Bu gün korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritetini təşkil edir

Mən dəfələrlə korrupsiyaya qarşı mübarizə ilə bağlı fikirlərimi bildirmişəm və dəfələrlə vətəndaşlara da müraciət etmişəm ki, onlar aidiyyəti orqanlara öz ərizələri, öz təklifləri ilə müraciət etsinlər. Yəni, güclü siyasi iradə vardır. Artıq korrupsiyaya qarşı mübarizəni aparmaq üçün cəmiyyətdə də çox müsbət dəyişikliklər vardır. Cəmiyyətdə inam artır. İnam artır ki, biz bu bəlanı Azərbaycandan tamamilə götürəcəyik və Azərbaycan cəmiyyəti bu yaralardan sağalacaqdır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
 
 
Hazırda ölkəmizdə həyata  keçirilən islahatlar uğurlu inkişaf proseslərinə mane olan məsələlərin aradan qaldırılmasında mühüm rol oynayır . Bu sırada korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Bu gün  ölkəmizdə korrupsiyaya qarşı mübarizə  dövlət siyasətinin prioritetini təşkil edir. Bu bəla, demək olar ki, müasir dünyada bir çox dövlətlərin daxili probleminə çevrilməklə yanaşı, həm də beynəlxalq səviyyədə müşahidə edilən kabusa çevrilib. Bu sosial bəlanın tarixi çox qədimdir. Bu gün qətiyyətlə demək olar ki, korrupsiya və rüşvətxorluqdan tam azad olan ölkə yoxdur. Korrupsiya, demək olar ki, dünyada bütün sahələrin fəaliyyətinə sirayət edir.
 
Etiraf edilməlidir ki, son illər  Azərbaycanda bu sahədə daha ciddi tədbirlər həyata keçirilir, sərt qərarlar qəbul edilir. Dövlət səviyyəsində həyata keçirilən bu tədbirlər səmərəsiz qalmır, müəyyən nəticələr verməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev, demək olar ki, keçirilən bütün  tədbirlərdə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə daha sərt tədbirlərin görüləcəyini bəyan edir,  bundan sonra da  bu sahədə ciddi  mübarizə aparılacağını bildirir. 
İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da bu məsələ gündəmə gətirlmiş və qeyd olunmuşdur ki,  bu ilin aprel ayında formalaşmış yeni hökumət qarşısında bu vəzifə çox kəskin qoyulmuşdur. Ölkə başçısı qətiyyətlə bildirmişdir ki, bu xoşagəlməz hallara son qoyulmalıdır. 
Prezident demişdir ki, bu  istiamətdə  son illər ərzində böyük işlər görülüb və beynəlxalq təşkilatlar da bunu qeyd edirlər: “Bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan daim irəliyə gedir. Ancaq irəliləyiş olsa da, bu, bizi qane edə bilməz. Azərbaycanda bu böyük sosial bəlanın kökü kəsilməlidir. Bunu etmək üçün də imkanlar var. Həm güclü siyasi iradə, həm də indi bizim institusional mexanizmlərimiz var. Ən önəmlisi, kadr islahatı aparılır və aparılacaq. Hansı dövlət məmurları bu meyarlara uyğun gəlməyəcəklərsə, onlar işdən çıxarılacaqlar və bunu bütün dövlət məmurları bilsinlər”.
Ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı son illər daha kəskin mübarizə aparılması beynəlxalq təşkilatlar tərəfindən də etiraf olunur. “Transparency İnternational”  korrupsiyaya qarşı mübarizə üzrə beynəlxalq hüquq müdafiə təşkilatı tərəfindəən yayılan  ölkələrin illik şəffaflıq reytinqində də bu fakt özünü büruzə verir . Berlində təqdim edilən həmin hesabatda  dövlətlər korrupsiya indeksinə görə sıralanıb və Azərbaycan korrupsiyaya qarşı mübarizədə ötən illərlə müqayisədə bir qədər də irəliləyib. Bu irəliləyiş ölkədə bu qara kabusa qarşı mübarizənin daha  kəskin xarakter almasından irəli gəlir. 
 
Zəngin hüquqi baza formalaşdırılıb
 
Ümumiyyətlə, bu məqsədlə son 15 ildə  bir sıra zəruri tədbirlər həyata keçirilmiş,  qanunvericilik bazası gücləndirilmişdir.  Xatırladaq ki, 2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun, korrupsiyaya qarşı mübarizə üzrə 2004-2006-cı illəri əhatə edən Dövlət Proqramı qəbul olunmuşdur. 2007-ci ildə Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı təsdiq edilmişdir. Həmin dövrdə korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumlar da fəaliyyətə başlamışdır. Bunlar Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsidir. Bundan əlavə, 2008-ci ildə qəbul olunan “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair tədbirlər haqqında” Fərman dövlətin bu sahədə strateji kursunu müəyyən etmişdir.
Korrupsiyaya qarşı mübarizədə qabaqcıl ölkələrin iş təcrübəsi mütəmadi olaraq öyrənilmiş, republikamız  bu məqsədlə  bir neçə beynəlxalq sənədə, o cümlədən Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında”, “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” və Birləşmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” konvensiyalarına, həmçinin “Korrupsiyaya qarşı Birləşmiş Millətlər Təşkilatının Konvensiyası”na qoşulmuşdur. 
“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun  korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir. Bu Qanun, həmçinin dövlət orqanlarına əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında qulluğa girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır. 
Bu, bir faktdır ki, respublikamızın beynəlxalq aləmdəki reytinqinin yüksəldilməsində böyük rol oynayan əsas amillərdən biri korrupsiya və rüşvətxorluğun qarşısının alınmasıdır. Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın yaydığı məlumatda da göstərilir ki,  Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən institusional, qanunvericilik və inzibati tədbirlər həyata keçirilib. 
“Elektron hökumət” portalına inteqrasiya olunan qurumların sayı 91-ə, elektron xidmətlərin sayı isə 437-yə çatdırılıb. İqtisadi sahədə törədilən cinayətlərə görə məsuliyyətin yüngülləşdirilməsi və dekriminallaşdırılması ilə əlaqədar Cinayət Məcəlləsinə dəyişikliklər edilmiş, tikilməkdə olan və ya tikilmiş, istismara qəbul edilməmiş çoxmənzilli binalarda mənzillərin bir neçə şəxsə satılması kimi mənfi halların qarşısının alınması məqsədilə Mülki Məcəlləyə dəyişikliklər olunmuşdur. Etik davranış qaydalarının əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar Milli Məclisin deputatlarının və bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında qanunlar qəbul edilmişdir.
Daha sonra bildirilir ki, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən sistemli institusional islahatlar çərçivəsində “ASAN xidmət” mərkəzlərinin sayı 12-yə çatdırılmış və fəaliyyət istiqamətləri genişləndirilmişdir. Bugünədək “ASAN xidmət” mərkəzlərinə 20 milyona yaxın müraciət daxil olmuşdur. Bütün dövlət xidmətlərinin “ASAN xidmət” standartlarına uyğunluğunu yoxlamaq məqsədilə dövlət orqanlarının xidmətləri “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər üzrə qiymətləndirilib. 
 
Maarifləndirmə tədbirləri
 
Korrupsiyanın qarşısının alınması sahəsində mütəmadi olaraq  sistemli təlim və maarifləndirmə tədbirlərinin  həyata keçirilməsi də diqqət mərkəzindədir. Avropa Şurası və Avropa İttifaqı ilə birgə əməkdaşlıq şəraitində dövlət qulluqçuları və tələbələr üçün etik davranış qaydaları və antikorrupsiya mövzuları üzrə tədris proqramı hazırlanıb, yerli təlimçi bazası formalaşdırılıb, regionlarda müxtəlif hədəf qrupları üçün təlimlər keçirilib.  Bundan başqa, bir müddət əvvəl  ölkəmizin  dəstəyi ilə Bakıda üzvlərinin böyük əksəriyyəti İslam dövlətlərindən olan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin və ombudsmanlarının üçüncü iclası keçirilmişdir. Həmin tədbirə Türkiyə, İran, Qazaxıstan, Pakistan, Əfqanıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın dövlət qurumlarının, eləcə də ECO, Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) rəhbər vəzifəli şəxsləri qatılmışlar. 
Bundan başqa, Avropa İttifaqının Avropa Qonşuluq Siyasətinin “Şərq tərəfdaşlığı” və TAİEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) aləti çərçivəsində, Korrupsiyaya Qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya Qarşı Avropa Ələqələndiricilər Şəbəkəsi (EACN), Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO), Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP), Beynəlxalq Anti-Korrupsiya Akademiyası (IACA), Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat (GUAM) və digər qurumlarla səmərəli əməkdaşlıq davam etdirilmiş və bu gün həmin əməkdaşlıq daha da genişləndirilir.
 
Güzəşt olmayacaq…
 
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, korrrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə heç kimə güzəşt olunmayacaq. Dövlət başçısı  hər bir ölkədə, hər bir cəmiyyətdə korrupsiyanın olduğunu bildirmişdir: “Ancaq əsas məsələ onun dərəcəsidir və onun əhatə dairəsidir. Biz korrupsiya üçün meydanı daim daraltmalıyıq. Burada müxtəlif üsullardan istifadə edirik və edəcəyik. İlk növbədə əlbəttə ki, cəza tədbirləri daha da ciddi olmalıdır. Hər bir vətəndaş bilməlidir ki, onun korrupsiya ilə bağlı əməlləri cəzasız qalmayacaqdır. İnzibati tədbirlər də xüsusi yer tutur”. 
Dövlətimizin başçısı profilaktik tədbirlərin, maarifləndirmənin, eyni zamanda, ölkəmizdə bu sahədə aparılan sistem xarakterli islahatların rolunu qiymətləndirmiş, onların içərisində  “elektron hökumət” sistemini xüsusilə qeyd etmişdir: “ASAN xidmət”in fəaliyyətini qeyd etmək istəyirəm. Qısa müddət ərzində “ASAN xidmət”ə 500 mindən artıq vətəndaş müraciət etmişdir. Bu xidmət cəmi bir ildən az bir vaxtda fəaliyyət göstərir və özü də təkcə Bakını, Sumqayıtı və Abşeron yarımadasını əhatə edir. Ancaq insanlar müraciət edir. Nəyə görə? Çünki orada korrupsiya yoxdur. Orada insanlara mədəni xidmət göstərilir”.
Bütün bunlara baxmayaraq, bəzi  dövlət məmurları hələ də  vəzifələrindən sui-istifadə edərə, korrupsiya və rüşvətxorluq kimi çirkin əməllərdən əl çəkmir, müxtəlif peşə sahiblərinə, xüsusilə. sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara  qarşı ədalətsizlik edir, onların normal fəaliyyətinə mane olurlar. Belələri tutduğu vəzifədən asılı olmayaraq, qanun qarşısında cavab verməli olurlar. Bir neçə il əvvəl keçmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq generalları, yüksək vəzifəli şəxslər korrupsiya və rüşvətxorluğa görə ciddi cəzalandırılmışlar. Elə bugünlərdə İsmayıllı rayon prokuroru, onun böyük köməkçisi korrupsiya və rüşvətxorluğun odunda yandılar. Yüksək vəzifəli bu şəxslər ölkəmizdə korrupsiya və rüşvətxorluq hallarına qarşı daha ciddi mübarizə aparılması, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə edən vəzifəli şəxslərə qarşı tədbirlərin görülməsi, müasir tələblərə cavab verən prokurorluq orqanlarının formalaşdırılması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyə və göstərişlərinin icrası ilə əlaqədar zəruri tədbirlər həyata keçirildiyini sanki unudur və ya bu tövsiyələrə hörmətsizlik edirdilər. 
Xəbər verildiyi kimi, aparılmış xidməti yoxlama zamanı İsmayıllı rayon prokuroru Ülvi Abbasov və prokurorun böyük köməkçisi Faiq Quliyev tərəfindən vətəndaşlarla qeyri-prosessual münasibətlərə daxil olmaqla xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edilməklə “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunlarının, Baş Prokurorluq üzrə müvafiq əmrlərin, eləcə də “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərinin kobud şəkildə pozulması hallarına yol verilməsi müəyyən edilmişdir. Yol verdiyi ciddi nöqsanlara görə bir neçə gün əvvəl  tutduğu vəzifədən azad edilən İsmayıllı rayon prokuroru Ülvi Abbasov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Bir neçə gün əvvəl isə belə bir qərar onun böyük köməkçisi Faiq Quliyev haqqında qəbul olunmuşdu.
Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2018-ci ilin birinci yarım ili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı yayılan məlumat da ölkəmizdə bu sahədə ciddi tədbirlərin həyata keçirildiyindən xəbər verir.  Belə ki, bu ilin birinci yarısında Baş İdarədə 184 şəxs barəsində 115 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Həmin cinayət işlərindən 79 şəxs barəsində 42 iş mənimsəmə və israf etmə, 50 şəxs barəsində 30 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 14 şəxs barəsində 12 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 9 şəxs barəsində 9 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, 2 şəxs barəsində 2 iş rüşvət alma (passiv rüşvətxorluq), qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub.
Göründüyü kimi, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da kəskinləşmiş və bu işdə vəzifəsindən asılı olmayaraq, heç kimə güzəşt edilmir. Bütün bunları nəzərə alan dövlətimizin başçısı deyib: “Biz bütün imkanlardan istifadə edib çalışmalıyıq ki, Azərbaycanda korrupsiya olmasın, Azərbaycanda tam şəkildə sosial ədalət təmin edilsin. Çünki korrupsiya sosial ədaləti pozan bir amildir”.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında