Qafqaz xalqlarının tarixini öyrədən mükəmməl dərslik

Təhsil Nazirliyi ali məktəblərin tədris proqramı əsasında hazırlanmış “Qafqaz xalqlarının tarixi” dərsliyini nəfis şəkildə çap etdirmişdir. Qafqaz regionunun özünəməxsus tarixini geniş əks etdirən, onun ümumdünya tarixində yerini və rolunu dərindən təhlil edən və sistemləşdirən bu fundamental kitabın müəllifi Bakı Dövlət Universiteti Qafqaz xalqlarının tarixi kafedrasının müdiri və erməni araşdırmaları laboratoriyasının rəhbəri, tarix üzrə elmlər doktoru, professor İradə Hüseynova, redaktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı, rəyçiləri AMEA-nın həqiqi üzvü Nərgiz Axundova və professor Oqtay Sultanovdur. 
 
Qafqaz zəngin tarixi-mədəni irsi olan xalqların məskunlaşdığı nadir bir regiondur. Şərqlə Qərbin qovşağında etnik baxımdan çox rəngarəng olan bu ərazinin tarixi müxtəlif etnos və millətlərin özünəməxsus milli-mənəvi dəyərləri ilə şərtləndirmişdir. Belə bir regionun tarixinin çağdaş tədrisin tələbləri səviyyəsində təqdim edilən bir dərsliyə çevrilməsi təqdirəlayiq haldır. Yeni dərslik Qafqaz xalqlarının qədim və orta əsrlər, XX əsr və XXI əsrin əvvəlləri tarixi dövrlərini əhatə edir. Kitab Qafqaz regionunun tarixini hərtərəfli öyrənmək üçün dəyərli dərslik olmaqla yanaşı, həm də zəngin elmi qaynaqdır.
Əsrlər boyu bir ərazidə yaşayan etnosların, xalqların keçdiyi inkişaf yolunun, qonşu xalqlar və dövlətlər arasında əlaqələrin öyrənilməsi, sistemli şəkildə oxuculara təqdim edilməsi regionda tarixi proseslərin ümumi mənzərəsini, mahiyyətini dərk etməyə, yeni münasibətlərin qurulmasına və müasir inkişaf yolunun seçilməsinə obyektiv, əlverişli zəmin yaradılmasına xidmət edir.
Kitabda Qafqaz xalqlarının zəngin mədəniyyəti, fəlsəfi baxışları, həyat tərzi kimi mövzular ərazinin rəngarəng təbiəti, çoxəsrlik tarixi kontekstində təqdim edilmişdir. Dərslikdə hər bir tarixi hadisəyə, məsələyə obyektiv yanaşma nümayiş etdirilmişdir. Regionda baş verən tarixi-mədəni faktları və hadisələri özündə əks etdirən bu kitab Qafqaza məxsus arxeoloji, antropoloji, etnoqrafik və digər dəlillərin dünya tarixi prosesləri ilə vəhdət təşkil etdiyini də təsdiqləyir.
Qafqaz regionunun bütün tarixi inkişaf prosesi ­özünün yüksəliş və tənəzzülləri, yadellilərin mütəmadi hücumları, mədəni assimilyasiyalar, demoqrafik dəyişikliklər və istiqlaliyyət uğrunda mübarizələrlə doludur. Yeni nəşrdə bütün bu tarixi proseslərin Qafqaz xalqlarının dövlətçiliyinin, mədəni və dini-ideoloji trendlərin və ictimai-təsərrüfat nizamının daim təkmilləşməsinə yönəldiyi diqqətə çatdırılmışdır.
Altı fəsildən ibarət dərsliyə müstəqil Qafqaz dövlətləri olan Azərbaycan, Gürcüstan və Ermənistanın, Rusiya Federasiyasının etnik subyektləri sayılan Dağıstanın, İnquşetiyanın, Kabarda-Balkarın, Şimali Osetiyanın, Çeçenistanın, Qaraçay-Çərkəzin, Adigeyin, eləcə də Krasnodar, Stavropol və Rostov vilayətlərinin tarixi daxil edilmişdir.
Dərsliyin girişindən nəticəyədək bütün mövzular ayrı-ayrı fəsillərdə və yarımfəsillərdə hərtərəfli təhlil edilmişdir. “Predmetə giriş” adlı I fəsldə “Qafqaz xalqlarının tarixi”nin mövzusu və vəzifələri müəyyənləşdirilmişdir. “Qafqaz tarixinin qaynaqları” adlı II fəsildə regionun tarixi mənşəyi, Qafqazın qədim dövrü, xüsusilə qədim qəbilə ittifaqları və protodövlət quruluşları öyrənilir. Dünya birliyinə Qafqazın qədim dövrünə aid daş salnamələrlə – Azərbaycanda Azıx mağarası və Qobustan qayaüstü rəsmləri, bir çox başqa abidələrlə yaxından tanış olmağın vacibliyi bu fəsildə bir daha xatırladılır. Bundan əlavə, Qafqazda quldarlıq quruluşunun elə də güclü intişar tapmaması məsələlərinə aydınlıq gətirilir.
Müəllif eradan əvvəl Qafqaza bütpərəstliyin əfsanə və miflərindən törəyən, “böyük Ermənistan” adlanan utopik layihənin reallaşdırılması üçün erməni iddialarının formalaşmasına da toxunmuş, bu uydurmanın elmi-tarixi əsası olmadığını nəzərə alaraq və məlum həqiqətlərdən çıxış edərək tarixin obyektiv səhnəsini yaratmışdır. Professor İradə Hüseynova indiki Ermənistan Respublikasının Qafqaz tarixində yerinin son zamanlara aid olmasına, ermənilərin Qafqaza yalnız XIX əsrin əvvəllərində köçürülməsinə dair faktlara əsaslanaraq, bu monoetnik dövlətin qədim dövrə aid uydurma, saxta tarixini düzgün müəyyənləşdirmişdir.
“Qafqaz orta əsrlərdə” adlı III fəsildə regionun ilkin orta əsrlər (III-V əsrlər) tarixi, VIII-IX əsrlərdə siyasi quruluş, IX-XII əsrlərdə siyasi quruluş və sosial-iqtisadi vəziyyət, monqolların və Teymurun işğalları, XIV-XV əsrin ortalarında siyasi vəziyyət, Qafqaz orta əsrlərdə, Osmanlı-Səfəvi rəqabəti, Qafqaz xalqlarının orta əsr mədəniyyəti və s. mövzular şərh edilmişdir.
Dərsliyin IV fəsli “Qafqaz yeni dövrdə” adlanır. Bu fəslin “Qafqaz, Osmanlı, Rus və Əfşarlar dövlətlərinin mübarizəsi şəraitində (XVIII əsrin ilk yarısı)” yarımfəslində XVIII əsrin əvvəllərində Osmanlı imperiyasının və Əfşarlar dövlətinin bir-biri ilə mübarizə apardığı şəraitdə Rusiyanın Qafqaza böyük maraq göstərməyə başlamasından ətraflı bəhs edilmişdir. “Qafqaz tarixi ən yeni dövrdə” adlı V fəsil “Qafqazın yeni erası. XX əsrin sonlarında müstəqillik və suverenlik”, “XX əsrin sonu – XXI əsrin başlanğıcında Qafqazda millətlərarası münaqişələr” adlı yarımfəsillərə bölünmüş, burada, Qafqaz regionunun yeni eradakı tarixi, XX əsrin sonlarında müstəqillik və suverenlik məsələləri yer almışdır. 
“Qafqaz xalqları müasir mərhələdə” adlı VI fəslin “Müasir Qafqaz: erməni illüziyaları və reallıqlar” adlı yarımfəslində “erməni məsələsinin” yaranma tarixi, XIX əsrdə ermənilərin Qafqaza kütləvi köçürülməsi dövrü, XX əsrdə erməni iddialarının aqressivləşməsi kimi məsələlər şərh edilmişdir. “Qafqaz dövlətləri və xalqları: müasir durum və sosial-iqtisadi perspektivlər” adlı yarımfəsildə isə Azərbaycanın Qafqazda əməkdaşlıq üçün əlverişli aktor və etibarlı partnyor olması əsaslandırılmışdır. “Qafqazda mədəniyyətlərarası dialoqun müasir inkişafı” adlı yarımfəsildə Qafqazda dünyanın qloballaşması və multikulturalizm, Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində regionun lider dövləti olması, multikulturalizmin Azərbaycan modeli kimi məsələlər şərh edilmişdir. 
Professor İradə Hüseynovanın “Qafqaz xalqlarının tarixi” dərsliyi zəngin, əhatəli elmi-tarixi bilik mənbəyidir. Yeni kitab qədim zamanlardan günümüzə qədər regionda baş verən hadisələri əhatə etməsi ilə təkcə ali məktəblərin tələbə və müəllimləri üçün deyil, Qafqaz regionu xalqlarının tarixinə və mədəniyyətinə maraq göstərənlərdən ötrü də faydalı olacaq.
Qasım HACIYEV, 
AMEA Qafqazşünaslıq İnstitutu ermənişünaslıq şöbəsinin müdiri,
tarix üzrə elmlər doktoru

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında