Ölkəmizdə ərzaq təhlükəsizliyi iqtisadi və sosial siyasətin əsas istiqamətlərindən biridir

Son 15 il ərzində ölkənin ərzaq təhlükəsizliyi, əhalinin keyfiyyətli qida məhsulları ilə təmin edilməsi iqtisadi və sosial siyasətimizin ən əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Qarşıya qoyulan vəzifələrin vacibliyini və miqyasını nəzərə alaraq, ərzaq təhlükəsizliyi üzrə Dövlət Proqramı qəbul edilib və icrası uğurla həyata keçirilir. 
 
Proqramda nəzərdə tutulan tapşırıqların yerinə yetirilməsi məqsədilə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və çeşidinin genişləndirilməsinə müxtəlif dövlət dəstəyi mexanizmlərinin tətbiqi, o cümlədən güzəştli kreditlərin və subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi, müasir texnologiyalardan istifadə olunması ilə bağlı məqsədyönlü tədbirlər reallaşdırılıb. Bütün bunların nəticəsidir ki, sözügedən dövrdə bitkiçilik məhsulları 3,1 dəfə, heyvandarlıq 3,4 dəfə, ət istehsalı 1,6 dəfə, quş əti istehsalı 4,6 dəfə, yumurta istehsalı 1,8 dəfə, süd istehsalı isə 1,5 dəfə artıb. 
Aqrar sahədə müsbət göstəricilər ilin ilk yarısında da qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə kənd təsərrüfatı 7,6 faiz artıb. Bu göstərici bitkiçilik üzrə 14 faiz təşkil edib. Yanvar-may ayları üzrə isə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1770,4 milyon manat təşkil edib ki, onun da 1462,7 milyon manatı heyvandarlıq, 307,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.
Hesabat dövründə aqrar sektorun innovativ inkişafını reallaşdırmaq məqsədilə aqroparkların qurulması diqqət mərkəzində saxlanılıb. Respublikada 30 rayon üzrə 192 min hektar ərazidə ümumi dəyəri 1 milyard manatdan çox olan 45 aqroparkın yaradılması üzrə işlər sürətlə davam etdirilib. Aqroparklarda zəruri infrastrukturun yaradılmasına 207 milyon manat dövlət əsaslı vəsait qoyulub, 111 milyon manat dövlət güzəştli krediti və dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib.
Hazırda aqroparklardan dördündə birinci mərhələ üzrə işlər başa çatdırılıb, ilin sonunadək 14 aqroparkın istifadəyə veriləcəyi, digərlərində isə işlərin davam etdiriləcəyi nəzərdə tutulub. 
Artıq fəaliyyət göstərən aqropark və iri fermer təsərrüfatlarında 50 min hektardan artıq ərazidə müasir suvarma sistemlərinin tətbiqi nəticəsində buğda, arpa, dənlik qarğıdalı və digər kənd təsərrüfatı bitkiləri üzrə hər hektardan əldə edilən orta məhsuldarlıq ölkə üzrə müvafiq göstəricilərdən 2 dəfəyədək çoxdur.
Bütün bunlarla bərabər, istehsalçıların texnikaya, suvarma avadanlıqlarına tələbatının ödənilməsinə də mühüm önəm verilib, dövlət əsaslı vəsait qoyuluşu hesabına “Aqrolizinq” ASC-yə 160 milyon manat vəsait ayrılıb.
İri sahibkarlar tərəfindən kiçik sahibkarlıq subyektlərinin dəstəklənməsinin vacibliyi barədə dövlət başçısının müvafiq tapşırığına əsasən, bu sahədə təşviq işləri aparılıb və şəkər tozu istehsalının yerli xammal təminatının artırılması məqsədilə 7 min hektar sahədə şəkər çuğunduru əkini üçün illik 3 faizlə 7 milyon manat güzəştli kredit verilib, 1500 fermerlə müqavilə bağlanıb. Bu müqavilələr üzrə 3600 nəfər işlə təmin olunub.
Hazırda aqrar sektorda meliorativ infrastrukturun daha da yaxşılaşdırılması tədbirləri çərçivəsində əkinəyararlı torpaq sahələrinə suvarma suyunun çatdırılması istiqamətində görüləcək işlər dövlət investisiya proqramında nəzərdə tutulan vəsait hesabına davam etdirilir.
Bu sahədə reallaşdırılan tədbirlərin bir qisminə nəzər salaq. Taxtakörpü su anbarı zonasında Xızı, Siyəzən və Şabran rayonlarında ötən illərdə suvarma suyu ilə təmin edilən 22 min hektar yeni suvarılacaq torpaqlar hazırda aqroparklar və iri təsərrüfatlar tərəfindən əkin dövriyyəsinə cəlb edilir. Cari ildə isə Şabran rayonunda 12 min hektar torpaq sahəsində meliorativ işlər başa çatdırılacaq. Hazırda “Şabran Aqropark”a məxsus 1738 hektar torpaq sahəsinin meliorativ vəziyyəti yaxşılaşdırılıb, Xızı rayonunda isə 436 hektar sahədə salınmış zeytun və badam bağları suvarma suyu ilə təmin edilib.
Şəmkirçay su anbarı zonasında isə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişməsində keçid qurğusunun və kanalın 5 kilometrlik hissəsinin, eləcə də Goranboy və Samux rayonlarının ərazilərində yaradılan aqroparklara məxsus torpaq sahələrinə suvarma suyunun verilməsi üçün boru kəmərinin, habelə su hovuzunun tikintisi cari ildə başa çatdırılıb.
Bu il iyunun 5-də Şəmkir-Samux-Goranboy magistral suvarma kanalından Goranboy rayonunun daha 8 min hektar və Aqroparkın 4700 hektar torpaq sahələrinə suvarma suyunun verilməsi reallaşdırılıb. 
Azərbaycan Prezidentinin müvafiq tapşırığına əsasən, Cəbrayıl rayonunun erməni qəsbkarlarının işğalından azad olunan Cocuq Mərcanlı kəndinin 400 hektar torpaq sahəsi, ona qonşu ərazidə yerləşən Füzuli rayonunun isə 280 hektar torpaq sahəsi Araz çayından suvarma suyu ilə təmin edilib.
Abşeron yarımadasında zeytunçuluğun, badamçılığın və digər kənd təsərrüfatı bitkilərinin inkişafını təmin etmək üçün Abşeron magistral kanalında yenidənqurma işləri davam etdirilir. Eyni zamanda, Xəzər və Pirallahı rayonlarının ərazilərində yaradılan aqroparklara məxsus 4 min hektar sahənin birinci mərhələdə 758 hektarı suvarma suyu ilə təmin edilib, 1226 hektar sahənin isə su təminatı üçün nasos stansiyalarının, boru kəmərlərinin və su hovuzlarının tikintisi işlərinə başlanılıb.
Cari ildə “Qax Aqropark”ın 900 hektara yaxın, Şəki və Oğuz rayonları ərazisində yaradılan aqroparkların qoz-fındıq bağları salınacaq 12 min hektar torpaq sahələrinin suvarma suyu ilə təmin olunması işləri də davam etdirilir.
Prezident İlham Əliyevin artıq ənənəvi hal alan regionlara səfərləri sayəsində bölgələrdə sosial infrastruktur müasirləşib, aqrar sektor və sənayenin inkişafında yeni mərhələ başlanıb. Rayonlarda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması geniş vüsət alıb. Ölkədə aqropark kompleksinin yaradılması ərzaq təhlükəsizliyinin təmin edilməsinə, əhalinin etibarlı kənd təsərrüfatı məhsulları ilə təminatının yaxşılaşmasına və yüksək standartlarla istehsal olunan məhsulların xarici bazarlara göndərilməsinə real zəmin yaradıb. 
Mütəxəssislərin fikrincə, kənd təsərrüfatı məhsullarının müasir innovasiya və elmi əsaslarla istehsalı, emalı və ixracı yaxın gələcəkdə regionlarda işsizlik problemini aradan qaldıracaq, ölkənin ərzaq təminatını reallaşdıracaq və ixrac mallarından valyuta axını manatın gücünü daha da artıracaq. Bu da ümumilikdə respublika iqtisadiyyatının inkişafı və insanların yaxşı yaşamasının təminatı deməkdir.
Bu gün qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafı ilə bağlı strateji hədəflərin müəyyənləşdirilməsi və institusional dəyişikliklərin həyata keçirilməsi, dövlət dəstəyinin gücləndirilməsi sözügedən sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin güclü təməlini qoyub. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yerinə yetirilməsi aqrar sektorda istehsalın artırılmasına, kənd təsərrüfatı istehsalçılarının qarşılaşdığı problemlərin həllinə, bu sahənin ixrac imkanlarının gücləndirilməsinə müsbət təsir göstərib. Bununla yanaşı, respublikanın ayrı-ayrı bölgələrində aqroparkların yaradılması da prosesin dinamik xarakter almasını şərtləndirib. 
Ölkədə ixrac potensialının güclənməsində Prezident İlham Əliyevin sərəncamı ilə ötən il iyulun 14-də təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” da mühüm rol oynayacaq, respublikamızda aqrar sektorun inkişafına əlavə təkan verəcək.
Kənd təsərrüfatında kooperasiyanın inkişafı Prezident İlham Əliyev tərəfindən qəbul olunan siyasi qərarlar əsasında həyata keçirilən aqrar islahatların müasir mərhələsində prioritet vəzifələrdən biri kimi müəyyənləşdirilib. Belə ki, dövlət başçısının müvafiq tapşırıqlarının icrası çərçivəsində Azərbaycanda dayanıqlı əsaslara malik kənd yerlərinin inkişafı və ərzaq təhlükəsizliyi sisteminin təmin edilməsi siyasəti çərçivəsində bütövlükdə kənd təsərrüfatı kooperasiyasının inkişafı, o cümlədən kənd təsərrüfatı kooperativləri şəbəkəsinin formalaşdırılması baxımından əlverişli biznes mühitinin yaradılması istiqamətində kompleks islahatların aparılmasına başlanılıb.
Vaqif BAYRAMOV,
 “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında