Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışında iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlətimizin başçısına layihə ilə bağlı görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, layihə üzrə tikinti işlərinin icrasına 2012-ci ildən başlanılıb. Layihəyə əsasən Şərur şəhərinə, Mahmudkənd kəndinə və Zeyvə kəndinin bir hissəsinə su şəbəkəsi, Şərur şəhərinə kanalizasiya şəbəkəsi çəkilib və ev birləşmələri aparılıb. Layihənin birinci mərhələsi ötən ilin dekabrında başa çatıb. Layihəyə əsasən Arpaçay subölücüsündə gölün dibindən 6 metr dərinlikdə qalereya tikilib. Qalereyanın su sərfi saniyədə 1150 litr təşkil edir. Buradan su anbarlarına qədər diametri 900 millimetr olan plastik boru ilə 1500 metr xətt çəkilib. Xətt üzərində bir ədəd suboşaldıcı inşa olunub. Qalereyadan gələn su dezinfeksiya olunaraq su anbarlarına yığılır və öz axını ilə əhaliyə fasiləsiz ötürülür. Layihə çərçivəsində hər birinin tutumu 10 min kubmetr olan iki ədəd və tutumu 7 min 500 kubmetr olan bir ədəd, cəmi tutumu 27 min 500 kubmetr olan su anbarları tikilib. Su anbarlarından Şərur şəhərinədək 9,5 kilometr uzunluğunda xəttin tikintisi aparılıb.
Layihə ərazisində diametri 560 millimetrdən 63 millimetrə qədər plastik borularla 59,4 kilometr içməli su xətti çəkilib, 2500 ev su şəbəkəsinə qoşularaq sayğac quraşdırılıb. Su şəbəkəsi üzərində 7 yanğın hidrantı tikilib. Yerin relyefindən asılı olaraq mənzillərə su 2-5 bar arasında təzyiqlə verilir. Şərur şəhərində diametri 400 millimetrdən 200 millimetrə qədər olan borularla 19 kilometrdən çox daxili kanalizasiya şəbəkəsi çəkilib və 1500 ədəd ev kanalizasiya xəttinə qoşulub. Kanalizasiya sularının kənarlaşdırılması üçün diametri 400 millimetrdən 600 millimetrə qədər plastik borularla
7,3 kilometr uzunluğunda ana xəttin inşası aparılıb.
Bununla da Şərur şəhərində, Mahmudkənd kəndində və Zeyvə kəndinin bir hissəsində 13 min 500 nəfər Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə davamlı olaraq 24 saat təmin ediləcək.
Sonra dövlətimizin başçısı “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışını bildirən düyməni basdı.
Sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham ƏLİYEV dedi:
– Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm. Şərur şəhərinin içməli su problemi öz həllini tapıbdır. Gözəl, əlamətdar hadisədir. Mənə verilən məlumata görə, bir neçə kənd də indi içməli su ilə təmin olunur. Bu, çox vacib sosial layihədir. Naxçıvanın hər bir şəhərində içməli su-kanalizasiya layihələri icra edilir. Artıq Şərur Naxçıvan, Culfa, Şahbuz şəhərlərindən sonra dördüncü şəhərdir ki, bu məsələ öz həllini tam tapıbdır.
Siz yaxşı bilirsiniz ki, əvvəlki dövrlərdə içməli su məsələsi həmişə çox ciddi problem kimi insanları narahat edirdi. Ancaq bu gün Şərur şəhərinə tam təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğun içməli su verilibdir. Digər şəhərlərdə layihələr icra edilir və icra ediləcək. Yaxın gələcəkdə Naxçıvanın bütün şəhərlərinin içməli su-kanalizasiya layihələri tam başa çatacaq. Bu, ölkəmizin gücünü, qüdrətini, bizim sosial siyasətimizi göstərir. Həmişə demişəm, bu gün də demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun problemlərinin, qayğılarının, bütün sosial məsələlərin həlli üçün bizdə çox güclü iradə, imkanlar var və görülən işlər bizim siyasətimizi əks etdirir.
Naxçıvan Muxtar Respublikasında sosial sahənin inkişafı üçün çox böyük işlər görülübdür, xəstəxanalar, məktəblər tikilibdir, içməli su və digər infrastruktur layihələri icra edilir. Əlbəttə ki, bu məsələlər insanların rahat yaşaması üçün əsas şərtdir. İçməli su insan sağlamlığı üçün əsas məsələdir və biz bu məsələni ölkə üzrə hər bir yerdə həll edirik. Azərbaycanın hər bir yerində içməli su-kanalizasiya layihələri icra edilir və qarşıya vəzifə qoyulubdur ki, bütün şəhərlərin su şəbəkəsi, kanalizasiya xətləri yenidən qurulsun. İşlərin böyük əksəriyyəti demək olar ki, öz həllini tapıbdır. O cümlədən Naxçıvan Muxtar Respublikasında da bu işlərə böyük diqqət göstərilir və beləliklə, bu önəmli sosial məsələ öz həllini tapmış olur.
Sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif TALIBOV dedi:
– Möhtərəm Prezident, rayon ictimaiyyəti adından Sizə minnətdarlığımızı bildiririk ki, bu cür əhəmiyyətli məsələyə diqqət yetirirsiniz. Artıq muxtar respublika əhalisinin demək olar ki, 50 faizdən çoxu Dünya Səhiyyə Təşkilatının normalarından da yüksək səviyyəli su alır. Sağ olun.
Prezident İlham ƏLİYEV:
Çox gözəl.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.