Mart hadisələrindən dövlətimizi hakimiyyətlə xalqın birliyi uğurla çıxarmışdı


 

Bu il Azərbaycan müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək. Bu illərdə, xüsusilə, müstəqilliyin ilk illərində  biz vətəndaş müharibəsi, humanitar böhran, işğal, təcavüz, iqtisadi çətinliklər və deyərdim, iqtisadi iflasdan əziyyət çəkmişik.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


 

Dövlət başçımızın Bakıda keçirilən IV  Qlobal Bakı Forumunun açılış mərasimindəki nitqində bu məsələyə xüsusilə toxunması təsadüfi deyildi. Çünki müstəqilliyimizin ilk illərində üzləşdiyimiz acı  həqiqətlər beynəlxalq aləmdəki mütərəqqi addımları və ölkəmizin inkişafını gözü götürməyən qüvvələrin həyata keçirdiyi ssenarilərin əsas tərkib hissələrindən idi.

Həm 1994-cü ilin oktyabr hadisələri, həm də 1995-ci ilin mart hadisələri Azərbaycanda reallaşdırılsa da,  dövlət çevrilişinə hər iki  cəhdin ideoloqu da, sifarişçisi də, iqtisadi baxımdan dəstəkverənləri də xaricdə idilər. Kimin harada oturmasından və həmin iyrənc ssenarilərin reallaşdırılmasında hansı rolu oynamasından asılı olmayaraq, hər iki hadisədə Azərbaycan xalqının və  dövlətimizin qətiyyəti, ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi nəticəsində biz milli dövlətçiliyimizi qoruduq və müstəqilliyimizin möhkəmləndirilməsinə nail olduq.

Bu, bir fakt idi ki, müasir dövlətçilik tariximizə sonuncu sınaq məqamı kimi düşmüş 1995-ci ilin mart hadisələri Azərbaycan dövlətinin mövcudluğunu qəbul edə bilməyən bədxahlarımızın xəyanətkarlığının nəticəsi idi.  Bədxahlarımız həmin günlərdə  başa düşdülər ki, tarix səhnəsindəki siyasi lider məfhumunu layiqincə qiymətləndirə bilməyiblər. Dövlətçiliyimizi məhv etmək istəyənlərin  ideoloqları elə güman edirdilər ki, həmin günlərdə ölkəyə rəhbərlik edən siyasətçi də özündən əvvəlki üç dövlət başçısı kimi siyasət meydanından qaçacaq. Ancaq  1995-ci ilin mart qəsdinin ibrət dərsi və ən mühüm nəticələrindən biri də bu idi ki, Prezident Heydər Əliyevin başçılığı ilə Azərbaycan dövlətçiliyi sınaqdan şərəflə çıxdı. Ulu öndər həmin ağır günlərdə  təkcə xalqımızı deyil, eləcə də milli dövlətçiliyimizi birdəfəlik xilas etmişdi.

Tarixçilər yazırlar  ki, ötən əsrdə ikinci dəfə əldə etdiyimiz dövlət müstəqilliyimizin bərpası və onun qorunub saxlanılması, inkişaf etdirilməsi bir sıra çətin sınaqlar hesabına başa gəlmişdir. Çünki müstəqilliyimizin əldən getməsi üçün tək xaricdən yox, daxildən də canfəşanlıq edənlər çox idi. Bir tərəfdən, ermənilərin təcavüzkar siyasəti, digər tərəfdən, dövlətçiliyimizi məhv etməyə cəhdlər göstərən xarici qüvvələrin məkrli planları, bir yandan da şəxsi mənafeləri və hərislikləri ilə onlara qoşulan, bədxahlarımızın dedikləri ilə oturub-duran yerli cinayətkar ünsürlərin özbaşınalığı suverenliyimizi ciddi təhlükə qarşısında qoymuşdu.  Həmin məqamı ulu öndər 1995-ci il martın 15-də Azərbaycan Dövlət Televiziyası və Radiosu  ilə  xalqa etdiyi tarixi  müraciətində belə ifadə etmişdi: “Müstəqilliyimizə qarşı olan təzyiqlər təkcə ayrı-ayrı dairələrin təzyiqləri deyil. Təəssüf ki, Azərbaycanın öz içərisindən çıxan adamların, vəzifə hərislərinin də dövlət müstəqilliyimizə zərbə vurmaq cəhdlərinin şahidlərisiniz”.

Tarixin bütün dönəmlərində olduğu kimi, 1995-ci ilin mart hadisələri zamanı da ən son sözü  xalqın gücünü layiqincə qiymətləndirməyi bacaran milli liderin qətiyyəti demişdi. Ulu öndər bu cəhdləri törədənlərin bəd, çirkin, xəyanətkar əməllərinin  baş tutmasına imkan verə bilməzdi və vermədi. 1995-ci il mart hadisələri ərəfəsində  özlərini ictimaiyyətə “məğlubedilməz” kimi sırıyan Cavadov qardaşları və onların xarici-daxili havadarları   Xüsusi Təyinatlı Polis  Dəstəsindən (keçmiş OMON) istifadə edərək öz çirkin, məkrli çevriliş xislətlərini reallaşdırmağa cəhd göstərirdilər. Xəyanətkarlar özlərini “universal silahlı qüvvə”, “hərbi güc” adlandırır, heç kəslə hesablaşmaq istəməyərək, yalnız öz dediklərini yeritmək barədə düşünürdülər. “Qan-qan” deyərək, ixtilaflar, iyrənc və qanunsuz hərəkətləri ilə insanları qorxutmaq, bununla da  çirkin siyasətlərini həyata keçirmək xəyalında olan OMON-çular get-gedə daha da harınlaşırdılar. Çünki, ölkəyə zəif iradəli adamların rəhbərlik etdiyi illərdə onlar, sözün həqiqi mənasında, respublikanın hər yerində at oynatmış, istədikləri iyrənc addımı atmışdılar. 1993-cü ilin yayından – ulu öndər Heydər Əliyevin   ölkədə siyasi  hakimiyyətə qayıdışından sonra   asayişin qorunması, hər kəsin qanunlara tabe olması dövlətin bir nömrəli vəzifəsinə çevrilmişdi.  Heydər Əliyev  müdriklik  göstərərək, yolundan azmışlara, xalqı əzab-əziyyətlərə, vahiməyə salanlara düz yol, işıqlı gələcək göstərir, onları bu cür  çirkin oyunlardan çəkindirmək istəyirdi.

Dövlət başçısı ölkədə sabitliyi bərpa etmək üçün hətta adı bir çox cinayətlərdə hallanan, qanlar tökmüş insanlara da rəhmdillilik nümayiş etdirirdi: “Mən 8-ci Kilometr qəsəbəsində yerləşən Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvlərinə bir daha müraciət edirəm. Onlara təklif edirəm: bütün niyyətlərdən əl çəkin, silahı yerə qoyun, ev-eşiyinizə gedin, sizin bütün təhlükəsizliyiniz təmin olunacaqdır. Əks-təqdirdə, dövlətin qanunları tətbiq ediləcəkdir”.

Ən ağır məqamlarda belə xalqın yanında, daha doğrusu, önündə olmuş liderin nümayiş etdirdiyi  bu insansevərliyin, humanizmin cavabı nə oldu?  Cavadov qardaşları və onların havadarları haqq yoluna qayıtmadılar.  Çünki, onların  həm iddiaları böyük idi, həm də kimlərəsə söz vermişdilər.  Rövşən Cavadov ölkədə öz hakimiyyətini quracağını bəyan etmiş, həmin hakimiyyətdə Heydər Əliyev iqtidarına müxalif olan AXCP və Müsavatdan da nazirlər təyin edəcəyini söyləmişdi.

Xatırladaq ki, mart hadisələri öz başlanğıcını Qazax və Ağstafa rayonlarından götürmüşdü. Bunun da bir sıra səbəbləri var idi. Belə ki, Xüsusi Təyinatlı Polis Dəstəsinin bir bölməsi Qazax rayonunda yerləşirdi. Özlərini “polis, asayiş qoruyucuları” adlandıran bu harınlamış, qudurğanlıq həddinə çatmış qüvvələr heç kimlə hesablaşmırdılar. Nə yerli icra hakimiyyətinin, nə də hüquq-mühafizə orqanlarının işçilərinin dediklərinə məhəl qoyurdular. Bu azğınlaşmış, haqqın, ədalətin, yolundan sapmış qüvvələrin törətdikləri əməllər axır ki,  öz acı nəticələrini verdi. 

Cavadov qardaşları və Azərbaycanın müstəqilliyini istəməyən qara qüvvələr çalışırdılar ki, Elçin Əmiraslanovun dəstələri respublikanın qərb bölgəsində bir xaos, hərc-mərclik yaratsınlar. Məqsəd o idi ki, bu gərginlikdən, dərəbəylikdən istifadə edib Bakıdakı havadarlarını, qaragüruhçuları ayağa qaldırsınlar.

Cəhdin ilk günləri onlar bir sıra obyektləri, o cümlədən, icra hakimiyyətinin, polis-rabitə şöbələrinin inzibati binalarını tutmuşdular. Bununla da onlar sonrakı cinayətlərə şirniklənirdilər. Qaragüruhçular  sonradan daha da azğınlaşaraq, Cavadov qardaşlarının rəhbərliyi ilə XTPD üzvlərini cəbhə bölgəsindən Bakıya gətirmişdilər.  Bütün bunlar isə bir daha göstərirdi ki, həmin adamların fəaliyyətində bağışlanası və ya haqq qazandırılası heç bir addım yox idi.

Ancaq bütün hadisələrin və əməllərin ən dəqiq qiymətini xalq verir. Adıçəkilən hadisələr zamanı da   xalq, bütövlükdə, bu insanlara nifrət etməyə başladı.  Bəzi tarixçilər yazırlar ki, o  qədər silahı və haram yolla əldə edilmiş maddi vəsaiti olan qəsdçilər xalqdan heç bir dəstək görməyəndə vəziyyəti qiymətləndirməli, bəd əməllərdən geri çəkilməli idilər.  Onlar görürdülər ki,  Vətəni, torpağı sevən, onun müstəqilliyini əziz tutan insanlar “çevriliş qəhrəmanlarına” nifrətlə, ikrahla baxırlar. Hətta,  Vətənə xəyanət edən cinayətkar ünsürlərin dərhal həbs olunmasını, törətdikləri bəd əməllərə görə cəzalandırılmasını tələb edən çağırışlar səsləndirilirdi. Nəticədə, respublikamızın  müstəqil dövlətçiliyinə qəsd etmək xülyasına düşənlərin, bu şərəfsiz, qanlı-qadalı yola uyanların arzuları  gözlərində qaldı.

Xalqın önündə gedən ümummilli liderin siyasi müdrikliyi nəticəsində qəsdin qarşısı vaxtında və qətiyyətlə alındı. Nəticədə,  Azərbaycan xaricdən idarə edilən bir ovuc insanın at oynatdığı meydana deyil, dünya xəritəsində özünəməxsus nüfuzu, imici olan dövlətə çevrildi.

Bu qeydləri  dövlət başçımızın IV Qlobal Bakı Forumundakı nitqindən seçdiyimiz sitatla tamamlamaq istəyirik: “O vaxtkı Azərbaycan bugünkü Azərbaycandan fərqli idi. Yoxsul, müstəqilliyini yeni bərpa etmiş, iqtisadiyyatı bərbad vəziyyətdə və sənayesi dağılmış olan ölkənin gələcək ilə bağlı perspektivləri yox vəziyyətində idi. Əsas məqsədimiz dövlətimizi qurmaq, güclü iqtisadiyyat yaratmaq, ölkəni xarici sərmayələr üçün açmaq və dünyanı bazar iqtisadiyyatı sisteminin tərkib hissəsinə çevrilməkdən ibarət idi. Biz buna nail ola bildik”.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında