Rusiyalı gənclər Leyla Əliyevaya təşəkkür ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri xanım Leyla Əliyevanın dəvəti ilə Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəb tələbələrindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.

Səfər çərçivəsində nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş oğul və qızların məzarlarını ziyarət edib.

Nümayəndə heyətinin üzvləri Gənclər və İdman Nazirliyində olub, gənclər və idman nazininin müavini İntiqam Babayevlə görüşüblər.  Görüşdə Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti, müxtəlif layihələr, əldə edilmiş uğurlar və beynəlxalq əlaqələr haqqında məlumat verilmiş və nümayəndə heyətinin üzvləri səfər barəsində öz təəssüratlarını bölüşüblər. Moskva Şəhəri Mədəniyyət Departamentinin direktor müavini Vladimir Filippov səmimi qəbula görə nazir müavininə minnətdarlığını bildirib. Görüşdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağının direktoru Aleksey Reteyum, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi İdarə heyətinin üzvü Emin Hacıyev də iştirak ediblər.

Görüşün sonunda qonaqlara Gənclər və İdman Nazirliyinin xatirə hədiyyələri təqdim edilib. Növbəti gün Rusiya Federasiyasının gənclərdən ibarət nümayəndə heyətinin mədəniyyət nazirinin müavini Rafiq Bayramovla görüşündə Azərbaycanda və Rusiyada keçirilən müxtəlif mədəni layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Moskva Hökumətinin Xarici İqtisadi və Beynəlxalq əlaqələr departamentinin rəhbəri Oleq Şutenko qarşılıqlı mədəniyyət günlərinin keçirilməsini hər iki ölkə və paytaxtlarımız üçün əhəmiyyət daşıdığını vurğulayıb.

Moskva İstirahət və Turizm Agentliyinin dövlət mədəniyyət müəssisəsinin direktoru Vasili Ovçinnikov, Moskva Şəhər Mədəniyyət Departamentinin əməkdaşı Artur Şukurovski, “Road to Moscow” təşkilatının inkişaf məsələləri üzrə direktoru Lyudmila Tsoy da görüşdə iştirak ediblər.

Növbəti gün nümayəndə heyətinin üzvləri Heydər Əliyev Mərkəzini ziyarət edərək   Heydər Əliyev Muzeyi ilə tanış olublar. Burada qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən muzey barəsində geniş məlumat verilib.  Nümayəndə heyətinin üzvləri Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri xanım Leyla Əliyeva ilə görüşərək dəvət üçün təşəkkürlərini bildirib,  səfər təəssüratları ilə bölüşərək, ona xatirə hədiyyələrini təqdim ediblər.

Qonaqlar həmçinin JARA-2018 Beynəlxalq Musiqi Festivalının açılışında iştirak edib, Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyası, eləcə də Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi, Muzey Mərkəzi, Xalça Muzeyi, Qız Qalası, Şirvanşahlar sarayı, İçərişəhər ilə tanış olublar.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında