Regionların sosial-iqtisadi inkişafı daim dövlətin diqqət mərkəzindədir

Mən hər il onlarla rayona səfərlər edirəm, keçən il otuzdan çox rayonda olmuşam. Hər dəfə görülən işlərlə maraqlanıram, nəzarət edirəm, eyni zamanda, yerlərdən təkliflər alıram. Ona görə bu proqramlara bəzi hallarda zərurət yarandıqca əlavələr olunur. Odur ki, proqramların təhlilini apararkən biz mütləq əlavələri də nəzərə almalıyıq.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqindən
 
Bakı, 29 yanvar 2018-ci il
 
 
Gənc müstəqil Azərbaycan Respublikası bu gün sosial-iqtisadi inkişaf, islahatların dərinləşdirilməsi, cəmiyyətin daha da demokratikləşdirilməsi baxımından regionun lider, dünyanın isə aparıcı dövlətlərindən birinə çevrilib. Rəsmi Bakı  BMT Təhlükəsizlik Şurasının iclaslarına sədrlik edib, paytaxtımız dünyanın  mötəbər beynəlxalq təşkilatlarının tədbirlərinin keçirildiyi ünvan kimi tanınır. Üzərində üçrəngli bayrağımızın təsviri olan rabitə peyklərimiz kosmosda dünyanın güclü dövlətlərinin peykləri ilə yanaşı dövr edir. Bütün bunlarla yanaşı ölkə vətəndaşlarının sosial-rifah halının yaxşılaşdırılmasına xidmət edən uğurlu daxili siyasət kursu da həyata keçirilir. Həmin siyasətin ən mühüm tərkib hissələrindən biri isə paytaxtla yanaşı, ölkə regionlarının da sürətli inkişafının təmin edilməsidir.
 
Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilərkən, onun qarşısında genişmiqyaslı vəzifələr dayanırdı. Böyük xilaskar Heydər Əliyevin qurub-yaratdığı gənc müstəqil Azərbaycan Respublikasının suverenliyinin qorunub saxlanılması, ölkənin ərazi bütövlüyünün təmin edilməsi, təbii sərvətlərdən əldə edilən gəlirlərdən bütün vətəndaşların bəhrələnməsinə nail olunması, xalqın rifahının daha da yaxşılaşdırılması, ordunun gücləndirilməsi, elm və təhsilin sovet stereotiplərindən xilas edilməsi, infrastrukturun yeniləşdirilməsi və sairə məsələlərin hamısı bir nömrəli vəzifə təsiri bağışlayırdı. Ancaq cənab İlham Əliyevin Prezident kimi imzaladığı ilk sənədlər əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması haqqında sərəncam və regionların sosial-iqtisadi inkişafını təmin edəcək Dövlət Proqramının təsdiq edilməsi barədə fərman idi.
Bəri başdan qeyd edək ki, cənab Prezident yuxarıda sadaladığımız vəzifələrin (ərazi bütövlüyümüzün bərpası istisna olmaqla) hamısının yüksək səviyyədə yerinə yetirilməsinə nail olub. Özü də mükəmməl, elmi və iqtisadi cəhətdən əsaslandırılmış Dövlət Proqramlarının icrası nəticəsində. Məhz həmin proqramların önündə  2004-2008-ci illərdə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” dururdu. Doğrudur, sonralar həmin istiqamətdə daha iki dövlət proqramı imzalanmışdı. Ancaq regionların və bütövlükdə ölkəmizin sürətli inkişafının təmin edilməsində birinci dövlət proqramının icrasının xüsusi rolu olmuşdur.
Yeri gəlmişkən, bu il yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda dərin məzmunlu nitq söyləyən Prezident İlham Əliyev məxsusi olaraq xatırlatmışdı ki, birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Həyat bunu əyani şəkildə göstərir. 2004-cü ilin əvvəllərində qəbul edilmiş proqram,  demək olar ki, Azərbaycan regionlarında dönüş yaratdı. Azərbaycan regionlarının sürətli inkişafı məhz birinci proqramın icrası ilə bağlı idi.
Prezident öz nitqində başqa bir məsələyə də toxunaraq bir qədər də əvvələ – ­2003-cü ilin payızına qayıtmağı məqsədəuyğun saydı: “Mən 2003-cü ildə Prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, Azərbaycan regionlarının problemləri ilə məşğul olacağam. Söz vermişdim ki, Azərbaycan regionlarında sosial-iqtisadi inkişaf sürətlə gedəcək. Son 15 il ərzindəki reallıqlar bunu göstərir ki, verilən bütün vədlər artıqlaması ilə yerinə yetirildi”.
Bəs son 15 ildə Azərbaycan regionlarının həyatında hansı yeniliklər baş verib? Bu sualın cavabını kitablarda, arxivlərdə axtarmağa ehtiyac yoxdur. Çünki həmin illər ərzində regional inkişaf proqramlarının icrasının nəticələri göz qabağındadır. 2004-cü ildə dövlət başçımız tapşırmışdı ki, müasirləşməyə, inkişafa ilk növbədə, infrastruktur layihələrindən başlamaq lazımdır. Çünki bu olmadan hər hansı bir inkişafdan söhbət gedə bilməzdi. Ona görə də ölkənin elektrik enerjisi təsərrüfatına böyük investisiyalar qoyuldu. Son 15 il ərzində ölkədə 30 elektrik stansiyası tikilmişdir. Bu stansiyaların generasiya gücü 2500 meqavata bərabərdir. Xatırladaq ki, 2004-cü ilə qədər Azərbaycanda bütün dövrlər ərzində 9 elektrik stansiyası tikilmişdir. Ancaq onların generasiya gücü böyük idi, onların potensialı 3900 meqavatdır. Qeyd edilən dövrdə isə biz 15 il ərzində generasiya gücümüzün 2500 meqavat artırılmasına nail olduq. Prezidentin dediyinə görə, bu il həmin rəqəm 2900 meqavata çatdırılacaq.
Müxtəlif qurumların tərtib etdiyi hesabatlarda qeyd edilir ki, 2004-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idi. Bölgələrdə,  demək olar ki, qaz yox idi, hətta əyalət şəhərlərində də qaz məsələsi problem idi. Kəndlərdə isə, ümumiyyətlə, yox idi. Hazırda isə Azərbaycanda qazlaşdırma 93 faizə çatıb. Bütün şəhərlərimiz qazla 100 faiz təmin edilib.
Başqa bir məsələyə diqqət yönəldək. Əgər 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz idisə, hazırda bu göstərici  67 faizə çatdırılıb, Bakı şəhərində 81, bölgələrdə isə 43 faizdir. Ona görə həmin sahəyə bu il və gələn illərdə böyük sərmayə qoyuluşu nəzərdə tutulur ki,  bu məsələni də həll edək. Demək olar ki, bir çox şəhərlərimizdə içməli su və kanalizasiya layihələri uğurla başa çatdırılıb. Oğuz-Qəbələ-Bakı kimi nəhəng su kəməri -- bu da tarixi hadisədir -- inşa edilib. Ceyranbatanda dünyanın ən böyük sutəmizləyici qurğusu tikilibdir. Bu gün bu qurğudan çıxan sular keyfiyyətinə görə Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verir.
Regionların sosial-iqtisadi inkişafının perspektivi haqqında danışan Prezident bildirir ki, biz hazırda yeni layihələr üzərində işləyirik. Keçən il 100 min hektardan çox suvarılmayan torpaqlara su xətləri, kanallar çəkilmişdir. Bu il də hədəf 100 min hektardır. Beləliklə, biz suvarılmayan torpaqlara həyat gətiririk, su gətiririk, fermerlərə, sahibkarlara şərait yaradırıq və kənd təsərrüfatımızın inkişafına nail oluruq.
Bu gün regionda Rusiya, Türkiyə, Azərbaycan və Gürcüstan kimi turizm ölkələri daha çox əcnəbi turistin cəlb edilməsi məqsədilə xüsusi proqramlar üzərində işləyirlər. Əcnəbi mütəxəssislər etiraf edirlər ki, bu məsələdə Azərbaycanın səyləri daha çox səmərə verir. Çünki Azərbaycanı həqiqətən turizm ölkəsinə çevirməyi hədəf kimi götürən Prezident İlham Əliyev bu məqsədlə ölkənin bütün infrastrukturunun, o cümlədən avtomobil yollarının müasirləşdirilməsinə nail olub. Prezidentin fikrincə, avtomobil yollarının tikintisi infrastruktur layihələri arasında önəmli yer tutan sahədir. Bu, həm iqtisadi, həm sosial sahədir. Rahat, hamar yollar insanlara rahatlıq gətirir. Eyni zamanda, yol olmadan bölgələr inkişaf edə bilməz, nə turizm, nə də sənaye istehsalı inkişaf edə bilər, kənd təsərrüfatının inkişafı üçün də problemlər yaranar.
Dövlət başçımız bu məsələyə münasibət bildirərkən deyir: “Hazırda kənd yollarının tikintisi geniş vüsət alıb. Biz görürük ki, harada yeni yol çəkilir, o bölgədə canlanma daha da sürətlə gedir, kənd təsərrüfatı istehsalı artır. Nəyə görə? Çünki bazarlara rahat çıxış olur. Beləliklə, yol infrastrukturu, sadəcə olaraq, sosial layihə deyil. Son 15 il ərzində 12 min 300 kilometr yol çəkilmişdir. Bu il bu rəqəm təqribən 15 min kilometrə çatacaq. Son 15 il ərzində 443 körpü tikilmişdir”.
Təbii ki,  səsləndirilən hər hansı fikrin təsdiqi üçün ilk növbədə faktlara istinad edilməlidir. Dövlət başçımızın dediyi kimi, faktlar göz qabağındadır. Son 15 ildə ölkə iqtisadiyyatının, regionların inkişafı üçün kifayət qədər əsas infrastruktur layihələri icra edilmişdir. Əgər biz 2004-cü ildə qəbul edilmiş birinci proqrama nəzər salsaq, görərik ki, bu 15 ildə görülən işlərin böyük hissəsi orada əks olunmamışdır. Həmin arqumenti Prezident bu şəkildə xarakterizə edir: “Çünki biz bu proqrama və ondan sonrakı ikinci və üçüncü proqramlara əlavələr etdik. Mənim bölgələrə çoxsaylı səfərlərim çərçivəsində, vətəndaşlarla təmaslar əsnasında yeni təkliflər gəldi…” 
Mən burada bir faktı da xüsusilə qeyd etmək istəyirəm. Belə ki, müstəqilliyimizin ilk illərində bəzi siyasətçilərin naşılığı üzündən ölkəmiz beynəlxalq aləm üçün qapalı elan edilsə də, ulu öndər Heydər Əliyevin siyasi hakmiyyətə  qayıdışından sonra beynəlxalq təşkilatlar və dünya dövlətləri ilə əməkdaşlığımız normal məcraya yönəlmişdi. Mənim yadımdadır, həmin illərdə Amerika Birləşmiş Ştatlarından Azərbaycana gəlmək istəyən dövlət rəsmiləri Bakı Aeroportunun müasir, nəhəng təyyarələri qəbul edə bilmədiyinə görə Tbilisiyə enib, oradan avtomobillə paytaxtımıza gəlmişdilər. Bəs indi vəziyyət necədir? Mütəxəssislər yazırlar ki, Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportu postsovet məkanının ən müasir və son dərəcə yeni texnologiyalarla təchiz edilmiş hava limanlarından biridir.
İndi tələskən oxucu fikirləşəcək ki, Bakı Aeroportunun  regionların sosial-iqtisadi inkişafına nə dəxli var? Məsələ ondan ibarətdir ki, dövlət başçımız regionların sosial-iqtisadi inkişafının yekunlarından danışarkən qeyd edir ki, ölkəmizdə Bakı Hava Limanından əlavə yeddi aeroport tikilmişdir. Onlardan altısı beynəlxalq aeroportdur: “Birinci proqram qəbul olunana qədər bizim bir beynəlxalq aeroportumuz var idi – Bakı aeroportu. Digər aeroportlar yerli əhəmiyyətli aeroportlar idi. Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala – altı beynəlxalq aeroport, bir də Yevlax aeroportu yenidən quruldu. Bu gün onlar fəaliyyət göstərir və beynəlxalq reyslər təşkil olunur. Bu, ölkəmizə turistlərin gəlişini şərtləndirir, insanlara rahatlıq verir. Vaxtilə bu layihələrə start verəndə bəziləri hesab edirdilər ki, bəlkə də biz əbəs yerə vəsait xərcləyirik, bunların heç bir istifadəsi olmayacaq. Həyat göstərdi ki, indi bizim beynəlxalq aeroportlarımızdan dünyanın müxtəlif yerlərinə uçuşlar təşkil edilir”.
Bax, budur müasir Azərbaycan həqiqətləri. Biz fəxr edirik ki, Prezident ölkəmizi inkişaf etdirərkən bu məsələyə kompleks şəkildə yanaşıldı. Yəni paytaxtla yanaşı, bütün bölgələrin -- əyalət şəhərlərinin, rayon mərkəzlərinin və ən kiçik kəndlər də daxil olmaqla, bütün yaşayış məntəqələrinin bərabər şəkildə müasirləşdirilməsi, inkişaf etdirilməsi təmin edildi. İnanırıq ki, bu tendensiya qarşıdakı illərdə də davam etdiriləcək.
İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”
 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında