Ödənişli yol haqları keyfiyyətə və təhlükəsizliyə yatırılmış sərmayədir

Avropa ilə Asiyanı birləşdirən ən qısa nəqliyyat marşrutlarının kəsişməsində əlverişli geostrateji mövqedə yerləşən Azərbaycanın yol-nəqliyyat sektorunun inkişafı ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edir. Buna görə də, həyata keçirilən məqsədyönlü işlər nəticəsində yol-nəqliyyat kompleksi keyfiyyətlə inşa olunaraq istismara verilir və bütün bunlar Azərbaycanı ölkə, eləcə də xarici yük-tranzit daşımaları üçün əlverişli nəqliyyat mərkəzinə çevirir. Bundan başqa, vaxt və məsafə baxımından çox sərfəli olacaq ödənişli avtomobil yollarının da istifadəyə verilməsi Azərbaycanda yol-nəqliyyat infrastruktrunun daha da inkişafına və avtomobil yollarının daim işlək vəziyyətdə qalmasına əlavə imkanlar yaradacaq. 
 
Azərbaycanda ödənişli yolların fəaliyyətə başlayacağı gün uzaqda deyil. Bununla artıq hökumət müvafiq addımlar atır. Bu günlərdə Baş nazir Novruz Məmmədov “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi ilə bağlı məlumatın forması”nı da təsdiq etmişdir. Formada nəzərdə tutulur ki, ödənişli yolla bağlı məlumat operator tərəfindən istifadəçilərin nəzərinə operatorun internet şəbəkəsində saytı vasitəsilə, istifadəçinin tələbi ilə isə ödəniş haqqının alındığı məntəqələrdə çatdırılır. Məlumat və yol nişanları Azərbaycan dilində və operatorun istəyinə əsasən xarici dildə (ingilis dilində) təqdim edilir. 
Qeyd edək ki, dünya praktikasında ödənişli yollar, adətən, mövcud yollara alternativ təşkil edir. Azərbaycanda da bu prinsip əsas götürülmüşdür. Belə ki, ödənişli yol mövcud Bakı-Ələt-Astara yolunun alternativi olacaq. Mütəxəssislərin sözlərinə görə, yeni yolun məsafə baxımdan qısa və daha rahat olması istifadəçilərə vaxt və yanacaq sarıdan daha sərfəli olacaq. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin cari ilin fevral ayında yaydığı məlumatda bildirilirdi ki, Azərbaycanda ilk ödənişli yolun tikintisi 2020-ci ilin əvvəlində yekunlaşacaq. Agentliyin məlumatında deyilirdi ki, Bakı-Rusiya sərhədi arasında tikiləcək yeni avtomobil yolunun tikintisi iki il ərzində başa çatdırılacaq. 
Bəs, ödənişli yolların üstünlükləri nədir? Digər ölkələrdə bu məsələ necə həllini tapmışdır? Ümumiyyətlə, dünyada ödənişli yollardan uzun müddətdir istifadə edilir. Mütəxəssislər belə yolların üstünlüklərini də sadalayırlar. Belə ki, inşa edilmiş magistral yolun ətrafında inkişaf etmiş infrastruktur (bir neçə kilometrdən bir yanacaqdoldurma stansiyalarının, mağaza və kafelərin fəaliyyət göstərməsi), həmişə keyfiyyətli asfalt örtüyünün olması və çox sayda hərəkət zolağının mövcudluğu ödənişli yolların üstünlükləridir. Bundan başqa, ödənişli yollarda maksimal sürət həddi digər yollarda icazə verilən sürətdən yüksək olur və buna görə də, ödənişli yollar uzunməsafəli səfərlərdə müxtəlif  nəqliyyat vasitələri sürücülərinin vaxta qənaət etmələrinə şərait yaradır. Ödənişli yolların digər üstün cəhətlərindən biri də asfalt örtüyünə və yola daim nəzarətin olmasıdır. Həmin yolda baş vermiş hər hansı qəzanın nəticələrinin vaxtında aradan qaldırılması üçün müvafiq xidmətlər operativ reaksiya göstərirlər. Belə xidmət şaxtalı və pis hava şəraitində də həyata keçirilir. Buna görə də, ödənişli yollarda avtomobil tıxaclarının yaranması riski çox aşağıdır. 
Təbii ki, gediş haqqı avtomobil vasitəsinin kateqoriyasından da asılıdır. Məsələn, qardaş Türkiyədə İstanbul ilə Ankara arasındakı 380 kilometrlik yol ödənişlidir və minik avtomobil üçün ödəniş haqqı 15 lirə təşkil edir. Ödəniş etmək üçün avtomobilin üzərində kontaktsız ötürücünün və ya xüsusi hazırlanmış stikerin olması tələb olunur. Belə stikerlər avtomagistral yolların girəcəyində yerləşən ofislərdə, poçt şöbələrində və ayrı-ayrı banklarda sürücülərə satılır. Stikerin minimal dəyəri 35 lirə təşkil edir. Bundan başqa, İstanbulda Bosfor boğazı üzərində yerləşən körpülərdə də gediş ödənişlidir. Qeyd etmək lazımdır ki, Bosfor və Sultan Mehmet Fatih körpüsündən yalnız Avropadan Asiyaya hərəkət edən zaman ödəniş etmək tələb olunur. 
Avropa ölkələrində də ödənişli yollardan geniş istifadə olunur və ödəniş haqları ayrı-ayrı ölkələrdə fərqlidir. Məsələn, Avstriyada illik ödəniş haqqı 85 avro, iki aylıq ödəniş haqqı 25 avro, on günlük gediş haqqı 8,80 avro, Sloveniyada illik 110 avro, aylıq 30 avro, yeddi günlük 15 avro, Çex Respublikasında isə illik 55,50 avro, aylıq 16 avro, on günlük 11,47 avro təşkil edir. 
“Köhnə dünya”nın digər ölkələrində də ödənişli yollar fəaliyyət göstərir və ödəniş məbləği nəqliyyat vasitələrinə və məsafələrə görə dəyişir. Almaniyada əvvəllər ödənişli yollar Alp kurort rayonlarında fəaliyyət göstərirdi. İndisə ölkənin bir çox ərazilərində ödənişli yolların istifadəyə verilməsi nəzərdə tutulur. Ötən ilin mart ayında Almaniya parlamenti şəxsi sərnişin nəqliyyat vasitələrindən yol haqqı toplanmasını nəzərdə tutan qanun layihəsini təsdiqləmişdi. Ölkədəki avtomagistrallarda ödəniş sisteminin 2019-cu ildə tətbiq olunması planlaşdırılır. 
ABŞ-da da geniş ödənişli yollar mövcuddur və hesablamalara görə, ödənişli yollar dövlət büdcəsinə ildə təqribən 13 milyard dollar gəlir gətirir. Qeyd etmək yerinə düşər ki, ABŞ avtomobilləşmənin səviyyəsinə görə (840 nəfərə 1000 avtomobil), eləcə də inkişaf etmiş yol şəbəkəsinə görə dünyada liderdir. Okeanın o tayında sürətli və təhlükəsiz ödənişli yollar 80 ildir fəaliyyət göstərir və illər ərzində ödəniş sistemi təkmilləşdirilmişdir. Birləşmiş Ştatlarda ödənişli yollar iri şəhərlərə girişlərdə salınmışdır. Bu yollarda da ödəniş haqları 1 kilometrə görə 3 sentdən 50 sentədək dəyişir. Məbləğ nəqliyyat vasitəsinin ölçülərindən və yol hissəsindən də asılıdlr. Həmin yollardan istifadə edən sürücülər avtomatik ödəniş qurğusundan istifadə edirlər. Amerikalı mütəxəssislər bildirirlər ki, ödənişli yolların alsfalt örtüyünün yüksək səviyyədə saxlanılması üçün həmişə resursları və xüsusi avadanlığı olur. Onların sözlərinə görə, belə yollar ABŞ-da ən təhlükəsiz yollardır və ödəniş haqqı hər bir amerikalının təhlükəsizliyinə yatırdığı sərmayə kimi qiymətləndirilir. Hazırda ABŞ-da 7918 kilometrlik ödənişli yol, həmçinin 485 kilometr uzunluğunda ödənişli körpü və tunel fəaliyyət göstərir.
Təbii ki, Azərbaycan vətəndaşlarını da istifadə olunacaq ödənişli yolların ödəniş haqları maraqlandırır. "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamalarının birində qeyd etmişdi ki, ödənişli yolun kilometri minik və yük avtomobillərindən asılı olaraq 4-7 qəpik müəyyənləşdiriləcək. Qurum rəsmisinin sözlərinə görə, pulsuz yolda avtomobilin yanacağı ödənişli yola nisbətən həm sürət həddinə görə, həm yaşayış məntəqələri ərazisindən keçməklə, eniş-yoxuşlu olmaqla, daha çox sərf ediləcək. Vətəndaş həmin məbləği hesablayanda ödənişli yoldan istifadəyə daha çox üstünlük verəcək. Ödənişlərdən əldə edilən gəlir həmin yolun saxlanmasına xərclənəcək və bu da asfalt örtüyünün keyfiyyətini yüksək səviyyədə saxlamağa imkan yaradacaq, eləcə də ətraf infrastrukturun inkişafına təkan verəcək. 
Səbuhi MƏMMƏDOV, 
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında