Andre REYHARD: Azərbaycana qarşı ədalətsizliyə, ikili standartlara son qoyulsun

İyunun 12-də Bakıda möhtəşəm Olimpiya stadionunda I Avropa Oyunlarının təntənəli açılış mərasimində iştirak edən nüfuzlu xarici qonaqlar arasında Fransa Parlamentinin üzvləri – Fransa-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, AŞPA-da nümayəndə heyətinin sədri Andre Reyhard, dostluq qrupunun üzvü  Natali Qule də var idilər.

Səhərisi gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan jurnalistləri ilə keçirilən görüşdə Fransa parlamentinin hər iki üzvü təəssüratlarını bölüşdülər, ölkəmizin media təmsilçilərinin suallarını cavablandırdılar.

Görüşdə qonaqları jurnalistlərə ölkəmizin mötəbər dostları kimi təqdim edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Milli Məclisin üzvü, Mətbuat Şurasının beynəlxalq komissiyasının sədri Cavanşir Feyziyev  Andre Reyhardı və Natali Quleni Fransa və Avropa parlamentlərində Azərbaycan həqiqətlərinə dəstək qazandıran vicdanlı, haqsevər deputatlar kimi səciyyələndirdilər.

Sonda iki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsində xidmətlərinə və Azərbaycan həqiqətlərini dəstəklədiklərinə görə Andre Reyharda və Natali Quleyə Azərbaycan Mətbuat Şurasının fəxri diplomları təqdim olundu.

Mətbuat konfransından sonra qəzetimiz üçün qısa müsahibəsində Avropa Oyunlarının  açılışından danışan  Natali Qule mərasimin çox yüksək səviyyədə təşkil edildiyini vurğulayaraq dedi:

– Azərbaycana ötən səfərlərimdə də ilk Avropa Oyunlarına ciddi, sürətli, miqyaslı hazırlığın şahidi olmuşdum. Dünənki açılış, ümumiyyətlə, hazırlıq işləri göstərir ki, Azərbaycan Avropa tarixində ilk ümumi idman yarışmasını ən yüksək səviyyədə keçirmək üçün hər cür şərait yaratmışdır.

Açılış mərasimini milli məzmunu və bəşəri təqdimat forması hamını heyran qoydu. Bu, çağdaş “Min bir gecə” əfsanəsi idi. İlk insan məskəni olan Qobustandan dünya müdriki Nizaminin humanizm aləminə, klassik əxlaqdan sabahkı barış və gözəlliyə qapı açan, ortaq sivil dəyərləri simvolizə edən möhtəşəm şou- kompozisiya Avropa idmanının yeni tarixinin başlanğıcı üçün layiqli təntənə yaratdı. Bu mərasim qüdrətli bir coşğu ilə qitələrin, iqlimlərin, xalqların qovuşuğunda bütün Avropanın nəbzi kimi döyündü və tarixə də beləcə həkk olundu.

15 ildir ki, Azərbaycanın dostuyam və ölkənizlə əlaqələrin inkişafı üçün çalışıram. Bir müddət öncə Azərbaycanda mədəniyyətlərarası forumda iştirak etdim. Bu ölkədə qibtəediləsi dini dözümlülüyün və mədəniyyətlərarası dialoqun şahidi oldum.  Azərbaycanda müxtəlif dinlərə və etnoslara həssas, insani  münasibət var. Bir müsəlman ölkəsi üçün bu çox diqqətə və ehtirama layiq dəyərdir.

 Bu məsələ ilə bağlı dünən bir fakt da diqqətimi çəkdi. Oyunların açılış mərasimində Ermənistan nümayəndə heyətinin paraddan keçməsi sadə bir hadisə deyildi. Bu fakt bir daha dünyaya və Avropaya göstərdi ki, Avropa Şurasında, Avropa Parlamentində Azərbaycanın hətta onun torpaqlarını işğal edən düşmən dövlətə belə göstərdiyi dözümlülükdən ürəkgenişliyi ilə danışılmalıdır.  Ölkəniz layiq olmadığı haqsız tənqidlərə məruz qalmamalıdır.

Fransa  Parlamentində milli müdafiə məsələləri ilə məşğul oluram. Azərbaycan bir çox önəmli məsələlərdə Qərbin tərəfdaşıdır. Ölkəniz Avropaya və dünyaya geniş qucaq açıb, sərvətlərini ehtiyacı olanlardan gizlətmir. Azərbaycan iyrənc oyunlarda iştirak etmir, heç kəsin haqqına göz dikməyib.

Fransa-Azərbaycan Parlament Dostluq Qrupunun rəhbəri Andre Reyhard da Avropa Oyunlarının açılış mərasiminin təsiri altında olduğunu söylədi:

– Təşkilatçılıq işi o qədər yüksək, nizamlı və ahəngdardır ki, onu yalnız təqdir etmək, lazım gələrsə bundan  öyrənmək olar. Oyunlar  və yarışların izlənilməsi əla səviyyədə təşkil edilib. Gənc bir dövlətin, o qədər də böyük olmayan bir ölkənin belə bir nəhəng yarışmanı öz üzərinə götürməsi onun dünyaya dostluq mesajı, ümumi fayda üçün fədakarlıq göstərməsidir.

Fransa bu Oyunlara çox önəm verir və ən çox idmançı göndərən 3 ölkədən biridir. Tədbirdə Fransanın idman naziri və bir sıra önəmli şəxslər də iştirak edirlər. Hesab edirəm ki, açılış mərasimi dünyada böyük rezonans doğurdu. Həm Prezident İlham Əliyev, həm  xanımı— Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, həm də Azərbaycan xalqı Oyunlar üçün  çox böyük əziyyət çəkiblər. Azərbaycan bu uğuru ilə Avropada özünə yeni imic formalaşdırdı.

Yeri gəlmişkən deyim ki, biz Avropa Şurasında və Parlamentində tez- tez Azərbaycana qarşı ədalətsiz, qərəzli münasibətin şahidi oluruq və buna qarşı çıxırıq. Bu gün siz haqlı olaraq soruşdunuz ki, Avropa Məhkəməsinə insan hüquqlarının pozulmasına dair Azərbaycandan dəfələrlə çox müraciətlər daxil olan ölkələr dura-dura, nə üçün Azərbaycan ciddi narahatlıq olmadan ayrıca hədəfə alınır? Nə üçün Ermənistanın 1 milyon azərbaycanlını illərdən bəri qaçqın- köçkün kimi dözülməz vəziyyətdə yaşamağa məhkum etməsi açıq- aşkar insan haqlarının pozulması kimi ittiham olunmur?

Haqlı suallardır.  Bu məsələləri mən də Avropa Şurasında və Məhkəməsində səsləndirmişəm. Azərbaycan deputatları və onların parlament dostları bu istiqamətdə çox iş görməlidir. Təkcə Avropa Oyunlarının təşkilinin yüksək nümunəsi əsas verir ki, Azərbaycana qarşı ədalətsizliyə, ikili standartlara son qoyulsun.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında