ABŞ və Avropa İttifaqı qarşılıqlı rüsumların ləğvi ilə bağlı razılığa gəldilər

ABŞ və Avropa İttifaqı (Aİ) ticarət maneələrinin və qarşılıqlı rüsumların ləğvi ilə bağlı işə başlamaq barədə razılığa gəliblər. Bu barədə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda səfərdə olan Avropa Komissiyasının başçısı Jan-Klod Yunkerlə danışıqlardan sonra bəyan edib. Məlumatı TASS verib. 
 
“ABŞ və Aİ sənaye məhsulları üçün sıfır tariflərə, sıfır ticarət maneələrinə və sıfır subsidiyalara nail olmaq üçün birgə işləmək barədə razılaşıblar, – deyə Tramp bildirib. – Tərəflər ticarət sahəsində problemlərin həlli və mövcud tariflərin qiymətləndirilməsi üçün işçi qrup yaradacaqlar. Qrup hər iki tərəfin xeyri üçün işləyəcək. Biz indi danışıqlara başlayırıq, ancaq bilmirik ki, bu, nə ilə nəticələnəcək”. 
Onun sözlərinə görə, Aİ ABŞ-dan sıxılmış qaz və kənd təsərrüfatı məhsulları idxalını artırmağa razılıq verib. “Biz xidmət göstərilməsi, kimya, əczaçılıq və tibb məhsulları sahələrində ticarəti də artıracağıq. Bu, fermerlər və fəhlələr üçün bazarlar açacaq, sərmayələri artıracaq, həm Birləşmiş Ştatların, həm də Aİ-nin çiçəklənməsinə gətirib çıxaracaq və ikitərəfli ticarəti daha vicdanlı, daha səmərəli edəcək”. 
Ağ ev başçısı deyib ki, Yunkerlə hər iki tərəfin şirkətlərini qorumaq üçün səyləri birləşdirmək barədə razılaşıblar. “Bu gün vicdanlı və ədalətli ticarət üçün çox vacib gün oldu. Biz ABŞ və Aİ-nin münasibətlərində yeni mərhələyə başlamaq məqsədilə görüşdük. Bu, sıx dostluq, möhkəm ticarət münasibətləri yaratmaqdır ki, bundan hər ikimiz udacağıq, beynəlxalq təhlükəsizliyin təminatı sahəsində əməkdaşlığımız və terrorizmə qarşı birgə mübarizəmiz yaxşılaşacaq”. 
Tərəflər enerji sahəsində strateji əməkdaşlığı da möhkəmləndirəcəklər. Tramp qeyd edib ki, Aİ ABŞ-dan daha çox sıxılmış qaz almaq istəyir. Yunker isə bunun üçün daha çox terminal inşa edəcəklərini bildirib: “Bu, başqaları üçün də siqnal olacaq”. Ancaq Yunker bunun nə demək olduğunu açıqlamayıb. Bundan əlavə, Avropa istehsalı olan avtomobillərin Amerika bazarına ixracı ilə bağlı razılaşma əldə olunub-olunmaması barədə də heç nə deyilməyib. 
Xatırladaq ki, bu il iyunun 1-dən ABŞ Avropa İttifaqı ölkələri, Kanada və Meksikadan idxal edilən polad və alüminium mallarına müvafiq olaraq 25 və 10 faiz həcmində rüsum tətbiq edib. Həmin ölkələr də ABŞ-a qarşı cavab addımları atıblar. Avropa İttifaqı iyunun 22-dən ABŞ-dan idxal olunan ildə 2,8 milyard avro həcmində metallurgiya, maşınqayırma və kənd təsərrüfatı mallarına 25 faizlik rüsum tətbiq edib. 
Tramp bəyan edib ki, əgər Aİ Amerika şirkətlərinə qarşı maneələri aradan qaldırmasa, ABŞ bu məkandan aldığı avtomobillərə 20 faizlik rüsum tətbiq edəcək. 
 
Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında