Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf edir. Ölkəmizdə köklü sosial-iqtisadi islahatlar, dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bütün bunlar ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizin möhkəmləndirilməsi və inkişafı üçün işləyib hazırladığı əsaslardan, bu siyasətin uğurla davam etdirilməsindən qaynaqlanır. Məhz bunun sayəsində Azərbaycan son illərdə dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasına daxil olmuşdur.
Bu gün Azərbaycan dünya miqyasında səciyyələndirilərkən, ilk növbədə, sabitlik, inkişaf və demokratikləşmə ön plana çəkilir. Cənubi Qafqazın lideri statusunu inamla daşıyan ölkəmiz artıq mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyənləşdirən aparıcı rola malikdir və təsadüfi deyil ki, bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri, beynəlxalq təşkilatlar, ilk növbədə, Azərbaycanın mövqeyini nəzərə alır, onunla hesablaşırlar. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə qətiyyətlə həyata keçirilən daxili və xarici siyasətin uğurlu olduğunu, onun praqmatizm üzərində qurulduğunu, milli maraqların müdafiəsinə yönəldiyini əyani surətdə təsdiqləyir.
Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş gələcək inkişaf istiqamətlərini səciyyələndirən Prezident İlham Əliyev demişdir: “Güclü iqtisadiyyat, güclü sosial siyasət, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, qanunun aliliyinin bərqərar olunması, demokratiyanın inkişafı, siyasi islahatların aparılması və dərinləşməsi-bütün bunlar Azərbaycanı hərtərəfli inkişaf etdirmək üçün vacib amillərdir. Onların hamısı Azərbaycanda vardır, bütün istiqamətlərdə islahatlar aparılır. Bizim əməlimizlə sözümüz arasında heç bir fərq yoxdur. Biz müstəqil siyasət aparırıq, öz gücümüzə arxalanırıq, öz hesabımıza yaşayırıq”. Son on iki ildə Azərbaycanın davamlı olaraq sürətli inkişafı, qeyri-neft sektorunun tərəqqisi, milli sahibkarlığın formalaşması və inkişafı,diaspor və lobbiçilik fəaliyyətinin genişləndirilməsi, Azərbaycanın milli mənafeyinə cavab verən balanslaşdırılmış xarici siyasətin yürüdülməsi vahid siyasi platformaya söykənən, çoxşaxəli və genişmiqyaslı qlobal strateji xəttin prioritet istiqamətləridir.
Dövlət başçısı İlham Əliyevin prezidentliyi dövründə əldə olunan möhtəşəm nailiyyətlərin canlı şahidləri kimi qəti əminliklə deyə bilərik ki, müstəqil Azərbaycan dövləti bu illər ərzində on illərə bərabər inkişaf yolu keçmişdir. Ölkə rəhbərinin yürütdüyü uğurlu daxili və xarici siyasət bir-birini tamamlayaraq Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlmişdir. Respublika daxilində gedən proseslər, Azərbaycanın dünya ölkələri ilə ikitərəfli və çox formatlı əlaqələrinin daim genişləndirilməsi indiyədək aparılmış və bu gün də dönmədən davam etdirilən siyasi kursun düzgünlüyünü bir daha təsdiqləyir. Müasir dövrdə ən inkişaf etmiş dövlətlərin təcrübəsi təsdiqləyir ki, yalnız sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olurlar. Bu dövrün əsas xüsusiyyətlərindən biri ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi müstəsna diqqət və qayğısının davamı olaraq sahəyə ayrılan xərclərin ildən-ilə artırılmasıdır. Bu isə təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ilə bağlıdır.
Son illər təhsil tarixində ilk dəfə olaraq 16 inkişafyönümlü dövlət proqramı təsdiq olunmuşdur və uğurla həyata keçirilməkdədir. Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilmiş həmin proqramların reallaşdırılması nəticəsində tədris müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi, infrastrukturun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili və digər istiqamətlərdə əhəmiyyətli uğurlar əldə olunmuşdur. Təhsilin informasiyalaşdırılması sahəsində də əhəmiyyətli işlər görülmüşdür. Ölkənin ümumtəhsil məktəbləri İKT ilə təmin edilmiş, hər 20 şagirdə bir kompüter nisbəti təmin olunmuşdur. Halbuki 2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşürdü. O vaxtdan ümumi təhsil məktəblərinin İKT ilə təminatı yüksək səviyyədədir. Təhsil tariximizdə ilk dəfə olaraq fənlər üzrə elektron tədris resusları hazırlanaraq məktəblərə verilmişdir.
Bu gün təhsilin keyfiyyətinin ən inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəlməsi ilə bağlı uğurlarımızla, təhsil sahəsində beynəlxalq layihələrdə iştirakımızla haqlı olaraq fəxr edirik. Bütün bunlar, şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin və onun ən layiqli davamçısı Prezident İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, müstəqillik illərində səmərəli fəaliyyət üçün yaradılmış əlverişli şərait və imkanlar sayəsində mümkün olmuşdur. Ölkəmizdə dövlətin təhsil sahəsinə diqqəti ardıcıl və müntəzəm xarakter daşıyır."Təhsil haqqında" Qanunun qəbul edilməsi, təhsil sistemində islahatların uğurla reallaşdırılması, ən mütərəqqi texnologiyaların tətbiqi, müəllimlərin əmək haqlarının müntəzəm olaraq artırılması bu sahənin dünya səviyyəsinə yüksəlməsinə imkan vermişdir. Ulu öndər Heydər Əliyevin siyasi kursuna uyğun olaraq milli təhsilimizin inkişafı məsələsi öz məzmumunu daha da genişləndirərək Azərbaycanın gələcək uğur modelinin əsasını formalaşdıran əsas başlıca amil kimi gündəmə gətirilmişdir. Prezident İlham Əliyevin müstəsna səyləri ilə dövlətin təhsil sahəsində siyasəti insan kapitalının möhkəmlənməsi və inkişafına xidmət edən ümummilli hərəkata çevrilmişdir.
Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin ideyalarını ardıcıl gerçəkləşdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələrə doğru inamla irəliləyir. Bu möhtəşəm uğurların təməlində isə əsasını ulu öndərin qoyduğu sarsılmaz iqtidar-xalq yekdilliyi dayanır. Təsadüfi deyil ki, 2013-cü ilin prezident seçkilərində xalqımız növbəti dəfə dövlət başçısı İlham Əliyevə yekdilliklə səs verməklə bir daha Heydər Əliyev siyasətini tam dəstəklədiyini, onun siyasi varisinə inam və etibarını ifadə etmişdir. Bundan sonra da ölkənin Heydər Əliyev yolu ilə uğurlu inkişafını təmin edəcəyini bildirən dövlət başçısı İlham Əliyev demişdir: “Azərbaycan xalqının maraqlarının qorunması, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi mənim üçün və bilirəm ki, hər bir Azərbaycan vətəndaşı üçün ən baçlıca vəzifədir, ən başlıca məqsəddir”.
Kamran RZAYEV,
Abşeron Rayon
Təhsil Şöbəsinin müdiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.