Ağcabədi: Dövlət başçısının diqqət və qayğısı bu bölgəni sürətli inkişaf yoluna çıxarıb

İndi ilin elə çağıdır ki, kənd də sevinir, kəndli də. Ana torpaq aylarla qoynunda yetişdirdiyi nemətləri səxavətlə öz sahiblərinə qaytarır. Elin bolluq, bərəkət anbarları dolur. Yaşlı da, cavan da çəkilən zəhmətdən, alınan nəticələrdən qürur duyur, bol gəlirdən, xoş gün-güzərandan qəlbi fərəhlə döyünür. Ən əvvəl bu sevinci baramaçılar yaşadılar. Sonra “sarı kəhraba” yetişdirənlər. İndi isə bağ-bağat, bostan-tərəvəz sahələri üzə gülür. Növbə “ağ qızıl” ustalarınındır.
 
Ağcabədi respublikamızın o rayonlarındandır ki, əksər kənd təsərrüfatı məhsulu istehsalı sahəsində son illər yüksək nəticələr əldə edir. Onu da xatırladaq ki, bu məhsulların bölgədə tarixi ənənələri var. Bu, bir tərəfdən, Ağcabədinin geniş və münbit torpaqları, əlverişli iqlimi, bol suyu ilə bağlıdırsa, digər tərəfdən, bölgədə yaşayan sadə, zəhmətkeş, halal insanların fədakar əməyinin bəhrəsidir. Bu yerdə cari ilin bəzi göstəricilərinə nəzər salmaq kifayətdir.
Son illər bütövlükdə respublikamızda olduğu kimi, Ağcabədidə də baramaçılığın inkişafına diqqət artırılmış, sahənin maddi-texniki bazası daha da möhkəmləndirilmişdir. Ölkə rəhbərinin bu istiqamətdə imzaladığı sərəncamlar, qəbul edilmiş dövlət proqramları kənd adamlarını ruhlandırmış, onları daha yüksək göstəricilər uğrunda səfərbər etmişdir. Nəticə göz qabağındadır. Rayonda barama istehsalı ildən-ilə artan sürətlə gedir. Bu isə hər şeydən əvvəl, qısa müddət ərzində bol qazanc deməkdir. Məhsulun qəbulunda və pulun alınmasında da heç bir çətinlik yoxdur.
2018-ci ildə rayon baramaçıları saxladıqları 780 qutu ipək qurdundan 37 tondan çox yüksək keyfiyyətli barama əldə edərək “Azəri-ipək” ASC-yə təhvil vermişlər. Barama istehsalı ilə məşğul olan şəxslər tərəfindən istehsal edilmiş yaş baramaya görə subsidiyanın verilməsi üçün sənədlər hazırlanaraq respublika komissiyasına təqdim edilmişdir.
Baramaçılığın inkişafında əsas amillərdən biri də, şübhəsiz ki, möhkəm yem bazasının yaradılmasıdır. Bu məqsədlə rayonda bir sıra tədbirlər həyata keçirilmişdir. Təkcə ötən il Çin Xalq Respublikasından gətirilmiş 55 min, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 80 min tut tingi qəsəbə və kəndlərə paylanmış və aqrotexniki qaydada becərmə işləri aparılmışdır.
Biz rayonun qabaqcıl kümçülərindən biri Ələmdar Abbasovla söhbət edirik. O, əldə etdiyi nəticələr barədə həvəslə məlumat verir:
– Əslində, bizim camaatda baramaçılığa həmişə böyük maraq olub. Ancaq çox təəssüf ki, müstəqilliyin ilk illərində heç bir əsaslı səbəb olmadan bu gəlirli sahə gözdən düşdü. İş hətta o yerə gəlib çatdı ki, hazır məhsula yiyə duran olmadı. Beləliklə, baramaçılıq, demək olar ki, tamamilə unuduldu. Respublika Prezidenti İlham Əliyevin bir sıra kənd təsərrüfatı bitkiləri əkininin, o cümlədən baramaçılığın bərpası və dirçəldilməsi sahəsində atdığı cəsarətli addımlar, keçirilən müşavirələr, qəbul edilən qərarlar ürəyimizcə oldu, sahənin sürətli inkişafına gətirib çıxardı. Məsələn, mən bu il ailəmlə birlikdə 374 kiloqram barama təhvil vermişəm. Bu keçən ildəkindən çox olmaqla bərabər, gəlirimiz də artıq oldu. Qərara gəlmişik ki, gələn il bu rəqəmi, ən azı, iki dəfə artıraq.
Təzəkənd kəndi. Bilirdik ki, rayonda qabaqcıl təcrübə məktəbi kimi tanınan “Elit toxumçuluq” təsərrüfatı burda yerləşir. Təsərrüfata təcrübəli mütəxəssis Rizvan Şıxəliyev rəhbərlik edir. Söhbətimiz əldə edilmiş nəticələrdən, məhsuldarlığı artırmaq yollarından, yeni toxum növlərinin yetişdirilməsi təcrübəsindən düşdü:
–Uzun illərdir ki, bizim təsərrüfat toxumçuluq üzrə ixtisaslaşıb. Daha doğrusu, biz əsasən akademik Cəlal Əliyevin müəllifi olduğu buğda sortlarını əkirik. Nəticə isə həmişə gözlədiyimizdən də yüksək olur. Məsələn, cari ildə 55 hektarda taxıl yetişdirmişdik. Şum, səpin, becərmə tədbirlərini yüksək aqrotexniki səviyyədə aparmışdıq. Biçini də optimal müddətdə və itkisiz başa çatdırdıq. Ümumi məhsul istehsalı 286 ton, hər hektarın məhsuldarlığı isə 52 sentner oldu. Demək istəyirəm ki, yalnız yerli şəraitə uyğun məhsuldar toxum sortlarının seçilməsi, aqrotexniki tədbirlərə və ziyanvericilərə qarşı mübarizə vaxtında və keyfiyyətlə aparılsa, o zaman yüksək nəticələrdən danışmaq olar.
“Az-Aqro” MMC Hindarx kəndi ərazisində fəaliyyət göstərir. Düzdür, burada digər kənd təsərrüfatı bitkiləri də yetişdirilir. Ancaq aparıcı sahə taxılçılıq hesab olunur. Müəssisənin direktoru Cəmşid Ağayev cari ildə işlərin gedişi barədə danışarkən bildirdi:
–715 hektarda taxıl yetişdirmişdik. Zəmilərdən 3 min 89 ton məhsul götürdük. Hər hektarın məhsuldarlığını isə 43,2 sentnerə çatdırdıq. Düzdü, bu, ötən ildəkindən çoxdur. Ancaq bunu heç də son hədd hesab etmirik. Pambıqçılıq sahəsində də işlərimiz yaxşı gedir. Belə ki, bu il əkin sahələrini 260 hektara çatdırmışıq. Hazırda becərmə tədbirləri yüksək aqrotexniki səviyyədə davam etdirilir. Qərara gəlmişik ki, hər hektarın məhsuldarlığını 35 sentnerə çatdıraq. Onu da deyim ki, bunun üçün hər cür imkanımız var. Emal müəssisəsi ilə bağladığımız müqaviləyə əsasən gübrə, yanacaq, maşın-mexanizm və s. sarıdan heç bir çətinliyimiz yoxdur.
Ümumiyyətlə, Ağcabədi taxılçıları cari ildə də yaxşı işləmiş, 29 min 762 hektarda biçin aparmışlar. Zəmilərdən 107 min tona yaxın məhsul götürülmüş, hər hektarın məhsuldarlığı isə 35,9 sentnerə çatdırılmışdır. Bu isə respublika üzrə ən yüksək nəticələrdən biridir. 
Belə bir həqiqəti xatırlatmaq yerinə düşər ki, ötən əsrin 70-80-ci illərində respublikamızda pambıqçılıq üzrə 100 min ton həddini keçən üç rayondan biri Ağcabədi idi. Burada bu qiymətli sahəyə xüsusi həvəs və maraq var, pambıqçılığı inkişaf etdirməyin sirlərini yaxşı bilirlər. Sonrakı illərdə məlum səbəblər üzündən geriləmə olsa da, ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı, atılan cəsarətli addımlar bu sahənin əsaslı inkişafına səbəb oldu. Belə ki, Ağcabədi rayonunda pambıq əkini sahələri ildən-ilə artırılır. Cari ildə isə əkin sahələri 10 min hektara çatdırılmışdır. 1851 nəfər pambıq istehsalçısı “MKT” MMC-nin Ağcabədi filialı, “Azərpambıq” MMC və “Kənd təsərrüfatı” MMC ilə müqavilə bağlamışlar. Tarlalarda işin gedişi ilə yaxından tanışlıq, becərmə tədbirlərinin vəziyyəti, fermer və kənd adamları ilə söhbətlərimiz belə bir nəticəyə gəlməyə əsas verir ki, rayon pambıqçıları cari il üçün nəzərdə tutulmuş hədəfə çatacaq, məhsuldarlığı daha da artıracaqlar.
Belə qabaqcıl pambıqçılardan biri də Tofiq İsmayılovdur. Ötən il əldə etdiyi yüksək göstəricilərə görə o, respublika Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə “Birinci dərəcəli əmək ordeni” ilə təltif olunmuşdur. Bəs bu il “ağ qızıl” sahələrində vəziyyət necədir? Qabaqcıl fermer bu barədə danışarkən dedi:
–Ötən ilə nisbətən əkin sahələrini xeyli artırmışıq. Bununla bərabər, biz ona nail olmağa çalışırıq ki, intensiv amillər hesabına məhsuldarlığı artıraq. Bizim Yeni Qaradolaq camaatı pambığın, necə deyərlər, dilini yaxşı bilir, bu sahəyə xüsusi həvəs və maraqları var. Təsadüfi deyildir ki, pambıqçılığa münasibət dəyişəndən sonra bizdə, demək olar ki, hamı üzünü bu sahəyə tutdu. Nəticədə, qazancımız da artdı, gəlirimiz də çoxaldı, gün-güzəranımız da yaxşılaşdı. Pambıqçılıq çox gəlirli sahədir. Bir şərtlə ki, gərək səpindən tutmuş yığıma qədər ona qayğı ilə qulluq edəsən, aqrotexniki tədbirləri vaxtında aparasan. Mən fürsətdən istifadə edərək kənd əməkçiləri adından ölkə Prezidenti İlham Əliyevə bizə göstərdiyi gündəlik diqqət və qayğıya görə təşəkkürümüzü bildirirəm.
Biz rayonun qabaqcıl pambıqçılarından hesab olunan Əli Muxtarovun, İsgəndər Hüseynovun pambıq sahələrində də olduq. Pambıq sahələri nümunəvi becərmədən xəbər verir. Fermerlər bildirdilər ki, bu il havalar çox quraq keçir. Bu, bir tərəfdən, pambıqçılıq üçün çox əlverişli olsa da, suya tələbatı artırır. Ona görə də bu sahəyə diqqəti yüksəltmişik. Suvarma suyundan heç bir çətinliyimiz yoxdur. Rayon suvarma sistemləri və artezian idarələri işin gedişini nəzarətində saxlayır, suvarma cədvəl əsasında aparılır.
Onu da deyək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırıqlarının icrası ilə əlaqədar olaraq rayon ərazisində “Aqropark” yaradılması məqsədilə dövlət fonduna aid 4 min 800 hektar qış otlaq sahəsinin təyinatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2017-ci il tarixli sərəncamı əsasında dəyişdirilmişdir. “Aqropark” ərazisində 1215 hektar sahənin suvarılması üçün 11 müasir pivot suvarma sistemi qurulmuş, nasos stansiyası tikilib istifadəyə verilmişdir. 1050 hektar sahədə soya əkilmişdir. 1250 hekatr sahə şumlanaraq payızlıq əkin üçün dincə qoyulmuşdur. Bundan əlavə, həmin ərazidə bitki yağlarının emalı müəssisəsinın yaradılması nəzərdə tutulmuşdur.
Biz bu yazıda yalnız kənd təsərrüfatı sahəsində işlərin gedişindən, əldə olunmuş nəticələrdən söhbət açdıq. Yeri gəlmişkən qeyd edək ki, başqa sahələrdə də inkişaf dinamik xətlə gedir, genişmiqyaslı tədbirlər həyata keçirilir, tikinti-quruculuq və abadlıq işləri aparılır. Məsələn, hazırda H.Əliyev və Ü.Hacıbəyov prospektlərində, İ.Qayıbov, Nəsimi küçələrində abadlıq və yenidənqurma işləri sürətlə aparılır. Bundan başqa, atçılıq kompleksinin, Su-kanal İdarəsinin inzibati binasının, 2 saylı 100 yerlik körpələr evi-uşaq bağçasının, müasir avtovağzal kompleksinin, “Asan xidmət” mərkəzinin tikintisi davam etdirilir.
Bəli, bu gün Ağcabədidə sosial-iqtisadi və mədəni sahələrdə əldə edilmiş uğurlar böyük fərəh doğurur. Rayonda sağlam mənəvi-psixoloji mühit, işgüzar, yaradıcı və təşəbbüskar ab-hava mövcuddur. Görüşdüyümüz, söhbət etdiyimiz rayon sakinləri– ağsaqqallar, ziyalılar, gənclər, haqlı olaraq, son illər əldə edilmiş bütün bu uğurları, dinamik inkişaf və yüksəlişi ölkə Prezidenti İlham Əliyevin bütün bölgələrə, o cümlədən Ağcabədiyə göstərdiyi gündəlik diqqət və qayğının nəticəsi kimi qiymətləndirir, sonsuz təşəkkür və minnətdarlıqlarını bildirirlər.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında