Cari ilin ötən dövründə dünyada iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycanın uğurlu inkişafı təmin edilib, ölkə qarşısında duran bütün əsas vəzifələr uğurla icra olunub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dünya bazarında neftin qiymətinin hələ də aşağı səviyyədə olduğu bir şəraitdə Azərbaycanın inamlı inkişafının təməlində, düşünülmüş siyasət, aparılan islahatlar və ölkəmizin gələcəyi ilə bağlı olan proqramlar dayanır.
Son illər Azərbaycanda məqsədyönlü iqtisadi siyasətin, qeyri-neft sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi nəticəsində bütün maliyyə mənbələri hesabına əsas kapitala iri məbləğdə investisiyalar yönəldilir. Bunun da nəticəsində nəzərdə tutulmuş bütün infrastruktur layihələri, sosial proqramlar vaxtında və müvəffəqiyyətlə icra olunur, quruculuq işləri gündən-günə sürətlənir. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, böyük məbləğdə investisiyaların qoyuluşu Azərbaycan iqtisadiyyatına və Azərbaycanın gələcəyinə böyük inamın təzahürüdür. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev demişdir: "Azərbaycan sərmayə qoyuluşu üçün cəlbedici ölkədir. Bu il daha çox xarici sərmayə qoyulubdur. Mən bunu da müsbət qiymətləndirirəm. Çünki daxili sərmayələr azalır. Ona görə ki, indi bizim investisiya proqramımız ixtisar olunub. Bu da təbiidir. Ancaq xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkə kimi qalır və əminəm ki, gələcəkdə bu proses davam etdiriləcəkdir".
Azərbaycan investisiyaların cəlb olunması sahəsində uğurlu siyasətini 2016-cı ilin ötən dövründə də davam etdirib. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 milyard 769,6 milyon manat vəsait yönəldilib. Ümumi kapital qoyuluşunun 5 milyard 135,7 milyon manatı müəssisə və təşkilatların, 616 milyon manatı bank kreditlərinin, 730,6 milyon manatı büdcə vəsaitlərinin, 64,3 milyon manatı büdcədənkənar fondların vəsaitlərinin, 219,4 milyon manatı əhalinin şəxsi vəsaitlərinin, 3,6 milyon manatı isə sair vəsaitlərin payına düşüb. Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 25,2 faizini dövlət, 74,8 faizini isə qeyri-dövlət sektorunun sərmayələri təşkil edib. Bu ilin ilk yarısında əsas kapitala yönəldilmiş vəsaitin 37,1 faizini daxili, 62,9 faizini isə xarici sərmayələr təşkil edib.
Ümumi investisiyaların 4 milyard 663,7 milyon manatı və ya 68,9 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Kapital qoyuluşunun strukturunda məhsul istehsalı obyektlərinin inşası daha üstün çəkiyə malik olub. Belə ki, ilin altı ayı ərzində bu məqsədlə 5 milyard 653,8 milyon manat vəsait xərclənib ki, bu da ümumi kapital qoyuluşunun 83,5 faizi deməkdir. Hesabat dövründə xidmət sahələri üzrə obyektlərin tikintisində 836,9 milyon manatlıq vəsaitdən istifadə olunub. Bundan əlavə, ötən altı ay ərzində ölkədə yaşayış evlərinin tikintisinə 278,6 milyon manat vəsait xərclənib ki, bunun da hesabına ümumi sahəsi 767,7 min kvadratmetr mənzil inşa edilib.
İqtisadiyyatın ayrı-ayrı sahələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlərin həcminə gəldikdə isə, yanvar-iyun aylarında kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın inkişafına 87,5 milyon manat vəsait xərclənib. Məlum olduğu kimi, son illər Azərbaycanda uğurlu sənayeləşmə siyasəti həyata keçirilir. Elə ilin əvvəlindən əsas kapitala yönəldilmiş ümumi vəsaitin 70,4 faizinin (4 milyard 766,6 milyon manat) sənaye sahələrinin inkişafına sərf edilməsi də bunu təsdiqləyir. Hesabat dövründə ölkə sənayesinin mədənçıxarma bölməsinə daha çox (4 milyard 428,6 milyon manat) investisiya yönəldilib. Bundan əlavə, ötən altı ay ərzində emal sənayesinə 215,4 milyon manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinə 84,9 milyon manat, su təchizatı; tullantıların təmizlənməsi və emalı bölməsinə isə 37,7 milyon manat xərclənib.
Azərbaycanda neft və qaz hasilatının bir qədər azalması hesabına sənaye istehsalı əvvəlki dövrlərlə müqayisədə aşağı düşsə də, bu sahə ümumi kapital qoyuluşunda üstün mövqeyini qoruyub saxlayıb. Belə ki, bu ilin altı ayında neft sektoruna 4 milyard 452,5 milyon manat investisiya yönəldilib. Bununla belə, son illər Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin prioritetini təşkil edən qeyri-neft sektorunun inkişafını sürətləndirmək məqsədilə investisiyaların cəlbi istiqamətində tədbirlər davam etdirilib. Cari ilin birinci yarısında ölkə üzrə ümumi investisiya qoyuluşunun 2 milyard 317,1 milyon manatı məhz qeyri-neft sahələrinin inkişafına sərf edilib ki, bunun da 314,2 milyon manatı qeyri-neft sənayesində istifadə olunub. Bu da müsbət nəticə vermiş, ölkənin qeyri-neft sənayesində 2,5 faizlik artım əldə edilmişdir. Prezidenti
İlham Əliyevin qeyd etdiyi kimi, qeyri-neft sənayesinin artması Azərbaycanda qeyri-neft sektorunun daha da sürətlə inkişaf edəcəyinə ümid yaradır.
2016-cı ilin yanvar-iyun aylarında ölkədə ticarət; nəqliyyat vasitələrinin təmirinə 16,5 milyon manat, nəqliyyat və anbar təsərrüfatına 466,9 milyon manat, turistlərin yerləşdirilməsi və ictimai iaşəyə 7,6 milyon manat, informasiya və rabitəyə 42,5 milyon manat, təhsilə 48,6 milyon manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsinə 32,4 milyon manat, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyətə 23,2 milyon manat, dövlət idarəedilməsi və müdafiə; icbari sosial təminata 139,1 milyon manat, inzibati və yardımçı xidmətlərin göstəriməsinə 52 milyon manat, peşə, elmi və texniki fəaliyyətə 3,6 milyon manat, maliyyə və sığorta fəaliyyətinə 0,6 milyon manat vəsait xərclənib. Əsas kapitala yönəldilmiş vəsaitlərin yerdə qalan 4 milyon manatı isə digər sahələrdə xidmətlərin göstərilməsinə sərf olunub.
Son illər ölkəmizin sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan yeni obyektlər istifadəyə verilir. Bu baxımdan 2016-cı ilin ilk yarısı ölkənin ayrı-ayrı şəhər və rayonlarında yeni-yeni obyektlərin açılması ilə əlamətdar olub. Belə ki, ötən yarım il ərzində əsas kapitala yönəldilmiş vəsaitlər hesabına Bakı şəhərində iri qabaritli transformatorlar və Yeni Ağdağ gips zavodları, Bakı Metropoliteninin yeni, bənövşəyi xəttinin "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyaları, Gəncədə "Nizami" elektrik yarımstansiyası, Tovuz rayonunda "Tovuzçay" su anbarı, ölkə üzrə 2118 şagird yerlik 10 məktəb binası, 610 yerlik 7 məktəbəqədər təhsil müəssisəsi, 560 yerlik 4 klub və s. obyektlər istifadəyə verilib. Bununla yanaşı, Azərbaycanın maliyyə imkanlarının ilbəil artması regionların sosial-iqtisadi inkişafını bir qədər də sürətləndirir, bölgələrdə yeni infrasruktur layihələri həyata keçirilir. İlin ötən dövründə regionlarda yol infrastrukturunun yeniləşdirilməsi istiqamətində də mühüm işlər görülüb, bir sıra rayonlarda magistral və kənd yolları əsaslı şəkildə yenidən qurulub.
Azərbaycanda həyata keçirilən uğurlu investisiya siyasətinin əsas istiqamətlərindən biri də xarici kapitalın ölkə iqtisadiyyatına cəlb edilməsi ilə bağlıdır. Artıq uzun illərdir ki, ölkəmiz xarici investisiyalar üçün cəlbediciliyi ilə seçilir. Məlum olduğu kimi, müstəqilliyin ilk illərində Azərbaycanda hakimiyyət böhranının mövcudluğu, eləcə də burada hökm sürən qeyri-sabit siyasi vəziyyət xarici investorları ölkəmizə maliyyə vəsaitlərini yatırmaqdan çəkindirirdi. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə Azərbaycanda siyasi sabitliyi bərqərar etmək mümkün oldu. Bu da xarici iş adamlarında Azərbaycana inamı artırdı, onları ölkəmizin iqtisadiyyatına, xüsusən də neft sənayesinə sərmayə yatırmağa sövq etdi. Nəhayət, 1994-cü ildə Azərbaycan dünyanın tanınmış neft şirkətləri ilə "Əsrin müqaviləsi"ni imzalamaqla öz qapılarını xarici sərmayələr üçün açıq elan etdi. Bu da ölkəmizə xarici sərmayə axınının sürətlənməsinə səbəb oldu. Müqayisə üçün deyək ki, əgər müstəqilliyin əldə edildiyi 1991-ci ildə Azərbaycana cəmi 22 milyon ABŞ dolları həcmində sərmayə yönəldilmişdirsə, 1995-ci ildə bu rəqəm 375,1 milyon ABŞ dollarına, 2003-cü ildə isə 3 milyard 371 milyon manata çatmışdır. Sonrakı illərdə isə Azərbaycanda ümumi kapital qoyuluşunda xarici sərmayələrin həcmi kəskin şəkildə artaraq 2007-ci ildə 7 milyard 781,7 milyon dollar təşkil etmişdir. Bu da ölkəmizdə hökm sürən əlverişli biznes mühitinin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir.
Əvvəlki illərdə olduğu kimi, 2016-cı ilin birinci yarısında Azərbaycana xarici investisiyaların axını davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-iyun aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 milyard 257,4 milyon manat vəsait yönəldilib. Xarici sərmayələrin 3 milyard 769,2 milyon manatı (88,5 faizi) Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub. Yeri gəlmişkən, qlobal maliyyə böhranı şəraitində ölkə iqtisadiyyatının dinamik inkişafını təmin etmək, nəzərdə tutulmuş sosial proqramların icrasını həyata keçirmək üçün xarici kapitalın Azərbaycana cəlbi daha çox aktuallıq kəsb edir. Təsadüfi deyil ki, 2016-cı ildə qarşıda duran vəzifələrdən söhbət açan Prezident İlham Əliyev demişdir: "Bu il biz xarici investisiyaları Azərbaycana daha böyük həcmdə cəlb etməliyik. Azərbaycan xarici sərmayə üçün çox gözəl ölkədir, xarici sərmayələr qorunur. Düzdür, sərmayələr daha çox neft-qaz sektoruna qoyulur. Ancaq, eyni zamanda, son vaxtlar qeyri-neft sektoruna da xarici sərmayə qoyulması müşahidə olunur. Biz çalışmalıyıq ki, xarici sərmayəni ölkəmizə cəlb edək, xüsusilə qeyri-neft sektoruna. O sahələrə ki, öz növbəsində bu sahələrin inkişafı ixrac potensialımızı gücləndirəcək və idxaldan asılılığımızı azaldacaq. Hesab edirəm ki, kənd təsərrüfatı sektoruna, sənaye sektoruna, xidmət sektoruna xarici sərmayəni cəlb etmək bizim üçün daha da məqbul sayıla bilər və hökumət bu istiqamətdə ciddi iş aparmalıdır".
İlin əvvəlindən tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 69,5 faizini tikinti, yenidənqurma və genişləndirmə, 12,2 faizini əsaslı təmir, 2,9 faizini cari təmir, 15,4 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin isə 88,1 faizi qeyri-dövlət tikinti müəssisələri tərəfindən yerinə yetirilib. Yeri gəlmişkən, ölkənin tikinti sektorunda istehsalın ötən ilin müvafiq dövrü ilə müqayisədə azalmasına baxmayaraq, yanvar-may aylarında inşaat sahəsində çalışanların sayı 90,4 min nəfər təşkil edib. Tikinti sektorunda fəaliyyət göstərənlərin orta aylıq maaşı isə ötən ilin eyni dövrünə nisbətən 24,6 faiz artaraq 829,8 manata çatdırılıb.
Göründüyü kimi, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın azaldılması istiqamətində tədbirlər davam etdirilir. Dünya bazarında neftin əvvəlki illərlə müqayisədə 3-4 dəfə ucuzlaşmasına baxmayaraq, cari ildə ölkəmizdə qeyri-neft sektorunun inkişafı, məqsədli sosial proqramların icrası prioritet vəzifə kimi müəyyənləşdirilib. Azərbaycanda həyata keçirilən uğurlu investisiya siyasəti isə qarşıya qoyulmuş ümumi məqsədlərə çatmağa imkan yaradacaq, qlobal maliyyə böhranının ölkəmizə təsirlərinin azaldılmasına səbəb olacaq. Yeri gəlmişkən, son zamanlar ölkəmizdə investisiyaların təşviqi istiqamətində ciddi addımlar atılır. 2016-cı il yanvar ayının 18-də Prezident İlham Əliyevin "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" imzaladığı fərman da Azərbaycana qoyulacaq sərmayələrin həcminin xeyli dərəcədə artmasına gətirib çıxaracaq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ölkə iqtisadiyyatına, qeyri-neft sektoruna qoyulacaq investisiyalar özlüyündə daha da böyük canlanmaya, yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq.
Mirbağır YAQUBZADƏ,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.