Seçicilər yerli özünüidarə orqanlarının formalaşmasına xüsusi önəm verirlər

NƏRİMANOV

Ölkəmizin hər yerində olduğu kimi, paytaxtın Nərimanov rayonunda da bələdiyyə seçkilərinin azad, şəffaf və ədalətli şəkildə keçirilməsi üçün hərtərəfli şərait yaradılmışdır.

Rayon ərazisində yerli özünüidarəetmə orqanına keçirilən seçkiləri müşahidə etmək məqsədilə 19 saylı Nərimanov birinci Seçki Dairəsinin 26 saylı seçki məntəqəsində olduq. Seçki Məcəlləsinə uyğun olaraq səhər saat 8:00-da məntəqənin qapıları seçicilərin üzünə açılmışdı. Havanın soyuq və küləkli olmasına baxmayaraq, məntəqəyə səs verməyə gələn seçicilərin sayı tədricən artırdı. Məntəqənin sədri Səmayə Eynullayevanın bildirdiyinə görə, burada 1359 nəfər seçici səs verməlidir. Məntəqədə veb-kamera quraşdırılmış,  seçki səsvermə prosesi üçün tələb olunmuş bütün digər zəruri avadanlıq alınmışdır.

Burada həm məntəqə üzvləri, həm seçicilər, həm də səsvermə prosesini izləmək məqsədilə  qeydiyyatdan keçmiş müşahidəçilər üçün lazımi şərait yaradılmışdır. Səsvermə prosesini izləyən   Böyük Qurtuluş Partiyasının müşahidəçisi  Şahin Abdullayev bildirdi ki, seçkinin gedişi qanunamüvafiq şəkildə təşkil olunmuş, heç bir pozuntudan söhbət gedə bilməz. Məntəqəyə daxil olan hər bir seçici öz iradəsini azad və sərbəst şəkildə ifadə edə bilir, heç bir müdaxilə halları müşahidə olunmur.

Müşahidələrimizi 5 və 6 saylı seçki məntəqələrində davam etdirdik. Səhər saatları olmasına baxmayaraq, səsverməyə gələn vətəndaşların sayı anbaan artırdı. Seçici Nurəddin Abbasov və bitərəf müşahidəçi Zemfira Əsgərova səsvermə prosesi üçün yaradılmış şəraitdən razılıqlarını bildirməklə yanaşı, heç bir qanun pozuntusu ilə rastlaşmadıqlarını dilə gətirdilr.

Bütövlükdə isə 19 saylı Nərimanov birinci Seçki Dairəsi üzrə seçicilərin ümumi sayı 45434 nəfər təşkil edir. Onların səsverməsi üçün dairə üzrə 35 məntəqə təşkil olunmuş, 10 məntəqədə veb-kamera quraşdırılmışdır. Seçki prosesini isə müxtəlif siyasi partiyaları və blokları təmsil edən 364 nəfər müşahidəçi izləyirdi. Nərimanov Bələdiyyəsi üzrə seçiləcək 19 yerə 57 namizəd qeydə alınmışdır ki, onlardan da 14 nəfəri qadındır. Gün ərzində apardığımız müşahidələrdən aydın oldu ki, sözügedən dairənin 24, 26, 28 və 34 saylı məntəqələrində seçici fəallığı daha yüksəkdir.  Bütövlükdə isə saat 12:00-dək dairə üzrə 7952 nəfər səs vermişdi ki, bu da ümumi seçicilərin 17,5 faizini təşkil edirdi. Saat 15-də dairə üzrə səsvermədə iştirak edənlərin sayı 14369 nəfərə (36,1 faiz) çatmışdı.

20 saylı Nərimanov ikinci Seçki Dairəsi üzrə seçici fəallığı da qənaətbəxş idi. Xatırladaq ki, dairə üzrə seçicilərin ümumi sayı 43966 nəfər təşkil edirdi. Yerli özünüidarəetmə orqanına keçirilən seçkilərin normal şəkildə təşkili, seçicilərin səsvermə hüququndan sərbəst şəkildə istifadə etmələri üçün yaradılmış 33 məntəqənin 10-da veb-kamera quraşdırılmışdı. Həmin məntəqələr üzrə səsvermə prosesini 328 nəfər müşahidəçi izləyirdi. Dairənin tərkibində olan 4, 5, 7, 16, 17 və 25 saylı məntəqələrdə səsvermə prosesi daha mütəşəkkil keçirdi. Dairə Seçki Komissiyasının sədri Eldar Sadıqovdan aldığımız məlumata görə, saat 12:00-dək 6287 nəfər və ya ümumi seçicilərin 14,29 faizi öz konstitusion hüququndan istifadə etmişdir. Seçki məntəqələrinə gələnlərin sayında isə artım müşahidə olunurdu. Elə bunun məntiqi nəticəsi idi ki, saat 15:00-dək  artıq 11424  nəfər öz seçimini reallaşdırmışdı ki, bu da ümumi seçicilərin 25,98 faizini təşkil edirdi.

18 saylı Nərimanov-Nizami Seçki Dairəsi üzrə isə səsvermə prosesi 35 seçki məntəqəsində keçirilirdi. Həmin məntəqələrdən 3-ü səsvermə prosesindən üç gün əvvəl yaradılmış, 10 məntəqədə veb-kamera quraşdırılmışdı. Dairə üzrə seçicilərin ümumi sayı  isə 45179 nəfər təşkil edirdi. Saat 12:00-dək seçilərin 17,4 faizi (8205 nəfər) səsvermədə iştirak edərək layiq bildikləri namizədə etimad göstərmişdi. Seçki prosesini isə 298 nəfər müşahidəçi diqqətlə izləyirdi.

Apardığımız müşahidələr zamanı  Nərimanov rayonundakı 1, 4, 5, 7, 9 və  Nizami rayonundakı 17,18, 25, 27, 32 saylı məntəqələrdə  səsvermə prosesinin daha mütəşəkkil keçməsinin şahidi olduq. Saat 17:00-dək isə ümumi seçicilərin  31,3  faizi (14160 nəfər) səsvermədə iştirak etmişdi.

Nərimanov rayonunda seçici fəallığı şəratində keçən səsvermə prosesi axşam saat 19:00-da başa çatdı. İlkin nəticələrə görə, 19 saylı Nərimanov birinci Seçki Dairəsi üzrə 15282 nəfər (33,6 faiz), 20 saylı Nərimanov ikinci Seçki  Dairəsi üzrə 13779 nəfər (31,34 faiz), 18 saylı Nərimanov-Nizami Seçki Dairəsi üzrə isə 15696 nəfər (36,4 faiz) səsvermədə iştirak etmişdir.

NİZAMİ

Yerli özünüidarəetmə orqanına keçirilən seçkilərin şəffaflığnı, demokratikliyini və mütəşəkkilliyini təmin etmək məqsədilə rayonda münasib seçki mühiti yaradılmış, seçkiqabağı təşviqatın aparılması üçün 2-si qapalı və 2-si açıq olmaqla müvafiq yerlər ayrılmış, namizədlər üçün hərtərəfli şərait yaradılmışdır. Bu da rayonda seçkiqabağı və seçki günü fəallığı xeyli artırmış, sakinlərdə bələdiyyələrə inamı gücləndirmişdir. Xatırladaq ki, rayon üzrə Nizami və Keşlə bələdiyyələrinə müvafiq olaraq 19 və 15 nəfər  üzv seçilməlidir.

24 saylı Nizami birinci Seçki Dairəsi üzrə 43221 nəfər seçici 35 məntəqədə səs verirdi. Həmin məntəqələrin 10-u veb-kamera ilə təchiz olunmuşdu. Dairə üzrə seçki prosesini 339 nəfər müşahidəçi izləyirdi. Dairə Seçki Komissiyasının sədri Niyazi Nəcəfov dedi: – Bələdiyyə seçkilərinin Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilməsi üçün bütün məntəqələrdə ideal şərait yaradılmış, vətəndaşların öz seçimlərini  sərbəst şəkildə reallaşdırması, eləcə də müşahidəçilərin səsvermə prosesini izləmələri yüksək səviyyədə təmin olunmuşdur. Onu da deyim ki, 24 saylı Nizami birinci Seçki Dairəsi üzrə 3 yeni seçki məntəqəsi yaradılmışdır. Bu da səsvermə prosesinin mütəşəkkil şəkildə keçirilməsi üçün imkan yaratmışdır. Artıq səsvermə prosesinin ilk 4 saatı arxada qalmış və indiyədək dairə üzrə 3609 nəfər (8,4) faiz seçici layiq bildiyi, güvəndiyi namizədə səs vermişdir.

Yaxınlıqda yerləşən 11 və 14 saylı seçki məntəqələrində xüsusi seçici fəallığı müşahidə olunurdu. 11 saylı məntəqədə seçki prosesini izləmək üçün qeydiyyatdan keçmiş müşahidəçilər Ceyran Ələkbərova (YAP), Təranə Budaqova (Ana Vətən Partiyası), Nuranə Rəsulova (Vətəndaş Həmrəyliyi Partiyası) və başqaları səsvermə zamanı heç bir qanun pozuntusu ilə rastlaşmadıqlarını, seçkinin azad, demokratik və şəffaf keçdiyini bildirdilər.

Saat 17:00-dək isə Nizami birinci Seçki Dairəsi üzrə səsvermədə iştirak edənlərin sayı 14625 nəfər (33,8 faiz) təşkil edirdi.

25 saylı Nizami ikinci Seçki Dairəsi üzrə 19 bələdiyyə üzvü yerinə sahib olmaq üçün 41 nəfər seçki marafonuna qoşulub. Onlardan 18 nəfəri xanım namizədlərdir. Dairə üzrə ümumi seçici sayı isə 44289 nəfər təşkil edirdi. Seçicilər 33 məntəqədə səs verirdilər. Səsvermə prosesini ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiya və blokları təmsil edən 340 nəfər müşahidəçi izləyirdi. Saat 12-dək 3675 seçici səsvermə bülletini alaraq öz seçki hüququndan istifadə etmişdi. Saat 15:00-dək isə dairə üzrə səs verənlərin sayı 12623 nəfərə (28,5 faiz) çatmışdı.

Yaxınlıqda yerləşən 242 saylı orta məktəbdə 3 seçki məntəqəsi seçicilərin ixtiyarına verilmişdi. 17,18 və 19 saylı məntəqələrə gələn seçicilərin sayı getdikcə artırdı. 17 saylı məntəqədə səs verən təqaüdçü Həsən Rzayev dedi: – Uzun illər bu məktəbdə gənclərin təlim-tərbiyəsi ilə məşğul olmuşam. Burada keçirilən çoxsaylı seçki proseslərində iştirak etmişəm. Sevinirəm ki, son illər gündən-günə inkişaf edən Azərbaycanımızda seçki prosesi getdikcə təkmilləşir, insanlar öz iradələrini azad, sərbəst şəkildə ifadə edirlər. Bu gün ölkəmizdə sayca 4-cü bələdiyyə seçkiləri keçirilir. Əminəm ki, rayonumuzda keçirilən növbəti bələdiyyə seçkilərinin qalibləri seçicilərin etimadını layiqincə doğruldacaq,  sakinlərin üzləşdikləri sosial problemlərin həllində xüsusi fəallıq göstərəcəklər...

Seçki prosesinin sonunda 24 saylı Nizami birinci Seçki Dairəsi üzrə 16965 nəfər (39,1 faiz), 25 saylı Nizami ikinci Seçki Dairəsi üzrə isə 15614 nəfər (35,2 faiz) səsvermədə iştirak edərək layiq bildiyi namizədə səs vermişdir.

YASAMAL

Bələdiyyə seçkilərinə ciddi hazırlıq işləri seçki günü özünü büruzə verdi. Biz Yasamal rayonunda da bunun şahidi olduq. İlk baş  çəkdiyimiz 17 saylı Yasamal 3-cü Seçki Dairəsinin 2 saylı seçki məntəqəsi oldu. Burada seçicilərin səs vermək üçün növbəyə dayandıqlarının şahidi olanda hiss etdik ki, bələdiyyələrdə seçkilərə ciddi hazırlıq görülüb. Seçki məntəqəsinin üzvü, tibb elmləri doktoru, professor Nəriman Mövsümov dedi ki, seçki böyük siyasi hadisədir. Biz bu prosesin uğurla, insidentsiz və ədalətli başa çatdırılması üçün bütün imkanlardan istifadə etməliyik. Ölkəmiz artıq demokratik və şəffaf seçki keçirməyə qadir olduğunu dəfələrlə təsdiqləyib. Biz bu dəfə də bunu təsdiqləməliyik.

Söhbətə qoşulan məntəqə seçki komissiyasının sədri Mədinə Nəbiyeva dedi ki, bələdiyyə seçkilərinin mütəşəkkil keçirilməsi üçün bütün imkanlardan istifadə etmişik. Seçicilərə bildirişlər paylanan zaman onlarla maarifləndirmə işləri də yüksək səviyyədə aparılıb. Bu gün seçicilərin kütləvi surətdə səsvermədə iştirak etmələri gərgin fəaliyyətimizin nəticəsidir. Seçkilərin gedişini izləyən veb-kamera da şəffaflığın yüksək səviyyədə təmin olunmasından xəbər verirdi.

Söhbət əsnasında məlum oldu ki, bu məntəqədə 1498 nəfər seçici var. Namizədlərin sayı da təsdiqlədi ki, seçki çox gərgin mübarizə şəraitində gedir. 19 bələdiyyə üzvlüyü uğrunda 50 namizəd mübarizə aparırdı. Onlar arasında bitərəflərlə yanaşı, YAP, ASDİP, MDHP, ADP və Böyük Qurtuluş partiyalarının nümayəndələri də var idi.

Səs verənlər sırasında Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev də var idi. O,  seçki prosesinin çox yaxşı təşkil edildiyini bildirdi. Seçkinin gedişini izləyən müşahidəçilər də hər hansı qanun pozuntusu ilə rastlaşmadıqlarını bildirdilər. ASDİP-nin müşahidəçisi Cəmalə Əlizadə, bitərəf müşahidəçi Ülkər Rzayeva və digərləri də təsdiqlədilər ki, hansısa qanun pozuntusu ilə rastlaşmayıblar.

Ülviyyə Həsənova isə seçkidə ilk dəfə iştirak etdiyini bildirdi. Tələbə seçici dedi ki, seçkilərə qatılmaqdan qürur duyur. Burada hər şey qanun çərçivəsindədir.

Seçki məntəqəsindən xoş təəssüratla ayrıldıq. Sözün həqiqi mənasında mütəşəkkil və şəffaf seçkinin şahidi olduq.

Sonda məlum oldu ki, seçicilərin 43 faizi səsvermədə iştirak edib.

4 saylı məntəqə seçki komissiyasının sədri Kərim Abidi bildirdi ki, 1498 seçicinin adı seçici siyahısına yerləşdirilərək məntəqənin girişinə asılıb. Seşicilər əvvəlcə adlarını bu siyahıda tapdıqdan sonra komissiya üzvlərinə yaxınlaşır, onların baş barmaqları ultrabənövşəyi şüa ilə yoxlanıldıqdan sonra gözə görünməyən mürəkkəblə işarələnir və səsvermə bülleteni verilir. Səsvermə bülleteninə 50 namizədin adı salınıb. Onlardan yalnız 19 nəfəri bələdiyyə üzvü seçiləcək. Hər şey qanunun tələbləri səviyəsindədir. Bizimlə bərabər seçki məntəqəsində olan  Türkiyənin Anadolu Ajans Dövlət Agentliyinin nümayəndələri də seçkinin gedişindən razı qaldıqlarını bildirdilər.

YAP, Sosial Rifah, Ana Vətən, BAXCP, MDHP və digər partiyalardan olan müşahidəçilər seçkinin qanunvericiliyin tələbləri əsasında aparıldığını bildirdilər. Bitərəf müşahidəçilər də hər hansı bir qanun pozuntusu ilə qarşılaşmadıqlarını dedilər.

1 və 3 saylı məntəqələrdə də seçkilərin ədalətli və demokratik şəraitdə keçirildiyinin şahidi olduq. Seçki prosesində hər hansı bir qanun pozuntusunun baş vermədiyi bildirildi.

SƏBAİL

Bakıdakı 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasının tərkibinə daxil olan seçki məntəqələrində bələdiyyə seçkiləri uğurla keçirilib.

Dairə seçki komissiyasının katibi Zinnun Zərbəliyev bildirdi ki, 37 min 848 seçicinin qeydiyyatda olduğu 29 saylı Səbail seçki dairəsinin ərazisində 30 daimi seçki məntəqəsi və 2 müvəqqəti məntəqə fəaliyyət göstərir. Dairənin ərazisində mövcud olan bütün seçki məntəqələrində seçkilər demokratik və şəffaf şəraitdə davam edir. Bütün seçki məntəqələrində seçicilərin öz istədikləri namizədə səs vermələri üçün hər cür şərait yaradılıb.

Məntəqələr lazımi texniki zəruri avadanlıqla tam təchiz edilib. Şəffaflığın təmin olunması məqsədilə məntəqələrdə veb-kameralar quraşdırılıb. Bütün məntəqələr Mərkəzi Seçki Komissiyası tərəfindən avadanlıq və təbliğat-təşviqat materialları ilə təmin olunub.

Məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb.

Müşahidəçilər məntəqə seçki komissiyalarında seçki prosesinin gedişini izləyirlər.

Saat 19:00-da səsvermə bitdikdən sonra 29 saylı Səbail Seçki Dairəsində seçicilərin 39,70 faizi səsvermədə iştirak edərək vətəndaşlıq borcunu yerinə yetirib.

SURAXANI

Səməndər Xalıqov Yeni Bakı Neftayırma zavodunda fəhlə işləyir. Atası Azad kişi də uzun müddət bu müəssisədə çalışıb və kollektivdə dərin hörmət qazanıb. Səməndər atası kimi təkcə əmək cəbhəsində deyil, ictimai işlərdə də fəaldır. Müstəqil Azərbaycanda son illər azad və demokratik şəraitdə keçirilən seçkilərdə də fəal iştirak edir. Deyir ki, həmişə olduğu kimi, bu dəfə də səsverməyə birincilər sırasında qatılıb.

Mən Səməndər Xalıqovla 31 saylı Suraxanı II Seçki Dairəsinin Yeni Günəşli qəsəbəsindəki 275 saylı məktəbdə yerləşən 13 saylı seçki məntəqəsində görüşdüm. Bələdiyyələrin ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğundakı yeri və vəzifələri barədə qısa söhbət etdik. Həmsöhbətim dedi ki, son illər paytaxtın hər yerində olduğu kimi, onun sakini olduğu  Yeni Günəşli qəsəbəsində də böyük abadlıq-quruculuq işləri görülür. Onun fikrincə, bu sahədə Yeni Günəşli qəsəbəsini də əhatə edən Qaraçuxur bələdiyyəsinin üzvlərinin də töhfəsi olub.

Səməndər əmindir ki, bələdiyyənin yeni tərkibi daha fəal çalışaraq öz seçicilərinin etmadını doğruldacaq. Qeyd edək ki, Səməndərə və başqa seçicilərə bu əminliyi verən, ilk növbədə,  Qaraçuxur bələdiyyəsinin yeni tərkibinə seçilməyə iddialı olan namizədlər arasında gənclərin və qadınların sayca çoxluq təşkil etməsidir. Həmsöhbətim xüsusi vurğuladı ki, namizədlərdən bir neçəsini şəxsən yaxından tanıyır və onların hər biri bələdiyyə üzvü seçilməyə layiqdir.

Səməndərlə ayrılandan sonra 13 saylı məntəqədə bir müddət səsvermə prosesini müşahidə etdim. Məntəqə seçki komissiyasının sədri Elmira İsmayılova məlumat verdi ki, məntəqə üzrə 1032  nəfər səs verməlidir. Seçicilərin sərbəst, şəffaf şəraitdə səs vermələri üçün məntəqədə hər cür şərait yaradılıb.    Səsvermə həqiqətən normal, işgüzar ahəngdə davam edirdi.

Seçkini izləyən müşahidəçilərdən birinə yaxınlaşdım.

“Paşa Mustafayevəm,- dedi. Sonra isə əlavə etdi:

-Bu seçkilərə öz təşəbbüsləri ilə qatılan müşahidəçilərdən biriyəm. Adamların əhvali-ruhiyyəsindən hiss edirəm ki, seçkilərin təşkilindən razıdırlar. Heç kəsə heç bir təzyiq göstərilmir.

31 saylı Suraxanı II Seçki Dairəsinin Bakının Yeni Günəşli qəsəbəsindəki 279 saylı məktəbdə yerləşən 22 saylı seçki məntəqəsində də oldum. Burada da, bütövlükdə, 31 saylı Suraxanı II Seçki Dairəsinin digər məntəqələrində olduğu kimi, seçkilər nümunəvi təşkil olunmuşdu. Seçkilər bitəndə 31 saylı Suraxanı II Seçki Dairə komissiyasının sədri İlham Bayramovla əlaqə saxladım. Dedi ki, bu dəfə də seçkilər uğurlu olub və dairə üzrə seçkilərdə də seçicilərin 38 faizi iştirak edib.

XƏZƏR

Növbəti bələdiyyə seçkiləri Bakının Xəzər rayonunda da müvəffəqiyyətlə keçdi. 14 saylı Dairə Seçki komissiyasının sədri İmran Qəmbərov dairənin əhatə etdiyi ərazidə seçkilərin mütəşəkkilliklə keçdiyini, əhalinin öz hüququndan qanunauyğun şəkildə istifadə etdiyini bildirdi:

– Dairənin ərazisində 4 bələdiyyə fəaliyyət göstərir. Bu bələdiyyələr üzrə 146 nəfərin namizədliyi qeydə alınıb. 14 saylı Dairə Seçki komissiyasının ərazisində 35 seçki məntəqəsi təşkil olunub. Bütün məntəqələr üzrə seçicilərin ümumi sayı 43924-dür. Məntəqələrdən 10-da veb-kameralar quraşdırılıb. Seçicilərin istədikləri namizədlərə səs verməsi üçün hər cür şərait yaradılıb.

Dairə komissiyası sədrinin sözlərinə görə, saat 12-yə qədər 11068 nəfər seçki məntəqələrinə gələrək səs verib. Bu da seçicilərin 23,3 faizi deməkdir. Komissiya sədri onu da əlavə etdi ki, səsvermə tam demokratik və şəffaf şəraitdə keçirilir, məntəqələrdə müxtəlif partiyaları təmsil edən yerli müşahidəçilər seçkinin gedişini izləyirlər. Hələlik heç bir qanun pozuntusuna yol verilməyib.

Dairənin ərazisindəki 4 saylı seçki məntəqəsində olduq və burada seçicilərin azad və müstəqil şəkildə gələrək səs verdiklərini müşahidə etdik. Səsvermənin gedişi barədə məlumat verən məntəqə seçki komissiyasının sədri Təranə Qurbanova bildirdi ki, ərazidə 1187 seçici yaşayır. Artıq onların böyük bir qismi fəallıq göstərərək öz seçimlərini edib.

Komissiya sədrinin sözlərinə görə, bələdiyyə institutu Azərbaycanda yeni qurum olsa da, yerli idarəetmə orqanı kimi insanlara daha yaxındır və birbaşa onların problemləri ilə məşğuldur. Ona görə də bu quruma etimad ildən-ilə güclənir. Əvvəlki seçkilərə nisbətən bu dəfə seçicilər bələdiyyə seçkilərində daha fəal iştirak edirlər. Eyni zamanda, seçicilər bələdiyyə üzvlüyünə özlərinin tanıdıqları, fəaliyyətinə yaxından bələd olduqları insanları seçmək istəyirlər ki, gələcəkdə yerli problemlərin həlli daha etibarlı adamlara həvalə olunsun. Ona görə də hər bir seçici müstəqil şəkildə öz seçimini edir və bunun üçün heç bir maneə yoxdur.

Məntəqədəki müşahidəçilərdən Böyük Qurtuluş Partiyasının nümayəndəsi Mərziyə Novruzova və Müasir Müsavat Partiyasının nümayəndəsi Gülnarə Əliyeva seçki prosesində heç bir qanun pozuntusunun olmadığını, seçicilərin öz iradələrini ifadə etmələri üçün tam demokratik şərait yaradıldığını qeyd etdilər.

Günün sonunda əldə etdiyimiz məlumata görə, 14 saylı dairə seçki komissiyasının ərazisində seçki baş tutub, seçicilərin 39,8 faizi səsvermədə iştirak edib.

Mirbağır YAQUBZADƏ, Əliqismət BƏDƏLOV,
Aida AYSA, Məsaim ABDULLAYEV,
Paşa ƏMİRCANOV, Rafiq SALMANOV (foto),
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
September, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30

Hava haqqında