Tarif dəyişikliyi nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini sürətləndirəcək

Tarif (qiymət) Şurası katibliyinin məlumatında avtobus marşrutları üzrə sərnişindaşıma xidmətləri tariflərinin yuxarı hədlərinin sonuncu dəfə 2007-ci il yanvar ayının 6-da, metroda isə 2011-ci il noyabrın 24-də təsdiq edildiyi bildirilir. 
 
Sözügedən məlumatda vurğulandığı kimi, ötən müddət ərzində nəqliyyat sektoru yenidən qurulub, ictimai nəqliyyat və metro infrastrukturu müasir standartlara uyğun formalaşdırılıb. Bunun nəticəsində isə ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclər xeyli dərəcədə artıb. 
Yuxarıdakı fikri bir qədər başqa formada ifadə edib deyə bilərik ki, ötən dövrdə avtobus parkları müasir nəqliyyat vasitələri ilə yenilənib, habelə müvafiq nəqliyyatın istismara saz vəziyyətdə saxlanılması üçün xaricdən böyük həcmdə ehtiyat hissələr alınıb. Şübhəsiz ki, bu zaman bütün əməliyyatlar, yəni nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin idxal edilməsi xarici valyuta ilə reallaşdırılıb. Bununla bərabər, Azərbaycanda mütəmadi olaraq xidmət səviyyəsinin davamlı şəkildə yüksəldilməsi, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılması və s. amillərlə qarşılaşılıb. Bütün bunlar nəzərə alınaraq, müvafiq qurumlar tərəfindən sərnişindaşıma tariflərinə yenidən baxılması üçün Tarif (qiymət) Şurasına müraciətlər olunub. Qaldırılan məsələlər adıçəkilən Şuranın Katibliyində kompleks şəkildə araşdırılaraq yeni xidmət tarifləri təsdiqlənib. 
Xatırladaq ki, avqustun 1-dən etibarən metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik müəyyənləşdirilib.
Tarif (qiymət) Şurasının məlumatında o da xatırladılır ki, tarif dəyişikliyindən sonra da ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağıdır. Belə ki, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir.
Yol-nəqliyyat eksperti Azər Allahverənovun bildirdiyinə görə, Tarif (qiymət) Şurasının metroda, eləcə də avtobus marşrutlarında xidmətlərə görə qiymət artımı gözlənilən idi. Bunun bir neçə amillə bağlılığını diqqətə çatdıran yol-nəqliyyat eksperti diqqətə çatdırır ki, Bakıətrafı qəsəbələrdə fəaliyyət göstərən marşrut avtobusları rentabelli işləmədiyinə görə sahibkarlar nəqliyyat parkını yeniləyə bilmirdilər. Bu da sərnişinlərin narazılığına səbəb olurdu. Həmçinin, uzun illərdir ki, “Bakı Metropoliteni” subsidiya ilə işləyir, bu sahəyə dövlət tərəfindən maliyyə yardımı edilir. Bunun nəticəsində metropolitenin infrasturukturu genişlənir, sistemə böyük məbləğdə investisiya yatırılır, yeni qatarlar alınır. 
Düzdür, dünyanın heç bir ölkəsində metro rentabelli fəaliyyət göstərmir, Azərbaycanda da bu səbəbdən dövlət sözügedən sahənin inkişafını diqqət mərkəzində saxlayır. Amma unudulmamalıdır ki, mövcud sistemin səmərəli fəaliyyəti hesabına müəyyən gəlir əldə etmək və xidmətin səviyyəsini yüksəltmək mümkündür. Elə buna görə də qiymət artımından əldə olunan vəsaitin müəyyən hissəsinin nəqliyyat sahəsində infrastrukturun yenilənməsinə yönələcəyi, nəticədə həmin sahədə müsbət dəyişikliklərin baş verəcəyi, xidmətin keyfiyyətinin artacağı şübhəsizdir. 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarovanın açıqlamasında da qiymət artımının xidmətin keyfiyyətinə müsbət təsiri barədə danışılır:
– DANX Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla respublikanın digər şəhər və rayonlarında şəhərlərarası daşımalarla bağlı dövlət tənzimlənməsini həyata keçirir. Bu sahədə xidmət ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən göstərilir. Sonuncu dəfə avtobus marşrutları ilə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi 2007-ci ildə müəyyən olunub. Ötən müddət ərzində nəqliyyat parklarının istismar və daşıma xərcləri artıb. Təbii ki, digər sahələrdə olduğu kimi, sərnişindaşımada da xidmət keyfiyyətinin artırılması daşıyıcılar qarşısında qaldırılsa da, sərnişindaşıma tariflərinin aşağı olması daşıyıcılara avtobus parkının yenilənməsi üçün investisiya qoyuluşuna imkan vermirdi və onlar uzun müddətdir ki, bu problemin həlli ilə bağlı nazirliyə, habelə digər müvafiq qurumlara çoxsaylı müraciətlər edirdi.
Həmin müraciətlər əsasında mövcud vəziyyət hərtərəfli təhlil olunaraq xidmət keyfiyyətinin artırılması, avtobus parkının yenilənməsi, müasir və dayanıqlı daşımanın həyata keçirilməsi üçün tariflərə yenidən baxılması məqsədilə Tarif Şurasına müraciət edilib. Tariflərin yuxarı həddinin yenidən müəyyən olunması sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara maliyyə vəziyyətini sağlamlaşdırmaq və nəticədə vətəndaşa daha yüksək və keyfiyyətli xidmət tələbinin mərhələli şəkildə icrasına gətirib çıxaracaq.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov da xidmət artımını zəruri edən səbəblərdən danışarkən deyib: “Metroda bir sərnişindaşımanın istismar xərcləri 47 qəpiyə bərabərdir. Bu tarif dəyişikliyindən sonra da arada 17 qəpiklik bir fərq olacaq. Bu qiymətə metro tikintisi – stansiyaların, tunellərin inşası, xətlərin çəkilməsi ilə bağlı istismar xərcləri daxildir. Yeni qatarların alınması, mövcud qatarların əsaslı təmiri, modernləşdirilməsi, mövcud stansiyaların və infrastrukturun yenidən qurulması və əsaslı təmiri kimi proseslərin isə heç biri 47 qəpiyə daxil deyil. 
QSC-nin mətbuat xidmətinin rəhbəri, həmçinin bildirib ki, əgər qiymətlər postsovet məkanı ilə müqayisə edilsə, bu məsələ ilə bağlı respublikamızdakı vəziyyət barədə daha aydın təsəvvür yaranar: “Bu yaxınlarda Kiyevdə qiymətlər artırılıb, bizim məzənə ilə 41-50 qəpik arası dəyişir. Belarusda Minsk metrosunda gediş haqqı 55 qəpikdir. Özbəkistanın paytaxtı Daşkənddə 37 qəpikdir. Postsovet məkanına nəzər salsaq, yenə də ən ucuz tariflər Bakı metrosundadır. Rusiyanı xüsusilə qeyd etmək istəyirəm. Rusiyanın elə metro stansiyası yoxdur ki, orada qiymətlər Bakı metrosundan qat-qat artıq olmasın. Halbuki orada metro təchizatından söhbət gedirsə böyük potensialı olan ölkədir. Həmin ölkənin metro sahəsi ilə bağlı istehsal gücü var. Biz isə əsas metro təchizatımızı xarici ölkələrin hesabına reallaşdırırıq”. 
İqtisadçı ekspert Arif Dadaşov isə sərnişindaşıma tariflərində dəyişiklik edilməsi ilə bağlı bildirir ki, mövcud sahədə artımın reallaşması zəruri iqtisadi əsasla bağlıdır. Belə ki, Azərbaycanda sərnişindaşıma ilə məşğul olan qurumlara dövlət tərəfindən hər il milyonlarla vəsait ayrılır. İqtisadçı ekspert, həmçinin qeyd edir ki, respublikada taksi xidmətindən başqa, digər sərnişindaşıma vasitələrində rəqabət mühiti mövcud deyil. Çünki onlarda qiymətləri dövlət müəyyənləşdirir, eyni zamanda, qiymətlərin tənzimlənməsi məqsədilə böyük həcmdə vəsait ayrılır. Bax, əslində sərnişindaşımada tarif artımı bu səbəblə bağlıdır. Başqa sözlə, sərnişindaşıma qiymətləri bazarla tənzimlənmir. Əgər belə olsaydı, sosial sahələrdə qiymət artımı baş veən hallarda ictimai nəqliyyatda da gediş haqları dərhal artırılardı, bu sahədə qiymətlər özü-özünü tənzimləyərdi. Amma hazırda belə deyil. Qiymətlər dövlət tərəfindən tənzimlənir və dövlət də bu qiymətləri istədiyi səviyyədə saxlamaq üçün istər metropolitenə, istər sərnişindaşımaya dövlət büdcəsindən hər il milyonlarla vəsait ayırır. Dövlət vəsaiti hesabına yeni metro vaqonları, avtobuslar alınır, nəqliyyat infrastrukturu yenilənir. 
A.Dadaşovun qənaətinə görə, Tarif Şurasının ictimai nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qərarına ehtiyac var idi. Əvvəlki vaxtlarla müqayisədə hazırda ictimai nəqliyyat vasitələrindən istifadə edənlərin sayında ciddi artım var. Bununla yanaşı, ölkəmizə gələn turistlərin sayı da durmadan artır. Bu səbəbdən də nəqliyyat infrastrukturunun keyfiyyətinin yüksək səviyyəyə çatdırılması üçün bu addımın atılmasına ehtiyac duyulurdu.
Ekspertin fikrincə, tarif dəyişikliyi nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərin sürətləndirilməsinə və onun maliyyə təminatının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.
Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında