Aparılan kadr islahatları Strateji Yol Xəritəsinin icrasını təmin edəcək

Bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımızı gücləndirməliyik. Növbəti illərdə bu istiqamətdə əlavə addımlar atılacaq. Deyə bilərəm ki, son iki il ərzində çox ciddi iqtisadi islahatlar aparılmışdır... Növbəti illərdə islahatlar mütləq davam etdiriləcəkdir. 
 
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayındakı nitqindən 
 
Bakı, 8 fevral 2018-ci il 
 
 
 
Təkcə ölkəmizdə deyil, Azərbaycanda davam edən ictimai-siyasi proseslərlə maraqlanan bəzi xarici dairələrdə də Prezident İlham Əliyevin reallaşdırdığı kadr islahatları böyük maraqla izlənilir və yüksək qiymətləndirilir. Bu islahatlara müxtəlif ekspertlər çox fərqli münasibətlər bildirirlər. Cüzi istisnaları nəzərə alsaq, həmin rəylərin böyük əksəriyyətində həqiqət var. Hətta bunu “ölkəmizdə yeni dövrün başlandığını demək mümkündür” – şəklində qiymətləndirənlər də olmuşdur. 
 
Fikrimizcə, cənab Prezidentin bu addımını konkret olaraq sonuncu prezident seçkilərinin nəticələri və ya hansısa nazirliyin fəaliyyətindəki nöqsanlarla bağlamaq düz olmazdı. Çünki Azərbaycan dövləti 15 ildir ki, sürətli inkişaf yolu keçir və həmin inkişaf tendensiyasının qorunub saxlanılmasında dövlət başçısının iradəsi, qətiyyəti, uzaqgörənliyi ilə yanaşı, onun komandasının məsuliyyət və peşəkarlığı da xüsusi rol oynayıb. Üstəlik, bu islahatlar barədə qəbul edilmiş qərar üç-beş ayın nəticəsi deyil.
Cənab Prezident hələ 2015-ci ilin sonunda demişdi ki, bizim istənilən sahəni inkişaf etdirmək üçün konkret nəticələri məlum olan planlarımız, proqramlarımız var, istənilən sahədə islahatlar aparmaq üçün fikirlərimiz, təkliflərimiz var və vaxtı çatdıqca bu layihələrimizin hamısı reallaşacaq. Özü də yüksək səviyyədə. 
Bu, belə də oldu. Prezident 2016-cı il dekabrın 6-da “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman imzaladı. Sənəddə qeyd edilirdi ki, qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir: “Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət ölkədə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaratmışdır. Nəticədə geniş sahibkarlar təbəqəsi formalaşmış, ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolu daha da artmış və ümumdünya iqtisadi sisteminə inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur”.
Qeyd edilirdi ki, davamlı iqtisadi islahatlar çərçivəsində bu siyasət qlobal iqtisadi çağırışlara uyğun müasir konseptual yanaşmalarla daha da təkmilləşdirilmiş, strateji məqsədlərə uyğun sərbəst bazar münasibətlərinin və özünüinkişaf qabiliyyətinə malik sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması təmin edilmişdir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sahələrinin və bütövlükdə regionların tarazlı inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarından səmərəli istifadə təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əlverişli biznes və investisiya mühiti formalaşmış, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır.
Bununla əlaqədar olaraq, ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri” təsdiq edilmiş, habelə həmin istiqamətlərə müvafiq olaraq inkişaf planlarının işlənilməsini təmin etmək üçün müvafiq İşçi qrupu yaradılmışdır.
Həmin sərəncama əsasən, İşçi qrupu yerli və xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların iştirakı ilə, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələrinin layihələrini hazırlamışdır. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Layihələr açıq müzakirəyə verilmiş və yekun sənəd tərtib edilərkən maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təsisatlarının və vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınmışdır.
Bütün bunları nəzərə alan dövlət başçımız ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə milli iqtisadiyyatın və iqtisadiyyatın əsas sektorlarını əhatə edən 12 istiqamət üzrə yol xəritəsini təsdiq etmişdi. 
2017-ci ildə ölkənin ali icra orqanı olan Prezident Administrasiyasında kifayət qədər səmərəli olan və hamı tərəfindən yüksək qiymətləndirilən struktur və kadr islahatları aparılmış və ilboyu müxtəlif qurumların yaradılması, bəzilərini birləşdirilməsi və ya ləğvi barədə sərəncamlar imzalanmışdır. Əcnəbi həmkarlarımız hələ də yazırlar ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla yaradılmış “ASAN xidmət” və “MİDA” (Mənzil İnşaatı dövlət Agentliyi) beynəlxalq aləmdə nümunə kimi qəbul edilə biləcək islahat göstəriciləridir. 
2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərindən sonra aparılan kadr islahatları “ Nazirlər Kabinetində aparılan islahatlar” adlandırılsa da, əslində bir neçə il əvvəl start verilmiş və Azərbaycana beynəlxalq aləmdə “Ən islahatçı ölkə” statusu qazandırmış proseslərin məntiqi davamıdır. Prezidentin sərəncamı ilə müxtəlif sahələrə rəhbər təyin olunan daha gənc, çevik, bir neçə xarici dil bilən, xaricdə təhsil aldığına görə dünya iqtisadiyyatındakı müsbət yenilikləri və beynəlxalq tendensiyaları mənimsəmiş, təşəbbüskar kadrların hamısı məhz Strateji Yol Xəritəsində göstərilən istiqamətlərin inkişaf etdirilməsini təmin edə biləcək şəxslərdir. 
Dövlət başçımızın apardığı kadr islahatları haqqında söz açan ekspertlər yazırlar ki, İlham Əliyev dövlət idarəçiliyi sistemini daim təkmilləşdirir. Bu istiqamətdə düşünülmüş, ölçülüb-biçilmiş addımlar atılmaqdadır və bu zaman, ilk növbədə, xalqın və dövlətin maraqları, milli mənafeləri nəzərə alınır. Vitse-prezidentlik institutu yaradılanda da ekspertlər bunu vaxtında atılmış çox düzgün addım kimi dəyərləndirmişdilər. Nazirlər Kabinetinin yeni tərkibinin layiqli kadrlardan formalaşdırılması haqqında da eyni məzmunlu fikirlər səsləndirildi. Qeyd edildi ki, baş nazir vəzifəsinə Novruz Məmmədovun təyin olunması bu baxımdan xüsusi vurğulanmalıdır.
Analitik mərkəzlər qeyd etdilər ki, Novruz Məmmədov uzun illərdir yüksək dövlət vəzifələrində səmərəli fəaliyyəti ilə özünü doğrultmuş peşəkar kadrdır. Ulu öndər Heydər Əliyev Novruz Məmmədovun fəaliyyətinə yüksək qiymət verərək ona tədricən daha məsuliyyətli və dövlətçilik baxımından əhəmiyyətli vəzifələr tapşırırdı. Ekspertlərin vurğuladığı əsas məqamlardan biri də odur ki, Novruz Məmmədov həm də təhsil və elm sahəsində uğur qazanmış ziyalılardandır. Azərbaycanın yeni Baş naziri professordur, uzun müddət ali təhsil müəssisəsində məsul vəzifədə işləyib. Bir neçə xarici dildə – fransız, ingilis, rus və türk dillərində mükəmməl biliyə malikdir. Vaxtilə ulu öndər Heydər Əliyevin tərcüməçisi işləməsi, təbii ki, Novruz Məmmədov üçün böyük məktəb olub.
Yeri gəlmişkən, iyulun 26-da Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”nda nəzərdə tutulmuş məsələlərə dair aidiyyəti qurumların iştirakı ilə iclası keçirilib. İclasda müzakirə edilən iki məsələdən biri məhz yuxarıda haqqında danışdığımız “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş yol xəritələrinin icrasına dair hazırlanmış monitorinq və qiymətləndirmə hesabatlarının müzakirəsi idi.
Baş nazir Novruz Məmmədov bildirib ki, son illərdə Prezident İlham Əliyevin uzaqgörən və müdrik rəhbərliyi nəticəsində Azərbaycanda yeni keyfiyyətli inkişaf modelinin formalaşmasına xüsusi diqqət yetirilir və bu istiqamətdə böyük işlər görülür. Natiq qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar sayəsində ölkəmizin iqtisadi müstəqilliyinin təmin olunması yolunda mühüm addımlar atılıb və bu proses uğurla davam edir. “Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın bu gün sosial və iqtisadi infrastruktur quruculuğunda, özəl sektorun inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rifah halının yaxşılaşmasında böyük işlər görülüb. Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində regionların da tarazlı şəkildə inkişaf etməsi ölkənin potensialının artmasına güclü təkan verib. Bu gün müzakirə edəcəyimiz məsələlər bu inkişafın davamlılığını təmin etməyə yönəlib”.
İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, nazirlik Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərdən 151-i üzrə əsas icraçı, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına” və “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına” dair strateji yol xəritələrinin isə əlaqələndiricisi müəyyən olunub. Nazir vurğulayıb ki, strateji yol xəritələrinin icrası ölkədə davamlı inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyinin və sosial rifahın daha da artırılmasına töhfə verəcək.
Beləliklə, hələ aprel ayında Prezident İlham Əliyevin apardığı kadr islahatlarına işarə edərək, “ölkəmizdə yeni dövrün başlandığını demək mümkündür” – manşetindən istifadə edənlər, sadəcə günün reallığını dilə gətirirdilər. 
İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında