Naxçıvanda xalçaçılıq sənətinin inkişafına böyük qayğı göstərilir

Muxtar respublikada xalça sənətinin tarixi olduqca qədimdir. I Kültəpə, Naxçıvantəpə və digər arxeoloji abidələrdən tapılmış maddi-mədəniyyət nümunələri naxçıvanlıların xalçaçılıq sənəti ilə neolit dövründən etibarən məşğul olduğunu özündə əks etdirir. Naxçıvan xalçaçılıq məktəbi qədim xalçaları, palaz, kilim, cecim və zililəri ilə məşhurdur. Bu məktəbin nümunələri ən qədim tarixi dövrlərin yadigarı kimi bu gün də qorunub yaşadılır. Bu dəyərli incilərin qorunub yaşadılması və gələcək nəsillərə çatdırılmasında 3429 eksponatı qoruyub yaşadan, ekspozisiyası gündən-günə zənginləşdirilən Naxçıvan Dövlət Xalça Muzeyinin özünəməxsus rolu vardır. 
 
Muzeyin 2013-cü ildə üç dildə internet saytı istifadəyə verilib. Bu da muzeyi virtual ziyarət etməyə, ziyarətçilərə ekspozisiyadakı eksponatlarla bağlı məlumatlar verməyə, tarixi keçmişimizi öyrənməyə imkan yaradıb. Həmçinin son illər nəfıs tərtibatlı “Naxçıvan xalçaçıları”, “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik”, “Naxçıvan diyarında sənətkarlıq və ticarət (XVIII–XX əsrin əvvəlləri)” kitab və monoqrafıyalarının ərsəyə gəlməsi “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalı və “Azərbaycan xalçaları” jurnallarında Naxçıvan xalçaçılıq sənəti ilə bağlı nəşr olunmuş məqalələr Naxçıvanda xalçaçılıq məktəbinin inkişafına dəyərli töhfələrdir.
Naxçıvan xalçaçılıq sənətinin qorunub yaşadılması, gələcək nəsillərə ərməğan edilməsi ilə yanaşı, onun inkişafı və daha geniş arealda tanıdılması məqsədilə ardıcıl təbirlər görülür. Naxıvanda xalçaçılığın inkişafı ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 fevral tarixli “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncamı da bu tədbirlərin davamlılığını təmin edir. Sərəncama əsasən Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlərin icrasına başlanılıb. Hazırda Naxçıvan şəhərində xalça istehsalı emalatxanası və regional yun və boyaq bitkilərinin tədarükü mərkəzi üçün binaların tikintisi aparılır.
Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 9 aprel tarixli sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018–2022-ci illər üçün Dövlət Proqramı” da Naxçıvanda xalçaçılığın inkişafına hesablanmış mühüm dövlət sənədidir. Dövlət Proqramının icrası ilə əlaqədar olaraq bu günə qədər Naxçıvanın 69 kəndindən 254 xalçaçı haqqında məlumatlar toplanılıb. Bu barədə iyulun 18-də Naxçıvan Dövlət Xalça Muzeyində keçirilən tədbirdə məlumat verən “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov deyib: “Aparılan tədqiqatlardan sonra belə qənaətə gəlinib ki, Naxçıvan tarixən Azərbaycanın əsas xalçaçılıq mərkəzlərindən biri olub, burada özünəməxsus, orijinal xalçalar toxunub”. 
Tədqiqatların nəticəsi kimi, Azərbaycan, ingilis və rus dillərində “Naxçıvan xalçaçıları”, “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabları, 6 dildə “Azərbaycan xalçaları – Naxçıvan qrupu” broşürü nəşr olunub, “Naxçıvan xalçaları” sənədli filmi hazırlanıb. Bu nəşrlər müxtəlif ölkələrin 103 universitet, kitabxana və muzeylərinə göndərilib, dünyanın nüfuzlu kitabxanalarının elektron bazalarına yerləşdirilib. İngilis dilində olan kitablar Nyu-Yorkda, rus dilindəki nəşrlər isə Moskvada çap edilib.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti dünyanın nüfuzlu muzeylərində, şəxsi kolleksiyalarda, eləcə də ölkəmizdə şəxsi kolleksiyalarda saxlanılan Naxçıvan xalçalarının aşkara çıxarılması istiqamətində də axtarışlar aparır.
 Naxçıvanda xalçaçılığın inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər çərçivəsində “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında xalça toxunmasının, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Ənənəni qoruyaq, evdə xalça toxuyaq!” adlı sosialyönümlü haqqı ödənilən ictimai işin təşkil edilməsi kimi tədbirlər xalçaçılıq ənənəsinin qorunub yaşadılmasına və gənc xalçaçılar nəslinin yetişməsinə stimul yaradır. Sədərək rayonunda xalçatoxuma müəssisəsinin, Naxçıvan Qızlar Liseyində “Tikiş, toxuculuq və xalçaçılıq” dərnəyinin açılması, eləcə də, Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda təsviri incəsənət ixtisasları üzrə təhsil alan tələbələrə Naxçıvan xalçaçılıq məktəbinin ənənələrinin öyrədilməsi də bu qədim sənətin yaşadılmasına göstərilən böyük qayğının ifadəsidir.
Bütün bunlarla yanaşı, Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kursuna başlanması da böyük əhəmiyyətə malikdir. Kurs hanalarla, avadanlıqlarla, xammalla, eyni zamanda xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyatlarla, dərsliklərlə, elektron çeşnilərlə təmin edilib.
Bu gün qürurla deyə bilərik ki, bizim elin dürlü-dürlü xalçaları var. Hərəsi də öz naxışı, öz gözəlliyi, özünəməxsus ornamentləri ilə muzeyə gələnlərin diqqətini çəkir. Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyasının hər ötən il daha da genişlənməsi bura turistlərin marağını da artırır. İstər yeni xalça nümunələrinin təqdim edilməsi, istərsə də tarixin müxtəlif dövrlərinə aid aşkarlanmış qədim xalçaçılıq nümunələrinin aşkara çıxarılması sayəsində buna nail olunur. İyulun 18-də 26 illik erməni işğalından azad edilən Şərur rayonunun Günnüt kəndinə məxsus 6 xalça da artıq burada nümayiş etdirilən milli xalça nümunələri sırasındadır. 19-cu əsrin sonlarına və 20-ci əsrin əvvəllərinə aid olan bu xalçaların üzərində qədim oğuz türklərinə məxsus naxışlar öz əksini tapıb. Bu xalçalar bir daha onu sübut edib ki, günnütlülər öz qədim adət-ənənələrindən uzaq düşməyiblər. Günnüt kəndinə məxsus zəngin mədəni irsi, xüsusilə də xalçaçılıq sənətini qoruyub saxladılar.
Tanınmış filoloq, professor Kamil Vəliyevsə yazır ki, xalça keçmişdən gələcəyə göndərilmiş rəngli məktublardır. Onu yazanda bütün yaşlar və bütün zamanlar üçün yazıblar. Bir sözlə, xalça incəsənətdir, elmdir, dünyagörüşü və həyat tərzidir. Xalça həm də yazı sənətidir, mədəniyyət daşıyan böyük bir dəvə karvanıdır. Çünki işarələrin, naxışların, butaların, boyaların dilində söz və cümlə görəndə mətn aramaq, əhvalat axtarmaq, genetik kodun romanını oxumaq arzusunu boğa bilmirsən. Xalçalarımızı qorumaq, hifz etmək və gələcəyə daşımaq, həmçinin bu dəyərli ənənəni davam etdirmək istiqamətində görülən işləri sadəcə alqışlamayaq, həm də bu işlərə hamımız öz töhfəmizi verməyə çalışaq.
Hafizə ƏLİYEVA, 
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin redaktoru,
Naxçıvan Muxtar Respublikasının 
Əməkdar jurnalisti
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında