Belaruslu qonaqlar İsmayıllıda

 

İsmayıllı rayonu ilə Belarus Respublikası Minsk vilayətinin Nesvij rayonu bir neçə ildir ki, qardaşlaşmış şəhərlər müqaviləsi əsasında qarşılıqlı səfərlər edir, kənd təsərrüfatı və mədəniyyət sahəsində təcrübə mübadilələri aparırlar. Nesvij rayon Xalq Deputatları Sovetinin sədri Lazyuk Valeri Mixayloviçin rəhbərliyi ilə İsmayıllıya səfərə gəlmiş nümayəndə heyətini 31 avqust 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində rayon icra hakimiyətinin başçısı Mirdaməd Sadıqov qəbul edib.

Qəbulda Milli Məclisin deputatı Novruzəli Aslanov iştirak edib.

Mirdaməd Sadıqov qonaqları salamlayıb, onları İsmayıllıda görməkdən məmnunluq duyduğunu bildirib. İsmayıllının sosial-iqtisadi göstəriciləri, tarixi, coğrafiyası, əhali tərkibi,  xalq yaradıcılığı, xüsusilə inkişafda olan kənd təsərrüfatı ilə əlaqədar ətraflı məlumat verib. Taxılçılıqda və digər istehsal sahələrində Belarusun təcrübəsindən faydalanmağın zəruriliyini qeyd edib.

Mirdaməd Sadıqov qonaqların diqqətinə çatdırıb ki, aprel döyüşləri zamanı da Belarus dövləti öz obyektiv, ədalətli mövqeyini bir daha nümayiş etdirib. Dövlətlərimizin, xalqlarımızın yaxınlığı və dostluğu problemlərin uğurlu həlli üçün geniş imkanlar açır.

Millət vəkili Novruzəli Aslanov qonaqları salamlayıb və Azərbaycanın, ölkənin sürətli inkişafında xüsusi yeri olan İsmayıllının nailiyyətlərindən ətraflı danışıb. Qanun yaradıcılığında üzvü olduğu komitənin fəaliyyəti barədə məlumat verib.

Nümayəndə heyətinin rəhbəri, Nesvij rayon Xalq Deputatları Sovetinin sədri Valeri Lazyuk səmimi qəbul və işgüzar görüş üçün yaradılan şəraitə görə rayon rəhbərliyinə təşəkkür edib. Bir gün ərzində Bakı və ondan sonra İsmayıllı ilə tanışlıqdan onlarda yaranan təssüratın sözlə ifadəsinə çətinlik çəkdiyini deyib.

“Novaya Jizn” aqrokombinatının direktoru Andrey Rotanski İvanovkada kənd təsərrüfatı istehsalının uğurlu təşkilindən danışıb və qeyd edib ki, burada təsərrüfatı qarşılıqlı təcrübə mübadiləsi əsasında daha da inkişaf etdirmək mümkündür.

Mirdaməd Sadıqov rayon icra hakimiyyəti adından qiyməyli hədiyyələri qonaqlara təqdim edib.

Sonra Heydər Əliyev Mərkəzinin akt zalında Basqal Kəlağayısı –“Kəlağayı” kitabı və filminin təqdimatı olub. Təqdimatı Bakı Dövlət Universitetinin professoru, kəlağayı tədqiqatçısı, kəlağayının UNESCO-nun qeyri-maddi-mədəni irs siyahısına daxil olunmasında elmi xidmətləri olan Rəna İbrahimbəyova keçirib.

Mirdaməd Sadıqov və Novruzəli Aslanov yüksək səviyyəli təqdimat üçün Rəna İbrahimbəyovaya, onun həyat və sənət yoldaşı Cəlil Tarverdiyevə təşəkkürlərini bildiriblər. Onlar eyni zamanda təqdimatda iştirak edən gənclərə xalq yaradıcılığını, xalq sənətkarlığını öyrənməyi və yaşatmağı tövsiyə ediblər. Valeri Lazyuk xalq sənətini elmi əsaslarla yaşatdığına görə Rəna xanıma və İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə razılığını bildirib.

Qeyd edib ki, belə təcrübəli mütəxəssislərin yolunu gənclər  daha geniş miqyasda davam etdirməlidirlər.

Qəbul və təqdimata qədər Belarusdan gələn qonaqlar multikultural və tolerant rayon olan İsmayıllının Lahıc qəsəbəsində, İvanovka kəndində, Qalacıq zonasında, “Xoşbəxt-X” xalça sexində, müxtəlif emal müəssisələrində olublar.

Növbəti səfərlər Qəbələ və Şəki şəhərlərinə olacaqdır.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında