İlin doqquz ayının yekunlarına görə Cəlilabad rayonunda sürətli sosial-iqtisadi inkişafa nail ounub. Bütün cəlilabadlılar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 11-də rayona tarixi səfərinin xoş təəssüratları ilə yaşayır və görülən işlərə ən yüksək səviyyədə qiymət verilməsindən haqlı qürur duyurlar.
İcra hakimiyyətinin başçısı Əziz Əzizov hesabat yığıncağında xüsusi vurğuladı ki, on iki ildə 7 dəfə Cəlilabadda səfərdə olan cənab İlham Əliyev bu dəfə şəhərin baş parkında və seyrəngahında yenidənqurma işləri ilə maraqlanmış, Heydər Əliyev Mərkəzinin, ulu öndərin adını daşıyan Fondun təşəbbüsü ilə inşa edilmiş körpələr evi-uşaq bağçasının, kəndlərarası avtomobil yolunun və Göytəpə şəhərində Heydər Əliyev adına park-bulvarın açılışında iştirak etmiş, “Avanqard” MMC-nin taxılçılıq təsərrüfatı ilə tanış olmuşdur. Dövlətimizin başçısı rayonda qazanılan uğurları təqdir etmişdir.
Rayonda bu il istifadəyə verilən ən mühüm obyektlərdən biri regionda anoloqu olmayan yeni Heydər Əliyev Mərkəzidir. Ümumi sahəsi 8800 kvadratmetr olan Mərkəzdə ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən kitablar, fotolar, fəxri diplomlar və digər sənədlər sərgilənir. Mərkəzdə həmçinin böyük sərgi salonu, 700 yerlik böyük və kiçik konfrans zalları, amfiteatr, nikah salonu, yeni ailə quranlara psixoloji məsləhət, ana və uşaq, geyim, qrim, milli rəqs, gimnastika və aerobika, xalça və tikiş otaqları, məntiqi təfəkkür, kompyuter və xarici dil kursları, gənclər, şən və hazırcavablar klubları, rəsm-heykəltəraşlıq studiyası, müasir formatlı 3D kinozalı, fotostudiya, adi və elektron kitabxanalar, internet-kafe də fəaliyyət göstərir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun reallaşdırdığı çoxsaylı layihələrdən biri də Cəlilabad şəhərində hər biri 100 yerlik 2 körpələr evi-uşaq bağçasının istifadəyə verilməsidir. Həmin ikimərtəbəli məktəbəqədər müəssisələr müasir mebel dəstləri ilə təchiz edilmiş, yataq və oyun otaqları balacaların zövqünə uyğun hazırlanmış, onların normal qidalanması üçün bütün tədbirlər görülmüşdür. Hazırda şəhərdə daha bir körpələr evi-uşaq bağçasının tikintisinə hazırlıq işləri görülür.
Cənab Prezidentin ayırdığı maliyyə vəsaiti hesabına tikilmiş Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun inşası yüksək səviyyədə və keyfiyyətlə aparılıb. Yolun ümumi uzunluğu 21 kilometr, eni isə 8 metrdir. Yola ikiqat asfalt döşənib. Altı yaşayış məntəqəsini əhatə edən yol 23 mindən çox əhaliyə xidmət göstərir.
Göytəpə şəhərində tikilən Heydər Əliyev adına park-bulvar tutduğu əraziyə xüsusi gözəllik verir. Burada ümummilli liderin abidəsi ucaldılmış, 2 artezian quyusu qazılmış, musiqili fəvvarə, müasir işıq dirəkləri və rahat oturacaqlar quraşdırılmış, 15 min kvadratmetr sahədə yaşıllıq zolağı salınmışdır. Parkın ətrafına 5 min kvadratmetrlik asfalt döşənmiş, yeni elektrik xətləri çəkilmiş, yaxınlıqdakı evlər və ictimai obyektlər abadlaşdırılmışdır.
Eyni zamanda daxili imkanlar hesabına Ələt-Astara magistral yolunun Göytəpə şəhər, Alar, Qarazəncir və Muğan kəndlərinin ərazisindən keçən hissəsində uzunluğu 23 kilometr olan 55,2 min kvadratmetrlik dekorativ hasarlar yenidən qurulmuş, vətəndaşlara məxsus 500-dən çox darvaza eyni formalı və müasir görkəmli darvazalarla əvəz edilmiş, yeni səki daşları düzülmüş, xaricdən gətirilmiş 300-ə qədər işıqlandırma dirəyi quraşdırılmışdır. Bundan başqa, Cəlilabad şəhərində Heydər Əliyev prospekti yenidən qurulmuşdur. Prospektdə yerləşən kommersiya obyektlərinin primitiv fasadları dəyişdirilmiş, eyni formada alkopan örtüklərlə üzlənmişdir.
Sentyabr ayında rayon prokurorluğunun binası, habelə Göytəpə şəhərində 69 saylı Cəlilabad-Masallı-Biləsuvar dairə seçki komissiyası üçün yeni inzibati bina və parkın tikintisi ilə əlaqədar sökülən ikimərtəbəli mənzilin əvəzinə inşa olunan yeni yaşayış binası istifadəyə verilmişdir. Lənkəran hərbi prokurorluğunun, rayon elektruk şəbəkəsinin və kənd təsərrüfatı idarəsinin inzibati binalarının tikintisi davam etdirilir. Yaxın günlərdə Göytəpə şəhərində mədəniyyət mərkəzinin və idman kompleksinin inşasına başlanılacaq.
Azərbaycan hökuməti və Dünya Bankının maliyyə vəsaiti hesabına Cəlilabad şəhərinin küçələrində indiyədək 155,3 kilometr kanalizasiya və 164,9 kilometr su xətti çəkilmişdir. Küçələrə 46 min kvadratmetr çınqıl döşənmişdir. Hazırda bu işlər davam etdirilir.
Aqrar bölmənin inkişafına xüsusi diqqət yetirilir. Bitkiçilik və heyvandarlıq sahələrində böyük uğur qazanılıb. Əlverişsiz hava şəraitinə baxmayaraq, taxılçıların gərgin əməyi nəticəsində 66007 hektar dənli və dənli-paxlalı bitkilərin biçini başa çatdırılmış, hər hektardan 28,6 sentner olmaqla 188755 ton məhsul istehsal edilmişdir. Ümumi məhsulun 82,2 faizi buğdadan ibarətdir. Biçilən sahə 2014-cü illə müqayisədə 4584 hektar az olsa da, hektardan məhsuldarlığın 9,6 sentner artırılması hesabına 54631 ton çox məhsul istehsal olunmuşdur.
Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə iri fermer təsərrüfatlarının təşkil edilməsi üçün mühüm tədbirər görülür. Belə təsərrüfatlardan biri də “Avanqard” MMC tərəfindən rayondakı keçmiş dövlət kənd təsərrüfatı istehsal müəssisəsinin bazasında yaradılıb. Təsərrüfat əsasən toxumçuluq yönümündə fəaliyyət göstərir və yüksək reproduksiyalı buğda toxumuna olan tələbatın ödənilməsinə xidmət göstərir. 1300 hektar torpaq sahəsi olan təsərrüfatın investisiya layihəsinin ümumi dəyəri 5,9 milyon manatdır.
Rayonda inkişaf etmiş sahələrdən biri də kartofçuluqdur. Doqquz ay ərzində 77415 ton kartof istehsal olunub ki, bu da ötən ildəkindən 9715 ton çoxdur. Heyvandarlıq sahəsində də müsbət dəyişiklik var.
Doqquz ay ərzində rayonda fəaliyyət göstərən bank filialları və kredit təşkilatları tərəfindən 14285 fiziki və hüquqi şəxsə 28 milyon 207 min manat məbləğində kredit verilmişdir. Müsbət haldır ki, kreditlərin əsas hissəsi aqrar sahədə məşğul olan şəxslər tərəfindən götürülüb.
Əhalinin fasiləsiz elektirik enerjisi və təbii qazla təminatından ötrü məqsədyönlü tədbirlər həyata keçirilir. 13 kəndə təbii qaz verilişi bərpa olunub və 4500 ailə mavi yanacaqla təchiz edilib. Hazırda daha 16 kəndin qazlaşdırılması üçün tikinti işləri aparılır.
Bu il tam orta məktəbləri bitirmiş məzunların 290-ı ali məktəbə qəbul olunmuşdur ki, onların da 9-u 600-dən çox bal toplamışdır. Şagirdlərə yüksək bilik verilməsində Cəlilabad şəhər 1, 2 və 8 nömrəli, Göytəpə şəhər 1 nömrəli, Sabirabad kənd 1 və 2 nömrəli, Ocaqlı kənd 1 və 2 nömrəli, Alar kənd 1 nömrəli və Babalı kənd tam orta məktəbləri xüsusilə fərqlənmişlər.
Hazırda rayon əhalisinə müalicə-diaqnostika mərkəzi, 5 şəhər və 3 kənd sahə xəstəxanası, onlarla tibb məntəqəsi, habelə təcili tibbi yardım stansiyası xidmət göstərir. Profilaktik və əks-epidemik tədbirlərin vaxtında aparılması nəticəsində bir sıra infeksion xəstəliklər tamamilə ləğv edilmiş, digər qismi isə minimuma enmişdir. Lakin tibb müəssisələrində 118 həkim və 265 orta tibb işçisi çatışmır. Xidmətdə bəzi çatışmazlıqlar da yox deyil.
Rayon icra hakimiyyətində ötən dövrdə vətəndaşların müraciətlərinə baxılmasına xüsusi diqqət yetirilmiş, şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına maksimum səy göstərilmişdir. Doqquz ay ərzində aparata 782 müraciət daxil olmuşdur ki, bunun da 584-ü ərizə, 198-i şikayətdir. Müraciətlərin 357-si Prezidentin Administrasiyasından, 240-ı birbaşa vətəndaşlardan, qalanları isə digər təşkilatlardan daxil olmuşdur. Keçən ilin eyni dövrünə nisbətən müraciətlərin ümumi sayı 194, o cümlədən Prezident Administrasiyasından daxil olan müraciətlərin sayı 63 ədəd azalmışdır. Aparatda keçirilən qəbullarda 150, yerlərdə keçirilən səyyar qəbullarda isə 214 nəfər qəbul edilmişdir.
Tədbirin sonunda vurğulandı ki, ilin sonuna az qaldığı üçün hər bir rəhbər işçi indiyədək görülən işləri ciddi təhlil etməli, qarşıda duran vəzifələri müəyyənləşdirməli və ilin uğurla yekunlaşması üçün bütün qüvvələri səfərbərliyə almalıdır.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.