Etnik ayrı-seçkiliyə yol verilməsi qəbuledilməzdir

Müasir dövrdə mədəniyyətlər də qloballaşmaya məruz qalır, fərqli sivilizasiyaların, ağır da olsa, inteqrasiyası müşahidə olunur. Aydındır ki, bu prosesdən təcrid olunmaq qeyri-mümkündür. Qloballaşmanın gedişi də, təbii ki, sivilizasiyalararası münasibətlərə təsir göstərir və mədəniyyətlərarası münasibətlərdə tolerantlıq prinsipinin önə çıxarılmasını prioritet məsələlərdən birinə çevirir. Avropa ilə Asiyanın, həm də mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycanda da mədəniyyətlərarası dialoqun davam etdirilməsinə güclü təkan verən tolerantlığın inkişafına və güclənməsinə xüsusi diqqət ayrılır, xalqlar arasında əlaqələrin güclənməsinə təsir göstərən proseslər dəstəklənir.
 
Ancaq bu gün bəzi insanlar və dairələr mədəniyyətlərarası dialoqun əhəmiyyətini lazımi səviyyədə anlamırlar. Məsələn, bir neçə gündür ki, müəyyən dairələrin dəstəyi ilə sosial şəbəkələrdə və informasiya saytlarında Azərbaycanda ənənəvi şəkildə təşkil olunan “Jara” musiqi festivalının iştirakçısı, rusiyalı müğənni Zara ilə bağlı geniş kampaniya aparırlar və bu, hazırda davam etdirilir. Kampaniya təşkilatçılarını Zaranın etnik mənsubiyyəti “narahat” edir və onun Bakıda keçiriləcək festivalda iştirak etməsinin “yolverilməz” olduğunu ortaya atırlar. Belə iddia olunur ki, guya, Zara milliyyətcə ermənidir. Əslində, belə deyil, o, sadəcə, Ermənistanda anadan olmuşdur, Rusiya Federasiyasının vətəndaşıdır, milliyyətcə yezidi kürdüdür. İndi kampaniya təşkilatçıları onun “erməniliyini” iddia edərək, rusiyalı sənətkarın Azərbaycana gəlməsini istəmirlər və ictimaiyyəti bu yanlış fikrə istiqamətləndirməyə çalışırlar. Halbuki hər bir şəxsin, o cümlədən Zaranın doğulduğu ölkəyə hörmətlə yanaşmasını normal qəbul etmək lazımdır.
Bu gün Azərbaycan bütün dünyada müxtəlif xalqların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı, tolerant, bütün dini və milli azadlıqların təmin edildiyi ölkə imicinə malikdir. Azərbaycan uzun müddətdir beynəlxalq ictimaiyyətə nümayiş etdirir ki, Ermənistanda bir nəfər azərbaycanlı qalmadığı halda, Dağlıq Qarabağı nəzərə almasaq belə, ölkəmizdə 30 min erməni əsilli vətəndaş yaşayır. Azərbaycan xalqına qarşı cinayət törətməyən və Azərbaycan torpaqlarının işğalında iştirak etməyən, dinc həyat tərzi sürən hər hansı erməni əsilli şəxsin Bakıda keçiriləcək festivala gəlməsi niyə yolverilməz hesab olunmalıdır?
Bu gün hər bir azərbaycanlı gözəl bilir ki, erməni şovinistləri Azərbaycan vətəndaşlarına qarşı soyqırımı törətmişlər. Ancaq bu reallıq da unudulmamalıdır ki, Ermənistana rəhbərlik etmiş şəxslər azərbaycanlılarla ermənilər arasında irqi uyğunsuzluq barədə iddialar irəli sürürlər. Buna görə də biz nəyə görə dünyaya özümüzü layiq olmadığımız şəkildə təqdim etməliyik? Əslində, belə kampaniyalar erməni millətçilərinin iddialarını gücləndirir və belə addımlardan çəkinmək lazımdır. Aydındır ki, biz bir erməniəsilli şəxsə görə bu dərəcədə kəskin mövqe nümayiş etdiririksə, o zaman beynəlxalq ictimaiyyət hansı amillərə söykənərək inana bilər ki, sabah Dağlıq Qarabağ Azərbaycana qaytarılarsa, biz ermənilərlə birgə yaşaya, onların təhlükəsizliyini təmin edə bilərik? Göründüyü kimi, ilk baxışdan kiçik görünən indiki mənasız kampaniya milli məsələdə dağıdıcı təsir göstərə biləcək problem kimi ortaya çıxır.
Diqqətə almaq lazımdır ki, Azərbaycan dövləti və xalqı heç bir ölkəni və ya xalqı, o cümlədən də erməniləri özünə düşmən hesab etmir. Bu tezis müxtəlif səviyyələrdə dəfələrlə səsləndirilmişdir. Qəbul etmək lazımdır ki, həm ermənilər, həm də azərbaycanlılar eyni coğrafiyanı bölüşürlər və gələcəkdə də dinc yaşamağa məhkumdurlar. Nə biz, nə də ermənilər yaşadığımız bölgəni tərk edəcəyik. Unutmaq lazım deyil ki, Azərbaycanın düşməni erməni xalqı deyil, erməni millətçiliyinin və şovinizminin ideoloqları, Ermənistanın xunta və terrorçu rejimidir. Acınacaqlı fakt da budur ki, erməni xalqı bu dairələrin girovuna çevrilmişdir və bundan əziyyət çəkdiyi heç kimə sirr deyil.
Hər bir əcnəbi Azərbaycandan xoş təəssüratlarla ayrılır. Zara Ermənistana səfərlər edib həmin ölkəni tərifləyir və təbliğ edirsə, nəyə görə onun Azərbaycana gəlib bizim ölkəmiz haqqında xoş fikirlər səsləndirməsinə şərait yaratmayaq?! Azərbaycan dövləti dəfələrlə elan etmişdir ki, Azərbaycan xalqı ermənilərlə dinc yaşamağa hazırdır və kifayətdir ki, Azərbaycan torpaqları geri qaytarılsın və Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Rəsmi Bakı bu istiqamətdə bütün gücünü səfərbər etmişdir və iki xalqı üz-üzə qoymuş münaqişənin aradan qaldırılacağına inamımız böyükdür. Buna görə də etnik ayrı-seçkiliyə yol verilməsi qəbuledilməzdir. Şübhəsiz xalqımız həmişə olduğu kimi, indiki ziyanlı çağırışlara da uymayacaq. Azərbaycanın milli maraqlarına ziyan verməyə çalışan bəzi dairələrə sərt münasibətlərini göstərəcəklər.
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında