Prezident İlham ƏLİYEV: Bizim bütün işlərimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır

Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. İstər ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə, istərsə də möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu kateqoriyaya aid insanlara qayğı daim diqqət mərkəzində olub, onların sosial müdafiəsini gücləndirmək məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilib. 
 
Azərbaycanda məcburi köçkün ailəsi artıq çadırda yaşamır. Fiziki sağlamlığını itirən müharibə əlilləri üçün hər cür lazımi şərait yaradılır. Hər keçən gün qanunlara edilən mütərəqqi dəyişikliklərlə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşlar, həmçinin Böyük Vətən müharibəsi əlilləri, hərbi xidməti vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, 20 Yanvar və Çernobıl əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətimizin bu təbəqəyə göstərdiyi qayğı və diqqət göz önündədir.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə avqustun 1-də mənzillərin və avtomobillərin verilməsi mərasimi də bunun bariz ifadəsidir.
Mərasimdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına məlumat verib ki, nazirlik “ŞA İnşaatçı” Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunan binadan ümumilikdə 35 mənzili satın alıb. Bu mənzillərdən 23-ü Qarabağ müharibəsi əlillərinə, 12-si isə şəhid ailələrinə verilməsi nəzərdə tutulub. 
Prezident İlham Əliyev əlil və şəhid ailələrinin üzvləri ilə görüşündə çıxış edərək vurğulayıb ki, son 20 il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, 6 mindən çox isə minik maşını verilib. Bu, dövlətin sözügedən təbəqəyə olan qayğısının təzahürüdür və bu siyasət hazırda da uğurla davam etdirilir. 
Dövlətimizin başçısı daha sonra deyib: “Bu gün 35 mənzil verilir. Ancaq ilin sonuna qədər nəzərdə tutulan rəqəm əlavə 170 mənzil və fərdi evdir. Bununla belə, nəzərə alsaq ki, hələ də növbədə kifayət qədər insan var, - təqribən 4 minə yaxın insan növbədədir, - mən əlavə vəsait ayıraraq bu il minimum daha 300 mənzilin alınması ilə bağlı qərar qəbul edəcəyəm. Beləliklə, ehtiyac içində yaşayan 500-ə yaxın insan ilin sonuna qədər mənzillərlə təmin ediləcək. Biz çalışmalıyıq ki, bu proqramı tezliklə başa çatdıraq. Əlbəttə ki, buna nail olmaq üçün kifayət qədər maliyyə vəsaiti olmalıdır. Biz imkan daxilində bu vəsaiti təmin edib, təşkil edib sizə mənzilləri təqdim edəcəyik. Hələ də mənzillə təmin olunmayan şəhid ailələri, müharibə əlilləri mütləq mənzillər alacaqlar”.
Azərbaycan Prezidenti çıxışında dövlətimiz tərəfindən bu kateqoriyadan olan insanların məşğulluq problemlərinin diqqət mərkəzində saxlanıldığını, hazırda isə genişmiqyaslı özünüməşğulluq proqramının icrasına başlanıldığını da xatırladıb. Ölkə rəhbəri hər il ən azı 7 min ailənin bu proqramla əhatə olunacağını, hər bir ailəyə minimum 5 min manat dəyərində ləvazimat, vəsait, müxtəlif təyinatlı avadanlıqlar veriləcəyini, bununla onların öz bizneslərini qura biləcəklərini vurğulayıb. 
Azərbaycan Prezidenti çıxışında müharibə əlilləri və şəhid ailələrinin sözügedən proqramla tam əhatə olunmaları ilə bağlı göstəriş verildiyini də diqqətə çatdırıb: “Artıq bu işlər başlamışdır, təlim kursları aparılır. Beləliklə, biz məşğulluq probleminin həllinə də çox ciddi töhfə vermiş olacağıq”.
Mərasimdə Azərbaycanda sosial siyasətin uğurla həyata keçirildiyi, müharibədən, işğaldan əziyyət çəkən köçkün, qaçqın soydaşlarımızın dövlət tərəfindən qayğı ilə əhatə olunduqları barədə danışan ölkə rəhbəri bildirib ki, son illərdə 100-ə yaxın qəsəbə salınıb: “Bu siyasət hazırda da davam etdirilir. Cari ildə Qaradağ rayonunun Qobu qəsəbəsində min mənzillik yeni köçkün qəsəbəsi salınıb. Həmin yaşayış məntəqəsində hər cür şərait yaradılıb. İlin sonuna qədər isə 4 min köçkün ailəsinin, təqribən 20 min insanın yeni mənzillərlə təmin edilməsi nəzərdə tutulub. əcək. Bütün bunlar isə köçkün, qaçqın soydaşlarımıza böyük qayğı və diqqətin parlaq ifadəsidir”.
Prezident İlham Əliyev bu siyasətin bundan sonra da davam etdiriləcəyini xüsusi vurğulayıb: “Sosial siyasət Azərbaycanda prioritet məsələlərdən biridir. Mən dəfələrlə demişəm ki, bizim bütün işlərimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusilə, sosial cəhətdən az müdafiə olunan vətəndaşlar, işğaldan əziyyət çəkmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlar, onların yaşayışı, məşğulluğu, həyat səviyyəsi bizim üçün prioritet məsələdir. Biz imkan daxilində bu məsələləri həll edirik. Deyə bilərəm ki, işğaldan və etnik təmizləmədən əziyyət çəkmiş dövlətlər arasında Azərbaycanda bu sahədə görülən işlər ən yüksək səviyyədədir. Bunu beynəlxalq təşkilatlar da, BMT də qeyd edir və Azərbaycan təcrübəsi bir çox ölkələr üçün nümunə kimi göstərilir. Bəlkə də dünyada öz vətəndaşlarına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur. Bu, bir daha bizim siyasətimizin niyyətini əks etdirir. Bu siyasət davam etdiriləcək. Bir daha demək istəyirəm ki, bu gün növbədə duran bu kateqoriyadan olan bütün insanlar imkan daxilində mənzillərlə, evlərlə, maşınlarla təmin ediləcəklər”.
Dövlətimizin başçısı nitqində Azərbaycan iqtisadiyyatının getdikcə gücləndiyini, iqtisadi potensialımızın artdığını və bunun nəticəsində sosial layihələrin uğurla reallaşdırıldığını, bu işlərin ölkəmizin daxili imkanları hesabına gerçəkləşdirildiyini xatırladıb: “Heç bir yerdən yardım almırıq, - iqtisadiyyatımız inkişaf edir. Bu il də yaxşı nəticələr olacaqdır. Gələn il daha yaxşı nəticələr olacaq. Artıq ilkin proqnozlar verilibdir. Gələn il sürətli inkişaf ili olacaq. Beləliklə, maliyyə imkanlarımız daha da genişlənəcək və ölkə qarşısında duran əsas vəzifələrin, infrastruktur layihələrin, eyni zamanda və ilk növbədə, sosial məsələlərin həlli üçün biz bu vəsaitdən istifadə edib sizin problemlərinizi həll edəcəyik”.
Prezident İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı da fikirlərinin bildirib. Dövlətimizin başçısı qeyd edib ki, bu münaqişənin həllinin bir yolu var: ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır. Bunu tarix deyir, beynəlxalq hüquq deyir və bütün dünya dövlətləri ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir: “Keçən ay Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı Azərbaycana çox böyük dəstək ifadə olunmuşdur. Bu, bizim növbəti diplomatik qələbəmizdir. Eyni zamanda, keçən ay NATO-nun zirvə görüşünün nəticəsi olaraq qəbul edilmiş bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək göstərilib. Yəni, bunlar çox ciddi siyasi sənədlərdir, həqiqəti, beynəlxalq hüququ əks etdirən sənədlərdir. Eyni zamanda, işğalçı ölkəyə göndərilən çox ciddi siqnallardır. Onlar bilsinlər ki, mötəbər beynəlxalq təşkilatlar bu məsələni diqqətdə saxlayır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Münaqişənin həlli yalnız bu prinsiplər əsasında ola bilər və olmalıdır”.
Dövlətimizin başçısı nitqində diqqətə çatdırıb ki, əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılmasına çalışacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, hazırda həm texniki təchizat, döyüş qabiliyyəti, silah-sursat baxımından dünya miqyasında ən güclü ordular sırasında olan qüdrətli Azərbaycan Ordusu ilə hərbi qələbəmizi reallaşdıracağıq. 
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Prezidenti İlham Əliyevin çox uğurla davam etdirdiyi məqsədyönlü siyasət nəticəsində dövlətimizin nail olduğu sosial-iqtisadi inkişaf ölkəmizin bütün sahələrdə nəzərə çarpan problemlərin həllinə də öz müsbət təsirini göstərib. İlk növbədə Ermənistanın təcavüzü nəticəsində doğma yurd-yuvasından didərgin düşən bir milyon qaçqın və məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması və sosial-məişət problemlərinin həlli diqqət mərkəzində saxlanııb. Təcavüzün ilk illərində salınmış çadır düşərgələri ləğv edilərək məcburi köçkünlər üçün yeni, müasir, bütün infrastruktura malik qəsəbələr və yaşayış məntəqələri tikilib. Bu qayğıdan məcburi köçkünlərlə yanaşı, torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına vuruşub əlil və şikəst olanlara, eyni zamanda, şəhid ailələrinə də pay düşüb. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi də bunu bir daha aydın göstərdi.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında