Türkiyənin nüfuzlu elmi jurnalı Azərbaycan barədə ayrıca nömrə hazırlayır

Türkiyənin məşhur ali məktəblərindən olan İzmirdəki Egey Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun Türk dünyasında tanınan nüfuzlu elmi jurnalı Azərbaycana həsr edilmiş növbəti nömrəsini hazırlayır.
 
Bu barədə qardaş ölkənin İzmir şəhərindən redaksiyamıza məlumat verən əməkdaşımız Namiq Əhmədov bildirir ki, Egey Universitetinin ölkəmizlə əlaqələri ilə tanışlıq zamanı institutun rəhbəri, professor Nadim Məcid və ali məktəbin nüfuzlu elmi nəşri olan “Ege Üniversitesi Türk Dünyası İncelemeleri Dergisi”nin redaktorları Atif Akgün və Abdulla Üstün Azərbaycanın Türk dünyası ilə bağlı aparılan elmi-tədqiqat işlərinin mərkəzində dayandığından ətraflı söz açmışlar. Onlar, Türk dünyasında Azərbaycana olan maraqdan, məxsusi olaraq Azərbaycan – Türkiyə əlaqələrinin üstün inkişafından və buraxdıqları elmi jurnalda Türk dünyası araşdırmaçılarına, o cümlədən azərbaycanlı alimlərə geniş yer ayrılmasından, onların elmi məqalələrinin müntəzəm olaraq bu nəşrdə dərc edilməsindən müxbirimizə böyük həvəslə danışmışlar. 
Görüşdə professor Nadim Məcid bildirmişdir ki, 1918-ci il mayın 28-də ümumbəşəri sivil dəyərlər əsasında qurulmuş və müasir Azərbaycan dövlətinin varisi olan Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, az bir vaxtda öz rəmzləri, parlamenti, hökuməti, ordusu, gömrük və hüquq-mühafizə orqanları olan, vətəndaş hüquqlarını hər şeydən uca tutan demokratik, dünyəvi və unitar dövlətə çevrilmişdir. Mətbuat və söz azadlığının təmin edilməsi də AXC-nin demokratik dəyərlərə verdiyi önəmin təzahürü olmuşdur. Bu dövlət Azərbaycan və Türkiyə xalqlarının ortaq məfkurə və arzularının yetirməsi olduğundan iki ölkənin tarixi əlaqələrini yeni əsaslar üzərinə qaldırmışdır. 
Professor daha sonra bildirmişdir ki, sovetlər dönəmində ciddi qadağalara baxmayaraq, Azərbaycan – Türkiyə dostluq və qardaşlıq münasibətləri müxtəlif yollarla davam etdirilmiş, çox dərin tarixi köklər üzərində qərarlaşan bu əlaqələr heç vaxt unudulmamışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə və ondan sonrakı 10 ildə bu əlaqələrin daha da möhkəmlənməsi üçün bir sıra tarixi işlər həyata keçirilmişdir. Təəssüf ki, sonrakı onillikdə aparılan repressiyalar Azərbaycanda ziyalıların kütləvi qırğınları və gedər-gəlməz sürgünləri ilə müşayiət olunmuşdur. Lakin aydınların “pantürkist”, “kamalist”, “türkçü” olaraq “sovet qurluşunun düşməni” kimi məhkum edilməsi və öldürülməsi iki ölkənin bir-birinə dərin maraq və sevgisini yox edə bilməmişdir. Azərbaycan müstəqillik qazanandan sonra qırılmış bütün tarixi bağlar sürətlə bərpa edilmişdir, bugünkü əlaqələrimiz isə yeni inkişaf mərhələsindədir. 
Türk dünyası ilə bağlı araşdırmaçı alim Abdulla Üstün əlavə etmişdir ki, hazırda dünyanın qabaqcıl dövlətləri Azərbaycana hələ 100 il əvvəl demokratik inkişaf yolu seçdiyinə, bütün Şərq aləmində ilk dəfə parlamentli respublika yaratdığına və qadınlara kişilərlə bərabər seçki hüququ verdiyinə, fəaliyyəti dövründə bir çox mütərəqqi addımlar atdığına görə sivil dünyanın siyasi-mədəni inkişafına böyük töhfələr bəxş etmiş ölkə kimi yanaşır. Bütün bunlara görə “Ege Üniversitesi Türk Dünyası İncelemeleri Dergisi” Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə əlaqədar növbəti nəşrini bu ölkəyə həsr etmək qərarındadır. 
Həmkarının sözünə qüvvət verən redaktor Atif Akgün isə qeyd etmişdir ki, ildə iki dəfə nəşr edilən jurnalda vaxtaşırı Azərbaycanın elm adamlarının məqalə və araşdırmaları dərc edilir. Bu ilin ilk nəşrində--bu günlərdə işıq üzü görmüş nömrənin üz qabığında Azərbaycanın paytaxtı Bakının qədim və müasir görüntülərini ıks etdirən mənzərə verilmişdir. Ön sözdə isə bildirilir ki, Azərbaycan dövlətçiliyinin şərəfli səhifəsi olan Xalq Cümhuriyyətinin tarixi bizim üçün, eləcə də bütün müsəlman və türk dünyası üçün xüsusi bir önəm daşımaqdadır. Azərbaycanlı həmkarlarımızı xüsusi nömrənin hazırlanmasında fəal iştirak etməyə çağırırıq. 
Namiq Əhmədov Egey Universiteti Türk Dünyası Araşdırmaları İnistitutununda keçirilən görüş barədə məlumatın sonunda bildirir ki, bütün bu incəlikləri nəzərə alan jurnalın redaksiya heyətinin növbəti nəşri Azərbaycana həsr etmək təklifini ali məktəbin və institutun rəhbərliyi təqdirlə qarşılamışdır. Hazırda məqalələrin və materialların toplanması üzərində işlər davam etdirilir. Jurnalın nəşri bu ilin sonuna planlaşdırılır. 
Hazırladı: 
 Tahir AYDINOĞLU,
 “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında