Prezident İlham Əliyev Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 24-də Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak ediblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və “Paşa Holding” şirkətinin nümayəndəsi, layihə rəhbəri Kamil Əliyev kompleksdə görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdilər.

Bildirildi ki, yaşayış kompleksinin ümumi sahəsi 6,4 hektardır. Layihənin sifarişçisi “Paşa Holding”, podratçısı isə “Kristal Abşeron” MTK-dır. Yaşayış kompleksinin təməli 2017-ci il mayın 30-da Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Tikinti işləri yüksək səviyyədə həyata keçirilib və bu ilin may ayında başa çatdırılıb.

Layihə üzrə hər biri 2 bloklu, 9 mərtəbəli, 1026 mənzilli 11 yaşayış binası inşa olunub. Yaşayış kompleksinə üçmərtəbəli məktəb binası və uşaq bağçası daxildir. Yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri – 350 yerlik mərasim evi, poçt, tibb, polis məntəqələri və mənzil-istismar idarəsi yaradılıb. Ərazidə 35 min kilovatlıq yarımstansiya inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib, kanalizasiya şəbəkəsi yaradılıb.

Dövlətimizin başçısına məlumat verildi ki, bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 98-ci şəhərcikdir. Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu göstərir. Qaçqın və məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Qaçqın və məcburi köçkünlərin maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb.

Bu istiqamətdə atılan mühüm addımlardan biri də 2017-ci il martın 9-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirənin keçirilməsi oldu. Mehriban Əliyeva müşavirədəki çıxışında ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verdi. 2017-ci  ilin may ayında Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən “Ümid” yaşayış kompleksinin təməli qoyuldu. Abşeron rayonunun Masazır, Mehdiabad, o cümlədən Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edildi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni kompleksdəki mənzillərdə yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, buradakı mənzillərdən 108-i birotaqlı, 396-sı ikiotaqlı, 360-ı üçotaqlı, 162-si isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 73 min kvadratmetrdir. Bütün mənzillər təmir edilib və mətbəx mebeli ilə təchiz olunub. Yeni yaşayış kompleksində hazırda qəzalı binalarda məskunlaşmış 1026 məcburi köçkün ailəsi mənzillə təmin olunacaq.

Qeyd edək ki, 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. İndiyədək 52 min 500 ailənin və ya 265 mindən çox qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Bu işə 2,3 milyard manat vəsait sərf olunub. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 6,6 milyard manat vəsait xərclənib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə 14,8 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2 min məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib. Ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilib. Bununla da məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb.

Sonra dövlətimizin başçısı və birinci xanım 222 yerlik “Şirin Bala” uşaq bağçasında yaradılan şəraitlə də tanış oldular.

Qeyd edildi ki, burada balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar var. On bir qrupun fəaliyyət göstərəcəyi bağça uşaqların zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin edəcək. Otaqlar və dəhlizlər uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib. Binada videomüşahidə, yanğınxəbərverici sistemlər quraşdırılıb, uşaq bağçası zəruri mebel-inventar və avadanlıqla təchiz edilib. Bağçanın yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, müxtəlif çiçək və gül kolları, ağaclar əkilib. Ətrafda abadlıq və quruculuq işləri görülüb.

Daha sonra yaşayış kompleksində tikilmiş tam orta məktəbdəki şəraitlə tanış olan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, bu təhsil ocağı 624 şagird yerlikdir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb. Məktəbin kompüter otağında şagirdlər informasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər. İdman zalı da zəruri avadanlıqla təchiz edilib və burada şagirdlərin bədən tərbiyəsi ilə məşğul olmaları üçün hər cür imkan var. Akt zalında müxtəlif tədbirlər keçirmək mümkündür.

Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət edir. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə öz nadirliyi ilə seçilir.

Məktəblə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məcburi köçkünlərlə görüşdülər.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

 

Prezident İlham Əliyevin çıxışı

 

– Əziz dostlar, mən sizi “Qobu Park” yaşayış kompleksinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bu gözəl hadisə bir daha onu göstərir ki, Azərbaycan vətəndaşı, ağır vəziyyətdə yaşayan soydaşlarımız, məcburi köçkünlər daim diqqət mərkəzindədirlər.

Bu kompleksin yaradılması Azərbaycan dövlətinin siyasətini göstərir, köçkünlərə olan qayğının təzahürüdür. Cəmi bir il ərzində bu gözəl yaşayış kompleksi yaradılıbdır. Düz bir il bundan əvvəl bu kompleksin təməli qoyulmuşdur. O vaxt Mehriban Əliyeva təməlqoyma mərasimində iştirak etmişdir. Cəmi bir il ərzində gözəl yaşayış kompleksi yaradılıb.

Bu gün açılışına toplaşdığımız kompleksin bütün infrastrukturu yaradılıb. Elektrik, su, qaz xətləri, bütün infrastruktur məsələləri həll olunub, yollar çəkilib, həm qəsəbədaxili, həm də magistral yola çıxış yolu salınıbdır. Doqquzmərtəbəli on bir yaşayış binası tikilib, gözəl şərait yaradılıb. Mən indi mənzillərlə tanış olmuşam. Mənzillərin ümumi sahəsi 73 min kvadratmetrdir. Gözəl məktəb – 624 şagird yerlik, uşaq bağçası – 220 nəfərlik, tibb məntəqəsi, poçt məntəqəsi, polis məntəqəsi, yəni, yaşamaq üçün bütün şərait yaradılıb və ən yüksək səviyyədə. Gözəl ictimai zonalar yaradılıb, ağaclar əkilib, parklar salınıb. Hesab edirəm ki, bu, köçkün şəhərciklərinin arasında öz gözəlliyi və şəraiti ilə seçilən mərkəzlərdən biridir.

Bu şəhərciyin özəlliyi ondan ibarətdir ki, onun tikintisində özəl sektor fəal iştirak edib, əslində, bunun təşəbbüskarı, icraçısı olub. Son vaxtlar sahibkarlar bir çox sosial layihələr icra edirlər. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim, demişdim ki, sahibkarların sosial məsuliyyəti artmalıdır. Sahibkarlara Azərbaycanda gözəl şərait yaradılıb. Azərbaycan sahibkarlıq üçün çox gözəl ölkədir. Gözəl investisiya iqlimi yaradılır. Sabitlik, əmin-amanlıq hökm sürür. Biznesin inkişafı bizim dövlət siyasətimizdir. Bizim ümumi daxili məhsulumuzun 80 faizi özəl sektorda formalaşır. Belə olan halda daim mən sahibkarlara müraciət edərək tövsiyə etmişdim ki, onlar sosial layihələrə daha böyük diqqət göstərsinlər. Bu, bu sahədə görülən işlər arasında ən genişmiqyaslı layihədir. Bu günə qədər sahibkarlar məktəb, uşaq bağçası tikintisi ilə fəal məşğul olmuşlar. Ancaq məcburi köçkünlər üçün bu ölçüdə, bu miqyasda yaşayış mərkəzinin yaradılması ilk dəfə baş verir.

Bu yaşayış kompleksinin maliyyələşməsində də sahibkarlar iştirak ediblər. Dövlət bu kompleksin yaradılmasına vəsait ayırmayıb. Buna görə bu işi görən “Paşa Holding” şirkətinə öz təşəkkürümü bildirmək istəyirəm. “Paşa Holding” Azərbaycanda böyük quruculuq işləri ilə məşğuldur, ölkə iqtisadiyyatının müxtəlif sahələrinə böyük investisiyalar qoyur, minlərlə iş yerinin yaradılmasına çalışıb və nail olub. Bu gün bu şirkətin sosial məsuliyyəti göz qabağındadır.

Hesab edirəm ki, bu gözəl təşəbbüs digər böyük şirkətlər üçün də nümunə olmalıdır. Əminəm ki, növbəti illərdə məcburi köçkünlər üçün tikiləcək yeni yaşayış şəhərciklərində, mərkəzlərində özəl sektor da fəal iştirak edəcək. Ancaq təbii ki, əsas məsələni, əsas işləri dövlət öz üzərinə götürüb. Son illərdə dövlət xətti ilə köçkünlər üçün yüzə yaxın şəhərcik salınmışdır, istifadəyə verilmişdir. Mən onların bir çoxunun açılışında şəxsən iştirak etmişəm.

Biz hər il minlərlə köçkünü evlərlə təmin edirik. Bu il 20 min köçkün yeni mənzillərlə, evlərlə təmin ediləcək. Bu yaşayış kompleksində 1026 mənzil var. Yəni, burada 1026 ailə yaşayacaq və yaxşı şəraitdə yaşayacaq.

Məcburi köçkünlərin problemlərinin həlli və yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üzrə Dövlət Proqramı uğurla icra edilir. Qeyd etdiyim kimi, yüzə yaxın köçkün şəhərciyi salınıb. Bu məqsədlərə dövlət milyardlarla manat vəsait ayırıb. Qeyd etdiyim kimi, hər il minlərlə ailə evlərlə təmin olunur. Bu ilin sonuna qədər, ümumiyyətlə, son illər ərzində görülmüş işlər nəticəsində 285 min köçkün artıq evlərlə təmin olunacaq. Bu il onlardan təqribən 20 mini yeni evlərə köçəcəkdir.

Dövlət bu istiqamətdə öz siyasətini davam etdirir. Qeyd etdiyim kimi, özəl sektor da bu işlərə qoşulub. Bu da təbiidir. İmkanı olan şirkətlər ehtiyac içində yaşayanlar üçün gərək şərait yaratsınlar. Bu gözəl təşəbbüs əminəm ki, Azərbaycanda geniş vüsət alacaq. Dövlət isə öz tərəfindən bundan sonra da məcburi köçkünlərin problemlərinin həlli üçün çalışacaq. Həm bu il, həm gələn il sosial layihələr icra ediləcək. Biz, qeyd etdiyim kimi, bu işlərdə böyük uğurlara nail ola bilmişik. Salınan şəhərciklər arasında Cocuq Mərcanlı qəsəbəsinin bərpasını mən xüsusilə qeyd etmək istərdim. Keçən il o qəsəbənin yenidən qurulmasının açılışında iştirak etmişəm. Orada hazırda 150 ev, məktəb, uşaq bağçası, məscid tikilib. Ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzərini biz Cocuq Mərcanlıda inşa etdik.

Cocuq Mərcanlı kəndinin bərpası Azərbaycan xalqının əyilməz ruhunun göstəricisidir. Bu, bir daha göstərir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Bu, bir daha onu göstərir ki, bütün məcburi köçkünlər bir arzu ilə – öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar. Əminəm ki, biz buna nail olacağıq. Cocuq Mərcanlı kəndinin yenidən qurulması Aprel döyüşlərinin nəticəsindən, bizim parlaq qələbəmizdən sonra mümkün olmuşdur. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının ərazilərinin bir hissəsi işğalçılardan təmizlənəndən sonra bu qəsəbənin bərpası mümkün olmuşdur. Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi. Azərbaycan xalqı bir daha göstərdi ki, heç vaxt işğalla barışmayacaq və nəyin bahasına olursa-olsun, öz doğma torpaqlarına qayıdacaq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək. Bir daha demək istəyirəm ki, biz bu qəsəbənin timsalında köçkünlərin arzularını, niyyətlərini görürük. Cocuq Mərcanlıdan olan vətəndaşlar, uzun illər müxtəlif yerlərdə yaşamış insanlar imkan olan kimi dərhal öz kəndinə gəlməyə üstünlük verirlər. İndi orada həyat canlanır, şərait yaradılır, həm yaşamaq üçün, həm işləmək üçün bütün infrastruktur yaradılıb.

Bu, bir daha onu göstərir ki, biz bu gün dağılmış vəziyyətdə olan bütün şəhərlərimizi işğaldan azad edəndən sonra tezliklə bərpa edəcəyik. İşğal altında olan bütün ərazilərimizdəki tarixi abidələrimiz, məscidlərimiz, muzeylərimiz mənfur qonşular tərəfindən dağıdılıb, talan edilib. Bütün şəhərlərimiz dağıdılıb. Bu, misli görünməmiş vəhşilikdir. Dağıdılmış bu binaların, evlərin, məscidlərin görüntüləri erməni vəhşiliyinin yırtıcı xislətini göstərir. Ancaq biz torpaqlarımıza qayıdacağıq. Buna heç kimdə şübhə yoxdur, necə ki, Cocuq Mərcanlıya, Şıxarx qəsəbəsinə qayıtmışıq. Şıxarx qəsəbəsinin, işğaldan azad edilmiş torpaqlarda bu böyük qəsəbənin salınması bir daha onu göstərir ki, biz torpaqlarımızı işğalçılardan azad edəndən sonra o torpaqlara dərhal yeni həyat gəlir. Əminəm ki, Azərbaycan dövlətinin gücü, Azərbaycan xalqının iradəsi nəticəsində işğaldan sonra bütün şəhərlərimizi bərpa edəcəyik və o şəhərlərdə insanlar yaşayacaqlar, quracaqlar, ölkəmizin inkişafını təmin edəcəklər. 

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir. Bu işğal nəticəsində bizim vətəndaşlarımız məcburi köçkün həyatı yaşayırlar. Bütün beynəlxalq hüquq normalarını pozan Ermənistan vəhşilik törədib. Erməni faşizminin yırtıcı sifəti bu münaqişənin nəticələrində özünü büruzə verib. Ancaq Azərbaycan xalqı tam əmindir ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, bunu etməliyik. Həm beynəlxalq hüquq, həm də haqq-ədalət bizim tərəfimizdədir. Tarixi həqiqət bizim tərəfimizdədir və güc bizim tərəfimizdədir. Bu gün dünya miqyasında güc amili ön plana çıxır və güclü ölkələr öz istəyinə nail ola bilirlər. Azərbaycan da güclü ölkədir. Güclü ordumuz, güclü iqtisadiyyatımız və düşünülmüş siyasətimiz var.

Bu yaşayış kompleksi sizin üçün müvəqqəti yaşayış yeridir. Lakin biz istəyirik ki, müvəqqəti də olsa, şərait yaxşı olsun. Ancaq işğaldan sonra biz belə gözəl şəhərcikləri bu gün işğal altında olan torpaqlarda mütləq yaradacağıq.

Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm. Sizə cansağlığı, uğurlar arzulayıram.

Şuşadan olan məcburi köçkün Vəsilə XƏLİLOVA onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edərək dedi:

– Möhtərəm cənab Prezident!

– Hörmətli Birinci vitse-prezident!

Bu gün bütün məcburi köçkünlər adından Sizin qarşınızda çıxış etməkdən sonsuz qürur hissi keçirirəm.

Hörmətli cənab Prezident, icazə verin, əvvəlcə Sizi yenidən Prezident seçilməyiniz münasibətilə bütün məcburi köçkünlər adından bir daha səmimi qəlbdən təbrik edim. Bu, Azərbaycan xalqının qələbəsi idi. Aprelin 11-də keçirilən seçkilər xalqın Sizə olan böyük inamını, sevgisini, yüksək etimadını bir daha sübut etdi. Sizin mükəmməl inkişaf konsepsiyanız nəticəsində Azərbaycan sürətlə inkişaf edərək regionda lider dövlətə çevrilmişdir.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan məcburi köçkünlərə dövlət qayğısı bu gün onun siyasi kursunun layiqli davamçısı olan Sizin tərəfinizdən uğurla həyata keçirilir.

2003-cü ildə Siz prezident seçkiləri ərəfəsində ilk görüşünüzü də məhz məcburi köçkünlərlə keçirdiniz. Biləsuvar rayonu ərazisində onlar üçün salınmış yeni qəsəbənin açılışında Siz ölkədə bir dənə də olsun çadır şəhərciyinin qalmayacağını bəyan etdiniz və buna da nail oldunuz. Çadır şəhərcikləri artıq tarixə dönüb. Dünyanın heç bir yerində məcburi köçkünlər üçün bu qədər yeni mənzillər tikilib istifadəyə verilməyib.

2016-cı ilin aprelində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyat zamanı torpaqlarımızın bir hissəsinin, o cümlədən Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsinin xalqımızda böyük ruh yüksəkliyi yaratdığını vurğulayan Vəsilə Xəlilova dedi:

– Sizin tapşırığınıza əsasən, Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri olan məscidin tikilməsi biz şuşalıların qəlbində ümid çırağını bir daha alovlandırdı.

Məcburi köçkün Vəsilə Xəlilova Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətində qaçqın və məcburi köçkünlərin sosial məsələlərinin həllinə qayğının xüsusi yer tutduğunu bildirərək dedi:

– Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi fəaliyyət göstərdiyi bu illər ərzində Mehriban xanım mərhəmət, nəciblik, xeyirxahlıq kimi dəyərləri özündə birləşdirərək cəmiyyətin həssas təbəqələrindən sayılan məcburi köçkünlərin sosial problemlərinin aradan qaldırılması üçün bir sıra mühüm layihələrin müəllifi olmuşdur. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanımın, fondun vitse-prezidenti Leyla Əliyevanın zəhməti danılmazdır.

Hörmətli birinci xanım, ötən ilin mayında – müqəddəs Ramazan ayında Siz bu yaşayış kompleksinin təməlini qoydunuz. O vaxt yalnız maketini gördüyümüz bu yaşayış kompleksi gözlənildiyindən də yüksək səviyyədə, vaxtından əvvəl tikilib istifadəyə verildi. Artıq bu gün minlərlə məcburi köçkün burada doğma ev-eşiyinə qayıdanadək yeni və rahat mənzillərlə təmin olunacaq. Bu illər ərzində Sizin bizə göstərdiyiniz böyük diqqət və qayğı Vətən həsrəti ilə yanan qəlbimizdə bir təsəlli olmuş, gələcəyə nikbin baxmaq üçün bizə qol-qanad vermişdir.

Hörmətli cənab Prezident, biz inanırıq ki, düşmən əsarətində olan torpaqlarımız Sizin uğurlu daxili və xarici siyasətiniz nəticəsində tezliklə işğaldan azad olunacaq, məcburi köçkün adı xalqımız üçün tarixə çevriləcək və Sizin bəyan etdiyiniz kimi, Azərbaycanın üçrəngli bayrağı Xankəndidə, Şuşada, işğaldan azad olunan digər torpaqlarımızda dalğalanacaqdır.

Mənim bir müqəddəs arzum da var, cənab Prezident. O gün olsun ki, Siz və Mehriban xanım doğma Qarabağımızda, gözəl Şuşamızda evlərimizin ən əziz qonağı olasınız. Uca Yaradan Sizi qorusun.

* * *

Laçın rayonundan məcburi köçkün Möhübbət HƏSƏNOV da minnətdarlığını bildirərək dedi:

– Möhtərəm cənab Prezident, xoş gördük. İcazə verin, ilk növbədə, Sizi və Mehriban xanımı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə səmimi qəlbdən təbrik edək. Bu əziz gündə məcburi köçkün ailələrinə, onların övladlarına bu yaşayış kompleksini təqdim etdiyinizə görə məcburi köçkünlər adından Sizə dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun, Sizə minnətdarıq. 

* * *

Sonda xatirə şəkli çəkdirildi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında