“Milli-mənəvi dəyərlər bizim üçün hər şeydən üstündür”

Sərlövhəyə çıxardığımız bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məxsusdur və min illər boyu xalqımızın formalaşdırdığı milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, gələcək nəsillərə çatdırılması kimi mühüm vəzifənin yerinə yetirilməsinə hesablanıb.
 
Əbunəsr əl – Farabinin (təxminən 873-950-ci illər) məşhur kəlamlarından birində deyilir: “Ağ lövhə təkcə Allaha məxsusdur, biz hamımız isə sadəcə yazılmışların üzərində yazırıq... Biz nəyi qururuqsa, öncə qurulmuşların üzərində qururuq” . Həqiqətən düşündürücüdür. Filosofun fikrincə, insan övladı nəyi yaratmaq, qurmaq istəyirsə, mütləq hansısa köhnənin üzərində yenilik tapır. Bizim fikrimizcə isə, “Biz nəyi qururuqsa, öncə qurulmuşların üzərində qururuq” ifadəsi sadəcə bir tezis yox, həyatın böyük dolanbaclarından keçmiş müdrik insanın etiraf etdiyi həqiqətlərdir. 
Məsələyə bu prizmadan yanaşsaq, Azərbaycan milli-mənəvi dəyərlərinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində xidməti, zəhməti, fəaliyyəti olan hər kəsi böyük hörmət və ehtiramla yada salmalıyıq. Çünki milləti millət edən təkcə onun coğrafiyası, məskunlaşdığı ərazi, tanınmış simaları deyil. Milləti tanıdan və ona özünəməxsus imic qazandıran əsas amillərdən biri də mənəvi dəyərləri, adət-ənənələridir. Azərbaycan xalqının tarixindən və ədəbiyyatından minlərlə misal gətirməklə, tarixin özü qədər qədim olan bu millətin indiyədək yaratdığı adət-ənənələrin daim qorunub inkişaf etdirildiyini təsdiqləyə bilərik. 
Onu da yada salaq ki, bugünkü ədəbiyyatımız da qədim dövrlərdəki söz sənətimizin üzərində yaranır, mədəniyyətimiz də həmin köklər üzərindədir, 25-26 ildə dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevrilmiş müstəqil dövlətimiz də yüz il əvvəlki Azərbaycan Xalq Cümhuriyyətinin dəyərləri, daha doğrusu, prinsipləri üzərində dayanır. 
Fikrimizi bəzi iqtibaslarla əsaslandıraq.“Kitabi Dədə Qorqud” dastanındakı “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”da oxuyuruq: “Uruz atasının sözünü sındırmadı, geri döndü. Yoldaşlarını da götürüb uca dağların başına çıxdı. O zamanlar oğul ata sözünü iki elәmәzdi. İki elәsәydi, o cür oğulu qәbul etmәzdilәr. Uruz süngüsünu gen yaxasından keçirib, yerə sancdı, durdu. Qazan bәy gördü ki, kafir yaxınlaşdı. Atından endi, tәmiz suda yuyundu. Ağ alnını yerә qoydu, iki rükәt namaz qıldı. Adı gözәl Mәһәmmәdi yada saldı. Qara donlu kafirin gözünә qaranlıq çökdürdü. Hayqırıb at sürdü, irәli gedib qılınc vurdu. Gumbur-gumbur nağaralar çalındı. Burması qızıl tunc borular çalındı” (“Kitabi Dədə Qorqud dastanı”nın elektron variantı, səh 56).
Qətiyyətlə deyə bilərik ki, iqtibas gətirdiyimiz bu parçada ibrətamiz olmayan heç bir cümlə yoxdur. “Uruz atasının sözünü sındırmadı”, “ O zamanlar oğul ata sözünü iki eləməzdi”, “Ağ alnını yerә qoydu, iki rükәt namaz qıldı. Adı gözәl Mәһәmmәdi yada saldı” və sair cümlələr 14-15 əsr əvvəlki Azərbaycanda milli-mənəvi dəyərlərin nə səviyyədə qorunduğunun sübutudur. “Qara donlu kafirin gözünә qaranlıq çökdürdü. Hayqırıb at sürdü, irәli gedib qılınc vurdu” ifadəsi isə sanki məlum Aprel döyüşlərinin lövhəsini yaradır.
Yeri gəlmişkən, 2000-ci ildə Bakıda “Kitabi Dədə Qorqud dastanı”nın 1300 illik yubileyi keçiriləndə azərbaycanlı jurnalistlərdən biri görkəmli alim , doktor Cavad Heyətdən soruşmuşdu ki, biz bu dastanın 1300 illiyini qeyd edirik, türkmənlər isə 1500 illiyinə hazırlaşırlar. Bu anlaşılmazlıqdır, yoxsa ? Doktor çox maraqlı cavab vermişdi: -- Başqa bir türk xalqı həmin dastanın tamamilə fərqli bir yubileyini keçirsə, heyrətlənməyin. Çünki folklorun, ağız ədəbiyyatının yaranma tarixi dəqiq bilinmir. Heydər Əliyevin qeyd etdiyi 1300 illik yubiley isə həmin dastanın yaranmasının deyil, dastanın kitab kimi çap edilməsinin yubileyidir və bu fərqlilikdə anlaşılmaz heç nə yoxdur. Yəni yuxarıda dastandan sitat gətirdiyimiz nümunələr xalqımızın 13 əsr deyil, 15-16 əsr əvvəlki tarixini, milli-mənəvi dəyərlərini özündə əks etdirir ki, bu da bizim üçün fəxr mənbəyidir. 
Yazılı ədəbiyyatımızda bu mövzulu nümunələri toplayıb ayrıca kitab şəklində tərtib etmək istəsək, bəlkə də, hansısa başqa bir xalqın bütöv ədəbiyyatı qədər olardı. Məsələn, ulu Nizami Gəncəvinin “İsgəndərnamə” əsərində belə bir məqam var. İsgəndər eşidir ki, Bərdədə Nüşabə adlı bir qadın padşah yaşayır. O, öz sarayında yalnız qadınları saxlayır və kişiləri yanına buraxmır. İsgəndərin elçisi adı ilə şəxsən Nüşabənin yanına gələn İsgəndər Bərdə padşahının hüzurunda baş əymir, qılıncını açmır, çox cəsarətlə və ötkəm danışır. Bu zaman Nüşabə duyur ki, qarşısında dayanan elçi yox, İsgəndərin özüdür. O, deyir:
Ey cəsur padşah, eşq olsun sənə!
Elçilik edirsən özün-özünə.
Makedoniyalılarla düşmən olmaq istəməyən Nüşabə simvolik ziyafət düzəldərək, İsgəndərə yemək əvəzinə daş-qaş təklif edir. İsgəndərin
Düzmüsən süfrəmə almaz, yaqut, dürr
Daş-qaş yeyilərmi, bu nə deməkdir? – sualına Nüşabə cavab verir ki,
Daşın ki, boğaza yolu yox, daha,
Faydasız yaramaz böylə daş üçün
Bu qədər vuruşmaq, çırpışmaq neçin?
Nüşabənin bu dərin mənalı, müdrik sözləri İsgəndərə təsir edir və onu müharibədən uzaqlaşdırır. 
Burada iki məqamı xüsusilə ­qabartmaq zərurəti var. Birincisi, Avropada əxlaqsızlığın bütün növlərinin baş alıb getdiyi həmin dövrdə Bərdədə Nüşabənin sarayına kişilər buraxılmırdı. İkincisi, Azərbaycan qadını öz ölkəsini İsgəndər kimi bir fatehin qılıncından, zülmündən xilas etmək üçün özünəməxsus diplomatiyadan istifadə edir ki, bu da xalqımızın qədim mədəniyyətinin ədəbi təcəssümüdür. 
Belə epik ədəbi nümunələrin fonunda lakonik ibrətamiz misalları da yada sala bilərik. Məsələn, Məhəmməd Füzuli “Zəmanədən şikayət” əsərində yazırdı ki, “Salam verdim, rüşvət deyil, - deyə almadılar”. Xatırladaq ki, bu gün BMT, Avropa İttifaqı, Avropa Şurası, eləcə də ayrı-ayrı dövlətlər korrupsiya və rüşvətxorluğa qarşı genişmiqyaslı mübarizə aparırlar. Azərbaycan şairi Məhəmməd Füzuli isə həmin mübarizəni neçə əsr əvvəl, həm də təkbaşına aparırdı. Özü də inzibati üsullarla deyil, məhz sözün qüdrəti ilə. 
Sonrakı dövrlərdəki ədəbiyyatımızda da bu qəbildən olan nümunələr istənilən qədərdir. Məsələn, Mir Cəlal Paşayevin hələ 80 il qabaq yazdığı “Bir gəncin manifesti” əsərinin qəhrəmanlarından olan Sona ana uşaqlarını aclıqdan, ölümdən qorumaq üçün uzun illər əzizləyib saxladığı, milli mədəniyyət nümunəsi olan “Yusif və Züleyxa” xalçasını satmaq istəyir. Təbii ki, ötən əsrin əvvəllərində azərbaycanlılarda həmin xalçanı almaq üçün pul yox idi. Ancaq Bakıya o qədər də xoş məramla gəlməmiş bir ingilis həmin xalçanı istənilən qiymətə almağa hazırdır. Buna isə Sonanın milli təəssübkeşliyi yol vermir və qadın uşaqlarının ac qalmasına baxmayaraq, “İtə ataram, yada satmaram”- deyə xalçanı yad əllərə düşməkdən qoruyur. 
Ümumiyyətlə, milli-mənəvi dəyərlərimiz xalqımızın simasında zaman-zaman yaşayıb və bizi başqa millətlərdən fərqləndirib. Mənəvi dəyər özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və ya cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır. Ancaq zaman tələb edir ki, həmin dəyərləri xalqın özü ilə yanaşı, həm də yaratdığı dövlət də qorusun və inkişaf etdirsin. Nə xoşdur ki, xalqımızın ümummilli lideri Heydər Əliyev, Prezident İlham Əliyev və Heydər Əliyev Fondu həmin istiqamətdə kifayət qədər tarixə yazılmalı addımlar atıb, nümunə formalaşdırıblar. 
Xalqımızın ümummilli lideri Heydər Əliyev dinimizin milli-mənəvi dəyərlərin ən önəmli ünsürlərindən biri olduğunu önə çəkirdi və bilirdi ki, xalqlara və qəbilələrə ayrılmış cəmiyyət həm də milli-mənəvi dəyərləri ilə seçilməlidir. Heydər Əliyev dilindən, millətindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarını ümumi Vətən naminə həmrəyliyə dəvət edirdi. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli sahiblik hissi yaşamasını isə tolerantlığın bariz təzahürü hesab edirdi. Əslində, dini və etnik tolerantlıq Azərbaycan xalqının qanında, canında, kökündə var. Milli ənənələrimizdə, mentalitetimizdə, habelə sosial, mənəvi və dini düşüncə laylalarımızı özündə yaşadan folklorumuzda başqa dinlərə, millətlərə dözümlü münasibət əksini tapır.
Heç kəsin yadından çıxmayıb. Yeni əsrin ilk ilinin avqust ayında “Etimad” qəzetində Qafqaz müsəlmanlarının rəhbəri, şeyxülislam Hacı Allahşükür Paşazadənin ünvanına təhqiramiz yazı verilmişdi. Bu yazı ölkə ictimaiyyətinin ciddi narazılığına səbəb olmuşdu və təhqir olunan dini rəhbərin tərəfdarları adıçəkilən qəzetin əməkdaşlarının cəzalandırılmasını tələb edirdilər. Ölkədə çox gərgin vəziyyət yaranmışdı. İstənilən çətin məqamdan ustalıqla çıxmağı bacaran ulu öndər Heydər Əliyev 2001-ci il avqust ayının 13-də ölkə əhalisini səbr və təmkinli olmağa, qələm əhlini isə radikallıqdan uzaqlaşmağa, cəmiyyətdə ədalətli mövqe tutmağa çağıran geniş bəyanatla çıxış etmişdi. 
 “Ölkəmizin ictimaiyyətini və məni narahat edən bir hadisə ilə əlaqədar öz münasibətimi bildirmək istəyirəm” – deyə bəyanata başlayan böyük dövlət xadimi yazırdı: “ Azərbaycanda söz azadlığı, mətbuat azadlığı demokratiyanın əsas prinsiplərindən biri olaraq, tam bərqərar olunubdur. Ancaq təəssüflər olsun ki, bəzi qəzetlər, ayrı-ayrı şəxslərə mənsub olan qəzetlər, yaxud müstəqil qəzetlər, müxtəlif partiyalara mənsub olan qəzetlər Azərbaycanın Konstitusiyasının, Azərbaycanın qanunlarının mətbuat azadlığı, söz azadlığı haqqında yaratdığı şəraitdən sui-istifadə edirlər. Biz qəzetlərdə çox tez-tez ayrı-ayrı insanların təhqir olunması, onların haqqında böhtanlar, yalanlar yazılmasının şahidiyik. Mənim özümü də, Azərbaycan Prezidentini də bəzi hallarda təhqir edirlər, mənə böhtanlar atırlar. Mənim haqqımda müxtəlif uydurmalar yayırlar. Ancaq mən bunlara dözürəm. Dözürəm ona görə yox ki, mən bunlara qarşı qanun çərçivəsində tədbir görə bilmərəm. Ona görə ki, mən belə yazıların müəlliflərinin hərəkətlərini Azərbaycanın mənəviyyatına, Azərbaycanın dövlətçiliyinə zidd hərəkətlər kimi qəbul edirəm”.
Burada məxsusi qeyd edilməli bir məqam var. Prezident xatırladır ki, bəzi üzdəniraq qəzetlər və qələm sahibləri onun özünü də tənqid və təhqir edirlər. Ancaq həmin əsassız tənqidlərin və təhqirlərin heç birinə cavab verməyən Heydər Əliyev dini rəhbərin təhqir edilməsini cavabsız qoymur və qoya da bilməzdi: “Azərbaycanın dini rəhbəri bizim müsəlman dinimizi nəinki Azərbaycanda, bütün Qafqazda təmsil edən ən yüksək vəzifəli şəxsdir. Əgər Azərbaycanın dini rəhbəri bütün Qafqaz müsəlmanlarının şeyxülislamı adını alıbsa, demək, bu, bizim üçün böyük iftixar hissidir. Məlumdur ki, cənab Allahşükür Paşazadə tutduğu bu vəzifədə 20 ildən artıqdır xalqa sədaqətlə xidmət edir, Azərbaycanın xarici siyasətində özünəməxsus imkanlardan istifadə edərək iştirak edir və Azərbaycanın dövlətçiliyinə xidmət edir. Onun haqqında bu cür əxlaqsız, mənəviyyatsız sözlərin yazılması bunun müəlliflərinin və o qəzetin nə qədər düşgün vəziyyətdə olduğunu nümayiş etdirir”.
Xatırladaq ki, sovet dönəmində qəzetə, mətbuata, jurnalistə Heydər Əliyev qədər hörmət və ehtiramla yanaşan ikinci bir rəhbər işçinin olduğuna heç kəs inana bilməzdi. Ancaq buna baxmayaraq, ulu öndər sıravi bir qəzetdə bütün Qafqaz müsəlmanlarının rəhbərinin təhqir olunmasına münasibət bildirərkən ömrü boyu işlətmədiyi ifadələri də məqbul saymışdı. 
Ulu öndər gündəlikdəki məsələdən istifadə edərək çoxmilyonlu xalqımıza üz tuturdu: “Bir-iki məsələyə də toxunmaq istəyirəm. O da ondan ibarətdir ki, biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik.
Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir. Heç vaxt iki xalq bir-birinə bənzəməz. Heç vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”. 
Ümummilli liderin yada salmaq istədiyi ikinci məsələyə diqqət yönəldək: “Ölkəmizin dərdi var, bu, ümumi dərddir. O da Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və xüsusən bu torpaqlardan didərgin düşmüş, çadırlarda yaşayan insanların öz yerlərinə – yurdlarına qaytarılması dərdidir. Hələ ki, bunun mümkün olmadığı halda onların o çadırlarda minimum yaşayışını təmin etmək – bunlar bizim ümumi dərdimizdir. Amma bir qütbdə həddindən artıq zənginləşmiş, bəzi hallarda qanunsuz zənginləşmiş, öz vəzifələrindən sui-istifadə edərək zənginləşmiş, harınlaşmış insanlar və onların övladları eyş-işrət içərisindədir, o biri tərəfdən, çadırlarda yaşayan insanlar inildəyirlər, nə qədər əziyyətlər çəkirlər. Hər bir vətənpərvər insan düşünməlidir ki, əgər mənim xalqımın bir hissəsi belə ağır vəziyyətdədirsə, mən bu qədər harınlaşmamalıyam. Amma harınlayanlar, bəzi zənginləşmiş adamlar var”. 
Ulu öndərin bu tezisləri yuxarıda qeyd etdiyimiz ədəbi nümunələrlə tamamilə uzlaşır. Çünki tarixən formalaşmış milli-mənəvi dəyərlərimizin bir istiqaməti də sosial birgəyaşayış çərçivəsində ədalətin qorunmasını təmin etməkdir. Böyük Nizaminin “İsgəndərnamə” əsərinin qəhrəmanı öz səfərlərindən birində sosial ədalətin tamamilə bərqərar edildiyi cəmiyyətin şahidi olur. Nizamidən bir neçə əsr sonra avropalılar həmin cəmiyyəti “utopik sosializm” adlandırmışdılar. Heydər Əliyev isə həmin cəmiyyətin utopik deyil, real olması üçün xalqı ədalətli olmağa çağırırdı. Nə yaxşı ki, həmin çağırışlar cavabsız qalmadı və bu gün Azərbaycanda bilavasitə xalqa xidmət edən dövlət formalaşdırılıb və vətəndaş cəmiyyəti yaradılıbdır. 
İttifaq MİRZƏBƏYLİ, 
Əməkdar jurnalist, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında