"Gündoğar" ölkənin uğurlarının sirri nədədir?{nl}
Zaman insanı gözləmir.
Yapon atalar sözü
{nl}
Zamana münasibət fərqlidir. Bəziləri onun tez, digərlərisə gec keçməsindən şikayətlənir və belə münasibətə uyğun da hərəkət edirlər. Yaponları birmənalı olaraq birincilərin sırasına aid etmək olar. Bu kiçikboylu nəhəng ruhlu insanlar həmişə zamana qısqanclıqla yanaşır və harayasa tələsirlər. Amma onların bu tələskənliyi "Yaponiya möcüzəsi" adında möhtəşəm inkişaf tarixinin yaranmasıyla nəticələndi və "Made in Japan" kimi məşhur deyimin milyonlarla insanın xatirəsində həkk olunmasına səbəb oldu. Ən əsası, iqtisadi dərsliklərə mövzu olmaqla yanaşı, yaxın-uzaq ölkələr üçün inkişaf qaynağına çevrildi.
Bəs, bu "möcüzə" necə baş verdi? Yaponiya hər zamanmı varlı ölkə olub? Təbii ki, yox. Bəs, yapon maqnitofonları, avtomobilləri və robotları necə, hər zamanmı məişət dünyamızda yer alıb? Bu suala da müsbət cavab vermək mümkün deyil. Yaponiya 19-cu əsrin ortalarınadək indi zənn edildiyi kimi, dünyanı istehsal etdikləri məhsullarla da zəbt etməmişdi. Həmin dövrdə beynəlxalq ticarətin sürətləndiyi və inteqrasiyanın zamanın ruhuna uyğun tempdə getməsinə baxmayaraq, yaponlar nəinki xarici aləmlə təmaslarını inkişaf etdirməyə başlamışdılar, sənət seçməkdə belə sərbəstliyə malik deyildilər. Hətta adanı belə tərk etməyə qorxurdular, çünki Tokuqava sequnlarının hakimiyyəti dövründə adanı tərk etmək ölümə bərabər tutulurdu. Tacirlərə də yalnız Naqasaki şəhəri yaxınlığında yerləşən kiçik Deycima adasında ticarətlə məşğul olmağa icazə verilirdi. "Böyük asayiş" adlandırılan dövrdə hətta ölkə daxilində azad şəkildə ticarətlə məşğul olmaq mümkün deyildi.
İnanmayacaqsınız, o dövrdə sıravi vətəndaşlara pulları olsa belə, cah-cəlal almaq da qadağan olunmuşdu. Yəni hamı yerini bilməliydi. Ölkədə tez-tez aclıq baş verirdi, ona görə ki, kəndlilərə normadan artıq məhsul satmağa icazə verilmirdi. Sonunda özünəqapanmağa qarşı çıxan yaponlar Sequnatlığı rejimi yumşaltmağa məcbur etdilər. Yaponiya ilə ticarət əlaqələrinin qurulmasında maraqlı olan amerikalılar da bu işdə yerli əhaliyə yardım göstərdilər. 1857-ci ildə Tokuqava hakimiyyəti amerikalıların şərtlərilə razılaşdı, yəni ticarətin təkcə Naqasaki şəhərində deyil, daha 5 şəhərdə aparılmasına və 40 il ərzində 5 faiz gömrük rüsumları yığılmasına icazə verdi. Bundan başqa, Sequn ticari mübahisələrin Yaponiya məhkəmələrində yox, ABŞ səfirliyində həll edilməsi tələbini qəbul etdi. Analoji müqavilələr tezliklə İngiltərə, Fransa və Rusiya ilə də imzalandı. Yaponiya imkanlarının hüdudlarından kənara çıxmağa başladı. Ölkədə baş vermiş radikal dəyişikliklər cəmiyyətin bütün təbəqələrini əhatə etdi. Belə ki, keçmiş feodallar, samuraylar, tacirlər və kəndlilər qanun qarşısında bərabər elan olundular. Hökumət daxili ticarətin inkişafına mane olan bütün maneələri aradan qaldırdı. Statusundan asılı olmayaraq, pulu olan şəxsə torpaq almaq hüququ verildi. Amma sərbəst ticarətin özü ilə gətirdiyi rəqabət bir çox tacirlərin müflisləşməsinə səbəb oldu və getdikcə Yaponiyada şəxsi zavod və fabriklərin sayı artdı. İpək sənayesi və pambıq istehsalı sürətlə inkişaf etdi. Şəxsi dəmir yolu şirkətlərinin yaranması da dövlətin analoji şirkətlərinin kölgədə qalmasına gətirib çıxardı. İş təcrübəsi və çalışqanlıq sayəsində yaponlar sürətlə feodalizmin qalıqlarından imtina etməyə başladılar.
Amma burada maraqlı bir məqama toxunmaq yerinə düşərdi. Söhbət dövlət aparatının özəl sektorun sürətlə inkişaf etməsinə olan münasibətindən gedir. Yox, məmurlar sahibkarları küncə sıxışdırmaq barədə düşünmürdülər. Sadəcə, hökumət dövlət şirkətlərinin arxivə yuvarlanmamaları üçün xüsusi iqtisadi proqramların üzərində fikirləşməyə və həyata keçirməyə başladı. Öncə əməktutumlu sektor hədəfə götürüldü. Poçt, teleqraf xidməti və dəmir yolları şəbəkəsi yaradıldı. Bundan başqa, dövlət gəmiqayırma, kərpic və ipək istehsalını nəzarəti altına götürdü. Lakin dövlətin bütün investiya fəaliyyəti arzuolunan nəticələrlə yekunlaşmadı. Böyük məbləğdə yatırılan kapital özünü doğrultmadı və bu təcrübə şkafın rəfinə atıldı. Təbii ki, hökumət gəmiqayırma zavodlarını milli təhlükəsizliyin vacib faktoru kimi nəzərdən keçirirdi. Lakin hökumətin istəyi Naqasaki tərsanələrində bəzi kiçik təmir işlərinin təşkili ilə nəticələndi. O dövrün yazarları dövlət sektorunda yaranmış acınacaqlı vəziyyəti məmurların dəyər yarada bilməmələri ilə izah edirdilər. 100 il sonra da bu dəfə kompyuterlərlə silahlanan yapon məmurlarının varisləri də uğur qazanılmasında sələflərindən o qədər də irəli getmədilər. Mütəxəssislərin fikrincə, Yaponiyanı dövlət xərclərinin Ümumi Daxili Məhsul istehsalının 12-14 faiz səviyyəsində olması xilas edirdi. Bürokratiyanın dövlət şirkətlərinə ünvanlı maliyyə yardımı da vəziyyəti yaxşılaşdırmadı. Varlı ticarət evlərinə məxsus Simoda, Ono və Mutsui şirkətlərinə maliyyə yardımı ayrılsa da, yalnız sonuncu korporasiya fəaliyyətini qoruyub saxlaya bildi.
Təbii ki, özəl sektorun yaranmasında və inkişafında dövlətin rolunu danmaq da düzgün olmazdı. Bu gün Yaponiyanın simasını təşkil edən bir çox məşhur korporasiyaların ayaqüstə möhkəm durmalarında dövlət də böyük rol oynamışdı. Məsələn, "Mitsubişi" kimi məşhur korporasiyanın yaradıcısı İvasari Yataro gəmi istehsalında liderliyi ələ almaqda dövlətin köməyini hiss etmişdi. Yaponiyanın digər nəhəng "Sumitomo" şirkətini təsis etmiş Hirose Sayhey də mis istehsalında rəqib tanımamasına dövlət yardım göstərmişdi. Bu güzəştli şirkətləri yaponlar "dzaybatsu" adlandırırlar. Məhz bu şirkətlər yapon intervensianizminin (qarışıq mülkiyyət formasına əsaslanan və maliyyə-kredit sahəsində, eyni zamanda, istehsalatda dəyərin formalaşdırılmasında dövlət inhisarıyla xarakterizə edilən sosial-iqtisadi sistem) sementi rolunda çıxış edirdilər. Amma maraqlıdır ki, o zaman "gündoğan" ölkənin ən iri ixracatçıları dotasiya alan korporasiyalar yox, yüngül sənayeçilər və kənd təsərrüfatında tər tökən fermerlər idi. Amerikalı alim U.Lokvudun fikrincə, həmin dövrdə məhz bu sahələr məhsuldarlığın və milli gəlirin artmasının ilkin səbəbləri olmuşdu. İri korporasiyalara ayrılan dövlət xərclərisə borcu və inflyasiya səviyyəsini artırırdı.
Təbii ki, belə mənzərə sürətli modernləşmə yolunu tutmuş dövləti razı sala bilməzdi. 1882-ci ildə yeni maliyyə naziri Matsukata Masayoşi dotasiyaların ayrılması praktikasına son verdi və zərərlə işləyən dövlət müəssisələrini satışa çıxardı və dövləti iqtisadiyyatdan maksimal dərəcədə uzaq tutmağa çalışdı. Maraqlıdır ki, həmin dövrdə həyata keçirilən özəlləşdirmə hökumətin iqtisadi siyasətinin nə dərəcədə səmərəsiz olduğunu nümayiş etdirmişdi. Məsələn, 1885-ci ildə sahibkar Furukava İçibey mis mədənlərinə 338 min ien ödədiyi halda (mis mədənləri ingilislərə məxsus idi), dövlət bu mədənlərə 1,7 milyon ien xərcləmişdi. 2,4 milyon ien "basdırılmış" Mamaişi mədəninə yaponiyalı sahibkar cəmi 12,6 min ien ödəmişdi. 80 min ienə satılmış şüşə zavodunasa dövlət 350 min ien kapital yatırmışdı. Özəlləşdirmədən əldə olunan vəsait milli borcun ödənilməsinə yönəldildi. Dövlətin iştirakı olmadan tədricən ölkənin dayanıqlı milli bank sistemi formalaşmağa başladı. Cəmiyyətin sahibkarlığa münasibəti dəyişdi. Azad sahibkarlığın inkişafına təkan vermiş nəzəriyyə və fikirlərə yer verildi.
Beləliklə, Yaponiya feodalizmdən müasirliyə doğru böyük addım atdı və keçid qısa zaman kəsiyində baş verdi. Şəxsi təşəbbüskarlıq sayəsində yaponlar samuray qılıncını qınına qoyaraq, müasir Yaponiya yaratdılar. İnhisarçı korporasiyalar deyil, fermer və yüngül sənaye istehsalçıları Yaponiyanı inkişaf yoluna çıxardılar. Soykökü zadəganlara bağlı olmayan sadə yaponlar Avropada təhsil alaraq Yaponiyanın çiçəklənməsinə təkan verdilər. Ancaq nə yazıq ki, İkinci Dünya müharibəsinin nəticələri "yapon möcüzəsi"nin ləngiməsinə səbəb oldu. Müharibə xalqlara həmişə fəlakət və gerilik gətirir. Amma elə müharibələr də var ki, nəticələrinə qatlanmaq heç də hər bir xalqa nəsib olmur. Belə müharibələrdən biri olan İkinci Dünya müharibəsinin nəticələri Yaponiya xalqının taleyində çox dərin iz buraxdı. Atom bombasının dəhşətini hiss etməklə yanaşı, yapon xalqı tarixində ilk dəfə olaraq işğal altına düşdü. Şəhərləri dağılmış, torpaqları yanmış, iqtisadiyyatı yox olmuş ölkənin vətəndaşı olmaq ağır yük idi. Doğrusu, imkanlarının hüdudlarını zorlayan ölkənin aqibəti başqa cür ola da bilməzdi. Reallıq hissini itirmiş ölkə rəhbərliyinin "xüsusi missiya yerinə yetirmək" arzusu yapon xalqına çox baha başa gəldi.
Məğlubiyyət nəticəsində Yaponiya müharibəyədək zəbt etdiyi torpaqlarla vidalaşmalı oldu. Kapitulyasiya və bunun ardından da işğal on illərlə cəmiyyəti idarə etmiş hərbi elitanın məğlubedilməzlik mifini alt-üst etdi və onları gözdən saldı. Bunun nəticəsidir ki, Yaponiya militarist siyasətindən uzaqlaşdı və işğalçı hakimiyyətlə əməkdaşlıq etməyə başladı. 1946-cı ildə imperator Hirohito Yeni il müraciətində gözlənilməz bəyanatla çıxış etdi. O, xalqa müraciətində bildirdi ki, imperatorun ilahi mənşəyi barədə irəli sürülmüş ideya yalandır və yaponlar düşünüldüyü kimi, dünyanı idarə etmək üçün seçilmiş ali irqin nümayəndələri deyillər. İmperatorun belə bəyanatı yaponları ideoloji şoka saldı, ancaq dalana düşmələrinə səbəb olmadı.
İşğal istənilən halda pisdir. Lakin Yaponiyanın nümunəsində demək olar ki, ABŞ işğalı yaponlara yeni imkanlar açdı. Ona görə ki, işğal Yaponiya üçün böyük dəyişikliklər gətirdi. Amerika həyat tərzini bəyənən yaponlar dövlət quruculuğu prosesində ABŞ nümunəsindən həvəslə yararlanmağa başladılar. İmperatoru millətin simvolu statusuna endirən yaponlar dövlət institutlarını demokratik prisiplərə uyğun olmasına diqqət yetirdilər. Parlamentli demokratiya sistemini seçməklə yanaşı, sandıq başına qadınların da getmələrinə şərait yaradıldı. Ən əsası, 1947-ci ildə qəbul edilmiş konstitusiyasının 9-cu maddəsilə müharibə hüququndan imtina etdiyini vurğulayan Yaponiya diqqətini iqtisadi-sosial inkişaf məsələlərinə istiqamətləndirdi. Feodal müstəmləkəçiliyinə son qoyuldu və azad kənd təsərrüfatı subyektlərinin yaranmasına şərait yaradıldı. Orta təhsil 9-cu sinfədək mütləqləşdirildi və təhsil haqqı praktikasına son verildi. ABŞ və digər ölkələrlə sülh müqaviləsi imzaladı və sabit inkişaf etmək üçün Yaponiya təhlükəsizliyinə qovuşdu.
Çox maraqlıdır ki, 1955-ci ildə Yaponiya iqtisadiyyatını tam bərpa etdi. Halbuki iflasın baş verməsindən cəmi 10 il keçmişdi. 5 il rifah ilindən sonra Baş nazir Hayato İkeda təsirli islahatlar proqramı irəli sürdü. Yaponiyalı nazir milli gəlirin səviyyəsini 5 il ərzində 2 dəfə artırmağı təklif edirdi. Maraqlıdır ki, yaponlar bu vəzifənin də öhdəsindən layiqincə gəldilər. O zaman yerli və əcnəbi mütəxəssislərin proqnozlarının əksinə olaraq, Yaponiya iqtisadiyyatında sabit artım müşahidə olundu. "Gündoğar" ölkənin iqtisadiyyatı ildə tam 10 faiz inkişaf etdi. 1967-ci ildə Yaponiya Avropanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsini - Almaniyanı arxada qoyaraq, ABŞ və keçmiş SSRİ-dən sonra 3-cü yeri tutdu.
1970-ci il neft böhranı və digər iqtisadi-siyasi faktorlar Yaponiya iqtisadiyyatının inkişafına mənfi təsir göstərdi, lakin istənilən meyarlara görə fərqliliyini saxladı. 1980-ci ildə Yaponiya hətta keçmiş SSRİ-ni arxasınca baxmağa məcbur etdi. Yaponların belə uğura imza atmaları kapitalist dünyasında açıq-aşkar, sosialist düşərgəsində gizli əks-səda doğurdu. Bu da təəccüblü deyildi. Axı, təbii resurslarından tərpənə bilməyən keçmiş SSRİ-ni neftdən və digər strateji məhsullardan məhrum olan ölkə qabaqlamışdı. Qısa zaman ərzində Yaponiya dünyanın ən böyük gəmi istehsalçısına çevrildi. Okeanlarda üzən supertankerlərin böyük əksəriyyətini məhz möhtəşəm əməksevər yaponlar istehsal etmişdilər. 1960-cı illərdə isə Yaponiya "Toyoto", "Nissan", "Mitsubişi" və "Subaru" kimi avtomobillər istehsal edərək, iqtisadi nəhənglərə meydan oxumağa başladı. Bir qədər sonra "gündoğan" ölkə dünyanın ən iri avtobus və yük maşınlarının əsas istehsalçılarından birinə çevrildi.
Ağır sənayedə uğurlarla kifayətlənməyən yaponlar elektronika sənayesində də inqilab etməyi bacardılar. Doğrusu, bu sektor təbii resurslardan kasıb olan ölkəyə daha münasib idi. Qərb texnologiyalarını acgözlüklə öyrənmiş yapon mütəxəssislərinin köməyilə hökumət bu sahədə də görünməmiş irəliləyişə nail olmağı düşünürdü. Məsələn, "Sony" şirkəti ABŞ-da ixtira edilmiş tranzistorların istehsalı üçün lisenzasiya aldı və radioqəbuledicilər üçün tranzistorlar istehsal etməyə başladı. Çox keçmədi ki, dünya "Sony" adlı nəhəngin peyda olmasının şahidi oldu. Bir qədər sonra yaponlar şəxsi ixtiraları üzərində işləməyə və ən başlıcası, kütləvi istehlak bazarının tələblərinə uyğun orijinal ideyaları reallaşdırmağa başladılar. Tezliklə fotoaparatlar, saatlar, radioqəbuledicilər, kasset maqnitofonları, televizorlar,videolar, mikrodalğalar, kalkulyatorlar, kompyuterlər, fakslar, sənaye robotları və digər yeni elektron məhsullar dünyanı bürüdü və üzərində "Made in Japan" yazılan məhsullar Avropada hər bir ailənin məişət həyatına daxil oldu.
"Yaponiya möcüzəsi"nin baş verməsində rəhbər-əməkdaş münasibətlərinin xarakteri də böyük rol oynadı. Maraqların toqquşmasına imkan verməyən korporativ idarəçilik siyasəti istehsalatda rəhbərliklə əməkdaşlar arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərin yaranmasna imkan verdi. Qərb ölkələrindən fərqli olaraq, Yaponiyada tətil baş verən zaman rəhbərlik həmən prosesə müdaxilə edir və əməkdaşları razı salacaq güzəştli addımlar atırdı. Belə münasibətin nəticəsində əməkdaşlar çalışdıqları müəssisə və korporasiyalara sadiqlik nümayiş etdirir, rəhbərlik də əməkdaşlarına qarşılıqlı münasibət göstərirdi. Böyük şirkətlərdə isə işçilərə ömürlük məşğulluq vəd edilirdi. Təbii ki, ömürlük məşğulluq məsələsində Qərb yaponlarla razılaşmırdı. Qərblilərin fikrincə, ömürlük məşğulluq istehsalat prosesinə mənfi təsir göstərə bilər. Amma başqalarının bu məsələyə dair rəyi yaponları o qədər də narahat etmirdi. "Gündoğar" ölkənin sakinləri inkişafın gətirdiyi nemətlərdən istifadə etməyə başlamışdılar. Burada xüsusi məqama toxunmaq yerinə düşərdi: bolluq yaponların həyat səviyyəsini dəyişdi, ancaq ənənələrə bağlılıqlarını qopartmadı. Köhnəliyin yeniliklə birlikdə yaşamasına imkan verildi.
Amma ötən əsrin 90-cı illərinin ortalarından etibarən "Yaponiya möcüzəsi" adiləşməyə başladı və ölkədə iqtisadi artım cəmiyyət üçün ağır olan durğunluqla əvəz olundu. Artıq uzun illərdir ki, Yaponiya iqtisadi artım məsələsində öyünə bilmir. Vaxtilə ilham və kapital verdiyi ölkələr indi "gündoğar" ölkəylə yanaşı durmağa çalışırlar. Hətta ötüb keçməyə çox yaxın olan ölkə də var. Çinin Yaponiyanın dünyanın ikinci ən böyük iqtisadiyyatı statusunu əlindən alması çox mətləblərdən xəbər verir. Bəs, Yaponiya əvvəlki iqtisadi gücünü qaytara biləcəkmi? Hamını yenidən "möcüzə" barədə danışmağa vadar etməyə gücü çatacaqmı?
Harvard Universitetinin professoru, ABŞ-ın keçmiş müdafiə nazirinin müavini olmuş Cozef Nay "Yaponiya indiki şəraitdə 80-ci illərin iqtisadi möcüzəsini təkrarlaya biləcəkmi?" adlı məqaləsində Yaponiyanın iqtisadi tarixində iki mühüm yenilənmədən bəhs edir. Təqribən 50 il bundan öncə Yaponiyanın Asiyanın ilk ölkəsi kimi qloballaşmaya uyğunlaşmağı bacardığını qeyd edən amerikalı professor yazır ki, ötən müddət ərzində "gündoğar" ölkə bir çox sahələrdə aparıcı ölkələri geri buraxdı. Bir neçə əsrlik özünütəcriddən sonra Meydzi intibah dövrünə qədəm qoyan Yaponiya başgicəlləndirici uğurlara imza atdı. Sonrakı 50 il ərzində ölkə o zamanın Avropanın ən böyük ölkələrindən biri olan çar Rusiyasını məğlub etməyə imkan verən inkişaf səviyyəsinə çatdı. Cozef Nay qeyd edir ki, Yaponiya hazırda bir sıra sahələrdə geriləsə də, yüksək həyat səviyyəsini saxlayır, ölkə hələ də yüksək ixtisaslı əmək resurslarına malikdir, həmçinin yeni texnologiyalar sahəsində lider mövqeyini qoruyur. Bununla belə, amerikalı professor düşünür ki, yenilənmiş Yaponiya qarşıdakı 10-20 il ərzində istər iqtisadi, istərsə hərbi planda, çətin ki, qlobal liderlikdə ciddi namizədə çevrilsin. S.Nayın fikrincə, ərazisinə görə Kaliforniya ştatına bərabər olan Yaponiya Çin və ABŞ kimi vacib çoğrafi mövqeyə və demoqrafik inkişaf səviyyəsinə heç zaman malik olmayıb. Harvard professoru iqtisadi böhranın davam etməsini, siyasi sistemin zəif olmasını, əhalinin qocalmasını və fundamental dəyişikliklərin həyata keçirilməsinə mane olan miqrasiyaya qarşı ciddi müqavimət göstərilməsini Yaponiyanın qlobal liderliyə namizədliyinə kölgə sala biləcək problemlər kimi göstərir.
Göründüyü kimi, amerikalı mütəxəssis də Yaponiyanın iqtisadi gələcəyi barədə verilən məşhur suala birmənalı cavab verməkdə çətinlik çəkir. Amma C.Nay Yaponiyanın yeniləşəcəyinə inandığını da gizlətmir və nikbin proqnozunu yaxın keçmişdə baş vermiş hadisələrə istinad etməklə əsaslandırmağa çalışır. Bununla belə, amerikalı alimi narahat edən perspektiv də var. C.Nay Yaponiyanın daxilinə qapanacağından ehtiyat etdiyini açıqlayır. "Qlobal ictimai istehlak məhsullarının istehsalı üçün əhəmiyyətli dərəcədə potensiala malik qlobal vətəndaş gücü olmaq əvəzinə Yaponiya üçün əsas təhlükə ölkə daxilinə dönüş tendensiyasının olmasıdır", - yazan amerikalı professor əlavə edir ki, daxilinə istiqamətlənmiş Yaponiyanın itirilməsi bütün dünya üçün itki olardı.
Ancaq Yaponiyanın innovasiya sahəsində nümayiş etdirdiyi inkişaf modeli, millətin yüksək intellektual səviyyəsi və qloballaşmanın çağırışlarına uyğunlaşmaq bacarığı, eyni zamanda böhranlı vəziyyətlərdən orijinal çıxış yolları tapmaq qabiliyyəti belə düşünməyə əsas verir ki, "gündoğan" ölkə problemlərin öhdəsindən gələ biləcək. Buna görə də, Yaponiya yaxın illərdə qlobal güc mərkəzinə çevrilməsə də, onu yeni əsrdə də yüksək inkişaf etmiş lider stasunu qoruyub saxlayacağı şübhə doğurmur.
{nl}
Səbuhi MƏMMƏDOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.