Liberal dünya nizamı: böhranın səbəbləri və “qapalı dairə” sindromu

Hazırda müxtəlif ölkələrin analitik dairələri qlobal səviyyədə nizamın təmin edilməsi ilə əlaqədar narahatlıq ifadə edən təhlillər aparır və proqnozlar verirlər. Tanınmış ekspertlərin irəli sürdüyü tezislər sırasında maraqlı olanları da var. Hətta yaranmış qlobal geosiyasi böhranı müasir elmi yanaşma əsasında təhlil etmək cəhdləri də mövcuddur. Lakin bu kimi yanaşmaların nə dərəcədə obyektiv və ədalətli olması haqqında konkret fikir bildirmək çətindir. Bu bağlılıqda nüfuzlu amerikan politoloqu Riçard Haasın bir analizi üzərində dayanmaq maraqlı olardı. Müəllif müasir dünya nizamının bir sıra cəhətlərini təhlil edərək, onun əsas özəlliklərini ifadə etməyə çalışıb. Dərin analiz əsasında maraqlı tezislər irəli sürüb. Ancaq məsələyə daha geniş kontekstdə və ədalət prinsipi baxımından yanaşdıqda, meydana bir sıra suallar çıxır. Onlarla bağlı müəyyən təhlillər aparmağa ehtiyac duyulur.
 
 
Liberal dünya nizamının böhranı: risklərlə üz-üzə
 
Qlobal dünya nizamı məsələsi mütəxəssislərin diqqət mərkəzindədir. Hazırda özünü göstərməkdə olan geosiyasi ziddiyyətlər, böyük dövlətlər arasındakı ixtilaflar, hərbi, ideoloji, informasiya və diplomatik savaşlar tədqiqatçılar qarşısında bir sıra suallar qaldırıb. Son zamanlar Qərblə Rusiya arasında vüsət almış qarşılıqlı ittihamlar dalğası da yeni təhlükələrdən xəbər verir. KİV artıq yazır ki, yeni “soyuq müharibə”yə rəsmən start verilib.
Belə gərginliklər qlobal geosiyasi düzənə təbii ki, təsir edir. Lakin bu, indi meydana gələn mənzərə deyil. Tədqiqatçılar İkinci Dünya müharibəsindən sonra yaranmış dünya nizamının təkamül dinamikasına ümumi yanaşma əsasında həqiqi mənada düşündürücü nəticələrə gəlirlər. Onlardan biri də amerikalı mütəxəssis Riçard Haasdır. O, Xarici Əlaqələr Şurasının prezidentidir, 2001-2003-cü illərdə ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma üzrə direktoru olub, prezident Corc Buşun Şimali İrlandiya üzrə xüsusi nümayəndəsi və Əfqanıstanın gələcəyi üzrə koordinator kimi fəaliyyət göstərib. R.Haas “Dünya nizamsızlıq içində: amerikan xarici siyasəti və köhnə düzənin böhranı” adlı kitabın müəllifidir.
Yəni R.Haas qlobal geosiyasətə həm tədqiqatçı, həm də praktiki fəaliyyət aspektlərində aidiyyəti olan şəxsdir. Onun “Project Syndicate” qəzetlər sindikatının portalında “Liberal dünya nizamı. R.İ.P.” adlı məqaləsi dərc olunub (bax: Richard N. Haass. Liberal World Order, R.I.P. / Project-syndicate.org, 21 mart 2018).
Burada müəllif iddia edir ki, liberal dünya nizamı böhran içindədir, yeni model isə formalaşmayıb. Bütövlükdə bəşəriyyət qeyri-müəyyənliklə və risklərlə üz-üzədir. Maraqlıdır ki, bu mənzərənin yaranmasında R.Haas məsuliyyəti böyük dövlətlərin, ilk növbədə isə ABŞ-ın üzərinə qoyur.
Onun bu qənaətinin nə dərəcədə doğru olması ilə bağlı fikir bildirmək istəməzdik. Ancaq dünyanın geosiyasi nizamının hazırkı durumu aspektində təhlil aparmaq maraqlı olardı. Bu baxımdan daha bir maraqlı fikir ondan ibarətdir ki, R.Haasa görə, “sönməkdə olan” dünya nizamı nə liberal, nə ümumbəşəri, nə də nizamlıdır (bax: əvvəlki mənbəyə). Konkret desək, ümumiyyətlə, nizam deyil. O, əvvəllər malik olduğu əksər əlamətlərini itirməkdədir. Bir çox əlamətlərindən isə artıq məhrum olub.
Məsələ ondan ibarətdir ki, İkinci Dünya müharibəsindən sonra ABŞ və Böyük Britaniyanın öncüllüyü ilə yaradılan dünya nizamında başlıca məqsəd iki cahan savaşına gətirib çıxaran şərtlərin bir daha meydana gəlməməsindən ibarət idi. Bu məqsədlə bir araya gələn demokratik ölkələr qanunun aliliyinə, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörməti təmin edən beynəlxalq münasibətlər sisteminin yaradılması üzərində çalışdılar. İnsan haqlarını da qorumaq lazım gəlirdi.
Əsas məqamlardan biri bundan ibarət idi ki, bütün bu prinsipləri planetar miqyasda tətbiq etmək lazım gəlirdi. Həm də bu prosesdə iştirak hamı üçün açıq və könüllü idi. Bunlardan başqa, sülhü təmin etmək üçün BMT, iqtisadi inkişafla bağlı Ümumdünya Bankı, ticarət və sərmayə üçün Beynəlxalq Valyuta Fondu və təsisat formalaşdırıldı. Həmin təsisat sonradan Ümumdünya Ticarət Təşkilatına çevrildi.
Göründüyü kimi, müxtəlif sahələr üzrə dünya dövlətlərini birləşdirməli olan təşkilatlar qlobal miqyasda hüquqa, qanunun aliliyinə, beynəlxalq normalara və ədalətə əsaslanan prinsiplər üzrə əməkdaşlığın inkişafına xidmət etməlidirlər. Bunlar dünyanın liberal nizamını təmin edəcək real mexanizmlərdir. Təbii ki, bu halda xüsusi missiyası əvvəlcədən müəyyən olunan həmin beynəlxalq təşkilatlar öz funksiyalarını lazımi səviyyədə yerinə yetirmədikdə, bütün dünyada problemlər meydana gəlməlidir. Hazırkı şəraitdə bu halı müşahidə edirik.
 
Liderlik və ədalət: tarazlıq mövcuddurmu?
 
Riçard Haas vurğulayır ki, bütün bunlar ABŞ-ın iqtisadi və hərbi qüdrətinə dayanır, Avropa və Asiyada yaradılmış alyanslar şəbəkəsinə əsaslanır və nüvə silahına istinad edirdi (aqressiyanı cilovlamaq üçün). Belə çıxır ki, “liberal dünya nizamı yalnız demokratik ölkələrin ideallarına deyil, həm də “sərt güc”ə istinad edirdi”.
Mövcud fikirlərə görə, liberal dünya nizamı SSRİ-nin süqutundan və “soyuq müharibə”nin başa çatmasından sonra kəskin surətdə möhkəmləndi. Ancaq həmin hadisələrdən 25 il sonra aydın olur ki, liberal dünya nizamının da gələcəyi sual altındadır. Burada ən təhlükəlisi ondan ibarətdir ki, liberal nizamın liberalizm, universalizm və nizamın qorunması kimi üç başlıca komponenti görünməmiş qızğınlıqla dartışma hədəfinə çevrilib.
Nəticədə liberalizm geri çəkilir. Demokratik hesab edilən ölkələrdə siyasi populizm vüsət alır. Avropada isə siyasi radikalizmə meyilli partiyalar dirçəlir. “Brexit” Qərbdə siyasi elitanın öz nüfuzunu itirməkdə olmasının əlamətidir. ABŞ-da isə ölkə başçısı KİV, məhkəmə və hüquq-mühafizə orqanları üzərinə görünməmiş hücuma keçib. Avtoritar ölkələr (Rusiya, Çin) daha da avtoritar olub. Macarıstan və Polşa isə artıq özlərinin gənc demokratiyalarının taleyi ilə maraqlanmırlar.
Bunlar dünyanın bütövlüyünü pozur. Müxtəlif regional düzən, yaxud nizamsızlıq özünü göstərməyə başlayıb (məsələn, Yaxın Şərqdə). Onların hər birinin özəl xüsusiyyətləri var ki, bu da qlobal sistem yaratmaq cəhdlərini puç edir. Ticarətdə proteksionizm güclənir. Kiberməkanın tənzimlənməsi ilə bağlı çox az qaydalar qəbul edilib.
R.Haasın bunlardan sonrakı tezisləri də maraqlıdır. Əvvələn, “böyük dövlətlərin rəqabət dövrü geri qayıdır”. Rusiya beynəlxalq münasibətlərin baza normalarını pozaraq Avropada silahlı güc vasitəsi ilə sərhədləri dəyişməyə çalışır. Dünya Suriya və Yəməndəki humanitar fəlakətə laqeyd yanaşdı. Kimyəvi silahların tətbiqinə qarşı BMT çox az iş gördü. Venesuelada dövlət dağılır. Bütövlükdə dünyada 100 adamdan biri ya qaçqındır, ya da öz ölkəsi daxilində məcburi köçkündür.
Müəllif bütün bunların hansı səbəblərdən və niyə məhz indi baş verməsi ilə bağlı da fikir bildirir. R.Haas hesab edir ki, populizmin vüsət almasının səbəbi əhalinin əksər qisminin gəlirlərinin azalması və iş yerlərinin itirilməsi ilə bağlıdır. İş yerləri başlıca olaraq yeni texnologiyaların tətbiqi ilə azalır. Bununla yanaşı, həmin prosesi idxalın artması və miqrantların axınının güclənməsi ilə də izah etməyə çalışırlar.
Sonra, bir çox ölkələrin liderləri millətçilikdən öz hakimiyyətlərini daha da genişləndirmək üçün aktiv istifadə edirlər. Bunların fonunda isə “qlobal institutlar yeni güc balansına və texnologiyalara adaptasiya oluna bilmədilər”.
 Bütün bunlarla yanaşı, R.Haas hesab edir ki, dünya liberal nizamının zəifləməsi daha çox ABŞ-da yanaşmaların dəyişməsi ilə bağlıdır. Belə ki, ABŞ Donald Trampın hakimiyyətə gəlməsi ilə Trans-Sakit okean tərəfdaşlığından (TST) çəkilməyə qərar verdi, iqlim dəyişikliyi ilə bağlı Paris sazişindən çıxdı. Vaşinqton Şimali Amerika azad ticarət zonası müqaviləsini (NAFTA) tərk etməklə hədələyir, İranla imzalanan nüvə sazişinin taleyi də aydın deyil. Son dövrlərdə isə ABŞ dövlət başçısı birtərəfli qaydada polad və alüminiuma vergini artırıb və bunu milli təhlükəsizliklə əlaqələndirib. Bu üsuldan digər dövlətlər də istifadə edə bilərlər ki, bunun da sonucu ticarət müharibəsi olar. Amerika demokratiya və insan haqlarından az danışır. Vaşinqton NATO qarşısındakı öhdəliklərini şübhə altına alıb. Ümumi deyilsə, “hər şeydən öncə Amerika” şüarı ilə liberal dünya nizamı bir-birinə uyğun görünmürlər.
Ancaq müəllif yalnız ABŞ-ı ittiham etmək məqsədini güdmür. O, Aİ, Rusiya, Çin, Hindistan və Yaponiyanı da tənqid edir. Onların etdikləri və ya etmək istədiklərinin hamısı dünyanın liberal nizamına zərbədir. Lakin R.Haasın qənaətinə görə, “...ABŞ sıradan bir ölkə deyil. Amerika liberal dünya nizamının əsas arxitektoru və başlıca dayağı idi. Həmçinin onun başlıca benefisiarı idi”.
 
Çıxış yolu: rəqabətə davam, yoxsa beynəlxalq hüquq?
 
Bütün bunlara görədir ki, Amerikanın 70 ildən çoxdur yerinə yetirdiyi roldan imtina etməsi özlüyündə dönüş nöqtəsidir. Liberal dünya nizamı indiki vəziyyətdə qala bilməz, çünki başqa ölkələrin onu saxlamaq üçün nə vəsaiti, nə də marağı var. Ümumiyyətlə götürdükdə, dünya azadlıq, çiçəklənmə, sülhün azlıq təşkil edəcəyi bir vəziyyətə doğru gedir. Həm də bu, amerikalılar da daxil olmaqla, bütün dünya xalqlarına aid olacaq.
Bizcə, tanınmış politoloqlardan birinin liberal dünya nizamı ilə bağlı mövqeyi tam aydındır. Riçard Haasın əksər arqumentləri əsaslıdır. Bütövlükdə götürdükdə, müasir mərhələdə dünya nizamının ciddi çətinliklərlə üz-üzə olduğunu inkar etmək mümkün deyil. Bunun əlamətləri də kifayət qədərdir. Deyilənlərin fonunda qlobal nizam əvəzində regional miqyasda müəyyən nizamlılığın, yaxud nizamsızlığın özünü göstərməsi də çox maraqlı dinamikadan xəbər verir. Lakin həmin məqamı müəllifin təqdim etməyə çalışdığı kimi, yalnız mənfi fonda dərk etməyi doğru saymırıq.
Məsələ ondan ibarətdir ki, çağdaş dünyamızda qloballaşma ilə yanaşı unikallaşma da özünü göstərir. Sosioloqlar bunu ümumən cəmiyyətin sosiallaşması ilə əlaqələndirirlər. Yəni, əvvəlki mərhələlərdən fərqli olaraq, müasir cəmiyyətlərdə vahid mərkəzin rolu azalır. Cəmiyyətdə siyasi sistemə daxil olmayan və ictimai məzmun kəsb edən faktorlar daha təsirli olmağa başlayır. Bu da bütövlükdə sosial-siyasi dinamikaya ciddi təsir göstərir.
Bu özəlliyin beynəlxalq münasibətlər sisteminə proyeksiyası dövlətlərarası münasibətlərin yeni dinamika və məzmun kəsb etməsi ilə xarakterizə olunur. O cümlədən ümumi nizamla yanaşı, lokal məkanlarda öz təkamül ritminə və düzən məntiqinə malik geosiyasi konfiqurasiyalar meydana gəlir. Regional nizam bundan ibarətdir.
Təbii ki, regional nizamın daha özəl məzmun kəsb etməsi, onun öz liderinin müəyyənləşdirilməsini də tələb edir. Bu baxımdan ayrı-ayrı regionlarda lokal nizamlılığın meydana gəlməsi bütövlükdə dünyanın gələcək düzəni aspektində müsbət haldır. O başqa məsələdir ki, məhz böyük dövlətlər bu prosesə pozucu təsir göstərirlər. Nədənsə, R.Haas məsələni bu kontekstdə qoymur.
O cümlədən yazıda nümunə kimi göstərilən Yaxın Şərqdəki regional nizamsızlığın birbaşa günahkarları böyük dövlətlərdir. Çünki məhz onların öz maraqlarını təmin etmək, daha çox nüfuza malik olmaq üçün apardıqları savaş bölgə ölkələrinə böyük ziyan verir. İndi də həm Qərbi, həm də Rusiyanı, deyək ki, Suriya xalqı və dövləti deyil, kimin daha çox təsir dairəsinə sahib ola biləcəyi maraqlandırır. Bu səbəbdən Yaxın Şərq dünya üçün bir nizamsızlıq nümunəsinə çevrilib.
Belə çıxır ki, regional miqyasda lokal nizamlılıq, əslində, müasir dünyanın çağırışlarına uyğundur, lakin bu prosesin böyük dövlətlər tərəfindən qiymətləndirilməsi yanlışdır. Onlar açıqca özlərindən başqa kimsənin dünyada söz sahibi olmasını arzulamırlar. Bu bağlılıqda R.Haasın regional nizamlılığa münasibəti faktiki olaraq qərbmərkəzli dünyanın yaranması fəlsəfəsindən qaynaqlanır. Həmin aspektdə də birtərəfli xarakter daşıyır.
Digər özəllik amerikalı mütəxəssisin bir kəlmə belə böyük dövlətlərin ikili standartlar və islamofobiya xarakterli siyasətinin mövcud dünya nizamına göstərdiyi təsirdən söz salmaması ilə əlaqəlidir. Problemin bu tərəfinin liberal dünya nizamının qarşılaşdığı çətinliklərlə sıx bağlılığı vardır. Çünki İslam ölkələrinə olan qərəzli münasibət birbaşa R.Haasın vurğuladığı üç məqama – liberalizmin və universalizmin zəruriliyinə və nizamın qorunmasına inamı ciddi sarsıdır. Artıq çoxlu sayda dövlətlər bu anlayışların arxasında bir sıra ölkələrin öz dəyərlərini başqalarına zorla qəbul etdirmək məqsədinin dayandığı qənaətindədirlər.
Bu cür şübhələr son illər Yaxın Şərqdən olan miqrantlara qarşı Avropada qeyri-demokratik və antiinsani münasibətin göstərilməsi ilə daha da artdı. Hətta bəzi Avropa dövlətləri, ümumiyyətlə, onların cəmiyyətə inteqrasiya ola biləcəyinin mümkünsüzlüyündən bəhs etdilər. Bunlar ictimai şüurda miqrantlarla bağlı radikal və qeyri-humanist təsəvvürlər formalaşdırmağa əlavə təkan verdi. Belə bir psixoloji mühitdə hansı liberal dünya nizamından danışmaq olar?
Təsəvvür edin, bir tərəfdən, İkinci Dünya müharibəsindən sonra dünya nizamının saxlanması üçün üç mühüm prinsipdən biri kimi dövlətlərin ərazi bütövlüyünün təmin edilməsi şərti qəbul edilir, lakin uzun illərdir ki, ərazi bütövlüyü pozulmuş Azərbaycana real dəstək verilmir. Azərbaycanın suverenliyinə olan qəsdin qarşısının alınmasında beynəlxalq hüquqda mövcud olan qaydalar rəhbər tutulmur. Hətta Azərbaycanın özünün problemi həll etməsinə müxtəlif bəhanələrlə mane olmağa cəhd edilir.
Onu da nəzərə alaq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün üç böyük dövlət – ABŞ, Fransa və Rusiya xüsusi yaradılmış tənzimləmə qrupuna həmsədr seçilib. Və onların heç biri indiyə kimi üzərlərinə düşən vəzifənin yüzdə birini belə yerinə yetirməyiblər. Bu vəziyyətdə liberalizmə, universalizmə və mövcud dünya nizamını qorumaq zərurətinə kim inanar?
Bütün bunların fonunda müəllifin əslində özünün mənfi məqam kimi vurğuladığı bir müddəanın məntiqi tələsinə düşdüyü hiss olunur. Biz, “böyük dövlətlərin rəqabəti dövrünün qayıtdığı” tezisini nəzərdə tuturuq. Dünya nizamının böhrana düşməsində bu prosesin mənfi rolunu qeyd edən R.Haas, sonra eyni səhvə yol verir. O, hesab edir ki, yaranmış vəziyyətdən çıxış yolu ABŞ-ın üzərinə düşən geosiyasi funksiyanı yerinə yetirməsi ilə bağlıdır. Amerikanın hansı funksiyasından söhbət gedir və R.Haas nəyi nəzərdə tutur?
Politoloq Amerikanı yenə də dünyanın ağası kimi görmək istəyir. Yəni, böyük dövlətlərin rəqabətini qanuni sayır, lakin onu qane etməyən bu prosesdə Vaşinqtonun əvvəlki səviyyədə uğurlu və qətiyyətli olmamasıdır. Yazının məntiqinə görə isə, çıxış yolu geosiyasi rəqabətin, silahlanma yarışının arxa plana keçməsi və BMT çərçivəsində beynəlxalq hüququ gözləməklə meydana gəlmiş problemlərin ədalətli həllinə çalışmaqdan ibarətdir. Bu vurğulanmırsa, deməli, söhbət bir supergücün dünya liderliyini davam etdirməsi zəruriliyindən gedir. Dünya təcrübəsi göstərir ki, bu yolun sonu yoxdur. Bəşəriyyət uzun illər məhz həmin yolla gedərək indiki böhrana düşüb. Dairəni qapatmaq nə zamandan çıxış yolu olub?
Əslində, bu kimi təhlillər bir sıra siyasətçilərin uzun illərdir ifadə etdiyi bir fikrin doğruluğuna inamı daha da artırır. Biz, dünya nizamının formalaşmasında və yeni məzmun kəsb etməsində əsas ağırlığın beynəlxalq təşkilatların, ilk növbədə, BMT-nin üzərinə düşməsi tezisini nəzərdə tuturuq. Hələ keçən əsrin 90-cı illərində uzaqgörən siyasətçilər bu tələbatı aydın görür, bununla bağlı açıq fikirlərini bildirirdilər (məsələn, ulu öndər Heydər Əliyev BMT-nin 49-cu sessiyasında (1994-cü il) və təşkilatın yaranmasının 50 illiyinə həsr edilmiş tədbirdə (1995-ci il) söylədiyi nitqində bu barədə birbaşa fikir bildirib).
Həmin dövrdən bu yana beynəlxalq təşkilatların fəaliyyətini daha səmərəli etmək üçün böyük dövlətlər tərəfindən heç bir real və səmərəli addım atılmayıb. BMT kimi təşkilatın qəbul etdiyi sənədlərə əməl olunmur, lakin buna qarşılıq heç bir tədbir görülmür. Məsələn, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı BMT TŞ dörd qətnamə qəbul edib, lakin onların heç biri yerinə yetirilməyib. Ermənistana qarşı bununla bağlı ən kiçik tədbir belə görülməyib.
Bundan başqa, dünyanın müxtəlif yerlərində müsəlmanlara qarşı törədilən zorakılıqlara görə kimsədən haqq-hesab soruşan yoxdur. Ayrı-ayrı ölkələrdə tez-tez uşaq, gənc, qadın demədən qətlə yetirilən dinc müsəlmanlar haqqında BMT TŞ hansı qərarları qəbul edib və yerinə yetirilməsi üçün israrçı olub? ABŞ da daxil olmaqla, böyük dövlətlərin heç biri dinc müsəlmanların həlak olmasının qarşısını almaq istiqamətində konkret addımlar atmırlar. Lakin özlərinə sərf edən məqamlarda son dərəcə fəal olurlar. Türkiyəyə qarşı terror törədənləri müdafiə edirlər, Azərbaycanda törədilmiş çoxlu sayda terror aktlarının günahkarlarının cəzalandırılması yadlarına düşmür. Budurmu liberal dünya nizamının dünyanın supergücü tərəfindən təmin edilməsi üsulu?
Deməli, liberal dünya nizamını böhrana salan hər kəsdən öncə “liberal”ların özləridir. Onlar geosiyasi ambisiyalarını təmin etmək üçün bütün demokratik dəyərləri tapdalamağa, ikili standartlara rəvac verməyə hazırdırlar. Bir-biri ilə geosiyasi rəqabətə girib, bəşəriyyətin özünü təhlükəyə atmaqdan çəkinmirlər. Və ən pisi odur ki, onlar bunu etiraf etmək əvəzinə öz günahlarını başqalarının üzərinə qoymağa çalışırlar. Ancaq təəssüf ki, bu barədə dünya analitiklərinin təhlillərində bir kəlmə belə kəsilmir! Bu isə geosiyasi təfəkkürün böhranıdır!
Newtimes.az

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında