Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin təməlində sabitlik, inkişaf və tərəqqi dayanır. Bu gün muxtar respublikanın davamlı inkişafı da bu siyasi xəttin bəhrəsidir. Aparılan quruculuq işləri və həyata keçirilən sosial-iqtisadi islahatlar bölgələrin tarazlı inkişafına səbəb olub. Bu gün kəndlərdə müasir şəhər infrastrukturu yaradılır. Sakinlərin rahat yaşayışı təmin olunur, əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəldilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, oktyabrın 20-də Şərur rayonunun Qarahəsənli kəndində yeni sosial obyektlər istifadəyə verilib.
Kənd yolu yenidən qurulub
Hər bir yaşayış məntəqəsinin inkişafı onun yolundan başlanır. Müasir yol rahat yaşayış deməkdir. Muxtar respublikanın kəndlərində də yolların yenidən qurulmasına xüsusi diqqət yetirilir.
Oktyabrın 20-də Qarahəsənli kənd avtomobil yolu yenidənqurma işlərindən sonra istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yolun açılışını bildirən lenti kəsib.
Bildirilib ki, 3 kilometrlik yol genişləndirilərək asfalt örtük salınıb, hərəkət qaydalarına uyğun olaraq işarələnib, 4,8 kilometrlik kənddaxili yol hamarlanaraq qum-çınqıl qatı verilib, ilin bütün fəsillərində nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilib. Yolun üzərindəki körpü təmir olunub, 28 su keçidi qoyulub, 928 metrlik beton kanal çəkilib.
Qarahəsənli kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib
Oktyabrın 20-də Qarahəsənli kənd tam orta məktəbinin yeni binasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Məlumat verilib ki, 2 mərtəbəli binada müasir tədrisin tələblərinə uyğun şərait yaradılıb, əyani vəsaitlər və yeni texnologiyalarla təmin olunmuş fənn kabinələri istifadəyə verilib. 234 yerlik məktəb binasında 3-ü elektron lövhəli olmaqla 12 sinif otağı, fizika və kimya-biologiya laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter otağı, müəllimlər otağı, psixoloq otağı, kitabxana və idman zalı var. Məktəbin kitabxanasında 988-i dərslik və 1904-ü bədii ədəbiyyat olmaqla, 2892 kitab var. Burada oxunması zəruri olan kitablardan ibarət guşə də yaradılıb.
Kompüter otağında sürətli internetə çıxışı olan 19 kompüter quraşdırılıb. Elektron lövhəli sinifdə “Əlincəqala” Dövlət Tarix Memarlıq Muzeyi ilə interaktiv əlaqə yaradılıb, eyni vaxtda interaktiv dərs muxtar respublikanın 218 təhsil müəssisəsində izlənilib.
Şahmat sinfinə baxış zamanı qeyd olunub ki, məktəbdə həftədə iki saat şahmat dərsi tədris olunur. Bu da şagirdlərin zehni inkişafına kömək göstərir. Hazırda məktəbin şagirdləri şahmat üzrə rayon və muxtar respublika birinciliklərində uğurla iştirak edirlər. Bir şagird şahmat üzrə muxtar respublika birinciliyində ikinci yerə layiq görülüb.
Məktəbin fizika və kimya-biologiya laboratoriyaları əyani vəsaitlər, elektron dərslik və elektron lövhə ilə təmin edilib.
Ali Məclisin sədri dəqiq elmlərin tədrisində elektron dərsliklərdən və əyani vəsaitlərdən istifadənin vacibliyini vurğulayıb, tədrisin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.
Ali Məclisin sədri qarşıya qoyulan vəzifələrin icrasında müəllimlərə uğurlar arzulayıb.
Məktəb binasının həyətində də abadlıq işləri aparılıb, bufet və açıq idman qurğuları istifadəyə verilib.
Qarahəsənli kənd mərkəzində hərtərəfli şərait yaradılıb
Həmin gün Qarahəsənlidə kənd mərkəzinin də açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mərkəzin açılışını edib.
Bildirilib ki, mərkəzdə inzibati ərazi dairəsi və kənd bələdiyyəsi üçün iş otaqları, baytarlıq məntəqəsi, 3354 kitab fondu olan kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı üçün otaq, rabitə evi, feldşer-mama məntəqəsi, statistika otağı, 44 yerlik zal, polis sahə məntəqəsi və mədəniyyət evi yerləşir. Rabitə evində poçt bölməsi fəaliyyətə başlayıb, 224 yerlik ATS quraşdırılıb, kənddə abonentlərə genişzolaqlı və sürətli internet xidmətinin göstərilməsi təmin edilib.
Yeni Azərbaycan Partiyası Qarahəsənli kənd ərazi ilk təşkilatının sədri Baxşəli Zeynalov deyib ki, kənd quruculuq işlərindən sonra müasir yaşayış məntəqəsinə çevrilib. Sakinlər bu işə öz töhfələrini vermək üçün səylə çalışırlar. Partiyanın ərazi ilk təşkilatının 65 üzvü var ki, onların da çox hissəsi gənclər və ali təhsili olanlardır. Partiya üzvləri kəndin ictimai-mədəni həyatında fəal iştirak edirlər. Çalışırıq ki, qurulanlardan, yaradılanlardan səmərəli istifadə edərək onları gələcək nəsillər üçün qoruyub saxlayaq.
Ali Məclisin sədri kənddə idarəetmənin təşkili, əhalinin məşğuliyyəti və yaşayışı ilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini verib.
Tibbi avadanlıqlar və dərman vasitələri ilə təchiz olunmuş feldşer-mama məntəqəsi mərkəzin birinci mərtəbəsində yerləşir və
4 otaqdan ibarətdir. Burada peyvənd və ilkin tibbi yardım çantaları qoyulub, sakinlərin sağlamlığının qorunması üçün lazımi şərait yaradılıb.
Baxış zamanı qeyd olunub ki, kənddə uşaqlar mütəmadi olaraq peyvəndə cəlb olunur, hamilə qadınlarla işə xüsusi diqqət yetirilir. Bu il Qarahəsənli kəndində
16 uşaq doğulub.
Kənddə yeni xidmət mərkəzi istifadəyə verilib
Oktyabrın 20-də Qarahəsənli kəndində yeni xidmət mərkəzi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, mağazalarda və xidmət sahələrində yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları olmaqla 2 mağaza, 2 anbar və dərzi fəaliyyət göstərir. Mərkəzdə 6 nəfər işlə təmin olunub.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüş olub.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.