IV Qlobal Bakı Forumunda iştirak edən Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin jurnalistlərə müsahibəsində Azərbaycanda dəfələrlə olduğunu və hər səfərində ölkəmizdə böyük dəyişikliklər gördüyünü söyləyib. O, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanın gündən-günə inkişaf etdiyini, getdikcə daha böyük uğurlara imza atdığını vurğulayıb.
Azərbaycanın yeganə probleminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu vurğulayan sabiq nazir bu münaqişənin, bütövlükdə, regionun inkişafına əngəl yaratdığını diqqətə çatdırıb. H.Çətin deyib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Dağlıq Qarabağla yanaşı, onun ətrafındakı 7 rayonu da işğal edib. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətində heç bir irəliləyiş yoxdur.
Türkiyənin sabiq xarici işlər naziri təəssüflə vurğulayıb ki, bu gün Ermənistan və Azərbaycan arasında olan münaqişə həll olunmamış qalır. Müstəqillik illərində Azərbaycanın böyük uğurlara nail olmasına baxmayaraq, bu münaqişə öz həllini hələ də tapmayıb.
H.Çətin daha sonra diqqətə çatdırıb ki, bütün beynəlxalq birlik Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Beynəlxalq təşkilatlar, xüsusilə də BMT və onun Təhlükəsizlik Şurası erməni qoşunları tərəfindən Azərbaycanın işğal olunan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən çoxsaylı qətnamələr qəbul etmişdir. Təəssüf ki, bu qətnamələr indiyədək həyata keçirilməyib. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat və ya gün ərzində icra edilir. Azərbaycana gəldikdə isə artıq iyirmi il keçir. Bu, siyasi iradənin, xüsusilə də həmin qətnamələri qəbul edən dövlətlərin siyasi iradəsinin olmamasının təzahürüdür.
Türkiyənin sabiq xarici işlər naziri bu məsələ ilə bağlı forum çərçivəsində keçirilən sessiyada İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru Əbdüləziz Osman əl-Tüveycrin də fikrinə şərik olduğunu bildirib: “BMT Təhlükəsizlik Şurası özünün mühüm missiyasına baxmayaraq, problemlərin həlli qarşısında aciz qalıb. Məhz səmərəli idarəçiliyin olmaması və böyük güclərin fəaliyyətsizliyi nəticəsində hazırda dünyanın bir çox yerlərində humanitar fəlakət yaşanır, tarixi, mədəni irs məhv edilir. Buna görə də nəinki BMT Təhlükəsizlik Şurasında, bütövlükdə, BMT-də mühüm islahatlar aparılmalıdır”.
Türkiyənin sabiq xarici işlər naziri, eyni zamanda, qeyd edib ki, hazırda Azərbaycan dünyada müstəqil siyasət yürütməsi və beynəlxalq aləmdə sülh işinə böyük töhfələr vermək niyyəti ilə nüfuz qazanıb. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədəki fəaliyyəti dünyanın aparıcı dövlətlərinin rəhbərləri tərəfindən yüksək qiymətləndirilir. Artıq bütün dünya Azərbaycanın əsrlər boyu sivilizasiyaların bir araya gəldiyi məkan olduğunu, Avropa ilə Asiya arasında mədəni və siyasi körpü rolu oynadığını bilir.
H.Çətin daha sonra Prezident İlham Əliyevin son illərdə beynəlxalq hüquqa hörmət prinsiplərinin pozulduğu fikrilə razılaşdığını diqqətə çatdırıb: “Həqiqətən, əksər hallarda beynəlxalq təşkilatların qərarları dərhal icra olunur, bəzən isə on illərlə uzadılır. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsində də bu cür vəziyyət hökm sürür, BMT, ATƏT, İKT və digər beynəlxalq təşkilatların qərarları neçə ildir ki, icra olunmamış qalır. Biz də Türkiyə vətəndaşları olaraq bu münaqişənin itkisiz, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdarıq. İstəyirik ki, güclü, böyük dövlətlər haqq və hüquqları tapdanan kiçik dövlətlərə ikili standartlarla yanaşılmağa son qoysunlar”.
Türkiyənin sabiq xarici işlər naziri qlobal cəmiyyətdə dünya nizamının hazırkı vəziyyəti ilə bağlı böyük narahatlığın olduğunu da vurğulayıb. Bildirib ki, dünya hazırda “soyuq müharibə” olmasa da, “soyuq sülh” deyilən dövrdə yaşayır. Ona görə də bu gün müxtəlif məsələlər ətrafında, o cümlədən qlobal sülhə nail olmaq üçün dialoqun qurulması, mövcud müharibələrin, eləcə də Dağlıq Qarabağ münaqişəsinin qarşısının alınması və gələcəkdə onlardan yayınmaq yolları, çoxqütblü dünya nizamının dəyərlərinin təşviqi, habelə digər mövzularda səmərəli müzakirələrin aparılması mühüm önəm daşıyır.
H.Çətin yuxarıda qeyd edilənlərlə yanaşı, həssas geosiyasi vəziyyətdə olan Azərbaycanın dünyada sivilizasiyalararası və dinlərarası dialoqun həqiqi nümunəsi kimi tanındığını da vurğulayıb. Bildirib ki, bu, Azərbaycan xalqının qədim tarixi köklərə, mədəniyyətə və humanizmə malik olmasını bir daha sübut edir.
Hazırladı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.