Astarada ilin birinci yarısının nəticələri müzakirə olunub

Ölkəmizin dilbər guşələrindən olan və sürətlə inkişaf edən rayonlardan biri də Astaradır. Son illərdə bu rayonun da siması xeyli dəyişib və gözəlləşib, camaatın həyat şəraiti daha da yaxşılaşıb.
 
Yarımillik hesabat yığıncağında Astaranın dinamik inkişafı ilə bağlı konkret faktlar göstərilib və qarşıda duran vəzifələrə diqqət cəlb edilib. İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, ötən müddətdə Astarada uğurlar bütün sahələri əhatə edib, quruculuq işləri genişləndirilib.
Hesabat dövrü ərzində ümumi məhsul və xidmətlərin həcmi  81,4 milyon manat təşkil edib. Rayonda inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11,4 milyon manat məbləğində vəsait  yönəldilib. 
Azərbaycan Respublikası Prezidentinin 8 iyun 2017-ci il tarixli sərəncamına uyğun olaraq Park-bulvar kompleksinin genişləndirilməsi  müvəffəqiyyətlə davam etdirilib, hazırlanmış layihəyə əsasən nəzərdə tutulan işlər başa çatmaq üzrədir.
Burada AAAF tərəfindən inşa edilən kotteclərin tikintisinin başa çatdırılması, oteldə tamamlama işlərinin aparılması sürətləndirilib. Eyni zamanda bulvar ərazisində atçılıq idman klubu üçün meydança və binanın tikintisi, sürət maşınlarının “World carting” yarış meydançasının salınması işi davam etdirilir.
Rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması daim diqqətdədir. “Şimal-Cənub“ nəqliyyat dəhlizinin tərkib hissəsi sayılan Ələt-Astara-İran sərhədi avtomobil yolunda  yol çiyinləri hamarlanıb, 4400 kvadratmetr asfalt-beton qarışığından çala təmiri işləri görülüb.
Hesabat dövründə rayon sakinləri üçün ən yaddaqalan hadisələrdən biri də Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolunun tikintisinə başlanması olub. 9 min nəfər əhalinin yaşadığı, 3 yaşayış məntəqəsini birləşdirən 11 km uzunluğunda olan dairəvi yolun  böyük hissəsinə yüksək keyfiyyətli asfalt döşənib, bu istiqamətdə işlər davam etdirilir.  
Rayonda istehlakçıların su, qaz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasından ötrü tədbirlər görülür. 
Bala Şahağac kəndində inşa edilmiş modul tipli məktəb binası istifadəyə verilib, Siyətük kənd modul tipli ibtidai məktəbin tikintisi yekunlaşıb.  
Ümumtəhsil məktəblərinin məzunlarından 352 nəfəri ali məktəblərə qəbul imtahanlarının hər iki mərhələsində iştirak edib, 235 nəfər ali məktəblərə keçid balını toplayıb. Onlardan 25 nəfəri 500-dən, 7 nəfəri isə 600-dən yuxarı bal qazanıb. 
Astarada aqrar sahənin inkişafına diqqət daha da artırılıb. Rayon ərazisində əkilmiş 252 hektar taxılın 182 hektarı buğda, 70 hektarı arpadır. 450 hektar ərazidə çəltik əkilib ki, quraqlıqla əlaqədar növbəli sistem əsasında suvarma suyunun sahələrə çatdırılması tənzimlənir.   Son illər ərzində 1280 hektar yeni sitrus bağları salınıb və rayon üzrə bu bağların ümumi sahəsi 3625 hektara çatdırılıb.
Rayon ərazisində mövcud 345 hektar çay sahəsində may ayında çay yarpağı yığımına başlanıb, birinci yığımda 235 ton çay yarpağı yığılaraq  fabriklərə təhvil verilib. Hazırda ikinci yığım gedir.
Baramaçılığın inkişafı ilə əlaqədar bu il ilk dəfə olaraq rayona 52 qutu barama qurdu gətirilərək kümçülərə paylanıb, 769 kiloqram barama tədarük olunub və Şəki İpək Kombinatına təhvil verilib. Astara Meşə Mühafizəsi və Bərpası Müəssisəsində bu il 15 hektar sahədə aqromeyvə bağları salınıb. 
Q. Ağayev sonra bildirib ki, rayonun əlverişli təbii şəraiti, yaradılmış yol və mədəniyyət infrastrukturu turizmin inkişafına geniş imkanlar açdığından, iş adamları bu sektora diqqəti daha da artırmalıdırlar. 
Məruzə ətrafında müzakirələrdə rayon icra hakimiyyəti başçısının Səncərədi  kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zaur Həsənov, Kənd Təsərrüfatı İdarəsinin rəisi Etibar Abbasov, Su Sistemləri İdarəsinin rəisi Habil Manafov və başqaları iştirak ediblər. 
Sonda bu və digər məsələlərlə əlaqədar tövsiyə və tapşırıqlarını verən icra başçısı görülən işlərin nəticələrinə əsasən 2018-ci ilin Astara rayonu üçün yüksək inkişaf  və   bolluq ili olacağına əminlik ifadə edib.
Əli NƏCƏFXANLI, 
“Xalq qəzeti”nin bölgə müxbiri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında