2011-ci il - böyük ümidlər ili

Yer üzünə yeni - 2011-ci il gəlir. Dünya xalqları dekabrın 31-dən yanvarın 1-nə keçən gecəni böyük sevinc və ümidlərlə qarşılayırlar. Adamlar bu əziz bayramda deyib gülür, şənlənir, sevdiyi insanlara hədiyyələr verir. Küçələrdə, mənzillərdə yolkalar bəzədilir, uşaqların səbirsizliklə gözlədikləri Şaxta baba və Qar qız evlərin əziz qonaqlarına çevrilirlər. Yeni il Azərbaycan xalqının da əziz bayramlarından biridir. Soydaşlarımız bu bayrama hər dəfə şövqlə hazırlaşırlar, həvəslə bayram süfrəsi açırlar. Son illər xalqımız üçün bir-birindən uğurlu gəlir. Yola saldığımız il də ölkəmizin tarixində bir sıra sahələrdə ciddi uğurlarla yadda qaldı. Belə ki, təkcə son bir ildə ölkəmizdə bir çox iri infrastruktur layihələri icra olunub. Ötən ilin son günlərində Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilidi. Qafqaz dağlarının saf suyu artıq Bakı sakinlərinin mənzillərinə axır. Su aydınlıq, təmizlik, sağlamlıqdır. Yeni il ərəfəsində belə mühüm layihənin uğurla başa çatdırılması hər birimizin qəlbində dərin məmnunluq hissləri doğurub. Bu gün təkcə Bakıda deyil, ölkənin hər yerində böyük quruculuq işləri görülür, bölgələrdə yeni-yeni iş yerləri açılır, əhalinin güzəranı yaxşılaşır. Xalqımızın, əlbəttə, Yeni ildən gözləntiləri də çoxdur. Qeyrətli, hünərvər oğullarımızın sayəsində doğma Qarabağımızın düşməndən azad ediləcəyinə, 2011-ci ilin xalqımızın tarixinə zəfər ili kimi yazılacağına böyük ümidlər bəsləyirik. Yeni il bayramı ərəfəsində xalqımız başqa bir əziz bayramı- 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününü dərin məmnunluq hissi ilə qeyd edir. Belə günlərdə milli duyğu və düşüncələrimiz aşıb-daşır, arzu-diləklərimiz sabaha qanad açır. Dünyanın hər yerində soydaşlarımızın fəal iştirakı ilə anamız Azərbaycanın şərəfinə təntənələr qurulur. Həmrəylik duyğusu bizi güclü edir, sevincimiz həyat eşqimizi yüksəldir. Beləcə, eldə, obada, bütün Azərbaycanda indi bayram-bayrama qarışıb. Bayramınız mübarək, dostlar! {nl}

Dovşan ili nə vəd edir?
Qədim Çin təqviminə görə, hər yeni il on iki heyvandan (siçovul, buğa, pələng, pişik (adadovşanı), əjdaha, ilan, at, keçi, meymun, xoruz, it, donuz) birinin üstündə təhvil olur. Yola saldığımız 2010-cu pələng ili öz yerini 2011-ci dovşan ilinə verir. Bu zərif, məsum və ürkək canlının adı çəkiləndə belə hamının üzündə ani olaraq bir təbəssüm yaranır. Axı dovşanlar olduqca gözəl, təmizkar, daim hərəkətdə olan canlılardır. Astroloqlar dovşan ilini sakit, əmin-amanlıq ili sayırlar. Bu il insanlar yaxşı istirahət edərək özlərinə güc, qüvvə toplaya bilərlər. Bu ilin bolluq ili olacağı güman edilir. Dovşan ilinin əkin-biçinlə məşğul olanlara da düşərli il olacağı deyilir. Bundan isə hamı qazanır, kəndlinin məhsulu bol olanda şəhərli də ərzaqdan korluq çəkmir. Dovşan ilində doğulanlar adətən istedadlı adamlar olurlar. Lakin onların iddialı olduqları da ətrafdakıların nəzərindən yayınmır. Asanlıqla dostlarının və həmkarlarının etibar və rəğbətini qazana bilirlər. Elə buna görədir ki, dostları məsləhət almaq üçün onlara tez-tez müraciət edirlər. Dovşanlar isə bu zaman lütfkarcasına hamının işinə yaramağa, heç olmasa xoş söz deməyə çalışırlar. Dovşanlar sülhsevər olurlar, bu ildə doğulanlar qanqaraldıcı münaqişələrdən qaçırlar. Onlar şənlənməyə çox meyillidirlər, qonaq getməyi və qonaq qəbul etməyi də sevirlər. Səmimiyyət və açıqürəklilik onların əsas məziyyətləridir. Dovşanların ən yaxşı cəhətlərindən biri də başqalarını səbrlə dinləməyi bacarmalarıdır. Amma onlar öz sirlərini faş etməyi sevmirlər. Başqalarının problemlərinə qayğı ilə yanaşmaları onların varlı və nüfuzlu şəxslərin etimadını qazanmalarına şərait yaradır. Dovşanlar təvazökar və intizamsevən olurlar. Amma işgüzarlıq cəhətdən xeyli zəifdirlər. Bu bürc altında doğulanların ticarətdə əlləri bir o qədər gətirmir. Dovşanlar məhəbbət sarıdan da yarıyanlardan deyillər. Sevdikləri insana ürəklərini açmağa çox vaxt cürət eləmirlər. İntim hisslərini nadir hallarda dilə gətirirlər. Onlara, təəssüff ki, sevdikləri insanlarla qarşılıqlı məhəbbət duyğusu yaşamaq çox vaxt nəsib olmur. Xoşbəxtlik baş verəndə isə bunu taleyin lütfü kimi qəbul edir, bunun qədrini bilməyə çalışırlar. Dovşanlar tənhalığı sevmirlər, səmimi ünsiyyət və diqqət naminə müəyyən qurbanlar verməyə də hazır olurlar. Bu ildə doğulan uşaqlar sakit və mehriban olurlar. Deyilənlərə görə, yayda doğulanların həyatda bəxtləri daha çox gətirir. Dovşan ilində doğulanlar təbiətə, onun gözəlliklərinə heyran qalan, bu gözəlliyi duyub qiymətləndirən insanlar olurlar. Onların arasından çoxlu istedadlı rəssamlar yetişir. Musiqini, poeziyanı da çox sevirlər. Təbiətlə öz iç dünyaları arasında harmoniya arayır, buna nail olmağı əsil bəxtiyarlıq sayırlar. Bax, belə bir maraqlı il gəlir!

{nl}

Yeni ilin çox qədim tarixi var
Əziz oxucu, yəqin ki, soruşa bilərsən: Yeni ili qeyd etmək ənənəsi harada və nə vaxt meydana gəlib? Bu barədə oxuyub öyrəndiklərimizi sizinlə paylaşmaq qərarına gəlmişik. Gəlin, lap əvvəldən başlayaq. Belə fərziyyələr var ki, Yeni il bayramı ilk dəfə 5 min il bundan əvvəl Mesopotomiyada qeyd edilib. Bu qədim ölkədə şumer, babil, assur kimi mədəniyyət mərkəzləri yaranmışdı. Mesopotomiyada əkin işləri martın sonunda, Dəclə və Fərat çaylarında su artandan sonra başlanırdı. Bu hadisə 12 gün ərzində təntənəli yürüşlərlə, şənliklərlə qeyd edilirdi. Qədim yəhudilər Yeni ilin bayram edilməsini babillilərdən, yunanlar isə yəhudilərdən öyrənmiş, Qərbi Avropaya da yunanlardan keçmişdir. Qədim romalılar hələ bizim eradan əvvəl Yeni il gecələrində səhərə qədər şənlik edir, tanış və dostlarına xoşbəxtlik diləyirdilər. Arxeoloqlar qədim Misir piramidalarında qazıntı işləri zamanı üzərində "Yeni ilin başlanğıcı" sözü yazılmış qab tapmışdılar. Qədim Misirdə Yeni il Nil çayı daşan zaman (təqribən sentyabrın axırında) bayram edilirdi. Nilin daşması çox mühüm hadisə hesab olunurdu. Ona görə ki, çayın daşması sayəsində susuz səhrada taxıl bitirdi. Yeni ildə tanrı Amonun, onun arvadının və oğlunun kiçik heykəllərini minnətdarlıq əlaməti olaraq qayığa qoyurdular. Qayıq Nil çayı boyu çal-çağırın müşayiəti ilə bir ay üzəndən sonra heykəlcikləri yenidən qaytarıb məbədə qoyurdular.
Romalılar imperator Yuli Sezarın yeni təqvimini tətbiq etməsinədək Yeni ili martın əvvəlində bayram edirdilər. Y.Sezar eramızdan qabaq 45-ci ildə Misirdə olarkən misirlilərin təqvimi ilə tanış olmuşdu. Bu təqvim 365 gündən və 12 aydan ibarət idi. Salnaməçilər yazır ki, Y. Sezar bu tanışlıqdan sonra dərhal yeni təqvim hazırlanması əmrini vermişdi.
Bu da bəllidir ki, qədim xalqlar Yeni il bayramını müxtəlif vaxtlarda qeyd edirdilər. Məsələn, qədim Yunanıstanda bayram ilin ən uzun gününə - 22 iyuna düşürdü. İngiltərədə isə bayram şənliklərinə baharın ilk günündə - martın 1-də başlayırdılar. Fransada Yeni ilin gəlişini Böyük İnqilab Günü, yəni Respublikanın yarandığı 22 sentyabrda bayram edirdilər.
I Pyotr 1699-cu ildə Avropa səyahətindən qayıdandan sonra Yeni ilin 1 yanvardan hesablanması barədə fərman imzalamışdı. İmperator Yeni il şərəfinə yolkalar bəzədilməsi göstərişi vermişdi. I Pyotr fərmanında sərxoş olaraq şillələşmə və yumruqlaşmanı qadağan etmişdi. Göstərilmişdi ki, bu xoşagəlməz işi başqa vaxtda da görmək olar. 1 dekabrda yır-yığış edən rus qızları mizin altını çox səylə ələk-vələk edir, buğda dəni axtarırdılar. Buğda dəni tapan qızlar sevinclərindən qışqırırdılar. Onlara elə gəlirdi ki, buğda dəni tapan qızın dərhal ərə gedəcəyi şübhəsizdir. Ərə getmək arzusu ilə yaşayan qızlar gündə bir neçə dəfə təzə paltar geyirdilər.

{nl}

Bayramı qarşılama mərasimləri
Hər bir xalqın Yeni ili qarşılama ənənələri var. Məsələn, italyanlar Yeni ili bayram etməzdən öncə mənzillərindəki bütün köhnə əşyaları pəncərədən küçəyə tullayırlar. Köhnə əşyaların yerini təzə alınmış mebellər tutur.
Yaponlar hesab edirlər ki, Yeni ilin ilk saniyələrindən başlayaraq gülmək adama uğur gətirir. Yaponiyada Yeni il gecəsi 108 dəfə zəng çalmaq adəti də mövcuddur. Qədim inanclara görə, zəngə vurulan hər bir zərbə insan qüsurlarından birini "öldürür". Yaponlar hesab edirlər ki, insanın altı qüsuru olur: simiclik, axmaqlıq, qərəz, yelbeyinlik, qətiyyətsizlik, paxıllıq. Və bu qüsurların 18 müxtəlif çalarları mövcuddur. Onlar Yeni ildə yaxınlarına bu qüsurlardan azad olmalarını arzulayırlar. 6-nı 18-ə vuranda 108 alınır. 108 rəqəmi məhz buradan yaranıb.
Asiyanın ən böyük ölkəsi olan Çində də Yeni il bayramı böyük təmtəraqla, atəşfəşanlıqla qeyd edilir. Çinlilər bununla ümid edirlər ki, Yeni ilin gəlişinə mane olmağa cəhd edən şər qüvvələri qovurlar. Avropalılardan fərqli olaraq çinlilər yolka bəzəmirlər, əvəzində bayram süfrələrinə narıngi və portağalla dolu məcməyilər düzürlər.
Yeni il bayramı polyak xalqının da sevimli bayramıdır. Polyaklar Şaxta babanı Silvestr Klaus adlandırırlar. Onların inancına görə, bu, həmin Silvestr adlı məşhur nağıl qəhrəmanıdır ki, Levifian adlı vəhşiyə qələbə çalaraq həmvətənlərini dəhşətli bəlalardan xilas edib. 1927-ci ildə Milad bayramı keçmiş SSRİ məkanında rəsmi bayram kimi ləğv olunmuşdu. 1936-cı ildən isə Yeni il təqvim ili kimi qeyd edilir. O zaman keçmiş ittifaqda Yeni il iki gün ərzində bayram edilirdi. Rusiyanın indiki rəhbərliyi isə Yeni il tətillərini 10 günə çatdırıb ki, bundan da sadə camaat çox razı qalıb. Üstəlik ruslar 13 yanvarda "Köhnə Yeni ili" də qeyd etməkdən vaz keçmirlər.
Dünya xalqlarının bir çoxunda, xüsusən də Afrikada Yeni ilin qarşılanması gecəsi fit və çəpik çalmaq, hay-küy qoparmaq, tullanıb-düşmək, haray-həşir qoparmaq adət-ənənələri vardır. Yəqin ki, bu ənənələr bütpərəstlik zamanından mövcuddur. Qədim insanlar əcinnələri və digər şər qüvvələri qovmaq üçün bu üsullara əl atırdılar.

{nl}

Sən nə gözəlsən, yolka!
Yeni ilin bayram edilməsinin ayrılmaz atributu Rusiyada, Qərbi Sibirdə, Şimali Amerikada və digər xristian ölkələrində, ümumiyyətlə, dünya dövlətlərinin çoxunda şüşə və plastik kütlə oyuncaqlarla, şamlarla və şirniyyatla bəzədilmiş yolkadır. Yolka bayram dövründə mənzillərdə, yaxud meydanlarda qurulur. Bayram ərəfəsində ağacların bəzədilməsinin başlanğıcı tarixi fironların dövrünə təsadüf edir. Həmin vaxtlarda qədim Misir küçələrindəki palma ağaclarını bəzəyirdilər. Bizim eramızda Avropa ölkələrində Milad bayramı münasibətilə küknar ağaclarını alma, qoğal, şamlarla bəzəməyə başlamışdılar. Adamın heç inanmağı gəlmir ki, nə vaxtsa yolkanı təpəsi üstə qururdular. Bayram qurtarandan sonra uşaqlara ağacdakı meyvələri və şirniyyatı yığmağa icazə verirdilər.
Yolka qurmaq ənənəsinin başlanğıcı Almaniyadakı Reyn çayının sahillərindəki Elzas əyaləti ilə əlaqədardır. XVI əsrdə burada Milad yolkası qurmağa başlamışdılar. Milad ağacını tavandan, bəzən də təpəsi aşağı olmaqla asırdılar. Almaniyada Milad bayramında uşaqlar üçün mizlərin üstünə hədiyyələr də düzürdülər.
Almaniyada ilk əvvəllər yolkanı yalnız şəhərlərdə qoyurdular. 1820-ci ildə yolka Praqada, XIX əsrin başlanğıcında isə Skandinaviya ölkələrində şəhər meydanlarında yolkalar qurulmuşdu. Yolka qurmaq adəti cəmiyyətin yüksək təbəqələrindən gəlirdi. Məsələn, İngiltərədə yolkanı 1760-cı ildə ilk dəfə olaraq III Georqun arvadı bəzəmişdi, sonralar isə kraliça Viktoriya özünün milliyyətcə alman olan əri Albert ilə Vindzor şəhərində uşaqlar üçün yolka qurmuşdu. Rusiyada da qədimdən bayram yolkası bəzəməyi çox sevirlər. Əvvəllər yolka qurmaq ənənəsi burada da şəhərlərdə yaranmışdı, sonra kəndlərə də sirayət etmişdi. Əvvəl-əvvəl yolkanı kənd məktəblərində qururdular, sonralar isə kəndli evlərində də yolka qurmağa başlamışdılar. XIX əsrin alman mühacirləri yolka bəzəmək ənənəsini Amerikaya da aparıb çıxarmışdılar. Okeanın o tayında ilk dönəmlərdə yolkanı meydanlarda qururdular.
Yolka müsəlman ölkələrinə də yayılmışdı. Məsələn, 1960-cı ildə Tehran və Mərakeş şəhərlərində yolka bəzəmək halları mövcud idi. İkinci Dünya müharibəsinədək Türkiyədə də yolka bəzəyirdilər. 1936-cı ildə Türkiyə hökuməti meşələrin qırılmasının qarşısını almaq məqsədilə yolka bəzəmək ənənəsinə qadağa qoymuşdu. Lakin sonralar bu qadağa aradan götürüldü.

{nl}

Turistlər Yeni ildə səyahət etməyi sevirlər
Bəllidir ki, Yeni il şənlikləri turistləri cəlb etmək üçün yaxşı fürsət hesab olunur. Buna görədir ki, bir çox ölkələr bayramın əsas rəmzlərindən olan Şaxta babaya "sahib çıxmağa" cəhd edirlər. Ən çox da şimal xalqları iddia edirlər ki, ilk Şaxta babalar məhz onların ölkəsində peyda olublar.
Məsələn, finlər bütün dünyaya car çəkirlər ki, Santa Klaus, yəni Şaxta baba onların həmvətənləridir. Onların inanclarına görə, Santa Klaus Finlandiyanın qütb dairəsinə yaxın ərazilərdəki hündür küknar ağacları ilə əhatə olunan, bəmbəyaz qardan "ağ libas" geyinmiş Laplandiya adlanan möcüzəli bir yerdə yaşayır. Finlər düşünürlər ki, Santa Klaus hər il dünya ölkələrinə səyahətini məhz Laplandiyadan başlayır.
Finlandiyada Yeni il şənlikləri dekabrın 25-dən, yəni Milad bayramı günündən başlanır. Dekabrın 31-i Yeni il axşamı isə ölkə paytaxtı Helsinkidə nağıl və əsatir qəhrəmanlarının obrazlarının libaslarını geyinmiş həvəskar aktyorlar teatr məzhəkələri oynayırlar. Həmin gecə hədiyyə dolu xurcunu ilə Santa Klaus şimal maralları qoşulmuş xizəkdə Helsinkinin mərkəzi meydanına təşrif buyurur. Meydanda dərhal alqış səsləri eşidilir, şən mahnı sədaları ətrafa yayılır. Bayram günlərində dünyaınn hər yerindən turistlər Finlandiyaya - Santa Klausun vətəninə həqiqətən çox gəlir.
Yeni ili Laplandiyada keçirən əcnəbi qonaqlar etiraf edirlər ki, burada bayram etməyin ayrı səfası var! Özünüzü bir anlığa rəngbərəng oyuncaqlar bərq vuran Yeni il yolkasının başına dolaşan uşaqların, övladlarına baxıb sevinən gənc ata-analarının və bir-birini sevən gənclərin yanında hiss edin. Göydən isə yupyumru iri qar dənələri ələnir. Heç kəs soyuğu, şaxtanı vecinə almır. Hamı gülür, sevinir. Romantik səhnədir, deyilmi?
Yeni il günlərində ənənəvi turist ölkəsi olan Fransa həmişəkindən də çox qonaq-qaralı olur. Turistlər Parisdə Eyfel qülləsinin ətrafında keçirilən bayram atəşfəşanlığını müşahidə etməyi lap çox sevirlər. Fransada Şaxta babanı Noel ata adlandırırlar. Noel ata bayram günlərində uşaqlara çoxlu hədiyyələr paylayır ki, uşaqlar da onun şəninə gözəl şeirlər deyir, şən mahnılar oxuyurlar.
Fransızlar bayram günlərində çox səxavətli olurlar. Onlar belə günlərdə turistləri həvəslə məşhur fransız şərabına qonaq edirlər. Bəllidir ki, Fransa şərab ölkəsidir, şərabının dadına isə söz ola bilməz. Turistlər təbii ki, vətənlərinə qayıdanda fransızların onları şəraba qonaq etmələri barədə fəxrlə söz açırlar.

{nl}

Yeni il arzuları, yeni ümidlər
Xalq şairi Rəsul Rza 1961-ci ilin 31 dekabrında qələmə aldığı "Bir dəqiqə qalmış " adlı şerində belə yazıb:
Hər yeni il gələcəyə açılan yoldur.
Bu yoldan zaman keçir;
qayğılarla yüklənmiş,
ümidlərlə yüklənmiş,
arzularla yüklənmiş.
Hər yeni il
gələcəyə bir körpüdür;
üstündən min-min
insan keçir;
qayğı, nisgil tikanlarını
qopara-qopara.
Arzuları, ümidləri
işıqlı günlərə
apara-apara.
Bəli, Yeni il özü ilə yeni arzular, yeni ümidlər gətirir. İnsan arzuları isə bitib-tükənməzdir. Hər kəs bayram günlərində doğmalarına ən xoş arzu və təbriklərini çatdırmağa çalışır. Axı, hər bir xoş sözün, ürəkdən deyilmiş təbrikin isə ecazkar təsir gücü var. Elə bayramlar da insanların həyata bağlılıqlarını artırmaq, onları sevindirmək üçündür! Belə bir deyim var ki, Yeni ili hansı ovqatda başlasan bütün ili həmin ovqatda başa vuracaqsan. Biz də oxucularımıza, bütün xalqımıza bu gözəl bayramı xoş ovqatla başlamağı, bütün arzularının çin olmasını diləyirik. Qoy 2011-ci il sizin hər birinizin həyatında ən uğurlu illərdən biri olsun. Bir daha deyirik: Bayramınız mübarək!

{nl}

Məsaim ABDULLAYEV, Elçin ABBASOV "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında