Misiri hansı təhlükə gözləyir?

Beləliklə, Misir Prezidenti Məhəmməd Mursi güzəştə getməyə məcbur oldu. Noyabrın son günlərində səlahiyyətlərinin artırılmasını nəzərdə tutan qərarını ləğv etməklə ölkə başçısı siyasi böhranın dərinləşməsinə imkan vermədi.

Beləliklə, Misir Prezidenti Məhəmməd Mursi güzəştə getməyə məcbur oldu. Noyabrın son günlərində səlahiyyətlərinin artırılmasını nəzərdə tutan qərarını ləğv etməklə ölkə başçısı siyasi böhranın dərinləşməsinə imkan vermədi. Amma yeni konstitusiya layihəsinin səsverməyə çıxarılması təxirə salınmayacaq. Planlaşdırılan gündə, daha dəqiq desək, dekabrın 15-də misirlilər yeni ana qanuna münasibətlərini bildirmək üçün sandıq başına gedəcəklər. Bəs Misirin problemləri bununla yekunlaşacaqmı?

Xatırladaq ki, noyabrın 30-da qəbul edilmiş qərar Prezident Məhəmməd Mursiyə geniş səlahiyyətlərin verilməsini nəzərdə tuturdu. Ölkənin yeni lideri də atdığı addımını “demokratiyanın tələbləri” ilə izah etməyə çalışırdı. Lakin dünyəvi idarəçilik sistemini dəstəkləyən müxalifət M.Mursini “diktatura yaratmaqda” ittiham edərək etiraz aksiyalarına başladı. Siyasi böhranın dərinləşdiyini anlayan Prezident səlahiyyətlərinin artırılmasını nəzərdə tutan qərarını ləğv etməyə məcbur oldu. Ötən bazar günü müxalifət liderləriylə görüşdən sonra M.Mursi bəyan etdi ki, milli birlik naminə məlum qərarını geri götürür. Ancaq qeyd etmək vacibdir ki, dünyəvi sistem uğrunda mübarizə aparan müxalifət düşərgəsi Prezidentlə görüşə qatılmaqdan imtina etdi. Milli Qurtuluş Cəbhəsinin və “6 aprel Hərəkatı”nın liderləri Prezidentin səlahiyyətinin artırılması məsələsində geri çəkilməsini yetərli hesab etmədiklərini bildirirlər. Onların fikrincə, M.Mursi yeni konstitusiya layihəsinin səsverməyə çıxarmasını da təxirə salmalıdır.

Lakin Misir Prezidenti səsvermə məsələsində tam başqa fikirdə olduğunu açıqladı. Ölkə başçısı bildirdi ki, yeni konstitusiya layihəsi nəzərdə tutulduğu gündə, daha dəqiq desək, dekabrın 15-də səsverməyə çıxarılacaq. Bəs müxalifəti narazı salan hansı məqamlardır? Müxalifət yeni layihənin “Müsəlman qardaşlar” hərəkatının nümayəndələri və radikal islam baxışlarını paylaşan sələfilər tərəfindən hazırlandığını iddia edir. İslamçıların əleyhdarları olan partiyalar bildirirlər ki, yeni qanun referendumda qəbul olunarsa, o zaman prezidentə yeni səlahiyyətlər verilməsinə o qədər də ehtiyac qalmayacaq. Belə ki, yeni ana qanunda Misirin islam dövləti quruculuğu yoluyla irəliləməsi müddəalarla təsbit olunacaq. Bundan başqa, müxalifət düşərgəsini M.Mursinin hərbi elitaya olan münasibəti də əndişələndirir. Hüsnü Mübarəkin devrilməsində böyük rol oynayan partiya nümayəndələri neytrallığın müqabilində yeni prezidentin hərbi elitaya imtiyazlar vəd etdiyini vurğulayırlar. Belə bir imtiyazların veriləcəyi yeni konstitusiya layihəsində də təsbit olunduğu iddia edilir.

Bəs M.Mursinin geri çəkilməsindən sonra ölkənin siyasi həyatı normal məcraya düşəcəkmi? Yeni konstitusiya layihəsi qəbul edildikdən sonra Misirdə siyasi həmrəylik müşahidə ediləcəkmi? Əslində Misirin problemi siyasi anlaşılmazlıqlarla məhdudlaşmır və ölkənin siyasi burulğandan yan keçməsini əngəlləyəcək proseslər sıfır mərhələsindədir. Söhbət ölkənin iqtisadi həyatında müşahidə edilən böhrandan gedir. Bu gün misirli analitiklər etiraf edirlər ki, ölkə iqtisadiyyatı fəlakətin astanasındadır. Təcili tədbirlər görülməsə, ölkə iqtisadi uçuruma yuvarlanacaq. Hakimiyyət dəyişikliyi prosesinin Misir iqtisadiyyatına sarsıdıcı zərbə vurması artıq heç kimə sirr deyil. Son məlumatlarda da Misirin Ümumi Daxili Məhsul (ÜDM) artımında azalmanın davam etdiyi vurğulanır. Ən əsası, ölkə iqtisadiyyatında böyük rol oynayan turizm sektoru da ağır günlərini yaşayır. Birbaşa sərmayə qoyuluşları da azalır. Statistik məlumatlarda birbaşa sərmayə qoyuluşlarının həcminin 13 dəfə azaldığı bildirilir. Siyasi sabitliyin tez-tez pozulduğunu müşahidə edən əcnəbi işadamları sərmayələrini başqa ölkələrə köçürürlər. Nəticədə Misirin valyuta ehtiyatının 35 milyard dollardan 12 milyard dollaradək azaldığı qeyd olunur.

Mürəkkəb iqtisadi vəziyyət və sosial xərclərin artması fonunda dövlət büdcəsində böyük kəsir də müşahidə edilir. ÜDM-in 10 faiz səviyyəsinə çatmış kəsirin aradan qaldırılması üçün hökumətin kommersiya banklarından borc götürməyə məcbur olduğu bildirilir. Bu ilin büdcəsində hökumət təkcə kredit faizlərini qaytarmaq üçün 17 milyard dollar xərcləməyi planlaşdırır. Prezident M.Mursi də onu dəstəkləyənləri məyus etməmək üçün iqtisadi böhranın qarşısını almaq məqsədilə zəruri ölçülər götürəcəyini bildirir. Onun və komandasının hələlik konkret iqtisadi proqramı olmadığını deyən analitiklər bildirirlər ki, hazırkı hökumət iqtisadi inkişaf məsələsində Türkiyənin iqtisadi modelinə üstünlük verəcək və belə bir istiqamətə üz tutacağına dair fikirləri də var. Emal sənayesinə, kənd təsərrüfatına və ixraca əsaslanan modelə söykənməklə “Müsəlman qardaşlar” seçkiöncəsi vədlərini yerinə yetirməyə çalışacaqlar. Ancaq mütəxəssislər deyirlər ki, islamçılar kəskin sosial-iqtisadi problemləri həll etmədən ideoloji tələbləri qəbul etdirməyə çalışsalar, o zaman Misirdə siyasi atmosfer daha da gərginləşəcək. Buna görə də, iqtisadi problemləri həll etmədən siyasi gündəmi istədikləri şəkildə formalaşdırmağa cəhd göstərmələri “Müsəlman qardaşlar”ın buraxacaqları ən böyük səhv olacaq və 80 milyonluq Misirin gələcəyi də iqtisadi problemlərin həll edilməsi səviyyəsindən daha çox asılı olacağı sıravi misirliyə məlumdur.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında