Suraxanıda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb

Suraxanı rayonunda görkəmli oftalmoloq alim, ictimai xadim, Əməkdar elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. Növbəti tədbir  rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Suraxanıdakı Heydər Əliyev Mərkəzində reallaşıb.

Tədbir iştirakçıları əvvəlcə ulu öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edib,  önünə tər güllər düzüblər.  Sonra Heydər Əliyev Mərkəzində  görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə yaradılmış guşədə  qoyulmuş büstü önünə tər güllər düzüb, foto, kitab sərgisinə baxıblar.

Mərasim Mərkəzin elektron lektoriya zalında davam etdirilib. Tədbir iştirakçıları bir dəqiqəlik sükutla akademik

Zərifə xanım Əliyevanın əziz xatirəsini yad edib, onun haqqında filmə baxıblar.

Tədbiri  rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov giriş sözü ilə açaraq qeyd edib ki, görkəmli elm xadimi, dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci idönümü həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda geniş qeyd olunur, əziz xatirəsi sonsuz məhəbbətlə anılır. O, Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışıb, alimin bu sahədə apardığı elmi-tədqiqat işlərinin böyük səmərə verdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yazdığı fundamental əsərlər nəinki Azərbaycan, eləcə də dünya tibb elminin tarixində yeni səhifələr açıb. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir.

İlqar Abbasov bildirib ki,  akademik Zərifə Əliyeva geniş bilik diapozonu, həssaslıq və nəcibliyi ilə həkimliyin, alimliyin, həm də pedaqoqluğun ali zirvəsinə yüksəlib. Müasir Azərbaycan dövlətinin qurucusu, bütün mənalı həyatını Vətəninin və xalqının tərəqqisinə həsr edən ümummilli liderimiz Heydər Əliyevin ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olan Zərifə xanım Əliyeva Azərbaycan qadınları üçün qürur və iftixar mənbəyidir.

Başçı diqqətə çatdırıb ki, görkəmli oftalmoloq alim 150-dən artıq elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitlərinin müəllifi olmaqla yanaşı, həm də yüksək ixtisaslı həkim kadrların yetişməsində fədakarlıq göstərib.

Gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim Zərifə xanım Əliyeva elə insan idi ki, bir dəfə ünsiyyətdə olanlar onu ömrü boyu unuda bilmirdilər. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi əbədi qalırdı. Onun insanlara məhəbbəti qeyri-adi dərəcədə hüdudsuz idi. Zərifə xanım sevib-seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə bu istedadını tam gerçəkləşdirə bilirdi.

Zərifə xanımın zəngin elmi fəaliyyəti, qazandığı uğurlar barədə danışan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov, 24 saylı Şəhər Poliklinikasının göz həkimi Rəna Qanbay, RİHB-nin Zığ inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cəlaləddin Əhmədov, 16 saylı Uşaq Poliklinikasının həkimi Aynurə Ələsgərova və başqaları akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafı istiqamətində apardığı tədqiqat işlərinin əhəmiyyətini xüsusi vurğulamışlar.

Tədbirdə səslənən fikirləri ümumiləşdirən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, akademik Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olub.

İlqar Abbasov həmçinin xatırladıb ki, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndə heyəti hələ 2008-ci il aprel ayının 21-26-da Estoniya Respublikasının paytaxtı Tallin şəhərində işgüzar səfərdə olarkən burada fəaliyyət göstərən uşaq bağçalarından birinə rayon icra hakimiyyətinin təşəbbüsü ilə görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın adı verilib və həmin tərbiyə müəssisəsində oftalmoloq alimin büstünün açılışı olub.

Rayon icra hakimiyyətinin başçısı daha sonra qeyd edib ki, 2014-cü ildən Suraxanı rayonunda yeni ailə quran gənclərin nikah mərasimlərinin rayondakı Heydər Əliyev Mərkəzində təşkil olunması bir ənənə şəklini alıb. Görkəmli elm xadimi, dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 92-ci ildönümü qeyd edilən bu tədbirdə də yeni ailə qurmağa hazırlaşan gənclərin nikah mərasimi keçiriləcək.

Yeni ailə quran gənclər İlqar Umbayev və Şəlalə Səlimova səhnəyə dəvət ediliblər və rayon Qeydiyyat şöbəsinin əməkdaşı tərəfindən nikahları rəsmiləşdirib. Sonra həmin gənclərə rayon icra hakimiyyətinin hədiyyəsi təqdim olunub və onlara  ümummilli lider Heydər Əliyevlə Zərifə xanım Əliyeva kimi möhkəm təməlli nümunəvi bir ailə qurmaq, bu müqəddəs ocağı ömürlərinin sonuna kimi qorumaq  arzulanıb.

Tədbir musiqili proqramla yekunlaşıb.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında