Azərbaycanda turizmin inkişafına xüsusi diqqət yetirilir

Bu gün turizm bütün dünyada ən gəlirli sahələrdən birinə, sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Azərbaycanda da milli iqtisadiyyatın şaxələndirilməsi, regionların inkişafının diqqət mərkəzində saxlanılması, dövlətin turizmi qeyri-neft sektoru üzrə prioritet istiqamət elan etməsi bu sahənin yüksəlişinə, sənaye bölməsi olaraq yeni mərhələyə qədəm qoymasına müsbət təsir göstərib. 
 
Son illər ərzində turizmin təşkili ilə bağlı mühüm tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin bu il aprelin 20-də turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı imzaladığı sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyinin əsasında Dövlət Turizm Agentliyi yaradılıb.
Respublikamızda turizm infrastrukturunun müasirləşdirilməsi və mövcud potensialın səmərəli şəkildə reallaşdırılması məqsədilə  aparılan islahatların əsas məqsədi də ölkədə turizm mədəniyyətinin formalaşdırılması və xidmət səviyyəsinin davamlı şəkildə yüksəldilməsidir. Bununla bağlı Prezident İlham Əliyev çıxışlarının birində deyib: “Bizdə turizm potensialı şimal, şimal-qərb, cənub və qərb bölgələrində, əlbəttə ki, Bakı şəhərində inkişaf edir. Biz vaxtilə fəaliyyət göstərən, sonra köhnəlmiş turizm yerlərimizi bərpa edirik. Misal üçün, indi Naftalan öz şöhrətini özünə qaytarır. Naftalan Sovet İttifaqı zamanında bir mərkəz idi. İndi beynəlxalq mərkəzdir. Burada üç gözəl otel fəaliyyət göstərir. Mən üçünün də açılışında olmuşam. Yeni otellər tikilir və gözəl bir turizm mərkəzidir. “Qalaaltı” müalicəvi su kurortunda da artıq böyük işlər görülür… Qusar rayonunda yerləşən “Şahdağ” xizək kurortu da indi dünya səviyyəli turizm mərkəzidir. Digər bölgələrdə, cənub və qərb bölgələrində turizm imkanları genişlənir…”.
Gözəl təbiəti, rəngarəng iqlimi, tarixi və müasir memarlıq nümunələri, təbii müalicəvi yerləri, müasir infrastrukturu, zəngin və dadlı mətbəxi, ən başlıcası isə mövcud sahədə böyük turizm infrastrukturunun qurulması, brend hotellərin istifadəyə verilməsi, həyata keçirilən islahatlar, qəbul edilən dövlət proqramları, normativ hüquqi bazanın getdikcə təkmilləşdirilməsi, “ASAN viza” sisteminin reallaşdırılması nəticəsində hazırda Azərbaycan dünyada, həm də lüks turizm xidmətləri təklif edən ölkə kimi kimi tanınmağa başlayıb, beynəlxalq turizm bazarına inteqrasiya geniş vüsət alıb. Son illərdə turizm potensialının təşviqi, yeni əlverişli aviareyslərin açılması, ticarət festivallarının (“shopping festival”) keçirilməsi, o cümlədən, digər mühüm məsələlərin də öz həllini tapması əcnəbi turistlərin marağına səbəb olub.
Azərbaycanda turizmin mövsümi xarakter daşımasının aradan qaldırılması ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Bunun üçün dəniz turizminin inkişafı, rekreasiya zonalarının yaradılması, sağlamlıq turizminin növlərinin artırılması, qış turizminin daha da inkişaf etdirilməsi, həmçinin ölkəmizə xarici turistlərin cəlb olunması üçün təbliğat işlərinin gücləndirilməsi  bu gün qarşıda duran əsas vəzifələrdəndir. 
Hazırda respublikamızda tətbiq olunan “Tax free” sisteminə qoşulan ticarət obyektlərinin sayının artırılması istiqamətində tədbirlər həyata keçirilir. Ticarət festivallarının (“shopping festival”) təşkili ilə bağlı görüləcək işlərlə əlaqədar olaraq turizm obyektlərinin müvafiq təklifləri təhlil edilir.    
Azərbaycanda turizm inkişafını bu ilin ilk yarısında respublikamıza üz tutan xarici turistlərin sayı ilə bağlı rəsmi statistikadan da görə bilərik. Məsələn, hesabat dövrü ərzində ölkəmizə 1 milyon 323 min 303 nəfər turist səfər edib. Respublikamıza ən çox turist axını Rusiyadan olub ki, onların da sayı 403 min 549 nəfərə çatıb. Bundan başqa, Gürcüstandan 279 min 102, İrandan 146 min 480, Türkiyədən isə 142 min 476 nəfər turist ölkəmizə gəlib. Digər yerləri isə BƏƏ, Ukrayna, İraq, Qazaxıstan, Küveyt, Birləşmiş Krallıq, İsrail, Hindistan, Pakistan, Türkmənistan, Qətər və başqa ölkələr bölüşür. 
Ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi üçün hazırda bir neçə istiqamət üzrə tədbirlər həyata keçirilir. Məsələn, Bakının kommunikasiya və marketinq planı hazırlanır və turizm brendi formalaşdırılır. Paytaxtın marketinq strategiyası üzrə də işlər görülür, biznes strukturları ilə əlaqələr   genişləndirilir. 
Turizm sektorunda ayrı-ayrı istiqamətlər üzrə bazarların təhlili, öyrənilməsi də diqqət mərkəzində saxlanılır. Bundan başqa, eko və aqro turizmin inkişaf etdirilməsinə xüsusi önəm verilir.  Bələdçilərin, otel işçilərinin, turizm menecerlərin sayının artırılması da qarşıda duran əsas vəzifələr sırasındadır.  
 
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında