Qədim Xanəgah kəndinin yeni görkəmi

Culfa rayonunun Xanəgah kəndi muxtar respublikanın qədim tarixə malik yaşayış məskənlərindəndir. Orta əsrlərdə Şərqin əsas elm və mədəniyyət mərkəzi olan bu kənddə son illər geniş quruculuq işləri aparılıb. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrası nəticəsində kəndin siması tamamilə dəyişib, Xanəgah müasir Azərbaycan kəndinə çevrilib.

 

Həkim ambulatoriyası istifadəyə verilib

 

Sentyabrın 9-da Xanəgah kəndində həkim ambulatoriyasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışda iştirak edib.

Xanəgah kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Ramin Paşayev çıxış edərək deyib ki, Culfa rayonunun digər kəndləri kimi, Xanəgah kəndi də günü-gündən inkişaf edir. Kənddə əhalinin rahat yaşayışı və rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bu il kənddə həkim ambulatoriyası üçün yeni bina tikilib, məktəb binası yenidən qurulub, Xanəgah abidə kompleksi təmir olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Xanəgah kəndində aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik edərək deyib: Ölkəmizdə qəbul olunan dövlət proqramları uğurla icra olunur, kəndlər abadlaşır, insanların yaşayış səviyyəsi yaxşılaşır, məskunlaşma artır. Bütün bunlar ölkəmizin gələcək inkişafına xidmət edir. Çünki inkişafın olduğu, məskunlaşmanın ilbəil artdığı, dövlət-xalq birliyinin təmin olunduğu ölkənin gələcəyi də etibarlı olur. Azərbaycanda bu tədbirlərin əsası ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə qoyulmuşdur. Hazırda bu siyasət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xanəgah kəndində həyata keçirilən kompleks quruculuq tədbirləri də ölkəmizin inkişafı sahəsində görülən işlərin nəticəsidir.

Xanəgah kəndi tarixdə iz qoyan yaşayış məntəqəsidir. Bu ərazidəki Əlincəqala ölkəmizdə ümumilikdə əyilməzlik simvolu kimi tanınır. Eyni zamanda, hürufiliyin banilərindən olan Fəzlullah Nəiminin türbəsi də bu kənddə yerləşir. Kənd tarixən elm, təhsil və mədəniyyət mərkəzi olubdur. Quruculuq işləri aparıldıqdan sonra kənddə müasirliklə tarixiliyin vəhdəti yaradılıb. Həkim ambulatoriyasının, məktəb binasının, kənd və xidmət mərkəzlərinin tikilməsi, Xanəgah abidə kompleksinin və Əlincəqalanın bərpa olunması, yolun yenidən qurulması, içməli su xəttinin çəkilməsi və digər quruculuq  tədbirlərinin həyata keçirilməsi kəndi abadlığa qovuşdurub, insanların rahat yaşayışı təmin olunub.

Ali Məclisin sədri deyib: Xanəgah kəndində tarixi abidələrin yerləşməsi, eləcə də aparılan quruculuq işləri onun turizm potensialını artırır. Kəndə gələn qonaqların sayı ilbəil artır. Ona görə də kənd sakinləri daim kəndin abadlığına, təmizliyinə diqqət yetirməli, tikilənlər, qurulanlar qorunub saxlanılmalıdır.

Ali Məclisin sədri kəndin abadlaşmasında əməyi olanlara təşəkkürünü bildirib, açılışı bildirən lenti kəsib.

Bildirilib ki, ambulatoriya 11 otaqdan, o cümlədən baş həkim, stomatoloq üçün kabinə, palata, doğuş, peyvənd, mama, manipulyasiya, aptek, qeydiyyat, tibb bacısı və təsərrüfat otaqlarından ibarətdir. Binada istilik sistemi quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb.

Ali Məclisin sədri tibbi xidmətin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Həkim ambulatoriyası ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüş olub.

Xanəgah kənd ziyalısı Akif Səfərov deyib: Kəndin inkişafına böyük diqqət göstərilir. Son illər yeni sosial obyektlər tikilərək istifadəyə verilib. Müasir məktəb binası uşaqların yaxşı təhsil almasına, savadlı gənclər yetişdirilməsinə imkan verəcək. Xanəgah abidə kompleksinin, Əlincəqalanın bərpa olunması kəndi turizm mərkəzinə çevirib. Mənzillərimizdə sürətli internetdən istifadə edirik. Kənddaxili yollara asfalt örtük salınıb, rahat hərəkət təmin edilib. Aparılan quruculuq işləri nəticəsində kənddə yeni iş yerləri açılıb.

 

Kənd məktəbinin yeni binası

 

Sentyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Xanəgah kənd tam orta məktəbində yaradılan şəraitlə tanış olub.

 Məlumat verilib ki, məktəb binası yenidən qurulub, müasir tədris avadanlıqları quraşdırılıb, binanın həyətində bufet və qazanxana tikilib.  198 şagird yerlik 2 mərtəbəli məktəbdə 3-ü elektron lövhəli olmaqla 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat otağı, kompüter otağı, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları şagirdlərin istifadəsinə verilib. Məktəbin kitabxana fondunda 3575 dərslik və bədii ədəbiyyat var. Həmçinin məktəb elektron dərsliklərlə də təmin olunub.

Məktəbdə informasiya texnologiyalarının tətbiqi diqqətdə saxlanılıb, 18 kompüter quraşdırılıb və internetə qoşulub. Elektron lövhəli siniflər yeni tədris ilində distant təhsilin tətbiqinə və dərslərin daha mütəşəkkil keçirilməsinə imkan verəcək.

 

Abidə kompleksi bərpadan sonra

 

Ali Məclisin sədri Vasif Talıbov Xanəgah abidə kompleksinə gəlib, burada görülən işlərlə tanış olub.

Məlumat verilib ki, abidədə geniş bərpa işləri aparılıb, türbənin dam örtüyü yenilənib, işçilər üçün otaq yaradılıb, həyət abadlaşdırılaraq yeni işıqlandırma sistemləri quraşdırılıb. Naxçıvan memarlıq məktəbinin daha bir nümunəsi olan abidə XII-XV əsrlərə aid edilir. Arxiv materiallarında Xanəgahın XVIII əsrdə də fəaliyyət göstərdiyi qeyd olunur. Abidənin giriş baştağında Möminə xatın türbəsinin elementlərindən istifadə olunub. Hürufilik təliminin banilərindən olan Fəzlullah Nəimi 1394-cü ildə Əlincədə qətlə yetirildikdən sonra müridləri onun cənazəsini burada dəfn ediblər. Xanəgah uzun müddət yaşayış, ibadət və zikr yeri olub, tarixin müxtəlif dövrələrində isə həm də elm, təhsil və mədəniyyət mərkəzi kimi fəaliyyətini davam etdirib. Abidə turistlərin böyük marağına səbəb olur.

Ali Məclisin sədri abidənin qorunub-saxlanılması, ziyarətçilərə onun tarixi haqqında dolğun məlumatlar verilməsi barədə tapşırıqlar verib.

 

*  *  *

 

Xanəgah kəndində abadlıq işləri də görülüb. Kənddaxili avtomobil yollarına 1300 metr məsafədə asfalt örtük salınıb, 20 su keçidi qoyulub. Həmçinin kənddə 350 metr məsafədə fiberoptik kabel, 500 metr müxtəlif tutumlu rabitə və 400 metr elektrik xətti çəkilib. Kənddəki mövcud kaptaj və içməli su xətlərində də təmir işləri aparılıb.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında