Qədim Ordubad bu gün müasir inkişaf tempi ilə diqqəti cəlb edir. Abadlaşan kənd yaşayış məntəqələri rayondakı bənzərsiz təbiət mənzərələrinin fonunda daha füsunkar görünür. İnsana qayğını özündə təcəssüm etdirən bu yeniləşmə və tərəqqi son illər rayonun bütün kəndlərini əhatə etmişdir.
Aşağı Əylis kəndi rayonun qədim yaşayış məntəqələrindən biridir. Araz çayının sol sahilində, dağlar qoynunda yerləşən bu kənd xalqımızın qədim sənətkarlıq və ticarət mərkəzi kimi tarixən böyük şöhrət qazanmışdır. Bu gün isə Aşağı Əylis kəndi əsl tərəqqi və inkişaf dövrünü yaşayır. Son illər kənddə yaradılan şərait, insanların rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlər, aparılan quruculuq işləri bunu bir daha təsdiq edir.
Muxtar respublikada müasir kənd infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində sentyabrın 26-da Aşağı Əylisdə yeni məktəb binası və Kənd Mərkəzi istifadəyə verilmişdir.
Aşağı Əylis kənd məktəbi üçün yeni bina tikilmişdir
Sentyabrın 26-da Aşağı Əylis kənd tam orta məktəbinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Məktəbin direktoru Vidadi Quliyev çıxış edərək demişdir ki, kənddə müasir məktəb binasının inşası dərslərin müasir tələblər səviyyəsində tədrisinə imkan verəcəkdir. Yaradılan şərait qarşıya mühüm vəzifələr qoyur. Bu şərait müəllim və şagirdlərin məsuliyyətini daha da artırır. Məktəbin direktoru söz vermişdir ki, kollektiv yaradılan şəraitdən faydalanacaq, nailiyyətləri artıracaq, tədrisin səviyyəsini ilbəil yüksəltməyə çalışacaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli lider Heydər Əliyevin “Cəmiyyətin gələcək tərəqqisi təhsilin vəziyyətindən asılıdır”, fikirini xatırladaraq demişdir: Bu gün ölkəmizdə həyata keçirilən təhsil islahatları gənc nəslin hərtərəfli böyüməsinə xidmət edir. Ümummilli liderimizin müəyyənləşdirdiyi təhsil strategiyası ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Gənclərimiz lazımi şəraiti olan məktəblərdə təhsil alır, özlərini ölkəmizin gələcəyinə hazırlayırlar. Bu gün Aşağı Əylis kəndində müasir məktəb binasının istifadəyə verilməsi də bu istiqamətdə görülən işlərin tərkib hissəsidir.
Qeyd olunmuşdur ki, gənclərin fiziki cəhətdən sağlam böyüməsi üçün də məktəbdə hər cür şərait yaradılmış, idman zalı və açıq idman qurğuları istifadəyə verilmişdir. Şagirdlərin fiziki cəhətdən sağlam olmaları onların zehni inkişafına da köməklik göstərəcək, dərslərin daha yaxşı mənimsənilməsinə səbəb olacaqdır. Müəllimlər gənclərə yaxşı təhsil verməklə bərabər, onların milli ruhda, əsl vətənpərvər kimi böyümələrinə diqqəti artırmalı, hər bir şagirdə ölkəmizin gələcək təminatçısı kimi baxılmalı, onların təhsilinə diqqətlə yanaşılmalı, qayğı göstərilməlidir. Məktəbin nailiyyətlərinin qənaətləndirici olduğunu bildirən Ali Məclisin sədri kollektivə təşəkkürünü bildirmiş, onlara gələcək tədrisdə uğurlar arzulamışdır.
Aşağı Əylisdə yeni kənd mərkəzi istifadəyə verilmişdir
Həmin gün Aşağı Əylis Kənd Mərkəzinin də açılışı olmuşdur.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İsmayıl Quliyev demişdir ki, muxtar respublikada aparılan quruculuq tədbirləri bu il Aşağı Əylis kəndini də əhatə etmiş, qısa müddətdə müasir tələblərə cavab verən məktəb binası və kənd mərkəzi inşa edilmişdir. Kənddə dövlət qurumları üçün nümunəvi iş şəraiti yaradılmışdır. Göstərilən qayğı nəticəsində Aşağı Əylis kəndinin siması son illər tanınmaz dərəcədə dəyişmişdir. Kənd təbii qaz, elektrik enerjisi və telefonla təmin edilmiş, yollara asfalt örtük salınmış, kəhrizlər bərpa olunmuş, fərdi təsərrüfatların inkişafı üçün lazımi şərait yaradılmışdır. Əhali əsasən heyvandarlıq, bağçılıq və arıçılıqla məşğul olur. Həyatın elə bir sahəsi yoxdur ki, diqqət və qayğıdan kənarda qalsın. İsmayıl Quliyev yaradılan şəraitə görə kənd sakinləri adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sakinləri kənddə görülmüş quruculuq işləri münasibətilə təbrik edərək demişdir: Aşağı Əylis kəndində aparılan quruculuq tədbirləri, istifadəyə verilən yeni sosial obyektlər ölkəmizdə həyata keçirilən tədbirlərin bir kəndin timsalında nümunəsidir. Bu gün dövlətimiz tərəfindən kəndlərin inkişafına hərtərəfli qayğı göstərilir. Kəndlərimiz abadlaşır, insanlar üçün lazımi şərait yaradılır, onların rahatlığı təmin olunur, gündəlik qayğıları vaxtında həll edilir.
Ordubad şəhərindəki tarixi “Buzxana” abidəsində yenidənqurma işləri aparılmışdır
Muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin bərpası istiqamətində görülən işlər tariximizin, o cümlədən milli dəyərlərimizin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir. Bu tədbirlərin davamı olaraq Ordubad şəhərindəki “Buzxana” tarix-memarlıq abidəsində də yenidənqurma işləri həyata keçirilmişdir.
Sentyabrın 26-da “Buzxana” tarix-memarlıq abidəsi yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ordubad şəhərində XIV əsrə aid qədim memarlıq abidəsinin yenidən qurularaq istifadəyə verildiyini bildirmiş, bu münasibətlə sakinləri təbrik edərək demişdir: Tarixi abidələr ulu babalarımızdan bizə qalmış sənət əsərləridir. Ordubad şəhərindəki “Buzxana” xalqımızın bir neçə əsr bundan əvvəlki yaşayış səviyyəsini, mədəniyyətini özündə təcəssüm etdirən memarlıq abidəsidir. Məişət mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan bu abidə vaxtilə əhalinin buza olan tələbatının ödənilməsi üçün istifadə edilmişdir. Bu cür abidələrin qorunub gələcək nəsillər üçün saxlanılması, onlara ikinci həyat verilməsi tarixi-mədəni irsimizin yaşadılmasına xidmət edir. Aparılan yenidənqurma işləri abidənin ömrünü xeyli uzatmışdır. Bu gün “Buzxana” abidəsində Ordubad rayonuna xas olan milli mətbəx nümunələri təbliğ olunacaqdır. Həmçinin burada yeni iş yerləri açılmışdır.
Ali Məclisin sədri əsaslı şəkildə yenidən qurulan abidənin qorunub saxlanılmasına xüsusi diqqət göstərilməsinin vacibliyini qeyd etmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, abidənin ümumi sahəsi 166 kvadratmetr, hündürlüyü 11 metrdir. Burada 5 günbəz, ümumi zal, giriş və yardımçı otaq mövcuddur. Konstruktiv elementi formaca 4 tağvari sütundan ibarət olan abidənin üzərinə latun örtük vurulmuş, buzxana hissəsinə enən pilləkənlər bərpa olunmuşdur. Xalqımızın minillik məişət mədəniyyətinin göstəricisi olan abidənin tarixi görkəmi qorunub saxlanılmış, divarlar əhəng-gil qarışığı ilə hörülmüşdür.
Ordubad şəhərində görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin ev muzeyi inşa olunacaqdır
Bu il görkəmli mütəfəkkir, maarifçi və şair Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 illiyi tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri 2014-cü il avqustun 20-də “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamın icrası istiqamətində muxtar respublikada ardıcıl tədbirlər həyata keçirilir. Ali Məclis sədrinin 2014-cü il 17 sentyabr tarixli sərəncamına əsasən isə Ordubad şəhərində Məhəmməd Tağı Sidqinin ev-muzeyinin inşası nəzərdə tutulmuşdur.
Sentyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov vaxtilə görkəmli maarifçinin yaşadığı evə gəlmiş, binanın inşa olunacağı əraziyə baxmış, tikinti işlərinə başlanması barədə müvafiq tapşırıqlar vermişdir.
* * *
Həmin gün Ali Məclisin sədri Ordubad şəhərindəki 3 nömrəli tam orta məktəbi üçün inşa olunan yeni binada tikinti işlərinin gedişi ilə də maraqlanmışdır.
Məlumat verilmişdir ki, məktəb üçün 4 mərtəbəli müasir bina inşa olunmuşdur. Binada tədrisin günün tələblərinə uyğun qurulması üçün lazımi şərait yaradılacaq, müasir tədris bazası fomalaşdırılacaqdır.
Ali Məclisin sədri tikinti işlərinin keyfiyyətlə aparılmasına dair tapşırıqlar vermişdir.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.