və 43 uşaq bağçası-körpələr evində əsaslı təmir və tikinti işlərinin aparılması nəzərdə tutulmuşdur.
Möhtərəm Prezident! Sizin göstərişinizlə İqtisadi İnkişaf Nazirliyi tərəfindən yuxarıda adı çəkilən Dövlət Proqramına əlavə olaraq 112 məktəbdə və 65 uşaq bağçası-körpələr evində əsaslı təmir və tikinti işlərinin aparılması nəzərdə tutulmuşdur. Proqram təsdiq olunan andan bu işlərin yerinə yetirilməsi üçün əlavə tədbirlərin görülməsi zərurəti yaranacaqdır.
Heç şübhəsiz ki, Dövlət Proqramında nəzərdə tutulmuş işlər təkcə sosial obyektlərin inkişafına deyil, həm də regionda mövcud yeni iş yerlərinin açılmasına da öz müsbət təsirini göstərməkdədir. Belə ki, təkcə 2011-ci ildə bu Proqramın yerinə yetirilməsi nəticəsində 18 minə yaxın insan işlə təmin olunmuşdur. Cari ildə isə nəzərdə tutulan işlərin görülməsi üçün 21 minə yaxın işçi qüvvəsi cəlb edilmiş, gələn ildən isə bu rəqəm iki dəfədən artıq olacaqdır.
Hörmətli konfrans iştirakçıları! 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramının reallaşması ilə bağlı son dərəcə prinsipial əhəmiyyət kəsb edən bir məsələnin üzərində xüsusi dayanmaq istərdim. Söhbət möhtərəm Prezidentimizin görülmüş və görüləcək işlərin icrası ilə əlaqədar, həmçinin vəziyyətlə bilavasitə yerində tanış olmaq məqsədi ilə adı çəkilən bölgəyə səfərlərindən gedir. Prezidentimizin regionda gedən quruculuq proseslərini daim diqqət mərkəzində və nəzarətdə saxlaması, yerli əhali ilə keçirilən görüşlər zamanı aparılan söhbətlər, insanların istək, arzu və təkliflərini dövlət başçısı tərəfindən eşitmək yüksək təqdirə və diqqətə layiq haldır.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala ABUTALIBOV Prezident İlham Əliyevin məqsədyönlü və ardıcıl siyasəti nəticəsində son illərdə Bakı şəhəri və onun qəsəbələrinin əsaslı şəkildə inkişaf etdiyini, nəticədə paytaxtımızın dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini dedi. O, aparılan yenidənqurma işləri zamanı Qərb və Şərq memarlıq üslublarının peşəkarcasına uzlaşdırıldığını bildirdi. Hacıbala Abutalıbov Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi, mədəni inkişafına, həmçinin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və daha da möhkəmləndirilməsinə Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da töhfələrini əsirgəmədiyini, bunun xalqımız tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı. Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərlə bağlı paytaxt sakinlərinin dövlətimizin başçısına dərin minnətdarlıqlarını çatdıran Hacıbala Abutalıbov Dövlət Proqramının icrasının bir illiyi ilə əlaqədar konfransın yenidənqurma işlərinin daha da sürətləndirilməsinə təkan verəcəyinə əminliyini bildirdi.
* * *
Sonra iqtisadi inkişaf naziri Şahin MUSTAFAYEV çıxış etdi. Nazir Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasətin reallaşdırılmasında dövlət proqramlarının müstəsna rolunu qeyd etdi. Bildirdi ki, bu proqramların arasında ən vaciblərindən biri də "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"dır. Həmin Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına son iki ildə ümumilikdə 1,8 milyard manat vəsaitin ayrıldığını vurğulayan nazir dedi:
- Möhtərəm cənab Prezident!
Sizin tapşırığınıza əsasən, İqtisadi İnkişaf Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Proqramın icrasının əlaqələndirilməsi, görülən işlərin monitorinqi məqsədi ilə xüsusi işçi və monitorinq qrupları yaradılmış, işlərin gedişatı gündəlik nəzarətə götürülmüşdür. Monitorinqin nəticələri nazirliyin internet saytında yerləşdirilir və proqramda əks olunan bütün sahələr üzrə icraçı qurumların nümayəndələrinin iştirakı ilə mütəmadi müzakirə olunur. Proqram çərçivəsində sahələr üzrə görülmüş işləri yüksək diqqətinizə çatdırmaq istəyirəm.
Belə ki, yaşayış məntəqənlərinin qazlaşdırılması sahəsində tədbirlərin icrası davam etdirilmiş, paytaxt və qəsəbələrdə, eləcə də Abşeron rayonunun qəsəbə və kəndlərində 1210 kilometr yeni qaz kəmərləri çəkilmiş və yenidən qurulmuş, 160 min məişət qaz sayğacı quraşndırılmış və ya yeniləri ilə əvəz olunmuşdur. Ümumilikdə, ötən il Bakı şəhəri və qəsəbələri üzrə 22 min 190, Abşeron rayonunda isə 7 min 940 yeni abonent qazla təchiz edilmişdir.
Əhalinin elektrik enerjisi ilə təchizatı əsaslı şəkildə yaxşılaşdırılmış, son illər qışın sərt keçməsinə baxmayaraq, əhalinin və ölkə iqtisadiyyatının fasiləsiz enerji təchizatında ciddi problemlər yaşanmamışdır. Ötən il 1520 kilometr kabel və 200 kilometr yeni elektrik verilişi xətləri çəkilmiş, 330 kilometr elektrik verilişi xətlərində təmir-bərpa işləri aparılmışdır. Yeni enerji güclərinin yaradılması üçün elektrik stansiyalarının tikintisi davam etdirilmiş, "Şimal" elektrik stansiyasında 409 meqavat gücündə olan ikinci buxar-qaz enerji qurğusunun təməli qoyulmuşdur.
Yaşayış məntəqələrinin istilik təchizatının yaxşılaşdırılması işləri proqrama uyğun davam etdirilmiş, təmir-tikinti işləri yekunlaşmış 122 təhsil və səhiyyə obyekti istilik təchizatı ilə təmin edilmiş, 150-dən çox yaşayış binasına və sosial obyektə xidmət edən 6 qazanxana yenidən qurulmuşdur.
Paytaxt və qəsəbələrin yol-nəqliyyat infrastrukturu sahəsində ötən dövr ərzində magistral yolların yenidən qurulması işləri ilə yanaşı, 11 rayonun 27 qəsəbəsini əhatə edən 250 kilometr uzunluğunda rayon və qəsəbədaxili yol asfaltlanmış, uzunluğu 17 kilometr olan 6 qəsəbələrarası yol təmir olunmuşdur.
Şahin Mustafayev aparılan bütün işlərin əlaqələndirilərək ardıcıllıq nəzərə alınmaqla həyata keçirildiyini qeyd edərək bildirdi:
- Hesabat ilində 61 kilometr müxtəlif diametrli su və 57 kilometr kanalizasiya xətti və kollektor quraşdırılmış, 13 su anbarı və 4 su nasos stansiyası tikilmiş və yenidən qurulmuşdur.
Möhtərəm cənab Prezident!
Sizin ölkənin təhsil sisteminə, hər bir məktəbə və uşaq bağçasına göstərdiyiniz xüsusi diqqət və qayğının nəticəsidir ki, 30-dan artıq təhsil müəssisəsində işlərin gedişatı ilə şəxsən tanış olmuş, təməlqoyma və açılış mərasimlərində iştirak etmisiniz. Bu da təhsil müəssisələrinin inşası, təmir-bərpası və yenidən qurulması ilə bağlı tədbirləri daha da sürətləndirmiş, 55 məktəbdə və 51 uşaq bağçasında işlər başa çatmış, digər təhsil obyektləri üzrə isə davam etdirilir.
Tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə yeni, müasir tibb müəssisələrinin açılması, mövcud müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində, rayon və qəsəbələrdə ümumilikdə 14 xəstəxana, poliklinika, sanatoriya və digər tibb müəssisələri yenidən qurulmuş və təmir edilərək avadanlıqla təchiz olunmuşdur. 12 səhiyyə obyektində təmir-tikinti işləri, eləcə də gözdən əlillər üçün tədris-bərpa mərkəzinin, yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın və digər obyektlərin tikintisi davam etdirilmişdir.
Qəsəbələrdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tarixi-mədəni irsin qorunub saxlanılması istiqamətində işlər, o cümlədən Buzovna, Lökbatan, Nardaran, Rəsulzadə qəsəbələrində mədəniyyət obyektlərinin tikintisi və təmiri işləri davam etdirilmişdir.
Əhalinin, xüsusilə gənc nəslin hərtərəfli inkişafına xidmət edən bədən tərbiyəsi və idman infrastrukturunun inkişafı məqsədi ilə Xocəsən qəsəbəsində stadion yenidən qurulmuş, Nizami rayonunda 13 nömrəli İdman Mərkəzi əsaslı təmir olunmuş, qısa müddətdə müasir İdman-Konsert Kompleksinin tikintisi başa çatdırılmış, 65 min yerlik Olimpiya Stadionunun təməli qoyulmuş, Respublika Stadionunda isə təmir-bərpa işləri davam etdirilmişdir.
Paytaxt və qəsəbələrdə ekoloji tarazlığın qorunub saxlanması, ətraf mühitin yaxşılaşdırılması, istirahət parklarının salınması, abadlıq-quruculuq işləri davam etdirilmiş, ötən dövr ərzində 680 hektar sahədə 550 mindən çox ağac və kol bitkiləri əkilmiş, neft mədənlərində 420 hektar ərazidə neftlə çirklənmiş göllər qurudulmuş, həmin ərazilərdə yaşıllaşdırma və abadlıq işləri görülmüşdür.
Aparılmış monitorinqlər nəticəsində proqrama daxil olan bir sıra göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasının sürətləndirilməsi üçün əlavə tədbirlərin görülməsi zərurəti müəyyən edilmiş və cənab Prezident, Sizin tapşırığınıza uyğun olaraq, bununla bağlı əlavə tədbirlər planı qısa zamanda hazırlanıb yüksək diqqətinizə təqdim olunacaqdır.
Balaxanı poliqonunda tullantıların zərərsizləşdirilməsi prosesi daha da təkmilləşdirilmiş, yuma və dezinfeksiya məntəqələri tikilmiş, poliqondaxili yollar asfaltlanmış, ərazidə yaşıllaşdırma və abadlıq işləri genişləndirilmişdir.
Cənab Prezident, Sizin rəhbərliyinizlə aparılan sənayeləşmə siyasəti qəsəbələrin dinamik inkişafına ciddi təkan vermiş, müasir tikinti materialları, cihazqayırma, süd məhsulları emalı və sement zavodları, digər sənaye müəssisələri tikilmiş, yeni istehsal və emal sənayesi müəssisələrinin, o cümlədən bu il istismara veriləcək bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodlarının, Bakı Gəmiqayırma Zavodunun, transformator zavodunun və digər sənaye müəssisələrinin tikintisi davam etdirilir.
Bununla yanaşı, cənab Prezident, göstərişinizə əsasən, sənaye parklarının yaradılması, innovativ və yüksək texnologiyalara əsaslanan müəssisələrin təşkili sənayeləşmə sahəsində yeni dövrün başlanmasına təkan verəcəkdir.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi"nə həsr olunan 14 tədbir keçirildiyini və 2 min 400-dək sahibkara biznes sahəsində fəaliyyətlə bağlı iqtisadi biliklər verildiyini söyləyən nazir diqqətə çatdırdı:
-Fond tərəfindən Bakı qəsəbələri üzrə 300-dək sahibkara 46 milyon manat, bunlardan müasir texnologiyaların tətbiqinə əsaslanan 29 layihənin, o cümlədən 7 çörək istehsalı, 8 quşçuluq təsərrüfatı, 9 müasir istixana kompleksi, ət kəsimi və emalı, yeyinti sənayesi, metal konstruksiya istehsalı, mebel istehsalı və ixrac qabiliyyətli müxtəlif növ elektrik avadanlığı müəssisələrinin yaradılması üzrə layihələrin maliyyələşdirilməsinə 42,1 milyon manat güzəştli kreditlər verilmişdir. Müəssisələrdən 9-u istifadəyə verilmiş, bu ilin sonunadək 19-nun istifadəyə verilməsi planlaşdırılır. Bu kreditlər hesabına 2 mindən çox yeni iş yerinin yaradılacağı nəzərdə tutulur.
* * *
Sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Müşfiqabad qəsəbəsi üzrə nümayəndəsi Oqtay SADIQOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Sizin rəhbərliyinizlə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi yeniliklər, aparılan uğurlu daxili və xarici siyasət, neft kapitalını insan kapitalına çevirən islahatlar nəticəsində insanların maddi-rifah halı daha da yüksəlmişdir. Ona görə də vətəndaşlarımız Sizin rəhbərliyinizlə aparılan tikinti-quruculuq və abadlıq işlərini alqışlayır, daim Sizə minnətdarlıqlarını bildirirlər.
Bakı şəhər və ətraf qəsəbələrinin inkişafının təmin edilməsi, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılması məqsədi ilə 2011-ci il 4 may tarixli 1490 saylı Sərəncamınızla təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Qaradağ rayonunun hər bir qəsəbəsi üzrə müxtəlif sahələri əhatə edən 86 konkret tədbir nəzərdə tutulmuş və bunların əksəriyyəti uğurla həyata keçirilmişdir.
Qaradağ rayonunda əhalinin təbii qaz, elektrik enerjisi, istilik, içməli su ilə təchizatı, həmçinin yolların asfaltlanması, rabitə və informasiya texnologiyaları sahələrində görülən işləri xarakterizə edən Oqtay Sadıqov sahibkarlığın inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən də danışaraq bildirdi:
-Dövlət Proqramına uyğun olaraq sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində ölkədə aparılan islahatlar yeni müəssisələrin və iş yerlərinin yaradılmasına təkan vermişdir. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və bu sahəyə dövlət qayğısının artırılması məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu və müvəkkil banklar vasitəsilə rayonda fəaliyyət göstərən 20 sahibkarlıq subyektinə 1 milyon 515 min manat güzəştli kredit verilmişdir.
Rayonun təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı müvafiq Dövlət Proqramına uyğun olaraq 2011-ci ildə üç orta məktəb, iki uşaq bağçası əsaslı təmir olunmuş və iki orta məktəb üçün 36 əlavə sinif otağı tikilmişdir.
Qeyd etmək istəyirəm ki, Müşfiqabad qəsəbəsində yerləşən 67 nömrəli uşaq bağçası yüksək keyfiyyətlə əsaslı təmir olunmuş, müasir avadanlıqla təchiz edilmiş və istismara hazır vəziyyətdədir. Bağçanın kollektivi, valideynlər və xüsusən də uşaqlar Sizin açılış üçün qəsəbəyə gəlişinizi səbirsizliklə gözləyirlər. Cari ildə dörd orta məktəbdə, bir uşaq bağçasında əsaslı təmir işləri aparılır. İki peşə məktəbinin, Ələt və Puta qəsəbələrində hər biri 120 yerlik olmaqla iki uşaq bağçasının binalarının tikintisinin yeni tədris ilində başa çatması nəzərdə tutulmuşdur. Səngəçal qəsəbəsində yerləşən 222 nömrəli məktəb üçün 20 sinif otağından ibarət əlavə tədris korpusu tikilir.
Oqtay Sadıqov Qaradağ rayonunda səhiyyə, mədəniyyət və digər sosial obyektlərin tikintisi və yenidən qurulmasının da diqqət mərkəzində saxlandığını vurğulayaraq diqqətə çatdırdı:
- Cənab Prezident!
Sizin "Bakı şəhəri Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncamınıza uyğun olaraq Ələt qəsəbəsindəki 110 nömrəli məktəbdə əsaslı təmir işləri başa çatmış, təhsil ocağı müasir avadanlıqla təchiz olunaraq məktəblilərin ixtiyarına verilmişdir. 32 nömrəli poliklinikanın yeni binası da tikilmiş, hazırda binadaxili tamamlama işləri aparılır. Qobustan qəsəbəsində 800 şagird yerlik yeni məktəb və 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası üçün yeni binaların inşası davam etdirilir.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi Qaradağ rayonunun hərtərəfli tərəqqisinə, quruculuq-abadlıq işlərinin genişlənməsinə, qəsəbədaxili yolların yenidən qurulmasına, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin təmirinə, tikintisinə, bir sözlə, rayonun sosial simasının daha da müasirləşməsinə böyük təkan vermişdir.
Son dövrlərdə Qaradağa etdiyiniz səfərlər rayonumuza həssas münasibətinizin, gündəlik diqqət və qayğınızın parlaq təzahürüdür.
Rayonumuzda həyata keçirilən quruculuq və abadlıq işlərinə verdiyiniz yüksək qiymətə görə Sizə bütün qaradağlılar adından dərin təşəkkürümüzü və səmimi minnətdarlığımızı bildirir və Sizi əmin edirik ki, bundan sonra da qarşıya qoyduğunuz vəzifələri layiqincə yerinə yetirəcəyik.
* * *
Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi Qara QARAKİŞİYEV ötən bir il ərzində paytaxtın Nizami rayonunda da əsaslı tədbirlərin həyata keçirildiyini söyləyərək bildirdi:
- Möhtərəm Prezident!
Keçən il aprelin 1-də Siz qəsəbəmizə gələrək əhali ilə görüşdünüz, mövcud problemlərlə maraqlandınız. Rayonumuzda, eləcə də qəsəbədə aparılan abadlıq və yenidənqurma işləri ilə tanış oldunuz və görülən işlərə yüksək qiymət verərək razılığınızı bildirdiniz. Görüş zamanı sakinlərin qəsəbədəki problemlərlə bağlı Sizə etdiyi müraciətlər artıq həllini tapmaqdadır.
Belə ki, Nizami Abdullayev küçəsində 640 şagird yerlik müasir məktəb kompleksinin inşası üçün tərəfinizdən Sərəncam imzalanmışdır. Bu məktəb kompleksinin tikintisi başa çatdırılaraq tamamlanma işləri aparılır. Bundan əlavə, uzun illərdən bəri Babək prospektində problemə çevrilmiş işıqforun qoyulması öz müsbət həllini tapmış, piyadalar üçün iki yeraltı keçidin inşası başlanaraq sürətlə davam etdirilir. Heydər Əliyev prospektində, "Şəfa" stadionunun qarşısında tikintisinə başlanmış yerüstü keçid Pəhləvan Fərzəliyev küçəsinin "Şanxay" deyilən ərazisində yaşayan sakinlərin təhlükəsizliyini təmin edəcəkdir.
Keçən il və cari ilin altı ayında qəsəbənin əsas və daxili yollarına, səkilərə 78 min kvadratmetr asfalt örtüyü döşənmişdir. Demək olar ki, qəsəbənin ərazisində asfalt örtüyü salınmamış küçə qalmamışdır.
Qəsəbədəki 309 nömrəli uşaq bağçası müasir tələblərə uyğun yenidən qurulmuş və körpə balaların ixtiyarına verilmişdir.
Sizin qəsəbəyə gəlişinizdən sonra uzun illər inzibati binası olmayan Keşlə bələdiyyəsi üçün inzibati bina artıq tikilmişdir və bu günlərdə istifadəyə veriləcəkdir.
Sizin tapşırığınızla əvvəllər qəsəbəyə işləyən 221 nömrəli avtobus marşrutunun bərpası qəsəbə sakinləri tərəfindən böyük sevinc və rəğbətlə qarşılanmışdır.
Qara Qarakişiyev Nizami rayonunun Keşlə qəsəbəsində sakinlərin təbii qaz və elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün də ardıcıl tədbirlərin görüldüyünü qeyd edərək dedi:
- Qəsəbənin su ilə təchizatı və kanalizasiya xətlərinin yenilənməsi işində son bir ildə dönüş yaranmışdır. Belə ki, Babək prospektinin böyük bir ərazisində yağış yağan zaman su yığılırdı. Bu zaman tıxaclar yaranırdı ki, bu da sakinlərin haqlı narazılığına səbəb olurdu. Hazırda həmin ərazidə yağış sularının axıdılması üçün yeni kanalizasiya xətti çəkilərək mərkəzi kollektora birləşdirilmiş və bu problem aradan qaldırılmışdır.
Qəsəbə sakinlərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə iki 1000 kubmetr tutumlu su anbarının tikintisi planlaşdırılmışdır.
Möhtərəm cənab Prezident!
Qəsəbə sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən bu işlərə görə sakinlər adından Sizə dərin minnətdarlığımı bildirir və "Çox sağ olun!" deyirəm.
Sizi əmin edirəm ki, ulu öndərimiz Heydər Əliyevdən miras qalmış doğma Azərbaycanımızın daha da inkişaf etməsi və çiçəklənməsi istiqamətində apardığınız bütün işlərdə biz daim Sizinləyik.
Diqqətinizə görə təşəkkür edirəm.
***
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Vidadi SƏLİMOV Dövlət Proqramı çərçivəsində bu rayonda da silsilə layihələrin həyata keçirildiyini diqqətə çatdıraraq vurğuladı:
Belə ki, Dövlət proqramlarının yerinə yetirilməsi nəticəsində rayonda 10 minədək şagird yerlik 21 yeni məktəb binası və korpusları, 4 uşaq bağçası, 2 səhiyyə obyekti, 3 idman kompleksi tikilərək müasir avadanlıqla təchiz olunmuşdur. Onlarla təhsil, səhiyyə, mədəniyyət və digər sosial obyektlərdə əsaslı təmir, yenidənqurma işləri aparılmışdır və bu işlər indi də davam etdirilməkdədir. Əhalinin elektrik enerjisi, qaz və su təchizatı əsaslı surətdə yaxşılaşdırılmışdır. Heydər Əliyev Beynəlxalq Aeroportu və Hava Limanı-Bilgəh-Sumqayıt magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində yeni yol qovşaqlarının istifadəyə verilməsi, onun ətrafında aparılan yenidənqurma, abadlıq və yaşıllaşdırma işləri nəticəsində ərazinin xarici görünüşü inanılmaz dərəcədə dəyişmişdir. Görülmüş tədbirlər əsasında ərazidə ekoloji vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.
Vidadi Səlimov Dövlət Proqramı çərçivəsində Sabunçu rayonunda bütün sahələri əhatə edən 119 bənddən ibarət tədbirlər planının reallaşdırıldığını, o cümlədən Bakıxanov qəsəbəsində təhsil müəssisələrinin, müxtəlif inzibati binaların yenidən qurulduğunu bildirərək dedi:
Qəsəbədəki park və istirahət guşələrində, məhəllədaxili sahələrdə, yollarda yenidənqurma, abadlıq işləri aparılmış, sakinlərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması üzrə xeyli işlər görülmüşdür. Bu işlər xüsusilə son aylar ərzində daha geniş vüsət almışdır. Hazırda qəsəbənin mərkəzi Yavər Əliyev- Mehmandarov-Fətəliyev küçələri boyu binaların ətrafında yenidənqurma, abadlıq və onların fasadlarının müasir tələblərə uyğun üzlənməsi, Heydər Əliyev adına Parkın yenidən qurulması və orada Heydər Əliyev Mərkəzinin tikinti işləri həyata keçirilməkdədir ki, bütün bunlar da qəsəbənin ümumi görünüşünü daha da yaxşılaşdırır.
Möhtərəm cənab Prezident! Sizin rayonumuzda inşa edilən obyektlərin təməlqoyma, açılış mərasimlərindəki çoxsaylı iştirakınız və sakinlərlə görüşləriniz zamanı verdiyiniz tövsiyə və tapşırıqlardan sonra rayonda icraçı təşkilatlar, xüsusilə də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən proqramın həyata keçirilməsi daha da sürətləndirilmişdir. Ümumiyyətlə, Sizin hər bir gəlişiniz rayon ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır ki, bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Cənab Prezident! Sizin "Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə 2012-ci il 6 iyun tarixli Fərmanınız icra hakimiyyəti və onun nümayəndəliklərinin qarşısında rayon və qəsəbələrin sosial-iqtisadi inkişafı, əhalinin rifahının daha da yaxşılaşdırılması, onların hüquqlarının müdafiəsi üzrə böyük vəzifələr qoyur, fəaliyyətimizi daha da genişləndirməyə imkan verir. Sizin rəhbərliyiniz altında bu vəzifələrin öhdəsindən gələcəkdə də uğurla gələcəyimizə əminik və hər bir dövlət qulluqçusu kimi biz də bundan böyük şərəf duyuruq.
Sonda istərdim ki, rayonumuza göstərdiyiniz daimi diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirim, Azərbaycanımızın daha da inkişafı naminə apardığınız məqsədyönlü fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayım.
***
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbəsi üzrə nümayəndəsi Vahid DANİYEV bu rayonda da yenidənqurma tədbirlərinin vüsət götürdüyünü deyərək bildirdi:
- Son ilyarım ərzində Suraxanı rayonuna altı səfəriniz, bir çox müəssisələrin, sosial obyektlərin təməlinin qoyulması və istifadəyə verilməsi Suraxanı rayonunun sürətli inkişafından xəbər verir, bizə olan diqqət və qayğınızı təzahür etdirir.
Biz Suraxanı rayon sakinləri bu qayğıkeşliyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk!
Qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Suraxanı rayonunda müxtəlif sahələri əhatə edən 102 tədbirin həyata keçirilməsi nəzərdə tutulmuş, onlardan 77-nin icrasına artıq başlanılmışdır.
Qısa müddət keçməsinə baxmayaraq fəxrlə deyə bilərəm ki, hazırlanmış sistemli və müasir tipli layihələrin reallaşması nəticəsində rayonun sakinləri əsl sıçrayışın şahidi olmuşlar.
Belə ki, rayonun altı qəsəbəsində dörd məktəb üçün 1640 şagird yerlik əlavə tədris korpusları tikilmiş, beş məktəb binası, beş uşaq bağçası, uşaq musiqi məktəbi, doğum evi, uşaq və şəhər xəstəxanaları əsaslı təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuşdur.
Doqquz məktəbin, dörd uşaq bağçasının və uşaq evinin əsaslı təmirinə başlanılmışdır.
Suraxanı rayonunda həyata keçirilən digər yenidənqurma işlərindən danışan Vahid Daniyev dövlət başçısı ilə görüşlərdə qaldırılan məsələlərin də ardıcıllıqla həllini tapdığını vurğulayaraq diqqətə çatdırdı:
- Zati-aliləri!
Siz görülən abadlıq işləri ilə tanış olmaq üçün Bülbülə qəsəbəsində olarkən sakinlər Heydər Əliyev prospektinə çıxmaq üçün yeni bir yolun salınmasını, yeni məktəb binasının tikilməsini və 2 nömrəli Bərpa Xəstəxanasının yenidən qurulmasını xahiş etmişdilər. Tapşırığınıza əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qısa müddətdə müasir yol tikilmiş və 11 gün sonra Sizin həmin yolun açılışında iştirak etmək üçün rayona təkrar gəlişiniz sakinlərin böyük sevincinə səbəb olmuşdur.
Minnətdarlıq hissi ilə yüksək diqqətinizə məruzə edirəm ki, yeni məktəb binasının və 2 nömrəli Bərpa Xəstəxanasının yerində yeni müasir xəstəxana binasının tikintisi hazırda davam etdirilir.
Möhtərəm cənab Prezident!
Sizin diqqət və qayğınız sayəsində respublikamızın digər guşələri kimi təmsil etdiyim Yeni Suraxanı qəsəbəsində də görünməmiş yeniliklər baş vermişdir.
Keçən il iyulun 14-də qəsəbəmizdə sakinlərlə keçirdiyiniz görüşlər onların xatirəsinə əbədi həkk olunmuşdur.
Möhtərəm cənab Prezident!
Bərbad vəziyyətdə olan 85 nömrəli orta məktəb binasının yerində təməlini qoymaqla bizi şərəfləndirdiyiniz və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yüksək səviyyədə tikilmiş məktəb binası artıq şagirdləri qəbul etmək üçün hazırdır, qəsəbəmizin sakinləri Sizin xeyir-duanızı səbirsizliklə gözləyirlər.
"Turizm ili" elan etdiyiniz 2011-ci ildə Sizin diqqət və qayğınız sayəsində "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq qoruğunun beynəlxalq standartlara uyğunlaşdırılması, Heydər Əliyev prospektini qoruqla əlaqələndirən küçələrin, orada yerləşən binaların və hasarların yenidən qurulması, müvafiq infrastrukturun yaradılması işlərinə başlanılmış, məbədin daxilində arxeoloji qazıntı işləri davam etdirilmişdir. Bu müddət ərzində qoruq fəaliyyətini dayandırmamış, ölkəmizə gələn turistləri qəbul etmişdir.
Sizin tapşırıq və tövsiyələrinizə əsasən ölkəmizdə sahibkarlar üçün yaradılmış əlverişli şərait nəticəsində son ilyarım ərzində rayonumuzda 3 minə yaxın yeni iş yeri açılmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 19 sahibkara 2,2 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir.
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın nəcib təşəbbüsü sayəsində Yeni Günəşli yaşayış sahəsində ötən il istifadəyə verilmiş reabilitasiya mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlamlığının təmin edilməsi istiqamətində ən müasir üsullarla aparılan bərpa-müalicə işləri uşaqların və onların valideynlərinin böyük rəğbətini qazanmışdır. Fürsətdən istifadə edərək mərkəzin kollektivinin və valideynlərin dərin minnətdarlığını hörmətli Mehriban xanıma çatdırıram.
Möhtərəm cənab Prezident!
İcazənizlə qeyd etmək istərdim ki, bu gün burada səslənməyən və rayonumuzda həll olunmasına ehtiyac duyulan bəzi problemlərin həllinə dair təkliflər də Sizin tapşırığınıza əsasən hazırlanaraq tərəfimizdən İqtisadi İnkişaf Nazirliyinə təqdim olunmuşdur. İnanırıq ki, onların icrası əhalinin rifah halını daha da yaxşılaşdıracaqdır.
Qəsəbəmizə göstərdiyiniz diqqət və qayğıya görə sakinlər adından Sizə dərin təşəkkürümüzü bildirir, məsuliyyətimizi dərk edərək Sizi əmin edirik ki, üzərimizə düşən tapşırıqların keyfiyyətlə yerinə yetirilməsi üçün var qüvvəmizlə çalışacağıq.
***
Sonra Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Natiq BAĞIROV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Keçən il aprelin 20-də Badamdar qəsəbəsinin həyatında əlamətdar hadisə baş vermişdir. Həmin gün Siz görülən işlərlə tanışlıq üçün qəsəbəmizdə olmuş və ictimaiyyətin nümayəndələri ilə görüşmüsünüz. Bu görüş zamanı qəsəbədə həllini gözləyən, vətəndaşları narahat edən məsələlərlə maraqlanmış, sakinlərimizin təkliflərini dinləyərək, müvafiq tapşırıqlarınızı vermisiniz.
Bizim üçün çox mühüm və əhəmiyyətli olan bu görüşdən dərhal sonra Badamdar qəsəbəsində 120 yerlik uşaq bağçası və 880 şagird yerlik orta məktəb binalarının tikintisinə başlamaq üçün Sərəncam verdiniz.
Qısa müddət ərzində layihə sənədləri hazırlanaraq tikintiyə başlanılmışdır, cari tədris ilinədək təhvil verilməsi üçün hazırda işlər sürətlə davam etdirilir.
Diqqət və qayğınızın davamı olaraq "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Səbail rayonu və qəsəbələrinə də geniş yer ayrılmış, uzun illər həllini gözləyən problemlərlə bağlı tədbirlərin böyük bir hissəsi Proqrama daxil edilmişdir.
Natiq Bağırov Badamdar qəsəbəsində təbii qaz, elektrik enerjisi, içməli su və kanalizasiya sistemi ilə təchizatın yaxşılaşdırılması sahəsində xeyli iş görüldüyünü söyləyərək dedi:
- Proqrama uyğun olaraq, qəsəbənin yollarında əsaslı təmir-asfaltlaşdırma işləri həyata keçirilir. Yalnız son bir il ərzində qəsəbəmizin məhəllədaxili yollarına 80 min kvadratmetr asfalt qatı salınmışdır.
Dövlət Proqramında rayonun təhsil və səhiyyə müəssisələrinin təmirinə böyük yer ayrılmışdır. Keçən il rayonda bir məktəb yenidən tikilmiş, bir məktəb üçün yeni korpus inşa olunmuşdur. Beş orta, bir peşə məktəbində, iki uşaq yaradıcılıq mərkəzində, üç uşaq bağçasında əsaslı təmir aparılmışdır. Hazırda bir məktəb üçün idman və akt zalı olan əlavə korpusun, həmçinin uşaq musiqi məktəbinin sökülərək yenidən tikintisi başa çatmaq üzrədir. Eyni zamanda, iki məktəb və bir uşaq bağçasında, bir poliklinika və vərəm əleyhinə dispanserdə təmir işləri davam etdirilir. Qəsəbəmizdə tikiləcək yeni xəstəxana üçün isə yer müəyyənləşdirilərək layihələndirmə işlərinə başlanmış, idman zalının inşası üçün hazırlıq işləri aparılır.
Natiq Bağırov Dövlət Proqramı çərçivəsində Səbail rayonunda yenidənqurma və abadlıq tədbirlərinin daha da vüsət götürdüyünü diqqətə çatdıraraq dedi:
- Sizin təsdiq etdiyiniz layihə əsasında sahəsi bir hektara yaxın olan park yenidən qurulmuş, ulu öndərimizin əzəmətli büstü ucaldılmış, burada yeni fəvvarələr kompleksi qurulmuş, müasir avadanlıqla təchiz edilərək işlər artıq başa çatdırılmışdır.
Həyata keçirilmiş işlərlə yanaşı, qarşımızda hələ xeyli görüləsi işlər durur. Həmin işlərin icrası istiqamətində səylərimiz davam edir.
Möhtərəm cənab Prezident! İcazə verin, rayonumuza və qəsəbəmizə göstərilən diqqət və qayğıya görə Sizə rayonumuzun sakinləri adından dərin minnətdarlığımızı bildirim və Sizi əmin edim ki, hər birimiz bundan sonra da ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq, Sizin rəhbərliyiniz altında ölkəmizdə aparılan bütün işlərin uğurla nəticələnməsi üçün var qüvvəmizlə çalışacağıq.
Diqqətinizə görə təşəkkür edirəm.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında