Görkəmli bəstəkar, Xalq artisti Xəyyam Mirzəzadə son mənzilə yola salınıb

İyulun 31-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycanın Xalq artisti, Dövlət mükafatları laureatı, “Şöhrət” və “Şərəf” ordenli görkəmli bəstəkar Xəyyam Mirzəzadə ilə vida mərasimi keçirilib. 
 
Vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Bəstəkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulub.
Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər düzülüb.
Salonda həzin matəm musiqisi səslənirdi.
Xalq artisti Xəyyam Mirzəzadənin həmkarları, dostları, tanışları, tələbələri, tanınmış mədəniyyət xadimləri axın-axın musiqi akademiyasının binasına gəlir, görkəmli bəstəkara və gözəl insana son borclarını verirdilər.
AZƏRTAC xəbər verir ki, mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək görkəmli bəstəkar Xəyyam Mirzəzadənin vəfatını böyük itki kimi dəyərləndirib. Azərbaycan mədəniyyətində özünəməxsus yeri və xidmətləri olan görkəmli bəstəkarın keçdiyi sənət yolunu xatırladan nazir deyib: “O, bütün ömrünü Azərbaycan musiqisinin inkişafına sərf edib. Bəstəkarın həyat yoluna nəzər salaraq deyə bilərik ki, o, maraqlı yaradıcı insan ömrünü yaşayıb”.
Nazir qeyd edib ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Xəyyam Mirzəzadə musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan sənətkarlardandır. Onun yaradıcılığı Azərbaycanın zəngin musiqi sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir. 
Vurğulanıb ki, o, dünya musiqi irsinin nailiyyətlərindən uğurla bəhrələnərək müxtəlif janrlarda qiymətli əsərlər yaradıb. Ayrı-ayrı illərdə bəstələdiyi instrumental, vokal, simfonik, xor və kamera əsərləri sənətkara şöhrət qazandırıb. Ölkənin musiqi ictimaiyyəti bəstəkarı gözəl nəğmələrin müəllifi kimi tanıyırdı. Onun bəstələdiyi mahnılar uzun illər Azərbaycanın görkəmli ifaçılarının repertuarını zənginləşdirib. Xəyyam Mirzəzadənin respublikamızın hüdudlarından uzaqlarda və dünyanın mötəbər salonlarında, böyük orkestrlərdə və musiqi festivallarında müvəffəqiyyətlə səslənən əsərləri Azərbaycan musiqisinin təbliği işinə mühüm töhfə olub. 
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Nərminə Quliyeva görkəmli sənətkarın həyat və yaradıcılığından, pedaqoji fəaliyyətindən və insani keyfiyyətlərindən söz açıblar. Qeyd edilib ki, Xəyyam Mirzəzadə  çox gözəl pedaqoq idi, tələbələr onu çox sevirdilər. Onun yetişdirdiyi tələbələr nəyinki ölkəmizdə, dünyanın hər yerində Azərbaycanı layiqincə təmsil edirlər. Bildirilib ki, gözəl təşkilatçı olan Xəyyam Mirzazadə təkcə bəstəkarların yox, həm də rəssamların, yazıçıların dostu idi. O, geniş dünyagörüşünə, dərin intellektə malik bir şəxsiyyət idi. 
Xəyyam Mirzəzadə hər bir məsələyə orijinal münasibəti, öz həyat yolu, sənətə fərdi baxışları ilə seçilirdi. Onun haqqında “Bir ömrün fəsilləri: Xəyyam Mirzəzadə – 75” adlı sənədli film çəkilib. Əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və digər ölkələrdə ifa olunub. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə musiqi bəstələyib. Bəstəkarın musiqiləri hər zaman səslənəcək.
Vida mərasimində çıxış edən bəstəkarın oğlu, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Vida mərasimi başa çatandan sonra görkəmli sənətkarın cənazəsi son mənzilə yola salınıb.
Mərhum ikinci Fəxri ­xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında