Kürdəmir: Zamanın səsi hər addımda eşidilir

Bu yolla o qədər gəlib getmişəm, onun hər cığırı mənə tanışdır... Rəhmətlik Aslan Kəmərlinin misralarıdır. Həmişə bu yolu gedəndə istər-istəməz bu misralar yadıma düşüb. Bakı-Kürdəmir yolunu nəzərdə tuturam. Hər ay bu yolla xidməti işimlə əlaqədar ən azı iki-üç dəfə keçib gedirəm və hər dəfə də Kürdəmirdəki əzəmətli Bayraq meydanının yanından keçəndə bir qürur hissi duyuram.

Çox möhtəşəmdir, çox yaraşıqlıdır. Və bu Bayraq meydanı, inanın, adamı həm Vətəni sevməyə çağırır, həm də qəhrəmanlıq nümunəsi göstərməyə. Mən bilmirəm aprel döyüşlərində fədakarlıq göstərib, torpaqlarımız uğrunda şəhid olan iki kürdəmirli gənc–Əbubəkir İsmayılov və bir də Tural Qurbanov hərbi xidmətə burdan yollanıblar ya yox, amma bu meydan adamı daxilən coşdurur, ürəyə təpər verir.

“Azərbaycan Bayrağı” Ordenli Əbubəkirin və Sığırlı kənd sakini,  “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilmiş Turalın adlarını çəkdik. Bu gün Kürdəmirdə hamı onlarla fəxr edir, bu yurdun, bu Vətənin adını uca tutduqları üçün onların ruhu qarşısında baş əyir, xatirələrini əziz tuturlar.

Bugünkü yazımız Kürdəmir haqqındadır. Bu da təsadüfi deyil. Çünki bu gün burada böyük işlər görülür, hara getsən,  yeniliklərlə qarşılaşırsan. Bəlkə bir az geri qayıdaq.  Çünki hələ 2015-ci il sentyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmirə səfəri çərçivəsində Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun istifadəyə verilməsi  mərasimində çıxış edərkən,  bu rayonda  həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdi: “Bizdə güclü iqtisadiyyat, güclü siyasi iradə, xalq-iqtidar birliyi və bu yol kimi konkret işlər, nəticələr var. Uşaq bağçasının açılışında olmuşam, kənd məktəbinin açılışında iştirak edəcəyəm. Diyarşünaslıq muzeyi təmir olunubdur. Gözəl Bayraq meydanı tikilibdir. Yəni, bir il ərzində yeni rəhbərlik bu işlərlə məşğul olur. Əlbəttə, siz də iştirak edirsiniz, öz dəstəyinizi verirsiniz ki, ölkəmiz daha da güclü olsun, heç kimdən asılı olmasın və Azərbaycanın taleyi əbədi olaraq Azərbaycan xalqının əlində olsun”.

Bilmirəm  həmin tədbirdən hazırlanmış  televiziya verilişinə  baxmısınızmı. Mənə təkrarını göstərdilər, baxdım. Kənd müəllimi Elmira Şıxəliyevanın dövlət başçımıza xitabən dediyi sözlər çox maraqlı idi. “Vaxtilə deyirdilər ki, biz Avropa standartlarına çatmalıyıq. İndi bu gün biz deyirik ki, hər bir sahədə Azərbaycan standartları var -- ictimai həyatda, multikulturalizm məsələlərində, insanlar arasında əlaqələrdə, iqtisadi inkişafda, sabitlikdə. İndi hər şey göz qabağındadır, internet dövründə yaşayırıq. Hər gün televizorda görürük ki, harada nələr baş verir. Azərbaycanda isə sabitlik var, insanlar sülh, əmin-amanlıq şəraitində, rahat yaşayırlar. Biz inkişafla məşğul oluruq. Biz bir çox ölkələr üçün gözəl nümunəyik”.

Bax, əsl yazı girişi budur: Azərbaycan standartları, Azərbaycan nümunəsi. Mən burada qətiyyətlə deyə bilərəm ki, Azərbaycan nümunəsinin tərkibində Kürdəmir nümunəsinin də özünəməxsus çəkisi vardır. Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovla söhbətimizdə də bu məsələyə qayıtdım. İdarəetmədə kifayət qədər təcrübəsi, səriştəsi, ictimaiyyətlə işləməkdə peşəkarlığı olan Ceyhun müəllim Kürdəmirə sidq-ürəklə bağlanan bir adamdır. Amma, Kürdəmirə nə qədər bağlı olsa da, mənim dediyim “Kürdəmir nümunəsi” ifadəsinə qətiyyən münasibət bildirmək istəmədi : “Cənab Prezident 2016-cı ildə respublikamızda  sosial-iqtisadi inkişafın uğurlu olduğunu, gələcək illərdə də bu müsbət dinamikanın saxlanılacağını və dövlət  proqramı çərçivəsində nəzərdə tutulmuş bütün vəzifələrin uğurla icra olunacağını qeyd etməklə qarşımıza mühüm vəzifələr qoymuşdur” – deyə söhbətə başlayan həmsöhbətim təkcə ötən il  rayon üzrə ümumi daxili məhsul istehsalının 331 milyon 991 min manat olduğundan,  bu qədər  məhsul buraxılışının 68,3 faizinin  istehsal sahələrində, o cümlədən 21,4 fazinin  sənayedə, 9 faizinin  inşaat kompleksində, 37,9 faizinin  isə kənd təsərrüfatında  olduğundan çox həvəslə danışdı.

“Dövlətin bizim qarşımıza qoyduğu əsas vəzifə insanların sosial-rifah halının daha da yaxşılaşdırılmasıdır”– deyə Ceyhun müəllim söhbətinə davam etdi. Rayonun sosial-iqtisadi inkişafı proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində  ötən il  1786 nəfər işlə təmin olunub ki, onların  1706 nəfəri daimidir. Prezidentimizin tapşırığına əsasən , eyni zamanda, rayonun sosial-iqtisadi inkişafı proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində ötən il  561 nəfər müvəqqəti işlə təmin olunub ki, bunlar əsasən  rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar tərəfindən yaradılmış  iş yerləridir. Bu  qəbildən olan tədbirlər  2017-ci ildə də davam etdirilir. 

Kiminlə söhbət etdimsə, qürurla bildirdi ki, rayonda sahibkarlığın inkişafına diqqət xeyli artırılıb, əhalinin pay torpaqlarından istifadəsinin səmərəliliyi yüksəldilib. Bu da ilk növbədə əhalinin işlə təmin olunmasına, həyat səviyyəsinin yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına şərait yaratmaq deməkdir. Respublika Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə rayonda sahibkarlığın inkişafı üçün  ötən il ərzində   14 sahibkara 196,2 min manat məbləğində kredit verilib və nəticədə 21 yeni iş yeri yaradılıb. Rayonda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən 70,9 milyon manatlıq və ya əvvəlki  ildən 8,5 faiz artıq sənaye məhsulu istehsal edilib. Özəl sektorun sənaye məhsulunun istesalında çəkisi 92,3 faiz təşkil edir.

Tikinti, quruculuq və abadlıq işləri  geniş vüsət alıb. Şəhərin küçə və meydanlarının abadlaşdırılması, yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilir.  Prezident  İlham Əliyev tərəfindən Kürdəmirdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 21 çoxmənzilli ictimai yaşayış binasının əsaslı təmiri məqsədi ilə Kürdəmir Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılması barədə  2015-ci il  sentyabırın
18-də  imzalanmış sərəncamın icrası  olaraq rayonun 21 çoxmənzilli ictimai yaşayış binalarında 2016-cı ilin yanvar ayının sonundan təmir işlərinə başlanılıb. Hazırda  həmin yaşayış binalarında tamamlama və abadlıq işləri aparılır.

Digər tikinti-quruculuq işləri barədə də öyrənmək istədim. Ceyhun müəllim bildirdi ki,  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sifarişi əsasında Kürdəmir rayonlararası 100 çarpayılıq psixiatriya xəstəxanasının tikintisi başa çatdırılıb.  Axtaçı-Qarabucaq kəndində 132 şagird yerlik tam orta məktəbin tədris binasının birinci mərtəbəsinin və idman zalının 2,6 metr hündürlükdə hörgü hissələri tamamlanıb, dəmir-beton monolit tava, riger və kolonları tökülüb. Bağman, Yeni Şıxımlı, Çöl Ərəb və Çərtəyəz kəndlərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında modul tipli məktəblərin tikintisi planlaşdırılıb, hazırda layihə-smeta sənədləri hazırlanır.  Xırdapay kəndinin şəhərə bitişik ərazisində məcburi köçkünlərin mənzillə təmin olunması məqsədi ilə 17 ədəd dördmərtəbəli çoxmənzilli yaşayış binasının tikintisi  üçün torpaq sahəsi ayrılıb, layihə-smeta sənədləri hazırlanıb, ekspertizanın təsdiqinə verilib.

Bundan başqa, dövlət proqramının icrası ilə əlaqədar  21 saylı Kürdəmir Yol İstismarı İdarəsi tərəfindən “Azəravtoyol” ASC-nin xətti ilə respublika əhəmiyyətli Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun və Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun xidmət etdiyi ərazilərində köhnəlmiş yol nişanları yenilənib və ya təzələri ilə əvəzlənib. Rayon ərazisində yerləşən və idarənin balansında olan yolötürücü körpülər müntəzəm olaraq təmizlənir, vaxtlı-vaxtında rənglənir, respublika və yerli əhəmiyyətli avtomobil yolunda yolun çiyinləri alaq otlarından müntəzəm olaraq təmizlənir və avtoqreyderlə hamarlanır.

 İcra hakimiyyətinin başçısı qeyd etdi ki, rayonda  taxılçılığın, pambıqçılığın, narçılığın, üzümçülüyün, baramaçılığın, maldarlığın, balıqçılıq göllərinin yaradılması, istixanaların tikilməsi, ümumilikdə kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır.  Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən edib. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad ediliblər. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda, əkin sahəsinin becərilməsində istifadə olunan yanacağın və motor yağlarının dəyərinin ödənilməsi üçün dövlətimiz tərəfindən  onlara subsidiyalar verilir. Nəticədə hər hektardan 25,6 sentner olmaqla, ümumilikdə 103 min  tonadək taxıl,  524 ton qarğıdalı dəni istehsal olunub.

Ölkəyə valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, pambığın da ixracyönümlü olması nəzərə alınaraq bu sahənin ciddi inkişaf etdirilməsi qarşımıza mühüm vəzifə kimi qoyulub -deyən rayon rəhbəri vurğuladı ki, həmin tapşırığın icrasını təmin etmək məqsədilə  ötən il  rayonumuzda bütün imkanlar təhlil olunaraq qısa müddətdə qərargah yaradılmış, şirkətlərlə, aidiyyatı xidmət təşkilatları ilə birgə əlaqəli iş qurulmuşdur.

Xatırladaq ki, Kürdəmirdə  müqavilə bağlanmış zavodlar tərəfindən pambıqçıların təchizat və təminat məsələləri yüksək səviyyədə həll olunmuş, nəticədə qısa müddətdə 1911 hektar sahədə pambıq əkilmişdir. Məhsul yığımı dövründə 2000 nəfərə yaxın işçi qüvvəsi, 2 pambıqyığan maşın, digər maşın və mexanizmlər cəlb edilmiş, 2111 tonadək pambıq tədarük edilərək zavoda təhvil verilmişdir. Ümumilikdə, pambıq əkini, becərilməsi və yığılması işinə rayon üzrə 2000-dən çox işçi qüvvəsi cəlb edilmişdir.

Öyrəndik ki, rayonda pambıqçılığın inkişafı ilə əlaqədar 2017-ci ildə 4 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulur. Bunun üçün pambıq əkəcək fiziki və hüquqi şəxslər müəyyənləşdirilib, pambıq əkini üçün əlverişli sahələr seçilib, onlarla tədarükçülər arasında müqavilələr bağlanması təşkil olunub. İndiyədək 4000 hektardan çox pambıq əkini üçün dondurma şumu qaldırılıb, hazırda arat işləri aparılır. 

 Ötən il  rayonda  3577,5 kiloqram barama istehsal edilib. Ənənəvi sahələrdən olan baramaçılığı gələcəkdə inkişaf etdirmək, onun yem bazasını möhkəmləndirmək məqsədi ilə 46 min ədəd tut (çəkil) tingi əkilib. 2017-ci ildə 12 tondan çox barama istehsalı üçün lazımi tədbirlər görülür.

Əhaliyə göstərilən elektrik enerjisi, təbii qaz,  içməli su, istilik, nəqliyyat və rabitə xidmətlərinin həm şəbəkəsinin genişləndirilməsi, həm də keyfiyyətin müasirləşdirilməsi istiqamətində kifayət qədər uğurlara imza atılıb.  Təhsil, səhiyyə, mədəniyyət, idman  və gənclərlə iş sahələri daim rayon rəhbərliyinin diqqət mərkəzindədir. Maddi və mədəni irsin qorunması və inkişaf etdirilməsi, əhalinin asudə vaxtının daha səmərəli təşkili, mədəni-kütləvi tədbirlərin kəmiyyət  və keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilir.

...Belə əziz oxucularım. Bu da mənim Kürdəmir haqqında qeydlərim. Amma bu mövzuya hələ çox qayıdacağıq. Bu yazımı hazırlayanda xeyli fikirləşdim. Düzü, mənə maraqlı gəldi. Yəni doğrudanmı, bizim fakültədə Kürdəmirdən olan bir tələbə belə oxumayıb? Bəlkə də olub. Amma, mən yadıma sala bilmədim ki, bilmədim. Əvəzində nədənsə, filologiya fakültəsində bizimlə paralel oxuyan şair Valeh Mikayılovu xatırladım. O Valehi ki, həmişə qayğılı gəzərdi. Qruplarında oxuyan, yeni nişanlanmış tələbə yoldaşına yazdığı şeir dillər əzbəri olmuşdu.

 

Çıxart barmağından
                               sarı  kəndiri,

O, mənim eşqimdir
                              dolanıb orda.

Qaytar o üzüyü,
                           qaytar sən geri

Mənim məhəbbətim
                               talanıb orda.

 

Mən bilmirəm Valeh bu gün Kürdəmirdə yaşayır, yoxsa yox. Amma ürəyimə gəldi ki, bu dəfə mütləq oraya gedəndə Valehi axtarıb tapacam. Aradan 40 il keçib. Görəsən məni tanıyacaqmı?... Bax bunu bilmirəm.

İlqar HƏSƏNOV,
  “Xalq  qəzeti”nin
 bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında