Azərbaycanın xarici iqtisadi əlaqələri uğurla inkişaf edir

Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir.
İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti
 
 
Son 15 ildə Azərbaycanın iqtisadi potensialının güclənməsi, reallaşdırılan diversifikasiya siyasəti, müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyətə başlaması təbii ki, ölkəmizin xarici iqtisadi əlaqələrində də müsbət meyillərə təkan verib. Belə ki, xarici iqtisadi əlaqələrin coğrafiyası genişlənib, ticarətin əmtəə strukturu təkmilləşib. Bunun nəticəsidir ki, sözügedən dövrdə Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq investisiya qoyulub, xarici investisiyanın həcmi isə 107,2 milyard dollar təşkil edib. 
 
Əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması dövlətin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur. Respublikamızın nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirilən tədbirlər və qlobal miqyaslı təşəbbüslər ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verməklə, Azərbaycanı mühüm nəqliyyat qovşağına və dəhlizlərin keçdiyi məkana çevirib.  
Son 15 ildə ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilib. Avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində gerçəkləşdirilən layihələr Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirib. 
Nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanda nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində son illər görülən işlər xüsusilə vurğulanmalıdır. Şərq-Qərb nəqliyyat dəhlizi Çinlə Avropa arasındakı ən qısa marşrut olduğundan, tranzit və yükdaşıma baxımından səmərəlidir. Orta hesabla 5400 kilometr   uzunluğunda olan Şərq-Qərb nəqliyyat dəhlizinin tranzit müddəti 15 gündür. Əhəmiyyətinə görə “Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra isə dəhliz quru xətlə birbaşa Avropaya çıxış imkanı yaradıb.  
Azərbaycanda, həmçinin alternativ dəhlizlərdən üstünlüyü ilə seçilən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı mühüm işlər görülüb. Bu nəqliyyat dəhlizinin önəmli həlqələrindən olan Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi, eləcə də Azərbaycan və İran sərhədində dəmir yolu məntəqələrinin birləşməsi üzrə nəzərdə tutulan inşaat işləri ölkəmiz tərəfindən sürətlə icra edilib.  
Sözügedən dövrdə beynəlxalq və regional təşkilatlarla aparılan ardıcıl iş Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişlənməsinə müsbət təsir göstərib. Nəticədə ötən müddət ərzində Azərbaycanın BMT və onun qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və s. kimi nüfuzlu beynəlxalq institutlarla əlaqələri daha da möhkəmlənib. 
Respublikamızın xarici iqtisadi əlaqələrinin mühüm tərkib hissəsi olan ticarət fəaliyyətini tənzimləyən qanunvericilik də təkmilləşdirilib,  mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanan yeni Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlar qəbul edilib.  
Həyata keçirilən tədbirlərin nəticəsində bu ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 160 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 95 ölkəyə məhsul ixrac edilib, 150 ölkədən idxal olunub.
Gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayan ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilən dəyəri nəzərə alınmaqla cari ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 12068,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 8213,3 milyon dollar, idxalın dəyəri 3855,3 milyon dollar təşkil edib, nəticədə 4358  milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Ötən ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 35,4 faiz, real ifadədə isə 3,1 faiz, o cümlədən ixrac 2,8 faiz, idxal 3,8 faiz artıb.  
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 22,4 faizini İtaliyaya, 8,3 faizini İsrailə, 7,6 faizini Türkiyəyə, 5,8 faizini Tayvana (Çinin əyaləti), 5,3 faizini İndoneziyaya, 4,8 faizini Kanadaya, 4,4 faizini  Almaniyaya, 4  faizini Çexiyaya, hər biri 3,4 faiz olmaqla Gürcüstan və Rusiyaya, 3,2 faizini Portuqaliyaya, 3  faizini Hindistana, 2,7 faizini ABŞ-a, hər biri 2,5 faiz olmaqla Fransa və İspaniyaya, qalan 16,7  faizini  isə digər ölkələrə göndərilən məhsulların dəyəri təşkil edib.  
Ölkəmizə idxal olunan məhsulların ümumi dəyərinin 17,4 faizi Rusiya, 15,8 faizi Türkiyə, 10,2 faizi Çin, 7,6 faizi Almaniya, 4,8 faizi ABŞ, 4,2 faizi Ukrayna, 3,4 faizi İtaliya, 3  faizi İran, 2,7 faizi Belarus, 2,4 faizi Birləşmiş Krallıq, 28,5 faizi isə digər ölkələr ilə aparılan idxal əməliyyatlarının payına düşüb.  
Bu ilin yanvar-may aylarında 667,5 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2017-ci ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 20,1 faiz, real ifadədə isə 8,6 faiz çoxdur.
Cari ilin yanvar-may aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 2,1 faiz, təzə meyvə 51,2 faiz, kartof  33,5 faiz, meyvə və tərəvəz konservləri  22,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu 2,6 dəfə, polietilen  10,1 faiz, emal olunmamış alüminium  15,7 faiz, pambıq lifi  4 faiz, qara metallardan borular  12  faiz, pambıq ipliyi 10,7 faiz, bentonit gili 8,5 faiz  artıb.  
İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyul sayında göstərilir ki, bu ilin yanvar-iyun ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 846,5 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixrac 110,5 milyon ABŞ dolları və ya 15 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin ilk 6 ayı ərzində Rusiyaya 319,9 milyon, Türkiyəyə 180,1 milyon, Gürcüstana 74,1 milyon, İsveçrəyə 69,3 milyon və Çinə 23,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
İxracla bağlı bir məqama da diqqət yetirmək istərdik. Bu da “Azərkosmos” ASC tərəfindən dünyanın 19 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilməsi ilə bağlıdır. Belə ki, cari ilin ilk 6 ayında adıçəkilən ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 12,7 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. Bu ilin iyun ayında isə ASC-nin xidmət ixracının dəyəri 1,6 milyon ABŞ dolları olub. “Azərkosmos”un   2018-ci ilin ilk 6 ayı ərzində xidmət ixracının həyata keçirdiyi əsas ölkələr sırasında Fransa, Malayziya, BƏƏ, Almaniya, Gürcüstan xüsusi yer tutub. 
Hazırda respublikamızda mövcud siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevirib. Bugünədək Azərbaycan Respublikası hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 48 saziş imzalanıb.  Həmin sazişlərin imzalanması xarici investorlara bir çox hüquqlar verir. Bu hüquqların düzgün tənzimlənməsi investisiya mühitini daha da yaxşılaşdırır. Azərbaycanın model sazişləri BMT Ticarət və İnkişaf Komissiyası ilə birlikdə hazırlanıb və müvafiq təkmilləşdirmələr aparılıb. Bunun nəticəsidir Azərbaycan iqtisadiyyatına  ki, 110 milyard dollardan çox investisiya cəlb edilib. Eyni zamanda, ölkəmiz  indiyədək böyük həcmli investisiya mübahisələrinə, bundan qaynaqlanan cərimələrlə qarşılanmayıb. Bu, Azərbaycanın etibarlı tərəfdaş olduğunun göstəricisidir. Həmçinin bu, Azərbaycanda yaradılmış investisiya mühitinin bugünkü tələblərə cavab verməsinin bir sübutudur. 
Azərbaycana investisiya yatıran xarici ölkələr siyahısının ilk beşliyində Böyük Britaniya, ABŞ, Türkiyə, Norveç, Yaponiya kimi ölkələr qərarlaşıb. Ölkə iqtisadiyyatının qeyri-neft sektoruna ən çox investisiya yatıran ölkələrin ilk beşliyində isə Türkiyə, Böyük Britaniya, ABŞ, Niderland və BƏƏ-ni qeyd etmək olar. 
İndiyədək Azərbaycanda xarici ölkələrin müxtəlif sahələri əhatə edən 8 mindən çox şirkəti qeydiyyatdan keçib. Xarici şirkətlər respublikada dövlət əsaslı vəsait hesabına həyata keçirilən infrastruktur və digər layihələrdə podratçı və subpodratçı qismində də fəal iştirak edirlər. 
Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı, eyni zamanda, investisiya ixracatçısına çevirib. Ötən müddət ərzində Türkiyə, Gürcüstan, Rusiya, ABŞ, Yaponiya, Çin, İsveçrə, Serbiya, Monteneqro, Ukrayna və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılıb. Azərbaycan şirkətlərinin potensialı və peşəkarlığı yüksəlib, bir sıra ölkələrdə, o cümlədən Avropada mühüm infrastruktur layihələrinin icrasında özəl şirkətlərimiz fəal fəaliyyət göstərməyə başlayıb. Bununla yanaşı, Yaxın Şərq, ABŞ və Asiya ölkələri ilə də əməkdaşlığımız genişlənir və bu regionlarla iqtisadi əlaqələrin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır.
Azərbaycan hazırda beynəlxalq təşkilatlar, o cümlədən BMT, Avropa İttifaqı (Aİ), İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digərləri ilə sıx əməkdaşlıq edir. Dövlət başçısı tərəfindən müəyyən olunan Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri Avropa İttifaqı ilə səmərəli və davamlı əməkdaşlığın inkişaf etdirilməsidir.
Xatırladaq ki, Aİ ölkələri Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. Son 10 ildə Azərbaycanda əsas kapitala yönələn xarici investisiyaların yarıdan çoxu, qeyri-neft sektoruna birbaşa xarici investisiyaların isə 35,3 faizi bu təşkilatın üzv dövlətlərinin payına düşüb.  
Yeri gəlmişkən, Aİ Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. 2016-cı ildə Aİ-nin Azərbaycanın xarici ticarətindəki payı 35 faiz, 2017-ci ilin 4 ayında isə 38 faiz təşkil edib. Son 10 ildə Avropa İttifaqı Azərbaycanda əsas kapitala təqribən 20 milyard ABŞ dolları investisiya yatırıb. 
Azərbaycanda hazırda 1300-dən çox Aİ ölkələrinin şirkəti var. Bu qurumun 23 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 17 üzv ölkə ilə sərmayələrin təşviqi və qorunması sazişləri, 7 üzv ölkə ilə Strateji Tərəfdaşlıq bəyannamələri imzalanıb, 13 üzv ölkə ilə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Aİ-nin  bir sıra ölkələri ilə Azərbaycan arasında ticarət palataları mövcuddur. Son 5 ildə Aİ-yə üzv ölkələrlə 123 biznes forum və digər tədbirlər keçirilib.
Göründüyü kimi, Azərbaycanın xarici ticarət əlaqələrinin inkişafı daim diqqətdə olan məsələlərdəndir. Belə ki, yerli məhsulların xaricə, o cümlədən qeyri-ənənəvi bazarlara ixracının genişləndirilməsi məqsədilə zəruri tədbirlər görülür. Dövlət başçısının bu istiqamətdə tapşırıqlarına uyğun olaraq, dövlət dəstəyi ilə potensial ixrac ölkələrində logistik mərkəzlərin yaradılması üzrə tədbirlər reallaşdırılır. Bununla yanaşı, qarşılıqlı investisiya fəaliyyətinin təşviq edilməsi istiqamətində işlər daha da gücləndiriləcəkdir. Bu, ilk növbədə, investorlar üçün mühüm əhəmiyyət kəsb edən investisiyaların qarşılıqlı qorunmasını, təşviqini, eləcə də ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan hüquq-müqavilə bazasının yaradılması işlərini əhatə edəcək.
Makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın diversifikasiyasının davam etdirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, dünya iqtisadi sisteminə inteqrasiyanın sürətləndirilməsi, xarici iqtisadi əlaqələrin və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, xarici ölkələrlə ikitərəfli əlaqələrin inkişafı müstəqil Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edəcək, ölkəmizin dünyada nüfuzunu daha da artıracaqdır.
Vaqif  BAYRAMOV,
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında