Polşada prezident seçkilərinin keçirilməsindən bir ay ötür. Lakin ötən az müddət ərzində məlum oldu ki, ölkə parçalanma "ağrısını" hələ də yaşayır və yeni dövlət başçısı Bronislav Komorovskinin seçkiöncəsi verdiyi vədə rəğmən müşahidə olunan parçalanmanın daha da dərinləşmə ehtimalı var. Xoşagəlməz vəziyyətin yaranmasına səbəb də ötən il aprelin 10-da Smolensk yaxınlığında təyyarə qəzasında həlak olmuş keçmiş prezident Lex Kaçinskinin və həyat yoldaşının, o cümlədən 94 nəfərin xatirəsinə qoyulmuş taxta xaç abidəsinin prezident sarayının önündən götürülməsinə cəhdin göstərilməsi olub.
Təyyarə qəzasından dörd aydan artıq vaxt ötür. Polşanın da artıq yeni prezidenti var. "Vətəndaş platforması" Liberal Demokrat Partiyasının sədri Bronislav Komorovski az səs fərqilə ölkə başçısı seçildi. Liberal-demokratların rəqibləri olan sağ radikal "Hüquq və ədalət" partiyası isə kənarda qaldı. Məğlub olan partiyanın lideri, mərhum eks-prezidentin qardaşı Yaroslav Kaçinski müxalifətə keçməyə məcbur oldu. Siyasi müşahidəçilərin proqnozlarının əksinə olaraq Y.Kaçinski ölkənin siyasi həyatında yerini möhkəmləndirməyi bacardı. Bundan başqa, müxalifət lideri fəaliyyətə başladığı andan hətta yay mövsümü olmasına baxmayaraq, Polşada siyasi atmosferi gərgin saxlamağa müvəffəq oldu.
Seçkilərdə məğlub olduqdan sonra Y.Kaçinski siyasi fəaliyyətində fasilə vermədi. O, əvvəlki ritorikaya qayıdaraq, Polşada mövcud olan problemlərin yaranmasında liberal-demokratları günahlandırdı. İyul ayının ortalarında mətbuat səhifələrində çıxış edən Y.Kaçinski qardaşının həlak olmasında hökuməti günahlandırmışdı. Bəzi siyasi müşahidəçilər qeyd edirlər ki, keçmiş Baş nazir ölkədə matəm atmosferinin uzanması üçün çalışır və bunun konkret siyasi motivləri var. Belə ki, "Hüquq və ədalət" partiyasından olan millət vəkilləri parlamentdəki kreslolarından təyyarə qəzasında həlak olmuş şəxslərin fotolarını və onların xatirəsinə qoyduqları gülləri götürməkdən imtina edirlər. Prezident sarayının önündə matəm sərgisi hələ da davam edir. Mütəxəssislər deyirlər ki, bütün bunlar yalnız həlak olanların xatirəsini anmağa yönəlmiş hərəkətlər deyil. Belə atmosferin davam etməsi ölkə mətbuatının diqqətini Y.Kaçinskiyə yönəldir və onun siyasi proseslərin mərkəzində qalmasına kömək edir.
Xatırladaq ki, Y.Kaçinskini seçki kampaniyasının əsas elementlərindən biri yuxarıda qeyd edilən taxta xaç ətrafında yaranmış qalmaqal olmuşdu. Bu improvizə edilmiş abidə ötən müddət ərzində həlak olanların yaxınlarının və qohumlarının toplaşdığı yerə çevrilib. Xaç ətrafında yığışanlar şam yandırır, dua oxuyur və onun prezident iqamətgahının önündən götürülməsinə qarşı çıxırdılar. Bundan başqa, "Hüquq və ədalət" partiyasının tərəfdarları həlak olmuş prezidentin xatirəsinə paytaxtda abidə ucaldılmasını tələb edirdilər. Prezident seçkilərinədək Bronislav Komorovski xaç ətrafında yaranmış vəziyyətə o qədər də fikir verməməyə çalışırdı. Lakin vəzifəsinin icrasına başladığı zaman abidə xaçın yaxınlıqdakı müqəddəs Anna kostyoluna( Polşada katolik kilsəsi belə adlanır) aparmaq barədə göstəriş vermişdi. Xaçın kilsəyə təntənəli şəkildə aprarılması planlaşdırılırdı. Amma prosesi həyata keçirmək mümkün olmadı.
Təyin olunmuş gündə xaçın yanına ksöndzlər (Polşada katolik keşişlər) yaxınlaşarkən Y.Kaçinskinin aqressiv köklənmiş tərəfdarlarının müqavimətilə qarşılaşdılar. "Hüquq və ədalət" partiyasının tərəfdarları blidiriblər ki, onlar üçün böyük əhəmiyyət kəsb edən xaçın qaldırılmasına qarşı sonadək mübarizə aparacaqlar. Nəticədə polis məsələyə qarışmalı oldu və dəyənək və gözyaşardıcı qazlardan istifadə etməklə mitinq iştirakçılarını qovdu. Amma vəziyyətin gərginləşdiyini görən B.Komorovski xaçın kilsəyə aparılması prosesini qeyri-müəyyən müddətə təxirə saldı. Hökumət nümayəndələri bildirirlər ki, Polşa cəmiyyətində "aqressivliyin səviyyəsi" aşağı düşməyənədək xaç kilsəyə aparılmayacaq.
Ancaq Varşava sakinlərinin heç də hamısı xaçın şəhərin mərkəzində qalmasının tərəfdarı deyil. Paytaxt sakinləri deyirlər ki, Polşa dünyəvi dövlətdir və buna görə də, dini simvollar kilsədə olmalıdır. Onların fikrincə, belə bir memorialın şəhərin mərkəzində olması Polşa cəmiyyətinin klerikallaşdığını (klerikalizm- ölkənin siyasi və mədəni həyatında dini təşkilatların hakimiyyətini möhkəmlətməyə çalışan siyasi cərəyan deməkdir) göstərir. Nəticədə xaçın əvvəlki yerində qalmasına qarşı çıxanlar "Prezident sarayı önündə xaça yox" devizi altında birləşməklə yanaşı, internet sosial şəbəkələrin birində xüsusi qrup yaradıblar. Cəmi bir neçə gün ərzində həmin sosial qrupa on minlərlə polşalının qoşulduğu bildirilir.
Ümumiyyətlə, siyasi müşahidəçilər deyirlər ki, xaç ətrafında yaranmış mübahisə və liberalların mühafizəkarlarla münaqişəsi Polşa cəmiyyətində çoxdandır müşahidə olunan məfkurəvi parçalanmaya əlavə illüstrasiya oldu.
Qeyd etməyə dəyər ki, son prezident seçkilərində elektoratın parçalanması siyasi prioritetlər xəttilə yox, "Şərq-Qərb" xəttilə baş verdi. Belə ki, sənaye cəhətdən daha yaxşı inkişaf etmiş Qərb bölgəsi liberal B.Komorovskini, aqrar sektorun güclü inkşaf etmiş Şərq bölgəsisə Y.Kaçinskini dəstəklədi. Parçalanma özünü xaçla bağlı məsələdə də göstərdi. Xaç ətrafında yaranmış vəziyyətə münasibətini açıqlayan Polşa parlamentinin üzvü Tadeuş İvinski deyir ki, Polşada nəinki siyasi arenada, hətta kilsə məsələsində birlik yoxdur: "Varşava mitropoliyasının rəhbərliyi prezident dəftərxanası və ictimai təşkilatların nümayəndələrilə birlikdə xaçın yerinin dəyişdirilməsilə bağlı qərar qəbul etmələrinə baxmayaraq, yepiskopların böyük əksəriyyəti Y.Kaçinskini dəstəkləyir".
Ümumiyyətlə, Polşa cəmiyyətinin həyatında kilsənin rolunun müzakirəsi Lex Kaçinskinin həlak olmasından sonra sərtləşib. Milli-katolik elitanın bir çox nümayəndəsi qəza baş verən zaman "Allahın xəbərdarlığı"ndan danışaraq, polşalılara Qərb cəmiyyətinin təsirindən uzaq durmağa və köklərə qayıtmağa səsləmişdilər. Bundan başqa, polşalıların böyük əksəriyyətinin narazılığına baxmayaraq, məhz klerikallar həlak olmuş prezidentin Vavel qəsrində yerləşən kafedral kilsənin sərdabəsində dəfn olunması barədə qərar qəbul etdilər. Qeyd edək ki, Polşa krallarının və milli qəhramanlarının cənazələri həmin kilsədə yerləşir.
Ümumilikdə, Almaniyanın "Süddeutsche Zeitung" qəzeti yazır ki, son hadisələrlə bağlı Polşada katolik kilsəsi itirilmiş nüfuzunu özünə qaytarmağı düşünür. Hələ 1990-cı ildə ölkədə demokratiyanın bərpa olmasından sonra yerli müqəddəs atalar kilsənin aparıcı rolunun konstitusiyada qeydə alınmasına çalışmışdılar. Lakin əhalinin böyük əksəriyyəti buna qarşı çıxmışdı. Hazırda ölkə əhalisinin yalnız 40 faizinin mütəmadi olaraq kilsəyə baş çəkdiyi vurğulanır. Polşalıların böyük əksəriyyətisə digər Avropanın digər inkişaf etmiş ölkələrindəki kimi prinsiplərlə yaşayırlar. Ölkənin siyasi müşahidəçiləri xüsusilə qeyd edirlər ki, kilsə Polşanın yalnız kənd yerlərində nüfuzunu saxlayır, amma orada da dinlə bağlı vəziyyət keşişləri razı salacaq istiqamətdə inkişaf etmir.
Amma bütün bunlarla yanaşı, polşalı politoloqlar ölkədə müşahidə olunan parçalanmanın cəmiyyət üçün ciddi təhlükə yaratmayacağını düşünürlər. Ölkə mütəxəssisləri deyirlər ki, Polşada parçalanma həmişə olub. Belə ki, 1920-ci ildə Polşada müstəqillik əldə edildiyi zaman da, sovet və postsovet dövründə də müşahidə edilib. Lakin 2000-ci ilin əvvəlində Polşa özünün strateji məqsədlərini yerinə yetirdi, yəni ölkə NATO və Avropa Birliyi kimi güclü təşkilatların tamhüquqlu üzvu oldu. Ölkədə demokratiya və azad bazar iqtisadiyyatı yaradıldı. Buna baxmayaraq, siyasətçilər arasında qarşıdurma səngimədi. Doğrudur, bu dəfə qarşıdurma ideya ətrafında yox, mübarizə naminə mübarizə aparmaqla kifayətləndi. Polşalı politoloqlar deyirlər ki, siyasətçilər arasında aparılan mübarizə ölkənin siyasi atmosferinə mənfi təsir göstərsə də, strateji inkişaf yoluna təsir etmək gücünə malik olmayacaq. Ən əsası, polşalılar parçalanmada maraqlı deyillər. Əksinə, bu gün polşalıları daha çox birləşdirən amillər daha üstünlük təşkil edir. Ölkə əhalisi AB-nin yeni üzvü kimi Polşanın hərtərəfli inkişaf etməsini istəyir. Parçalanmanın bu amala xidmət etmədiyini də polşalıların böyük əksəriyyəti yaxşı anlayır.
{nl}
Səbuhi MƏMMƏDOV "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.