“Azərbaycan Respublikasının Coğrafiyası” Yeni nəşrlər

Bu yaxınlarda 70 illik yubileyini qeyd etdiyimiz AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutunun fəaliyyəti barədə institutun direktoru, akademik Ramiz Məmmədovun dolğun məruzəsi hər bir coğrafiyaşünas tədqiqatçının qəlbində dərin izlər buraxmışdır. Məruzədə Coğrafiya İnstitutunun keçdiyi tarixi yola nəzər salmaqla yanaşı, korifey alimlərimizin coğrafiya elminə verdiyi töhfələr, ümumilikdə, bugünkü coğrafiyaşünas tədqiqatçıların bu və ya digər formada elmi xidmətləri barədə məlumatlar yer almışdır.

Coğrafiya İnstitutunun yubileyini Azərbaycan coğrafiyaşünas alimləri elmi yaradıcılıq sahəsində qazandıqları uğurlarla qarşılamışlar. Bunların sırasında ən dəyərlisi Coğrafiya İnstitutu əməkdaşlarının hazırladıqları “Azərbaycan Respublikasının Coğrafiyası” adlı üçcildlik monoqrafiya da vardır.

Böyük elmi potensiala malik bir kollektivin çoxillik zəhmətinin bəhrəsi olan bu üçcildlik nəşr Azərbaycan coğrafiya elminə çox qiymətli töhfə kimi qiymətləndirilməlidir. Fürsətdən istifadə edib mən, eyni zamanda, redaksiya heyətinə böyük elmi xidmətinə görə öz həmkar təşəkkürümü bildirirəm.

Hər üç cildin təhlilinə gəldikdə mən, ilk növbədə, istər fiziki coğrafiyaya həsr olunan birinci cildin, istər iqtisadi-siyasi və sosial coğrafiyadan bəhs edən ikinci cildin, istərsə də regional coğrafiyaya aid olan üçüncü cildin hər birində sistemli şəkildə yazılmış üç mərhələni xüsusən ayırmaq istərdim. Bu mərhələlər müvafiq olaraq, coğrafi istiqamətlərin tarixiliyini, müasirliyini və ideyaverici, gələcək coğrafi tədqiqat mərhələlərini özündə birləşdirir. Maraqlıdır ki, tarixilik mərhələsində hər bir sahənin qədim coğrafi inkişafı ilə yanaşı, Azərbaycanda coğrafiya elminin inkişafı və bu sahədə böyük xidmətləri olan korifey alimlərimizin tədqiqatları, onların yaratdıqları elmi məktəblərin dəyərli izləri öz əksini tapmışdır.

Coğrafiyada müasirlik adlandırdığımız ikinci mərhələdə Azərbaycan coğrafiya elmində sözünü demiş alimlərimizlə yanaşı, onların davamçılarının da iz qoyduqları müasir coğrafi tədqiqatların qarşılıqlı sintezi özünə layiqli yer tutur. Azərbaycan coğrafiya elminin inkişafında davamlılığı, ardıcıllığı təmin edən bu mərhələ mühüm ədəmiyyət kəsb edir.

Üçüncü mərhələ isə bugünkü və gələcək coğrafiyaşünaslar nəsli üçün nəzərdə tutulmaqla, müvafiq coğrafi istiqamətlər üzrə elmi baza rolunu oynayır.

Təbii ki, bu təhlil hər üç cildi birləşdirən, eyni zamanda, bu cildlərdə müvafiq oxşarlıqları üzə çıxara biləcək ümumi yanaşmanın nəticəsidir. Bununla belə, hər üç cildi, qısa da olsa, differensial təhlil etməyə ehtiyac duyulur.

Birinci cilddə verilən müxtəlif fotoşəkillər, xəritələr, cədvəllər və sxemlər ölkənin fiziki -coğrafi şəraitinin təhlilinin real məlumatlar əsasında aparılmasını təsdiqləyən əyani vasitələrdir.

İkinci cilddə Azərbaycanda iqtisadi və siyası coğrafiyanın vacib sahələri hesab olunan əhalinin məskunlaşması, demoqrafik inkişaf xüsusiyyətləri, milli tərkibi, dəyişmə qanunauyğunluqlarının təhlili, ölkədə təbii ehtiyatların iqtisadi qiymətləndirilməsi, kənd təsərrüfatının, sənayenin, infrastruktur sahələrin iqtisadi -sosial coğrafi prizma baxımından inkişafı, müasir ekoloji problemlərin yaranma səbəbləri və onlardan çıxış yolunun tapılması, təbii fəlakətlərin əhalinin məskunlaşması və iqtisadiyyatın müxtəlif sahələrinə təsiri məsələlərinə diqqət yetirilmişdir. İnsanların maddi tələbatını ödəmək, dayanıqlı sosial iqtisadiyyatın inkişafını təmin etmək, əhalinin müasir və gələcək məskunlaşmasını öyrənmək, demoqrafik və milli tərkibin dəyişmə qanunauyğunluqlarını aşkar etmək baxımından bu cilddə sosial, iqtisadi, siyasi coğrafi təhlillər verilmişdir. Bu cilddə həllini tapan məsələlər ölkənin bu gün və gələcəkdə sosial - dayanıqlı inkişafını təmin etməyə yönələn müxtəlif dövlət proqramlarının, layihələrin həyata keçirilməsində vacib rol oynaya bilər.

“Regional coğrafiya” adlanan üçüncü cilddə Azərbaycanın müxtəlif təbii vilayətləri və onlara daxil olan ayrı -ayrı iqtisadi - coğrafi rayonların coğrafi mövqeyi, əhali və əmək ehtiyatları, sənaye və kənd təsərrüfatı, nəqliyyatı, sosial infrastruktur sahələri, mövcud durumun və perspektiv inkişaf xüsusiyyətlərinin yeni elmi təhlili öz əksini tapmışdır.

Ölkədə iqtisadi islahatların aparılması, müvafiq dövlət proqramı və layihələrinin həyata keçirilməsi əhalinin gələcəkdə məskunlaşmasının, kənd təsərrüfatının, sənayenin inkişafının elmi əsaslara istinad edə biləcək təminatını ödəmək baxımından bu cilddə həllini tapan məsələlər elmi cəhətdən olduqca əhəmiyyətlidir. Burada regional inkişaf perspektivlərini artan ölkə əhalisi və onun təminatı məsələləri baxımından həll etməyin mümkün kompleks elmi yanaşmaları tamamilə öz əksini tapmışdır.

Ümumiyyətlə, üç cilddən ibarət ilk dəfə nəşr olunan “Azərbaycan Respublikasının Coğrafiyası”nda coğrafiyanın müxtəlif aspektləri daha fundamental, sistemli, eyni zamanda, lakonik və elmi innovativliyi baxımından diqqəti cəlb etməklə yanaşı, dövlətin qəbul etdiyi proqram və layihələrlə tamamilə uzlaşır.

Rza MAHMUDOV,
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi Hidrometeorologiya
Elmi Tədqiqat İnstitutunun direktoru,
coğrafiya elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
August, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında