Azərbaycan Respublikası Prezidentinin 15 mart 2012-ci il tarixli sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılmışdır.
Fondun əsas məqsədi İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir. Fond mütərəqqi proqram təminatının və innovativ İKT məhsulları nümunələrinin hazırlanması, həmçinin innovativ infrastrukturun inkişafı, müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması, İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı layihələrinin inkişaf etdirilməsi və onların kommersiyalaşdırılmasına maliyyə dəstəyi göstərir.
Fond İKT sahəsində elmi-tədqiqat işlərinin genişlənməsi, innovativ fəaliyyətin stimullaşması və istehsal yönümlü fəaliyyətin dəstəklənməsi kimi vacib məqsədlərə xidmət edir və bu məqsədlərə nail olmaq üçün maliyyə resurslarının cəlb edilməsi, bundan səmərəli istifadə olunmasını həyata keçirir.
2014-cü il üçün İKT sahibkarlığının stimullaşdırılması, inkişaf etdirilməsi və İKT sahəsi üzrə layihələrin maliyyələşdirilməsi üçün fonda dövlət büdcəsindən 5 (beş) milyon manat vəsait ayrılmışdır.
Fondun Müşahidə Şurası vəsaitlərin müvafiq maliyyələşmə istiqamətlərinə uyğun bölgüsü müəyyənləşdirilmiş, müvəkkil banklara kredit xətlərinin açılması qərara alınmışdır. “Qrant müsabiqələrinin təşkili və keçirilməsi qaydaları”na dəyişikliklərin edilməsi, qrant müsabiqələrinin elan olunma tarixləri və mövzuları, qrant müsabiqələri çərçivəsində və güzəştli kreditlər vasitəsi ilə fondun vəsaitləri hesabına maliyyələşdirilən layihələr üzrə monitorinqlərin aparılması qaydaları müzakirə və təsdiq edilmiş, layihələrin qəbulu ilə bağlı prosedurun sadələşdirilməsi ilə bağlı qərarlar qəbul edilmişdir.
Təkcə ötən il İKT sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 5 müvəkkil bank vasitəsilə ümumilikdə 4 milyon 600 min manat güzəştli kredit vəsaiti ayrılmışdır.
Ötən il 2 qrant müsabiqəsi elan edilmişdir. 1-ci qrant müsabiqəsi çərçivəsində fonda daxil olan 194 layihədən 106-sı ilkin, 59-u isə kompleks ekspertizadan keçərək yekun qərarın verilməsi üçün Fondun Müşahidə Şurasına təqdim edilmişdir. Müşahidə Şurasına təqdim olunan 59 layihədən 31 layihənin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilmişdir.
2-ci qrant müsabiqəsi çərçivəsində fonda daxil olan 129 layihədən 62-i kompleks ekspertizadan keçərək yekun qərarın verilməsi üçün Fondun Müşahidə Şurasına təqdim edilmişdir. Müşahidə Şurasına təqdim olunan 62 layihədən 30 layihənin maliyyələşdirilməsi qərara alınmışdır.
Cari il ərzində fond tərəfindən elan edilən qrant müsabiqələri ilə bağlı sahibkarları məlumatlandırmaq və məsləhətlərin verilməsi məqsədilə sessiyalar keçirilmişdir. Tədbirlərdə İKT sahəsi üzrə ixtisaslaşmış kiçik və orta sahibkarlıq subyektləri iştirak etmişlər. İştirakçılara fondun fəaliyyəti və qrant müsabiqəsi çərçivəsində layihələrə qoyulan tələblər üzrə geniş məlumat verilmişdir. Həmçinin, layihələrin onlayn qəbulu məqsədilə yaradılmış e-Qrant sisteminin təqdimatı və layihələrin təqdim olunması qaydaları ilə əlaqədar təqdimatlar keçirilimişdir.
Fond beynəlxalq təcrübəni öyrənmək məqsədilə müxtəlif ölkələrin və nüfuzlu təşkilatların nümayəndə heyətləri ilə görüşlər keçirir. Fondun əməkdaşları bir sıra yerli və beynəlxalq tədbirlərdə iştirak edir. Ötən il Türkiyə, Böyük Britaniya, Finlandiya və Macarıstana səfərlər olunmuş, orada fəaliyyət göstərən analoji fondlar və təşkilatların təcrübəsinin öyrənilməsi, həmçinin qarşılıqlı əməkdaşlığın qurulması məqsədilə bir sıra görüşlər keçirilmişdir. Koreya Respublikası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirliyinin səfirləri ilə görüşlər keçirilmiş və əməkdaşlıq əlaqələrinin qurulması perspektivləri müzakirə olunmuşdur. Bu qurum Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin və elmi tədqiqat institutları ilə İKT sahəsində vençur maliyyələşdirilməsini və texnologiyaların transferini həyata keçirən qabaqcıl şirkətlərlə görüşlər təşkil edir. Məsələn, ötən ilin dekabr ayında fondun təşəbbüsü ilə Bakıya səfər edən Böyük Britaniyanın MTİ şirkəti tərəfindən təsis olunmuş “TransTech Capital” (TTC) şirkəti ölkənin aparıcı təhsil və elmi tədqiqat mərkəzlərinə səfər etmişdilər.
Adıçəkilən şirkət bu sahədə olan təcrübəsinin Azərbaycanda tətbiqi və qarşılıqlı əməkdaşlığın qurulmasında maraqlı olduğunu nəzərə alaraq, ölkəmizdə elm əsaslı potensialının qiymətləndirilməsi və potensialı yüksək olan qurumlarda Texnoloji Transfer mərkəzlərinin yaradılması və innovativ layihələrin maliyyələşdirilməsinin həyata keçirilməsini təklif etmişdir.
Əlbəttə, ötən il Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə fondun fəaliyyəti xeyli genişlənmiş, əsas hədəflərə doğru irəliləməsinə imkan yaratmışdır.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.