Suraxanı rayonu ilin birinci yarısında

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin ilk yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqindən irəli gələn vəzifələr Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclasında müzakirə olunub.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında xalqımızın ümummilli liderinin abidəsi  önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov yığıncaqda Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının proqram xarakterli nitqində vurğulanan məsələlər, eyni zamanda, aprel ayında Ermənistanın növbəti təxribatı ilə bağlı Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində əldə olunan qələbə, ölkə rəhbəri tərəfindən Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar barədə iştirakçılara məlumat verib.

Rayon rəhbəri xüsusi vurğulayıb ki, bu günlərdə Konstitusiya Məhkəməsi Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən təqdim olunan "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsində təklif olunan dəyişikliklərin Konstitusiyanın tələblərinə uyğun olması barədə rəy verib. Bu il iyulun 26-da isə möhtərəm İlham Əliyev müvafiq sərəncam imzalayaraq Konstitusiyada dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-na referendum təyin edib. Artıq referendumla bağlı hazırlıq işlərinə başlanılıb.

Azərbaycan Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə bağlı sonuncu referendum 2009-cu il martın 18-də keçirilib. Ötən 7 ildə Azərbaycan dinamik inkişaf edib, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında əsaslı dəyişikliklər baş verib. Bu islahatlarda başlıca hədəf dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, mərkəzi icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək, iqtisadi sahədə islahatlar kursuna uyğun yeni çevik və effektiv idarəetmə mexanizmi formalaşdırmaqdır. Referendum Aktının layihəsinə əsasən, Konstitusiyanın 23 maddəsinə dəyişiklik, həmçinin 6 yeni maddənin əlavə edilməsi təklif olunur.

İlqar Abbasov çıxışında əminliklə vurğulayaraq deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin olunması ilə bağlı sentyabr ayının 26-da keçiriləcək referenduma Suraxanıda da mühüm önəm veriləcək, bu tədbirdə sakinlər fəallıqları ilə seçiləcəklər.

Rayon rəhbəri daha sonra hesabat dövründə  Suraxanıda görülən işlər, həyata keçirilən və nəzərdə tutulan layihələr barədə ətraflı danışıb. Bildirib ki, cari ilin ilk yarısında rayonda sənaye məhsulunun istehsalı 132,1 milyon manat, tikinti-quraşdırma işləri  20,9 milyon manat, nəqliyyat xidmətləri 2,7 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 14,1 milyon manat, kənd təsərrüfatı 1,9 milyon manat, pərakəndə ticarət dövriyyəsi  176,3  milyon manat, orta aylıq əmək haqqı 555 manat təşkil edib, əhaliyə 99,8 milyon manat məbləğində pullu xidmətlər göstərilib, 2466 yeni iş yeri açılıb.

Natiq çıxışında diqqətə çatdırıb ki, cari ilin yanvar ayının 11-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə "ATEF Şirkətlər Qrupu"nun Qaraçuxur qəsəbəsində iriqabaritli transformatorlar müəssisəsi istifadəyə verilib, yeni yüksəkgərginlikli avadanlıqlar zavodunun isə təməli qoyulub. 

Hesabat dövründə 937 metr yeni qaz kəməri çəkilib, 33 ədəd transformator məntəqəsində cari təmir işləri aparılıb, Hövsanda yüksəkgərginlikli elektrik yarımstansiyasının tikintisi davam etdirilib, müxtəlif diametrli borularla 11800 metr su xətti çəkilib, 1300 metr istilik xətləri dəyişdirilib, rayonun küçə və yollarında cari təmir işləri görülüb, köhnə Bakı-Aeroport yolundan "Şuşa" köçkün şəhərciyinə gedən yol əsaslı şəkildə  yenidən qurulub, Zığ dairəsi-Hövsan-Türkan-Qala avtomobil yolunun yenidən qurulması işləri davam etdirilib, ümumilikdə küçələrə 42 min kvadratmetr asfalt örtüyü salınıb, 1850 metr bardür düzülüb.

İlqar Abbasov çıxışında diqqəti digər bir mühüm fakta da yönəldib. Bildirib ki, Azərbaycan  Prezidenti İlham Əliyev bu il avqustun 2-də rayonun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Həmin sərəncama əsasən, altmış iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən  adı çəkilən yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil yolları" Məqsədli Büdcə Fondunda nəzərdə tutulan vəsaitdən 3 milyon manat ayrılıb. Bu, dövlət başçısının rayonun sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxlamasının bariz ifadəsidir.

İlqar Abbasov yuxarıda sadalananlarla yanaşı, həmçinin diqqətə çatdırıb ki, rayondakı Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə indiyədək 65 mindən yuxarı yerli və xarici ziyarətçi tanış olub, burada fəaliyyət göstərən elektron kitabxananın xidmətindən 15 mindən artıq istifadəçi faydalanıb, mərkəzi icra hakimiyyəti orqanları, elmi və təhsil müəssisələri, digər dövlət orqanları ilə birgə 2009-cu ildən indiyədək adı çəkilən mərkəzdə 182 tədbir keçirilib, ulu öndərin zəngin irsinin öyrənilməsi məqsədi ilə yuxarı sinif şagirdlərinə açıq dərslərin keçirilməsi davam etdirilib.

İclasda rayon rəhbəri bildirib ki, Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarına əsasən, Bakı şəhərinin digər rayonları ilə yanaşı, Suraxanı Rayon İcra Hakimiyyətinə də bu ərazidə uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşən 63 yaşayış binasının, habelə yaşayış üçün yararsız olan başqa sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi, habelə  yenidən qurulması, bu işlərin icrasını öhdəsinə götürən tikinti şirkətlərinin cəlb edilməsi tapşırılıb. Bununla əlaqədar rayon icra hakimiyyəti tərəfindən müəyyən işlər görülüb.

Bu ilin 6 ayında icra hakimiyyətinin başçısı tərəfindən 339 nəfər vətəndaş qəbul edilib, yerlərdə görüş-qəbulların keçirilməsinə diqqət artırılıb. Rayon icra hakimiyyəti başçısının ümumilikdə 1453 nəfər sakinin iştirakı ilə keçirilən 25 səyyar görüş-qəbulunda qaldırılan məsələlərə və təkliflərə əsasən aidiyyəti idarə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib, icrasına daim nəzarət edilib.

Milli Məclisin deputatı Ağacan Abiyev  Prezident
İlham Əliyev tərəfindən aparılan uzaqgörən siyasət nəticəsində respublikamızın dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutduğunu, sosial-iqtisadi, siyasi, mədəni sahələrdə yüksək göstəricilər və nəticələr qazanaraq qüdrətini daha da artırdığını diqqətə çatdırıb.

Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Vaqif BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında